"KÖHNƏ QVARDİYA"NIN İÇ ÜZÜ -Və ya ofisiant icra başçısı olanda
“Köhnə qvardiya”nın patronajlığı altında olan bir çox rayon icra hakimiyyətlərinin işinə baxanda, SSRİ dövrünün ən məşhur deyimlərindən olan “Xruşşov sübut etdi ki, SSRİ-ni hər axmaq idarə edər” fikri yada düşür.
Yenixeber.org: Doğrudan da, rayonlarımızı kimlər “idarə etməyib”, icra başçısı kreslosunda kimlər oturmayıb, kimlər! Onların çoxu sübut ediblər ki, yalançı diplomlar, elmi dərəcələr, orden-medallar almaqla yanaşı, yırtıcı xislətini saxlamaq və oğurlanması, çapıb–talanması mümkün olan hər şeyi talamaq mümkündür.
Elə indinin özündə də bütün tənqidlərə, şikayətlərə, açıq-aşkar özbaşınalıq, oğurluq, korrupsiya faktlarına rəğmən, hələ də özünü hansısa rayonun “Allahı”, həmin rayonu da özünün şəxsi “fazendası” hesab edən və kreslosundan bərk-bərk yapışan “day-daylar” iş başındadır. Hansını da tərpətsən, altından milyonluq varidatlar çıxacaq. İndi onları bir-bir, iki-iki tutub “içəri salsalar” da, hələ sayları çoxdur...
İki gün əvvəl həbs olunan Biləsuvarın icra başçısı Mahir Quliyevin isə heç düz-əməlli ali savadının da olmadığı üzə çıxıb, daha doğrusu, yada düşüb. Özü də adam 2006-ci ildən icra başçısıdır – az qala 15 il! M.Quliyev Bakıda hansısa “Naxçıvan” Universitetinin diplomunu alıbmış. Və bu barədə neçə illərdir qəzetlər yazıb-pozub, sonra da yorulub dayanıblar. Amma bunu nə görən olub, nə də bu fakta fikir verən.
Adam ofisiantlıqdan restoran administratorluğuna, oradan Səbail kimi rayonun bələdiyyə sədrinin müavinliyinə, oradan da birbaşa Astaranın icra başçısı postuna “tullanıb”. Görəsən, kimə və nə cür qonaqlıq verib, necə yeyib-içmək təşkil edib, necə qulluq edib ki, kimlərinsə 10 illərlə qət edə bilmədiyi karyera yolunu bir neçə ayda keçə bilib?
Əlbəttə ki, ofisiantlıq, yaxud restoran administratorluğunda qəbahətli bir şey yoxdur. Hər kəs kimi onların da vəzifə tutmaq hüququ var. Ancaq onların tuta biləcəyi yüksək vəzifə peşələrinə uyğun olaraq, restoran müdiri, şadlıq evi sahibi və s. ola bilər, daha icra başçısı yox!
Axı ömrünün yarısını yemək-içmək stolu bəzəməklə keçirən, gözünü müştərinin əlinə dikib “çayevoy” və “şabaş” gözləyən bir adam birdən-birə böyük bir rayona necə rəhbərlik edə bilər?
Azərbaycanda bu boydamı kadr kasadlığı var? Bu adamları kim tapıb qabağa çəkib, təqdimatını kim və necə verib? Necə olub ki, bunlar hamısı bir-birilə, yaxud hakimiyyətdəki digər iri məmurlarla qudalıq, yaxud başqa hansısa qohumluq, dostluq bağlarına malik olublar?...
Acınacaqlı hal həm də odur ki, yalançı diplomlarla yüksək mənsəb sahibi olanlar təkcə bəzi icra başçıları və icra orqanlarında digər yüksək vəzifə tutanlar deyil. Belələrinin arasında hətta generallar, hakimlər də var!...
Əslində, icra başçısı vəzifəsi rayonun kasıbından, xəstəsindən tutmuş iş adamına, imkanlısına qədər hər kəsi anlamağı, hüquq, iqtisadiyyat, kənd təsərrüfatına aid biliklərə malik olmağı, bir sözlə, savadlı idarəçiliyi tələb edir. “Əlli şirvanlıq” saxta diplom alan birisi bu işlərin öhdəsindən gələ bilərmi? Belə görünür ki, gələ bilər - icra başçısının işi “topla-dağıt”dırsa, deməli gələ bilər və bunu ofisiantdan yaxşı kim edə bilər ki?
Ancaq hər halda, görünən odur ki, artıq belələrinin xidmətlərinə ehtiyac qalmayıb və “köhnə qvardiya” yola salınandan sonra onun “əsərləri” olan belə başçılar da bir-bir saf-çürük edilir.
Ölkədə qalan az-çox müstəqil media orqanları bu və ya digər icra hakimiyyəti başçısının əyri əməllərindən yazanda, dərhal Prezident Administrasiyasının “ağır artilleriyası” hər vasitə ilə “xoşagəlməz səsləri” sudururdu – birini “reket jurnalist”, başqasını “agent” adlandırıb, ağzını yumurdular.
Bəs indi nə oldu? “Köhnə qvardiya” yola salınmağa başlayan kimi, hər kəsin toxunulmaz saydığı icra başçılarının bir çoxunun eybəcər maskaları bir-bir yırtılmağa başladı, çapıb-taladıqları büdcə vəsaitləri, satdıqları və ələ keçirdikləri torpaqlar, obyektlər və sair azmış kimi, yetim-yesir üçün ayrılan qəpik-quruşa da göz dikdikləri üzə çıxdı.
Yəqin ki, Biləsuvarın icra başçısı, barəsində ciddi tədbir görülən birinci başçı olmadığı kimi, sonuncu da olmayacaq. Çünki başçıların böyük əksəriyyəti məlum əməllərinə görə ondan geri qalmırlar. Hazırda baş verənlər həm də ümumiyyətlə, hakimiyyətin icraedici qolunun rayon icra hakimiyyətləri əsasında formalaşan idarəçilik sisteminin artıq işə yaramadığını göstərir.
Hələlik, üzdə olan nəticə isə odur ki, uzun müddət ən prestijli və “yağlı” vəzifə olan icra başçısı postu artıq ən təhlükəli və riskli, hətta az qala “urvatsız” vəzifəyə çevrilir!(azpolitika)
Cəlal Məmmədov