"Büdcəyə Nəzarət Komitəsi" yaradılsın-Partiya sədrindən təklif
Milli Məclisin Hesablama Palatası istisnasız olaraq öz yoxlamalarını büdcədən milyardlar ayrılan dövlət orqanlarında, dövlətə məxsus səhmdar cəmiyyətlərdə və s. deyil, onlarla müqayisədə qəpik-quruş ayrılan bələdiyyələr kimi təşkilatlarda aparır.
Büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək məqsədi ilə, bilavasitə Respublikanın Prezidentinə tabe olan "Büdcəyə Nəzarət Komitəsi"nin yaradılması məqsədəuyğun olardı.
Yenixeber.org: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqust ayının 6-da, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videokonfrans formatında, keçirdiyi müşavirədə söylədiyi geniş nitq, xüsusilə də, büdcə vəsaitlərinin talanması ilə bağlı söylədiyi fikirlər, cəmiyyətdə kifayət qədər güclü rezonans doğurmaqdadır. Koronavirusun işsiz, müvəqqəti olaraq işini itirmiş insanlara, eləcə də az təminatlı ailələrə mənfi təsirinin yumşaldılması istiqmətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə məlumat verən Prezident, onların gələcəkdə də davam edəcəyini qeyd etmişdir. Prezident bir daha vurğulamışdır ki, pandemiya şəraitində dövlətin prioritet vəzifəsi onun insanların yaşayışına mənfi təsirlərinin azaldılmasıdır. Ancaq müşahidələr göstərir ki, qeyd edilən sahədə dövlət səviyyəsində nəzərdə tutulan tədbirlərin operativ və şəffaf şəkildə həyata keçirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin ciddi şəkildə təkmilləşdirilməsinə ehtiyac vardır.
Prezidenti İlham Əliyevin ölkəmizdə sosial-iqtisadi vəziyyət və onu doğuran bəzi səbəblərlə bağlı söylədiyi fikirlər bir daha göstərdi ki, onun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, nəzarətsizlikdən sui istifadə edən yüksək səviyyəli məmurlar büdcə vəsaitlərini talamaqda davam edirlər. Prezident haqlı olaraq soruşur ki, büdcədən ayrılan milyardlarla manaat vəsait müqabilində nə üçün ARDNŞ, AZAL, AZƏRENEJİ, AZƏRİŞIQ (bu sıraya AZƏZSU-nu, METROPOLİTENİ və s. daxil etmək olar) yenə də zərərlə işləyir və büdcəyə mənfəət vergisi ödəmirlər? Hara sovrulur büdcədən ayrılan vəsaitlər? Cavabı uzaqda axtarmaq lazım deyil. Büdcədən ayrılan vəsaitlərin və onların gətirdiyi mənfəətlərin hara "sərf edildiyini" müəyyən etmək üçün KİV-nə ötəri nəzər salmaq kifayətdir! Cənab Prezidentin qeyd etdiyi və etmədiyi səhimdar cəmiyyətlərin, digər bəzi dövlət orqanlarının, dövlətə məxsus idarə və təşkilatların rəhbərlərinin büdcə vəsaitlərinin talanması, korrupsiya və rüşvətxorluq yolu ilə "əldə etdikləri" vəsaitlər hesabına ölkə daxilində və xaricində iqtisadi imperiyalar yaratdıqları hamıya gün kimi aydın deyilmi? Və aydındır ki, bütün bunların səbəbi büdcə vəsaitlərinin xərclənməsinə nəzarətin yox səviyyədə olması, məmurlarda cavabdehlik anlayışının olmaması, cəzasızlıqla bağlıdır. Sual oluna bilər ki, nə üçün xəstədən 20 manat alan həkim, 8 mart bayramında, müəllim günündə valideynlərdən 10-20 manatlıq hədiyyə alan müəllim cəzalandırıldığı halda, büdcədən milyardlar mənimsəyənlər cəzasız qalırlar? Məgər bütün bunlara Prezident nəzarət etməlidir? Hara baxır müvafiq orqanlar, məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə uyğun olaraq Milli Məclisin büdcəyə nəzarət məqsədi ilə yaradılmış Hesablama Palatası? Müşahidələr göstərir ki, bu Palata istisnasız olaraq öz yoxlamalarını büdcədən milyardlar ayrılan dövlət orqanlarında, dövlətə məxsus səhmdar cəmiyyətlərdə və s. deyil, onlarla müqayisədə qəpik-quruş ayrılan bələdiyyələr kimi təşkilatlarda aparır. Yəqin Palatanın milyardlar ayrılan dövlət orqanlarında, dövlətə məxsus səhmdar cəmiyyətlərdə və s. yoxlamalar aparmasına ya "səlahiyyətləri" çatmır, ya da yasaqlanıb. Ona görə də, hesab edirk ki, büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək məqsədi ilə, bilavasitə Respublikanın Prezidentinə tabe olan "Büdcəyə Nəzarət Komitəsi"nin yaradılması məqsədəuyğun olardı.
Bir məsələni də diqqətə çatdırmağı vacib hesab edirəm. Məlumdur ki, bir çox yüksək səviyyəli məmurların (nazirlərin, komitə sədrlərinin, səhmdar cəmiyyətlərin və s.) övladları xacdə yaşayır və yaşadıqları ölkələrin vətəndaşlığını alıblar, bu ölkələrdə geniş biznes şəbəkəsinə sahibdirlər. Və təbbiidir ki, həmin dövlətllərin qarşısında müəyyən mükəlləfiyyətlər daşıyırlar. Ekstremal şəraitdə (Allah eləməsin!) həmin evladların yüksək çinli valideynlərinin milli təhlükəsizliyimiz üçün təhdid mənbəyi olmayacaqlarına kim zəmanət verə bilər? Hesab edirəm ki, cənab Prezidentin bu məsələyə də diqqət ayırması məqsədəuyğun olardı.
Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri