SƏRHƏDDƏ HƏRBİ TOQQUŞMA:rəsmi Bakı və İrəvan "atəşkəsin kobud şəkildə pozulması"nı necə izah edir?
Kirill Krivoşeyev, Ayk Xalatyan
“Kommersant”, 14.06.2020
Yenixeber.org: Ermənistanla Azərbaycanın sərhəddində son illərin ən böyük hərbi insidenti baş verib. Bazar günü başlayan atışmalar Bazar ertəsi günü də davam edib. Bakıda bildiriblər ki, 4 Azərbaycan əsgəri və 20-dən çox erməni əsgəri öldürülüb. Öz növbəsində, İrəvanda bir neçə yüngül yaralı polis və hərbi personal istisna olmaqla, itkilərin olmadığını iddia ediblər. “Kommersant”ın iki paytaxtdakı həmsöhbətləri münaqişənin kəskinləşməsində qarşı tərəfi günahlandırır, təxribatların məqsədinin insanları daxili problemlərdən, xüsusən də koronavirus pandemiyasının nəticələri ilə əlaqəli olan şeylərdən yayındırmaq olduğunu düşünürlər.
Hadisə ilə bağlı Ermənistan və Azərbaycan tərəflərinin versiyaları, bir vacib detal – əvvəlcə kim atəş açıb? – istisna olmaqla, demək olar ki, eynidir.
İrəvanda bildirildiyi kimi, iyulun 12-də günorta saatlarında Azərbaycan hərbçiləri “UAZ” markalı avtomobildə erməni mövqelərinə tərəf irəliləyiblər. Erməni hərbçiləri onlara xəbərdarlıq etdikdə, azərbaycanlılar avtomobili tərk edərək geri qayıdıblar, lakin sonra Ermənistan ərazisinə artilleriya atəşi açılıb.
Bakının versiyası fərqlidir: ermənilər heç bir səbəb olmadan “atəşkəsi kobud şəkildə pozaraq” artilleriyadan atəş açmağa başlayıblar.
Söhbət İrəvanın özünüelan etmiş respublika saydığı Dağlıq Qarabağdan yox, Ermənistanın Tavuş bölgəsi ilə Azərbaycanın Tovuz rayonu arasındakı sərhəddən gedir. Bu sahədə insidentlər az deyil, miqyası ilə yalnız 2015-ci ildə baş verənlərlə müqayisə edilə bilər.
Bazar günü döyüş Movses kəndi yaxınlığında baş vermişdirsə, Bazar ertəsi erməni tərəfi Çinari kəndinin də minaatan hücumuna məruz qaldığını bildirib – Bazar günü baş vermiş qarşıdurma yerindən təxminən 8 km məsafədəki kənd. Movses kəndinin də daxil olduğu Berd icmasının başçısı Harutyun Manuçaryanın sözlərinə görə, ərazidə çaxnaşma yoxdur və insanlar gündəlik həyatı yaşayırlar. Kəndin özü də atəşə məruz qalmayıb, yalnız mülki şəxslərdən uzaqda yerləşən ordu mövqeləri atəşə tutulub.
“Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini 120 mm-lik minaatanlardan və “D-30s” markalı minaatanlardan atəşə tutublar”, – deyə Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib. Bundan əlavə, respublika hakimiyyətinin bildirdiyinə görə, erməni hərbçiləri digər sərhədi – Naxçıvan anklavını yandırıcı mərmilərlə atəşə tutublar.
Bazar ertəsi axşamına olan məlumata görə, Bakı itkilərini dörd ölü və dörd yaralı olaraq qiymətləndirib. Eyni zamanda, Azərbaycan Müdafiə Nazirliyi bəyan edib: “Düşmənə qarşı sərt cəza tədbirləri nəticəsində, iyulun 13-ü, günortadan sonra bölmələrimizin dəqiq atəşi ilə Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin bir radar stansiyası, hərbi maşın anbarı, tank, zirehli personal daşıyıcısı, 20-dən çox hərbi qulluqçu, batalyon qərargahı və hərbi infrastruktur məhv edilib”.
Nazirlik qeyd edib ki, Ermənistan hakimiyyəti “itkilərini gizlədərək ictimaiyyəti aldatmağa davam edir”.
İrəvanda bir neçə yüngül yaralı polis və əsgər istisna olmaqla, itkilərin olmadığını iddia ediblər.
Bazar ertəsi günü Rusiya Xarici İşlər Nazirliyi “vəziyyətin kəskinləşməsindən ciddi narahatlıq” ifadə edib və tərəfləri “təmkinli olmağa” çağırıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni vəzifədaşı Zohrab Mnatsakanyan və azərbaycanlı vəzifədaşı Elmar Məmmədyarovla telefon danışığı keçirib. Nazirliyin saytında söhbətlərin məzmunu çox qısa bir məlumatla izah edilib: nazir “tərəfləri dərhal atəşkəs əldə etməyə, götürülən öhdəliklərə əsasən, habelə Rusiya, ABŞ və Fransa nümayəndələrinin təmsil olunduğu ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təklifləri nəzərə alınaraq, təmkinli olmağa çağırıb”.
Bundan əlavə, erməni nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT: Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan) baş katibi Stanislav Zasa zəng edərək, “Azərbaycan silahlı qüvvələri tərəfindən atəşkəs pozuntuları haqqında ətraflı məlumat verib”. Bununla birlikdə, Bazar ertəsinə təyin edilmiş təşkilatın daimi şurasının təcili iclası gözlənilmədən “əlavə məsləhətləşmələr üçün” qeyri-müəyyən müddətə təxirə salınıb. Görüşün dəqiq nə vaxt keçiriləcəyi bilinmir.
Azərbaycanlı politoloq, “Valday” beynəlxalq müzakirə klubunun mütəxəssisi Fərhad Məmmədovun fikrincə, təxirəsalmanın əsl səbəbi KTMT baş katibinin mövqeyidir. “Keçmiş baş katib Nikolay Bordyuja, istefa verməzdən əvvəl DQR (Dağlıq Qarabağ Respublikası) ifadəsini istifadə edərək İrəvanı müdafiə edib. Lakin Stanislav Zas tamamilə fərqlidir, onun təyinatına İrəvan düz bir il boşuna maneə törətməyib. Maksimum gözlənti təşkilat üzvlərinin narahat olduqları barədə yarım səhifəlik bir bəyanatdır”.
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Kommersant”a açıqlamasında bildirib ki, Bakı baş vermiş insidenti müttəfiqlərdən, xüsusən də Türkiyədən kömək istəmək üçün səbəb saymır.
Bununla belə, Ankara artıq Azərbaycana diplomatik dəstək ifadə edib. “Ermənistanın etdikləri qəbuledilməzdir. Ağlını başına yığsın. Biz Azərbaycana öz ərazi bütövlüyünü qorumaq üçün dəstək verəcəyik. Azərbaycan tək deyil”, – deyə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT-də bildirib.
Həm də Ermənistanın KTMT-yə müraciəti, cənab Hacıyevin fikrincə, əsassızdır və İrəvanın istədiyi nəticəni gətirməyəcək. “Azərbaycan KTMT-nin bütün üzvləri ilə ənənəvi olaraq yaxşı münasibətlər qurub. Lakin bu təşkilat Qarabağ məsələsi ilə məşğul olmadığına görə, İrəvan artıq dövlətlərarası sərhəddə münaqişə ocağını yaratmağa çalışır. Azərbaycan bu əraziyə yalnız sərhəd qoşunlarını yerləşdirsə də, Ermənistan uzun müddətdir ki, ora artilleriya da daxil olmaqla, qüvvələr cəlb edir. Bu hərəkətdə Bakıya qarşı yeni təxribatlar yaratmaq istəyindən başqa bir məntiq ola bilməz”.
Xatırladaq ki, 2018-ci ilin sentyabrında Düşənbədə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşdən sonra tərəflər eskalasiyanın qarşısını almaq üçün operativ rabitə kanalı yaradıblar. Ancaq Hikmət Hacıyevin fikrincə, Yerevanın mövqeyi ucbatından həmin kanal “o qədər də səmərəli işləmir”.
“Kommersant”ın İrəvanda və Bakıdakı həmsöhbətlərinin ümumi rəyə gəldiyi budur ki, sərhəddə baş verən hadisə uzunmüddətli nəticələrə səbəb ola bilməz.
“Düşünürəm ki, bu, lokal qarşıdurmadır, – deyə Qafqaz İnstitutunun rəhbəri Aleksandr İskandaryan “Kommersant”a bildirib. – Bu, olduqca böyük toqquşmadır, çünki Azərbaycan tərəfində bir neçə nəfər ölüb, lakin artilleriya və tankların iştirakı ancaq yerli səviyyədədir. Aydındır ki, Azərbaycanda vəziyyət əlverişsizdir, həm aşağı neft qiymətləri mənasında, həm də koronavirusa görə, üstəlik elitalarda da bəzi toqquşmalar aydın şəkildə baş verir. Azərbaycan bu kimi problemlərə, o cümlədən ictimaiyyətin diqqətini yayındırmaq üçün cəbhə bölgəsindəki gərginliyi artırmaqla cavab verməyə çalışır”.
“Kommersant”a verdiyi müsahibədə oxşar bir fərziyyəni azərbaycanlı politoloq Fərhad Məmmədov səsləndirib: “Bir yığın səbəb var: həm koronavirus, həm də konstitusiya və siyasi böhranlar. Üstəlik, təxribatı Rusiyanı sınamaq, İrəvanın mövqeyini nə qədər fəal müdafiə edib-etməyəcəyini araşdırmaq üçün bir edə bilərdilər. Lakin Rusiya Nikol Paşinyanı dəstəkləmədi”.
Tərcümə: Strateq.az