Türkiyəni savaşa çəkməyə çalışırlar: Şərqi Ağdəniz “qan çanağı”na çevrilə bilər
Yunanıstanın bütün təxribatlarına baxmayaraq, rəsmi Ankara öz haqlı hədəflərindən geri çəkilmək niyyətində deyil... Bölgəyə 10 savaş gəmisi göndərən Türkiyə hərbi münaqişəyə cəhd göstərənlərə sərt cavab verməkdən çəkinməyəcəyini gizlətmir...
Yenixeber.org: Azərbaycandan baxdıqda, Cənubi Qafqaz regionu dünyanın ən “qaynaq nöqtə”lərindən birisi kimi görünür. Və bu, qətiyyən təəccüblü deyil. Çünki bu regionda cərəyan edən geopolitik proseslər həqiqətən də gərginləşmə istiqamətində inkişaf etməkdədir. Üstəlik, Cənubi Qafqazın hər bir sakini istənilən halda, bu regionda yaşanan olayların, cərəyan edən geopolitik proseslərin aktiv və ya passiv iştirakçısı rolunda çıxış etməyə məhkumdur.
Onu da qeyd edək ki, Cənubi Qafqaz regionunda cərəyan edən geopolitik proseslərdə bir neçə nüfuzlu beynəlxalq iştirakçı əsas oyunçu statusunda ön palan çıxmış kimi görünür. Belə ki, səhnəarxasında bu regiona bağlı maraqları olan bir çox oyunçunun mövcudluğu şübhə doğurmasa da, hazırda açıq şəkildə səhnə alan əsasən üç beynəlxalq oyunçu diqqəti çəkir.
Belə ki, Türkiyə, Rusiya və dolayısı vasitələrlə Fransa Cənubi Qafqaz uğrunda amansız savaşa girişmiş kimi görünürlər. Böyük ehtimalla bu üç dövlətin belə açıq mübarizə ilə ön plana çıxmasının arxasında həm də səhnəarxası səbəblər yatır. Və həmin dövlətlərin bu regionla bağlı qarşıdurmasında onların başqa bölgələrdə yaşadıqları kəskin ziddiyyətlər və toqquşmalar da önəmli rol oynayır.
Məsələ ondadır ki, Türkiyə, Fransa, İtaliya və Rusiya həm də Şərqi Ağdəniz bölgəsində barışmaz rəqibdirlər. Xüsusilə də, bu rəqabət məhz Liviya üzərində mərkəzləşmiş kimi görünür. Və belə anlaşılır ki, Liviya uğrunda savaş Şərqi Ağdəniz ətrafında mübarizənin həlledici faktoruna çevrilib. Yəni, Şərqi Ağdənizin gələcək taleyi məhz Liviya hərbi poliqonunda həll oluna bilər.
Maraqlıdır ki, Liviya poliqonunda qüvvələr nisbəti olduqca qeyri-müntanasib şəkildə səpələnib. Türkiyə Liviyaya bu ölkənin qanuni hakimiyyətinin rəsmi müraciəti əsasında daxil olub. İtaliya, Rusiya və Fransa isə dolayısı faktorlar üzərindən bu poliqonda öz varlıqlarını təmin etməyə çalışırlar.
Məsələ ondadır ki, Rusiya Liviya poliqonunda əsasən qiyaçı general Hafterə verdiyi qeyri-rəsmi dəstək sayəsində dayaqlanmağa can atır. Və Türkiyənin Liviyaya hərbi kontingent yerləşdirməsindən sonra Rusiyanın himayə etdiyi Hafterin manevr imkanları daralıb. Bununla da Rusiya üçün fəaliyyət imkanları məhdudlaşıb.
Ancaq Fransa və İtaliya Liviya poliqonuna Səudiyyə Ərəbistanı və Misir vasitəsilə nüfuz etməyə cəhd göstərir. Xüsusilə də, Misir Liviyaya qoşun yeritmək niyyətini qətiyyən gizlətmir və bunu hər imkanda qabartmağa üstünlük verir. Səudiyyə Ərəbistanı isə Fransa ilə birlikdə Misirin bu niyyətini fəal şəkildə dəstəkləyir.
Ona görə də hazırda Liviya ətrafında yaranmış hərbi-siyasi situsiya kifayət qədər gərgin xarakter daşıyır. Hətta bu səbəbdən də yaxın aylarda Liviyada bir neçə dövlətin hərbi kontingentlərinin silahlı toqquşmalara cəlb oluna biləcəyi qətiyyən istisna olunmur.
Ancaq bütün bunlara baxmayaraq, Liviya beynəlxalq maraq toqquşmasının tam mərkəzində yer alsa da, əslində, mübarizənin əsas hədəfi deyil. Belə ki, əsas hədəf Şərqi Ağdəniz bölgəsinə nəzarətin ələ keçirilməsidir. Və bu hədəfin reallaşdırılmasında Liviyanın Ağdəniz üzərində sahib olduğu istifadə sektoru böyük önəm daşıyır.
Məsələ ondadır ki, Şərqi Ağdənizdə, xüsusilə də Türkiyəyə aid istifadə sektotunda zəngin karbohidrogen ehtiyatlarının olduğu iddia edilir. Ona görə də indi hər kəs bu karbohidrogen ehtiyatlarını öz nəzarəti altına almağa çalışır. Əsas mübahisə doğuran məqam ondan ibarətdir ki, karbohidrogen ehtiyatlarının olduğu güman edilən dəniz ərazisinin əhəmiyyətli bir hissəsi Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) sahib olduğu hüquqi sektora düşür.
Fransa və İtaliya isə ŞKTC-nin rəsmən dövlət kimi tanınmadığını iddia edərək, Türkiyənin həmin dəniz sektorunda karbohidrogen ehtiyatlarının araşdırılmasına qərar verməsinə qarşı çıxır. Əsas bəhanə isə ondan ibarətdir ki, Avropa Birliyi Kipr adasını vahid dövlət kimi öz üzvləri sırasına qəbul edib. Yəni, Kiprin yunan hissəsi bütün ada adından Avropa Birliyinin üzvü hesab olunur.
Bu məqamdan bəhanə kimi istifadə edən Fransa və İtaliya Türkiyəni karbohidrogen ehtiyatlarının kəşfindən və istismarından məhrum etməyə çalışırlar. Və bu cəhdlərinə regionun digər dövləti Yunanıstanı da alət etməyə can atırlar.
Belə ki, Fransanın təlimatlarına boyun əyən rəsmi Afina növbəti dəfə Türkiyə ilə haqsız qarşıdurmaya can atmaqdadır. Halbuki bütün hüquqi faktorlar birmənalı şəkildə Türkiyənin tərəfindədir. Çünki həm karbohidrogen ehtiyatlarının önəmli bir hissəsi Türkiyənin ərazi sularında yerləşir, həm də ŞKTC müstəqil dövlət kimi ayrıca öz idarəçilik sisteminə sahibdir.
Təbii ki, Fransa və İtaliyanın ön plana çıxartdığı Yunanıstan bununla razılaşmasa da, Türkiyə karbohidrogen ehtiyatlarının mövcud olduğu bölgəyə “Oruc Reis” tədqiqat gəmisini göndərib. Bir müddət rəsmi Ankara məsələni diplomatik müzakirə yoluyla həll etməyə çalışsa da, Yunanıstan bundan şirniklənib, inadkar mövqe tutmağa üstünlük verirdi.
Təbii ki, rəsmi Ankaranın səbri artıq tükənmək üzrədir. Ona görə də, Şərqi Ağdənizdə kimsənin “kapriz”lərinə əhəmiyyət vermədən qətiyyətli addımlar atmaq niyyətində olduğunu gozlətmir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Vaxtilə müxtəlif hiyləgər manevrlərlə ölkəmizin öz haqqı olan tədqiqatları aparmasına və enerji resurslarımıza sahib çıxmasına əngəl törətdilər. Ancaq bu dəfə bunu bacarmayacaqlar. Yanlış addım atanaların cavabı isə mütləq veriləcək” deməsindən sonra rəsmi Ankara öz rəqiblərinə, o cümlədən də, Yunanıstana göz dağı verib.
Belə ki, “Oruc Reis” tədqiqat gəmisi 10 savaş gəmisinin müşayiəti ilə bölgəyə daxil olub. Türkiyə savaş gəmislərinin bölgədə hərəkət etməsi Yunanıstanı küncə sıxışdırılmış vəziyyətə salıb. İndi rəsmi Afinanın Şərqi Ağdənizdə manevr imkanlar məhdudlaşmış kimi görünür.
Yunanıstan ABŞ və Avropa Birliyindən açıq dəstək gözləsə də, rəsmi Afinanın bu ümidləri boşa çıxıb. ABŞ Türkiyənin Liviyadakı və Şərqi Ağdənizdəki maraqlarına və hüquqlarına tolerant yanaşmağa üstünlük verir. Və hələlik bu qarşıdurmada tərəf tutmaq niyyətindən kifayət qədər uzaqdır.
Avropa Birliyinin zirvə toplantısında isə Yunanıstan və Kiprin yunan kəsimi tərəfindən Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması tələb edilsə də, rəsmi Afina istəyinə nail ola bilməyib. Belə ki, Almaniya başda olmaqla, Avropa Birliyinin əksər nüfuzlu üzvləri Yunanıstanın tələblərini “qulaqardı”na vurublar.
Hazırda bu qarşıdurmada Yunanıstan əsasən, Fransa və İtaliya tərəfindən dəstəklənir. Ancaq indi elə bir situasiya yaranıb ki, rəsmi Afinanın vəziyyəti dəyişmək üçün mütləq Türkiyə ilə hərbi münaqişəyə girməkdən başqa yolu qalmayıb.
Maraqlıdır ki, məhz Fransa və İtaliya Yunanıstanı Türkiyə ilə hərbi toqquşmalara sövq etməyə çalışır. Əgər, rəsmi Afina Fransa və İtaliyanın səhnəarxası şirnikləndirici təlqinlərinə uyarsa, Şərqi Ağdəniz savaş poliqonuna çevrilə bilər. Türkiyə isə istənilən hərbi təxribata sərt cavab verəcəyini artıq rəsmən bəyanlayıb.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert