TÜRKİYƏ İSRAİLLƏ ƏLAQƏLƏRİNİ YENİDƏN BƏRPA EDİR: Şərqi Aralıq dənizində qurulan yeni geopolitik balans nələri dəyişəcək?- TƏHLİL
Stanislav Tarasov
“Regnum” İA, Rusiya, 19 may 2020-ci il
Yenixeber.org: Özəl mənbələrə istinad edən ingilis nəşri “Middle East Eye”-da “İsrail hökumətinin Türkiyə ilə səfirlərin mübadiləsilə diplomatik münasibətləri tam bərpa etmək niyyətində olması” və “hər iki ölkənin, Suriya və Şərqi Aralıq dənizindən təbii qazın nəqli kimi, ümumi maraqlarının olması” haqqında məlumatlar ortaya çıxan zaman ekspert icması həyəcanlandı. Belə düşüncələr yarandı ki, dünyanın bu regionunda hansısa növbəti geopolitik kombinasiya hazırlanır.
Onu da qeyd edək ki, bu informasiyanı “İsrailin gözlənilmədən Misir, Cənubi Kipr, Fransa, Yunanıstan və BƏƏ ilə birlikdə Türkiyənin Aralıq dənizinin şərq hissəsində qeyri-qanuni fəaliyyətdə ittiham olunduğu birgə bəyanatı imzalamaqdan imtina etdiyini” göstərərək, Türkiyənin beynəlxalq informasiya kanalı “TRT World” də təkrar verdi.
Sonra estafeti Səudiyyə Ərəbistanının ingilisdilli qəzeti “Arab News” qəbul etdi. Qzet məlumat verdi ki, “Türkiyə və İsrailin rəsmi şəxsləri, guya, Aralıq dənizinin şərqində dəniz sərhədləri və eksklüziv iqtisadi zonalar haqqında razılaşmanın əldə edilməsi niyyətilə gizli danışıqlar aparır”.
Əvvəllər İsrail Türkiyəyə işğal olunmuş (İordan çayının – tərc.) Qərb sahilinə və mühasirədə olan Qəzzə zolağına tibbi yardım çatdırmaqda köməklik edib. Belə ki, Ankara İsrail xəstəxanalarının koronavirusla mübarizə üçün əldə etdiyi tibbi avadanlığın ixracına icazə alıb.
Eyni zamanda belə ehtimal da var ki, əgər hadisələr bu ssenari üzrə inkişaf edərsə, yalnız İsraillə Cənubi Kipr arasındakı müqavilələr, xüsusən də neft və qaz kəşfiyyatı haqqında olan razılaşmalar deyil, ötən ilin sonunda yaradılan və Qahirədə yerləşən “Şərqi Aralıq dənizi Qaz Forumu” da, Yaxın Şərq və Şərqi Aralıq dənizində gözlənilən gələcək dəyişikliklərlə əlaqələndirilən İsrail-Yunanıstan-Kipr strateji üçbucağı da pozulacaqdır.
Bütün bunların arxasında nə durur? İsrail və Türkiyə keçmişdə strateji tərəfdaş idilər, lakin Ankara islam dünyasındakı maraqlarına öncəlik verərək və Avropaya inteqrasiya problemlərini onlara tabe edərək, öz xarici siyasətinə yön dəyişikliyi verməyə başlayanda onlar bir-birindən ayrılmağa başladılar. Bu, əvvəllər ümumi hesab edilən regional maraqlara yönəlik aksentləri dəyişdi. Üfüqdə keçmiş Osmanlı İmperiyasının ərazilərində, – yeri gəlmişkən, hazırda müasir İsrail də bu ərazilərdə yerləşir, – nüfuzun bərpa olunması fenomeni görünməyə başladı. Türkiyə islam dünyasında sünnilər arasında liderliyə iddia etdiyi halda, İran şiəçiliyin bayrağını əlində saxlayır. Bu gün onlar müxtəlif səbəblərə və motivasiyalara görə ərəb dünyasının yalnız bir hissəsində dəstək tapa bilən İsrailə qarşı çıxış edirlər. Bu səbəblə, İsrail diplomatiyasının daim hər hansı bir faydalı sövdələşmə hesabına belə bir alyansı dağıtmaq imkanlarını öyrənməsi təəccüb doğurmamalıdır.
İsraillə Türkiyə arasında qazın Türkiyə üzərindən keçməklə, İsraildən Avropaya nəql edilməsini nəzərdə tutan mümkün enerji razılaşması bu gün belə bir sövdələşmə kimi görünür.
Burada ikinci bir məqam da var. İsrail hesab edir ki, o da Türkiyə kimi, İranın Suriyada hərbi və ya digər baxımdan iştirakının güclənməsində maraqlı deyil. Bu və Livandakı “Hizbullah” kimi “ümumi mövzular tərəfləri dialoqa sövq edir”. Lakin bu “kiməsə qarşı dostluq” ssenariləri yalnız nəzəri baxımdan strateji dərinlikli əməkdaşlıq potensialı daşıyır. Burada İsrail və Türkiyədən başqa, Yunanıstan, Kipr və bir sıra ərəb ölkələrinin də maraqları vardır. Bu səbəblə, Şərqi Aralıq dənizində qaz ehtiyatlarının, İsrail və Kiprin mənbələrini Yunanıstan və ya Türkiyə ilə birləşdirəcək, ardınca İtaliyaya gedəcək qaz kəmərinin çəkilməsi də daxil olmaqla birgə istismarı imkanı, hər halda, regionda hazırlanan ciddi geopolitik dəyişikliklərə örtükdür.
Yeri gəlmişkən, görünür, İsrail daha mühüm olan qonşuları – Misir və İordaniya ilə münasibətləri təftişə cəhd etmək istəyir. İsrail öz manevr imkanlarını, Türkiyə daxil olmaqla, digər istiqamətlərdə genişləndirmək, regionun tarixi tərifi və yəhudi xalqının qədim vətənində yaradılan İsrailin milli dövlət kimi öz müqəddəratını təyin etməsi kontekstində, perspektivdə Avropa istiqamətində inkişaf etdirmək niyyətindədir.
Beləliklə, Şərqi Aralıq dənizində strateji səviyyədə yeni geopolitik balans qurulur. İstisna deyil ki, bununla bağlı olaraq, ümumi hədəflərin müəyyən edilməsi məqsədilə aktiv siyasi-diplomatik zondaj aparılır. Və bu, Mərakeşlə Əlcəzair arasında Böyük Səhra ilə bağlı olan münaqişə və ya Liviyada davam edən vətəndaş müharibəsi kimi, kəskin və uzunmüddətli münaqişələrə baxmayaraq aparılır.
İsrail-Türkiyə ittifaqının yenidən canlanması durumunda, Şərqi Aralıq dənizi və Yaxın Şərqdə regional əməkdaşlıq üçün yeni imkanlar açan geopolitik sinergetik effekt ortaya çıxa, bu da öz növbəsində qarşılıqlı güzəştlərlə birlikdə, bütün tərəflərə fayda gətirəcək kompromisin əldə edilməsi üçün böyük şanslar yarada bilər.
Gözləyəcəyik…
Tərcümə: Strateq.az