Koronavirus:"nümunəvi ölkə" olan Sinqapur harda səhvə yol verdi?
Sinqapur koronavirus epidemiyası ilə mübarizədə hamıya nümunə göstərilən ölkələrdən biri idi, amma martın 17-dən etibarən burada epidemiyanın ikinci dalğası başlayıb və yoluxma sayı bir ayın içində 266-dan 6588-ə yüksəlib.
Yenixeber.org: Amerika Birləşmiş Ştatlarının (ABŞ) CNN kanalı digər ölkələr kimi karantin tətbiq etməyən, epidemiyanı əlaqələrin izlənməsi proqramı vasitəsilə nəzarət altına almağı bacaran Sinqapurun "uğur hekayəsində" zəif nöqtənin nə olduğunu araşdırıb.
Sinqapurda səhiyyə işçiləri virus daşıyıcılarının kimlərlə ünsiyyətdə olduğunu məhz bu prqoramın köməyilə aşkar edirdi.
CNN-in məqaləsində qeyd edilənlərin qısa xülasəsi belədir:
5,7 milyon əhalisi olan, adada yerləşən Sinqapurun sahəsi 700 kvadrat kilometrdir, yəni ərazicə Nyu-York şəhərindən daha kiçik bir dövlətdir və ölkədəki yoluxma sayı buna görə xüsusi əhəmiyyət daşıyır.
Digər böyük şəhərlərlə müqayisədə Sinqapur daha şanslıdır, çünki sadəcə Malaziyayla torpaq sərhədi var, ölkəyə hava yoluyla gələnlərə ciddi şəkildə nəzarət etmək mümkündür. Üstəlik, dünya standartlarına uyğun səhiyyə sisteminə malikdir. Sinqapur sərt tədbirlər və polis müdaxiləsi tətbiq edə biləcək ölkədir və bu, epidemiyayla mübarizədə hökumətin əlini gücləndirir.
Bəs, nə baş verdi ki, orda vəziyyət pisləşməyə başladı?
"Miqrant fəhlələr test edilmədi"
Sinqapurda miqrant fəhlələr qələbəlik yataxanlarda qalırlar, amma hökumət onlar arasında yoluxma hallarına ciddi yanaşmayıb. Karantinin və sosial məsafə tələbinin olmadığı bir şəhərdə koronavirusun yenidən vüsət alma səbəbi məhz budur.
Sinqapurun adada yerləşməsi başlanğıcdakı tətbirlərin effektiv olmasına imkan verib - Çindən gələn ilk dalğa ölkəyə hava yoluyla daxil olanların təcrid edilməsiylə durdurulub. Əhali arasında ehtiyatlı davranış qaydaları təşviq edilib. Xəstəxanalarda 2003-cü ildəki SARS epidemiyası zamanı yaradılmış təcrid palataları yoluxanların ən yüksək səviyyədə müalicə edilməsinə imkan verib, tibb işçilərinin virusa yoluxmasının qarşısı alınıb.
"Hökumət testləri pozitiv çıxan şəxslərin xalq arasına çıxmasına icazə vermədi" - Sinqapur Universiteti Xəstəxanasının İnfeksion Nəzarət Şöbəsinin rəhbəri Dale Fisher belə yazıb. O qeyd edib ki, xəstəlik əlamətləri zəif olan və hətta heç olmayan, ancaq test yoxlamasının nəticələri müsbət çıxan insanlar bu nəticələr dəyişənə qədər xəstəxanalarda saxlanıb və hətta evə buraxıldıqdan sonra da karantində qalıb.
'Həyatın normal məcrada davam etməsini istəyirik'
Çox sayda adamın test edilməsi və başqalarını yoluxdurma potensialı olanların təcrid edilməsi sayəsində Sinqapurda həyat normal məcrasında davam edib.
Epidemiyanın ikinci dalğası başlamazdan əvvəl qələmə aldığı məqalədə Fisher ölkədə həyatın dəyişməsini istəmədiklərini yazıb: "Müəssisələrin, kilsələrin, restoranların, məktəblərin açıq qalmasını istəyirik. Uğur belə qazanılır. Ehtiyac duyulanda dəyişikliklər edib hər şeyin normallaşmasını təmin edirik. Virusun müalicəsi və ya ona qarşı peyvənd tapılana qədər belə davam edəcək".
Qonşu Honkonqda tətbiq edilən üsullarla müqayisədə bu yanaşma böyük təzad təşkil edir. Çinə bağlı, yarımüstəqil bir ölkə olan Honkonqun 7,4 milyon əhalisi var. Səyahət qadağası olmasa da, fevral ayından etibarən burada dövlət məktəbləri bağlanıb, məmurlar evdən işləməyə təşviq edilir. Keçən ay xaricdən gələnlər ucbatından yoluxma halları artdığı üçün yeni qaydalar tətbiq edilib. Ona görə də bu ölkə ikinci dalğanı daha hazırlıqlı qarşılayıb.
Sinqapursa məktəbləri və bəzi iş yerlərini hələ bu ay bağlayıb. Bu gecikmə yoluxmaların qəfil artmasına səbəb olub. Ötən cümə axşamı günü burada 728, Honkonqda isə cəmi 4 yoluxma faktı qeydə alınıb.
'Fəhlələr 12 nəfərlik otaqlarda qalırlar, onları işə yük maşınlarının kuzalarında aparırlar'
Aprel ayına qədər Sinqapurda hər şey nəzarət altındaymış kimi görünüb. Ancaq test edilməyən qrupların sayı artdıqca gündəlik yoluxma halları da sürətlə çoxalıb.
Məhdudlaşdırmaların Sinqapurdakı kimi az olduğu ölkələrdə həm xaricdən gələnlərin nəzarətə alınması, həm də potensial yoluxmaların təsbit ezdilməsi sayəsində uğur qazanmaq olar. Əks halda virusun yayılma sürəti sərt karantin tədbirləri və sosial məsafə tətbiq edilən ölkələrlə müqayisədə daha sürətli olar.
Epidemiyanın ilk dalğasında Sinqapur Cənubi Asiyadan gələn miqrant fəhlələri test etməyib. Hazırda hökumət bəzi yataqxanalarda karantin tətbiq edib və test yoxlanışlarına başlayıb.
"Yataqxanalar partlamağa hazır minalar kimiydi. Əcnəbi fəhlələrə münasibətdə Sinqapur üçüncü dünya ölkəsinə bənzəyir. Onları 12 nəfərlik otaqlarda yerləşdirirlər, iş yerlərinə yük maşınlarının kuzalarında aparırlar" - vəkil və keçmiş diplomat Tommy Koh özünün "Facebook" statuslarından birində belə yazıb.(BBC)