Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sovet pionerlərinin kurortu –əldən-ələ keçən “Artek”in dünəni və bu günü

 


 20-ci əsrdə dünyada fəaliyyət göstərən minlərlə uşaq əyləncə-istirahət düşərgələrinin arasında seçilən və fərqlənən “Artek” pioner düşərgəsi SSRİ-nin vizit kartlarından biri sayılıb. Dünyanın bir çox tanınmış siyasətçiləri, incəsənət xadimləri, kosmonavtlar, idmançılar bu məkana təşrif buyuraraq “fəxri pioner” tituluna sahib olublar.

Yenixeber.org: Krımın cənub sahillərində yerləşən “Artek” pioner düşərgəsi 95 il öncə bu gün, 16 iyun 1925-ci ildə fəaliyyətə başlayıb. Düşərgə əvvəllər vərəm xəstəliyi olan uşaqlar üçün nəzərdə tutulub və açılış günü Moskvadan və Krımdan ilk 80 nəfər pioneri qəbul edib. İlk illər düşərgədə heç bir tikili olmayıb. İstirahət edənlər quraşdırılmış 4 çadırda yaşayıblar.

Artıq 1926-cı ildə düşərgə xarici ölkələrdən gələn uşaqları da qəbul edib. “Artek”in ilk xarici qonaqları Almaniyadan olub.
1930-cu ildən başlayaraq düşərgədə korpuslar tikilməyə başlayıb. Dünyanın digər ölkələrində fəaliyyət göstərən uşaq düşərgələrindən fərqli olaraq, “Artek” öz qonaqlarını ilboyu qəbul edib.

1936-cı ildə düşərgə ümumittifaq pioner düşərgəsi, 1958-ci ildə isə beynəlxalq düşərgə statusunu alıb.

218 hektar ərazidə yerləşən düşərgədə 1960-cı illərdə böyük tikinti işləri aparılıb. 1969-cu ildə kompleksdə 150 bina, 3 tibb mərkəzi, məktəb, kinostudiya, 7 min nəfərlik stadion, bir neçə idman zalı, park və meydançalar uşaqların ixtiyarına verilib. Bununla da “Artek” dünyanın ən böyük uşaq düşərgəsinə çevrilib. Artıq 1970-ci ildə düşərgə 300 mininci sakinini qarşılayıb.
“Artek” Qırmızı Xaç Cəmiyyətinin Rusiya üzrə rəhbəri Zinovi Solovyovun təşəbbüsü ilə yaradılıb. 1940-cı ilə qədər düşərgə onun adını daşıyıb. 23 iyul 1940-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə düşərgəyə həmin ərəfədə SSRİ Nazirlər Sovetinin sədri olan Vyaçeslav Molotovun adı verilib. Düşərgə Nazirlər Sovetinin tabeliyində olduğundan Molotov “Artek”də tez-tez olub. 1957-ci ildən, oktybr inqilabının 40 illik yubileyi ərəfəsində düşərgə Leninin adını daşıyıb.

SSRİ-Almaniya müharibəsi dövründə Krım işğal olunarkən, düşərgə almanlar tərəfindən dağıdılıb. Müharibə ərəfəsində düşərgə əvvəlcə Stalinqrada, daha sonra isə Altaya köşürülüb. 1944-cü ildə “Artek” yenidən bərpa olunaraq 500 nəfər məktəbli qəbul edib.

Leonid İliş Brejnev bir neçə dəfə “Artek”də olub, düşərgənin inkişafı üçün təqdim olunan layihələrə müzakirəsiz dəstək verib, yeni tikililərin inşa edilməsi üçün dövlət büdcəsindən vəsaitin ayrılmasına “xəsislik” etməyib.

Nikita Xruşovun isə “Artek”ə münasibəti fərqli olub. O, “Artek”i burjuaziya kurortları ilə müqayisə edib və Ukrayna komsomolçularının plenumunda “Mən bütün “Artek”lərin əleyhinəyəm” deməkdən belə çəkinməyib.

Sovet dövründə “Artek” bir sıra beynəlxalq miqyaslı tədbirlərə imza atıb. 1977-ci ildə “Qoy həmişə günəş olsun” adlı beynəlxalq uşaq festivalında dünyanın 103 ölkəsindən 1500 məktəbli və 500 nəfər fəxri qonaq iştirak edib.

1988-ci ildə “Mən niyə “Artek”ə getmək istəyirəm” inşa müsabiqəsində Amerika Birləşmiş Ştatlarının 20 ştatından 100 amerikalı məktəbli yay tətilini “Artek”də keçirib.

“Artek”in fəxri qonaqlar kitabında dünyanın bir çox məşhurlarının imzası var. SSRİ rəhbərləri, Mərkəzi Komitənin katibləri, Siyasi Büronun üzvləri ilə yanaşı, Hindistanın baş naziri İndira Qandi, Vyetnam prezidenti Xo Şi Min, Finlandiya prezidenti Urxo Kekkonen, İtaliya Kommunist Partiyasının baş katibi Palmiro Tolyatti, Mərkəzi Afrika Respublikasının prezidenti Jan-Bedel Bokassa “Artek”in fəxri qonaqları olublar. Kosmonavtlar Yuri Qaqarin və Valentina Tereşkova, şahmat üzrə dünya çempionu Mixail Tal, əfsanəvi qapıçı LevYaşin isə düşərgənin ən sevimli qonaqları siyahısına düşüblər.

İtaliya Kommunist Partiyasının baş katibi Palmiro Tolyatti isə ömrünün son saatlarını “Artek” də yaşayıb. Belə ki, 1964-cü ildə Tolyatti Krımda müalicə alarkən “Artek”i ziyarət edib. Düşərgədə bir neçə saatlıq görüşlərdən sonra, o, huşunu itirib. Həkimlərin müdaxiləsi italyalı kommunisti xilas edə bilməyib.

SSRİ süquta uğradıqdan sonra da “Artek” fəaliyyətini davam etdirib. Ukrayna hökuməti “Artek”i Ukrayna Milli Uşaq Mərkəzi elan edib. Bir müddət düşərgə fəaliyyət göstərsə də, 2009-cu ildə maliyyə çatışmazlığı ucbatından düşərgə fəaliyyətini dayandırmaq məcburiyyəti qarşısında qalıb. Həmin ərəfədə düşərgənin baş direktoru Boris Novojilov Kiyevdə keçirdiyi mətbuat konfransında düşərgəyə laqeyd münasibət göstərdiklərinə görə Ukrayna hökumətinin ünvanına sərt fikirlər söyləyib və konfransdan sonra bu münasibətə etiraz əlaməti olaraq aclıq elan edib.

2014-cü ildə Krım Rusiya Federasiyasının nəzarəti altına keçdikdən sonra, Rusiya hökuməti “Artek Beynəlxalq Uşaq Mərkəzi” adı altında fəaliyyətini davam etdirən düşərgəyə dövlət büdcəsindən 5 milyard rubl vəsait ayırıb və düşərgə Rusiya Təhsil və Elm Nazirliyinin tabeliyinə verilib. Elə həmin il “Artek”də əsaslı təmir, tikinti və bərpa işləri aparılıb.

2014-cü ildən başlayaraq “Artek” qapılarını yenidən sakinlərinin üzünə açıb. Həmin il düşərgədə 6 min, 2015-ci ildə 19 min, 2016-cı ildə 30 min, 2017-ci ildə 39 min məktəbli “Artek”in sakini olub və bu rəqəm bu günə qədər də artımla davam edir.
“Artek” sovet dövründə fəaliyyət göstərdiyi illərdə “NKVD”-nin müdaxiləsindən, o cümlədən kriminal hadisələrdən kənarda qalmayıb. Bu düşərgədə hər şey heç də “Pionerskya pravda” qəzetində yazılanlar kimi olmayıb. Bu haqda gələn saylarımızda yazılar təqdim edəcəyik.(musavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam