Azərbaycanlı bəzi aktyorlar Milli Məclisdə kino və teatrda tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı bəzi qanunlara dəyişikliklər təklif edilməsini xoş qarşılamayıb.
Yenixeber.org: Məsələyə etiraz edən tanınmış aktyorlar “İmkan verin, çəkək” həşteqi ilə kampaniya bşlayıblar.
Aktyor Kamran Ağabalayev, rejissor Emil Quliyev, Oxran Abbasov, Əməkdar artist Rasim Cəfər, o cümlədən, bir sıra teatr və kino nümayəndələri sosial şəbəkədə “İmkan verin, çəkək” həşteqi ilə etirazlarını bildirərək Milli Məclisin deputatlarına müraciət edib.
Müraciəti olduğu kimi təqdim edirik:
“Kino və teatr hər şeydən əvvəl yaradıcı, ümumdünyəvi məna daşıyan və tamaşaçı ilə dərindən təmas quran incəsənət formalarıdır. Biz hər bir obrazı canlandırarkən, yazarkən və ya göstərərkən onun daxili dünyasını bütünlüklə analiz edirik, anlayırıq, sevirik və ortalığa çıxarırıq.
Bizim sənətimiz yaratdığımız obrazları tamaşaçıya ötürməkdir. Hər bir obraz özünəməxsus formada, yaşadığı dövrə və mühitə uyğun bir şəkildə bizim tərəfimizdən tamaşaçıya təqdim olunur. Təqdim edərkən biz yaradıcı gücümüzlə tam azad şəkildə, heç bir qadağa olmadan sənətlə məşğul oluruq. Əgər bir obraz siqaret çəkməlidirsə və biz hər hansısa bir qadağa ilə onu yığışdırırıqsa, deməli, saxta və yalançı bir iş görürük.
Eyni zamanda, bu, bizim yaradıcılıq azadlığımızın kobud şəkildə pozulmasıdır. Təbii olaraq siqaretin zərərləri hamıya məlumdur və bir çox ölkələrin televiziya efirlərində bunun üçün müəyyən formada qadağalar var. Ancaq bu, heç bir sivil, mədəni inkişafı olan ölkədə kinoteatrda göstərilən filmlərə və ya teatr səhnəsində oynanan tamaşalara aid ola bilməz. Çünki kino və teatr televiziya efiri deyil.
Sənətini sevən kino və teatr sənətçisi bu qadağanı qəbul edə bilməz və etməməlidir. Yazıb sizə bildiririk ki, “Kino və teatrda tütün vasitələrinin qadağası” ilə bağlı qanun yaradıcılıq azadlığımıza və sənətimizə müdaxilədir və sizə müraciətimiz budur ki, bu qanunun tətbiqini ləğv edəsiniz”.