MƏNƏVİYYATIMIZI KORLAYAN ŞADLIQ EVLƏRİ
Yenixeber.org: Aərbaycanda hər bir fəsilin öz adı var. Bu fəsillərdən biridə adının yanına qoşduğumuz, barlı- bəhrəli, toylu- düyünlü, çallı- çağırlı payız fəsilidir. Bu fəsilin yaddaşımızda həmişəlik olaraq qalması həmin fəsildə özümüzün və ya da doğmalarımızın ailə qurmasıdır. Biz bir millət olaraq bu fəsildə toy eləməyi daha məqbul bilirik. Səbəb də, qədim zamanlardan buna adətkarda olmağımızdır. Doğrudur, indi payız fəsili yox, qış fəsilidir. Amma yenə toylar ardarda düzülməkdədir. Qabaqlar toya çağrılanda sevinərdik, tanışa, bilişə “həmişə toyda” xeyir- duasını verərdik. Bu gün neft və milyonlar səltənəti olan Azərbaycanda aldığın məvacib və pensiya ilə ancaq quru çörək ala bilərsən, bir də gücbəla ilə koomunal xərcləri ödəyə bilərsən. Ona görə də bu gün kiməsə “həmişə toyda” ifadəsini işlədəndə, sanki ona qarğış edirsən. O da borclu qalmır: “qarğışın özünü tutsun” deyir. Çünki ayda bir dəfə toya getmək ən azı ailə büdcəsinə 50 manat (əgər tək getsən) ziyan vurur. Toya çağrılan ailə sevinmək, şadlanmaq əvəzinə, yasa batır, toya salacağı pulu haradan tapmağın yollarını arayır, sonda tapa bilməyib yasa batır. Evə dəvətnamə gələndə başımıza yumuru bir çay daşı düşür, qalırıq aitında, heç cür çıxa bilmirik.
Bu gün bütün xidmət sahələrində və eləcə də sənaye və ərzaq mallarının satış qiymətləri fantastik sürətlə artmaqdadır. Şadlıq evləri də günü- gündən qiymətləri qaldırmaqdadır. Qabaqlar bir təhər yola verilən toylar bu gün çox çətinliklə başa gəlir. Çox maraqlıdır ki, bura musiqiçilərin, bir sıra xidmətlərin haqqı daxil deyil. Bu haqları toy sahibləri özləri ödəməlidirlər. Bu da toy sahibinin borca düşməsi deməkdir.
Hazırda Bakıda 250-dən çox adı bizim olmayan şadlıq evi var. Ancaq buna baxmayaraq, gərək iki- üç ay qabaqdan yer tutub, beh verəsən. Şadlıq evlərinin günü- gündən artmasına baxmayaraq, əhaliyə təklif edilən yeməklərin keyfiyyəti çox aşağıdır. Ona görə də çox vaxt şadlıq evlərində keçirilən toy şənlikləri yaxşı sonluqla bitmir. Kütləvi surətdə zəhərlənmələr olur ki, bu da insanların şadlıq evlərinə inamlarını azaldır. Demək olar ki. yeməklərə nəzarət də yoxdur. Hərdən Respublika Gigiyena və Epidomologiya Mərkəzi yoxlamalar aparır. Amma sonda yaxşılığa doğru heç nə dəyişmir.
Şadlıq evlərində qonaqlara 40- 44 adda soyuq qəlyanaltı. 7-8 adda isti xörək, 6-7 adda alkoqollu içkilər və s. təklif olunur. Təbii ki, bu qədər yeməyin çoxu elə stolların üstündə qalır, israf olunur. İsrafçıları nə Allah, nə də onun peyğəmbərləri sevir. Ona görə də bizə Allahsız və dinsiz,imansız deyirlər. Mənə elə gəlir ki, yer kürəsində elə bir millət olmaz ki, bizim qədər süfrəyə- istər toy məclisində, istərsə də hüzür yerində bu qədər çeşid- çeşid yeməklər versin və bu israfçılıqla öyünsün.
Heç kimə sirr deyil ki, toyun bəzəyi söz demək. oxumaq, oynamaqdır. Düzdür, bu gün söz deməkdən, oxumaqdan daha çox oynamağa üstünlük verilir. Hətta bir mahnını on dəfə sifariş verib oynayanlar var. Bu da qonaqları mənən yorur.
Bütün bunlar azmış kimi, əksər şadlıq evlərində musiqinin səsi olduqca yüksək olur. İllərlə görmədiyin tanışını, dostunu, qohumunu toyda görüb sevinirsən. Hal- əhval tutmaq istəyirsən. amma çox təəssüf ki. ağız deyəni qulaq eşitmir, məcbur olub çölə çıxırsan. Bəzən səsin təsirindən insanlarda başağrısı olur, qan təzyiqi qalxır və onlar toyu vaxtsız tərk edirlər. Bu faktdır ki, yüksək səs həzmə də təsir edir, çox adam toydan ac çıxır.
Son vaxtlar toy mərasimlərində söz demək. valideyinlərə göz aydınlığı vermək, cütlüyə anlaşıqlı, sağlam bir ömür arzulamaq kimi çox önəmli bir adəti ləğv etmək üçün cəhdlər edilir. Bu gözəl adəti bayağı mahnı. Şit musiqiylə əvəzləməyə çalışırlar.
Görəsən, yaxşının nəyi yaxşı deyil ki, biz onu bəyənmirik?!
Məhərrəm Şəmkirli