Dayısını devirən marşal, insan əti yeyən tiran, SSRİ-də “pioner” olan diktator –Bokassanın müdhiş karyerası
20-ci əsr öz tarixinə çox hadisələr həkk edib, müharibələr, siyasi çəkişmələr, dünyaya sahib olmaq istəyən dövlət başçılarının iddiaları və s. Tarix o cümlədən diktatorları da unutmayıb, öz səhifələrində uzun illər fəaliyyətləri, əməlləri gizli saxlanılan qəddar və amansız siyasi simaları da tanıtdırıb.
Yenixeber.org: Ötən əsrin tarixində cəllad xislətli diktatorlardan biri də Jan-Badel Bokassa olub. Onu təkcə bir əsrin deyil, bütün dövrlərin ən dəhşətli, ən qorxunc tiranı saymaq olar.
Mərkəzi Afrika Respublikasında bu gün də onun adı çəkiləndə insanların daxilində bir qorxu hissi yaşanır, onlar Bokassanın hakimiyyət illərini unutmaq istəsələr də, yaddaşlarından həmin illərdə baş verən qanlı hadisələri silə bilmirlər.
Jan-Badel Bokassa 1921-ci ildə Mərkəzi Afrika Respublikasının cənubunda yerləşən Bobanqi kəndində anadan olub. Altı yaşında hər iki valideynini itirən Bokassa qohumlarının himayəsində böyüyüb. O, 17 yaşında olarkən Fransa ordusuna qoşulub və hərbi karyerasında uğurlar qazanıb, xüsusilə də vyetnamlılara qarşı mübarizədə Bokassa daha çox fərqlənib.
1960-cı ildə Fransa protektoratından azad olduqdan sonra Mərkəzi Afrika Respublikası müstəqillik əldə edəndə, Bokassanın dayısı David Dako ölkənin prezidenti seçilib. O, Bokassanın hərbi təcrübəsini nəzərə alaraq, onu ordunun komandanı təyin edib. Marşal rütbəsində gəzən Bokassa üçün bu yüksək vəzifə onu qane etməyib və çox keçməmiş o, 1965-ci ilin dekabrında hərbi çevriliş edərək dayısını, ölkə prezidentini hakimiyyətdən devirib, Dako prezident kürsüsündən həbsxana kamerasına göndərilib. Sonralar “insafa” gələn marşal devrilmiş prezidentin Avropaya getməsinə şərait yaradıb.
Bokassa təkcə prezident vəzifəsini daşımayıb, o, eyni zamanda hökumətin başçısı, müdafiə naziri, təminat naziri, sənaye naziri, ölkədə fəaliyyət göstərən yaganə partiyanın, Sosial Təkamül Hərəkatı partiyasının sədri vəzifələrini də daşıyıb.
Hədsiz dərəcədə vəzifəyə, maddi zənginliyə həris olan Bokassa hakimiyyətinin ilk illərində digər qeyri-adi hərisliklərini də büruzə verib.
Məsələn, Bokassa ölkədəki müxalif qüvvələrə qarşı dünyada analoqu olmayan tədbirlər həyata keçirib. O, onun siyasi fəaliyyyətinə qarşı çıxanları digər diktatorlar kimi həbs etməklə, güllələməklə, dar ağacına asmaqla kifayətlənməyib. Bokassa belə şəxsləri öldürtdükdən sonra onların ətini yeyib. Bəli, sözün əsl mənasında. Bir çox hallarda isə Bokassa ətini yediyi adamın doğmalarını da öz “məclis”inə dəvət edib. Prezidentin şəxsi aşpazı sonralar verdiyi ifadələrdə bunu təsdiq edib:
“Mən həmin insanların ətindən qovurma hazırlayırdım, dadı dəyişmək üçün müxtəlif ədviyyatlardan istifadə edirdim. Süfrəyə təqdim edəndə üzərinə limon suyu da əlavə edirdim. Bokassanın qida rasionunda hər gün adam əti olurdu. Hətta xarici səfərlərə gedəndə də mən özümlə dondurulmuş adam əti aparırdım. Arabir mənə tövsiyələr də verirdi, adam ətindən xörək hazırlayanda düyü və tərəvəz əlavə etməyi əmr edirdi. O, bunu çox sevirdi...”
Ölkədə dözülməz rejim yaradan Bokassa dövlət məmurlarını qorxu içində saxlamaq üçün insan ağlına sığmayan vasitələrə əl atıb. O, nazirlərdən birini öldürtdürərək onun ətindən xörək hazırlatdırıb və nazirləri məclisə dəvət edib. Bokassa əvvəlcədən xörəyin hansı ətdən hazırlandığını məmurlara bildirməyib. Məclis bitəndən sonra o, üzünü nazirlərə tutub:
- Nəzərdən qaçırmayın, kiçik bir səhviniz ucbatından sizin də ətiniz bu nazirin əti kimi ləzzətlə yeyilə bilər...
Bokassa təkcə müxalifət dşərgəsində olan adamların ətinə tamah salmayıb, o, sevgililərinin ətindən də özünü məhrum etməyib. Yatağına saldığı çox gənc bir xanımla gecəni əyləndikdən sonra Bokassa səhərisi gün tamahını gizlədə bilməyib:
- Mən səndən zövq aldım, bu qədər gözəl olan qadının ətinin nə qədər ləzzətli olduğunu təxminən hiss edirəm...
Məşuqə söhbətin nədən getdiyini anlamayıb. Bokassa isə gülümsəyərək cəlladlarını çağırıb. Şam yeməyində Bokassa bədənindən zövq aldığı xanımın ətindən də zövq alıb.
Şarl de Qolla ata deyə müraciət edən Bokassa Fransadan aldığı yardımları, pul vəsaitlərini son qəpiyinədək mənimsəyib. O, bütün vasitələrə əl ataraq əhalinin əlində olan son qəpik-quruşa da sahib olub.
Bokassanın növbəti əmrlərindən biri məktəblilərin vahid geyim formasına keçməsi ilə bağlı olub. Əmrdə göstərilib ki, bütün məktəblilər onun sahib olduğu tikiş fabrikində istehsal olunan formaları geyinməlidirlər. Həmin formalarda Bokassanın şəkli olub və çox baha qiymətə satılıb. Kitab-dəftər almağa pul tapmayan valideynlərin bu formanı almağa gücü çatmayıb. Əmr icra olunmayanda Bokassa 300 nəfərə yaxın məktəblini həbsxanaya gətizdirib, onları həbsxanadakı işgəncələrlə tanış edib. Daha sonra 100-ə qədər məktəblini Bokassanın iqamətgahı qarşısındakı meydanda yerə uzadıblar. Bokassa sürücüsündən maşını onların üstündən sürməyi əmr edib. Sürücü imtina edəndə sərxoş vəziyyətdə olan Bokassa sükan arxasına özü keçib, uşaqların son qışqırığına qədər maşını onların üstündə hərəkət etdirib.
Dünyanın ən qəddar insanı kimi tanınan Bokassa 1970-ci ildə SSRİ-yə səfər edəndə Kremldəki görüşlərdə sosialist düşərgəsinə daxil olmaq arzusunu bəyan edib. O, Krımdakı məşhur “Artek” düşərgəsinə də səfər edib. Düşərgədə onun boynuna qalstuk bağlayıblar, Bokassanı “Artek”in fəxri pioneri elan ediblər.
Bokassa üçün SSRİ ilə bağlı təəssüratlarında ən maraqlı məqam Brejnevin öpüşləri olub. O, ölkəsinə qayıdanda nazirlərlə görüşərkən brejnevsayağı öpüşüb və onlara bir-biri ilə görüşəndə bu cür öpüşməyi məsləhət görüb.
1976-cı ildə Bokassa özünü imperator elan edib. Onun tacqoyma mərasiminə bir ilə yaxın müddətdə hazırlıq işlərə görülüb. Mərasimin təşkilinə 20 milyon dollardan artıq pul xərclənib. Bokassanın mərasimdə geyindiyi ayaqqabı ən bahalı ayaqqabı kimi Ginnesin rekordlar kitabına düşüb.
İmperatorluğu dövründə Bokassa daha da azğınlaşıb. Dözülməz diktatura rejimi çox davam etməyib. 1979-cu ildə Fransanın müdaxiləsi ilə Bokassa hakimiyyətdən uzaqlaşdırılıb. Məhkəmə ona ölüm cəzası versə də, sonra bu cəza ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. 1993-cü ildə isə Bokassa azadlığa çıxmağa nail olub. Yenidən siyasətə qayıtmaq, prezident seçkilərində iştirak etmək istəsə də, Bokassanın ömrü buna imkan verməyib. O, 1996-cı ildə keçirdiyi infarktdan ölüb.(musavat)
İlham Cəmiloğlu