ÇİNLƏ SƏRHƏDİ VƏ 100 MİLYON ƏHALİSİ VAR... –Amma bu ölkədə koronavirusdan ölən yoxdur!
Dünyada koronavirus pandemiyasının fəlakət həddinə çatdığı, minlərlə, hətta on minlərlə insan həyatına son qoyduğu çoxsaylı ölkələrlə yanaşı, bu xəstəliklə çox effektiv mübarizə aparan ölkələr də var. Və onların sayı heç də az deyil.
Yenixeber.org: Çinlə 1281 km sərhədi və 100 milyona yaxın əhalisi olan Vyetnamın koronavirus epidemiyası ilə bağlı atdığı addımlar və bunun nəticələri dünya mediasında tez-tez müzakirə olunan mövzulardan birinə çevrilib. Məsələ ondadır ki, əhali sıxlığı böyük, həyat səviyyəsi isə o qədər də yüksək olmamasına rəğmən, düzgün böhran idarəetməsi sayəsində 13 aprel tarixinə qədər 100 milyonluq ölkədə cəmi 262 koronavirus yoluxma halı qeydə alınıb. Koronavirusdan ölən isə ümumiyyətlə yoxdur. Vyetnam pandemiya ilə mübarizədə əldə etdiyi uğurlara görə Çinlə digər həmsərhəd və kifayət qədər inkişaf etmiş Cənubi Koreya, Tayvan və Sinqapur kimi ölkələri belə kölgədə qoyub.
Mütəxəssislər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) da ünvanına təriflər yağdırdığı Vyetnam hökumətinin ən əhəmiyyətli üstünlüyü kimi virusla bağlı çox tez və operativ şəkildə addımlar atmasını qeyd edirlər. Onların fikrincə, virusla mübarizədə zamanlama məsələsi olduqca vacibdir. Digər dövlətlər və hökumətlər hələ “gözlərini döyüb”, nə baş verdiyini anlamağa çalışanda, Vyetnam hökuməti artıq yanvarın əvvəlində, yəni Çindən virusla bağlı ilk xəbərlər gəlməyə başlayanda sərt karantin tədbirləri tətbiq etməyə başlayıb. Qısa müddətdə epidemiya ilə mübarizə aparacaq milli komitə yaradılıb və fəaliyyət planı hazırlanıb. Yanvar ayından ali və orta məktəblər bağlanıb. İctimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Daha sonra xarici aviareyslər dayandırılıb.
Ölkədəki ÜST nümayəndələrinin fikrincə, koronavirusla effektli mübarizənin əsas meyarlarından biri əhalinin sosial birlik və nizam-intizam göstəricisidir ki, bu da vyetnamlılarda olduqca yüksək səviyyədədir. Yəni əhali hətta çinlilərdən də yüksək dərəcədə nizam-intizama, karantin tələblərinə riayət edir. Buna baxmayaraq, hökumət bu tələbləri pozanlara qarşı çox sərt cəzalar tətbiq edir. Məsələn, tibbi maska taxmaması səbəbindən başqasını koronavirusa yoluxduran ölkə vətəndaşı 12 il müddətinə azadlıqdan məhrum edilə bilər. Bundan başqa, mütəxəssislər Vyetnam səhiyyəsinin atipik pnevmaniya kimi xəstəliklərin müalicəsində böyük təcrübəyə malik olduğunu bildirir və bunun da əhəmiyyətli amil sayırlar. Onu da qeyd edək ki, digər dünya dövlətlərilə müqayisədə cüzi sayılacaq yoluxma hallarına rəğmən, hökumət karantin tələblərini yumşaltmağa tələsmir və sərhədləri bağlı saxlayır.
Baş nazir Nquen Suan Fuk isə mətbuata açıqlamasında Vyetnamın koronavirusa qarşı dirənişini ölkənin 1968-ci ildə ABŞ-la müharibə zamanlarındakı durumuna bənzədib. Əhalinin yaşlı kəsimi də etiraf edir ki, hətta həmin müharibə dövründə də bu cür nizam-intizamın və sosial həmrəyliyin şahidi olmayıblar.(azpolitika)
Cəlal MƏMMƏDOV