48 dəqiqə ərzində 3 aviaqəza –1946-cı ildə Vnukovo aeroportunda nadir hadisə baş verib
Eyni ildə, eyni gündə, eyni aeroportda 48 dəqiqə ərzində 3 aviaqəza... Mülki aviasiya tarixində yeganə sayılan bu hadisə Moskvada, Vnukovo hava limanında baş veib.
Yenixeber.org: 1946-cı ildə Moskvada Oktyabr inqilabının 29-cu ildönümünə hazırlıq işləri başlananda İosif Stalinin təsdiqlədiyi tədbirlər planında xarici dövlətlərin və müttəfiq respublikaların nümayəndələrinin tədbirdə iştirakı da nəzədə tutulub. Qonaqların qarşılanması, mehmanxanalarda yerləşdirilmsi, tədbirlərdə iştirakı əvvəlcədən ən xırda detallarına qədər götür-qoy edilib.
Həmçinin noyabrın 5-6-sı Vnukovo hava limanının daha çox təyyarə qəbul etməsi də nəzərə alınıb, sovet dövlətinin rəhbərliyi aeroport rəhbərliyinə xüsusi tapşırıqlar verib, təyyarələrin qəbul edilməsinin lazımi səviyyədə təmin olunması Stalinin imzası ilə yazılı əmr şəklində onlara təqdim olunub.
Təbii ki, uçuş məsələsində, təyyarələrin qəbulu və yola salınmasında heç də hər şey aeroport əməkdaşlarından asılı olmur. Çünki bu məsələdə hava şəraiti, havanın uçuşlara uyğun olması ən vacib amillərdən biridir. Özü də Moskvada və noyabr ayında...
Noyabrın 5-də Vnukovo aeroportu qonaqları qəbul etməyə hazır olsa da, sinoptiklərin hava proqnozu buna imkan verməyib. Təyyarələrin Vnukovoya eniş etməsi mümkünsüz sayılıb. Moskvanın üzərini qara buludlar, sıx duman alıb. Sinoptiklər yalnız saat 15-17 arasında dumanın nisbətən seyrələcəyini məlumat veriblər.
Bu məlumatdan sonra əlaqələndirici dispetçerlər Moskvaya uçacaq və artıq havada olan təyyarələrlə əlaqəyə giriblər. Səhər saatlarında Moskva üzərində olan 17 təyyarə ayrı-ayrı aeroportlara göndərilib.
Aşqabaddan Moskvaya istiqamət alan “Li-2” təyyarəsinin pilotuna vəziyyətlə bağlı məlumat verəndə o, Voronej aeroportuna enib. Bir müddət gözlədikdən sonra təyyarədəki sərnişinlər Moskvaya qatarla yola düşüblər.
Saat 16-da Türkmənistan təyyarəsi 5 nəfər heyətlə Moskvaya uçub. Vnukovoya enən təyyarələrin sayının çoxluğundan dispetçer pilota havadakı gözləmə zonasında olmağı göstəriş verib. Türkmənistandan uçan “Li-2” təyyarəsi bir saat havada dövrə vurmaq, eniş növbəsini gözləmək məcburiyyətində qalıb. 18-07-də pilota eniş etməyə icazə verilib. Görmə aydınlığı 30-40 metr məsafəsində olub. Təyyarə Moskva-Minsk şossesi üzərindən aeroporta dönəndə, pilot sürəti azaldıb. Eniş zolağı görünmədiyindən o, Vnukovo yaxınlığındakı Yamişovo kəndi ətrafında yerə çırpılıb. Təyyarənin 5 nəfərlik heyəti həlak olub.
Digər təyyarə, Vilnüsdən Moskvaya uçan “Li-2” təyyarəsi 16.30-da Vnukovo üzərində olub. Dispetçerlər Litva təyyarəsinin enişinə icazə verməyiblər. Səbəb həm hava şəraiti, həm də boş eniş zolağının olmaması göstərilib. Təyyardə 5 heyət üzvü və 22 sərnişin olub. Saat yarımdan artıq havada dövrə vuran təyyarənin yanacağı qurtarmaq üzrə olanda, pilot dispetçerlə əlaqəyə girib və təcili eniş zolağının verilməsini xahiş edib. Təyyarəyə enməyə icazə verilib. Pilot 6-cı cəhddə təyyarəni endirsə də, istiqamətini düz götürə bilməyib, işıq dirəyinə çırpılıb. Qəza nəticəsində bir nəfər sərnişin həlak olub. Digər sərnişinlərdən bir neçəsi isə yüngül bədən xəsarəti alıblar.
Üçüncü qəzaya uğrayan “Douglas C-47” təyyarəsi isə Berlin-Riqa-Moskva reysini həyata keçirib. Bu təyyarədə də 22 sərnişin olub, 4 nəfər isə reysi icra edən təyyarə heyəti. Riqadan uçan təyyarə Moskvaya saat 16-20-də çatıb. O da əvvəlkilər kimi, havada gözləmə zonasında iki saat qalmağa məcbur olub. Nəhayət, dispetçerlərin icazəsindən sonra “Douglas C-47” Vnukovoya eniş edib. Pilot dumanın sıxlığından eniş zolağının istiqamətini göstərən tablonu görməyib və istiqamətini lazımi tərəfə yönləndirə bilməyib. O, səhvini düzəltmək üçün təyyarənin sürətini kəskin qaldıraraq havaya qalxmağa və yenidən eniş zolağına düşməyə cəhd edib. Ancaq dönmə ilə kəskin sürət artımı təyyarənin zərblə yerə çırpılmasına səbəb olub. Qəza nəticəsində 13 nəfər həlak olub.
Beləliklə, 48 dəqiqə ərzində Moskvanın Vnukovo aeroportunda 3 aviaqəza baş verib. Qəza nəticəsində hər üç təyyarə tamamilə yarasız vəziyyətə düşüb, 19 nəfər həlak olub, digər sərnişinlər və təyyarə heyətinin üzvləri müxtəlif dərəcələrdə bədən xəsarətləri alıblar.
Aviaqəzalar haqqında kütləvi informasiyalar vasitələrində bir cümlə ilə olsun heç bir informasiya verilməyib, hadisə ictimaiyyətdən gizlədilib.
Sözsüz ki, ortaya belə bir sual çıxır, aviaqəzaların baş verməsində günahkar kim olub?
Aydın məsələdir ki, aeroportda çalışan mütəxəssilər noyabrın 5-də olan hava şəraitinə görə təyyarələrin eniş etməsinin mümkün olmadığını yaxşı biliblər və yəqin ki, başqa bir vaxt olsaydı, bu cür təhlükəli bir vəziyyətdə onlar heç bir təyyarəni qəbul etməyəcəkdilər.
Bəzi araşdırmaçıların qənaətinə görə, elə günahkar da aeroportun işçiləri sayılıb. Amma bu qənaətdə olanlar, yəqin unudublar ki, uçuşların təmin olunması aeroport rəhbərliyinə Stalinin yazılı əmri ilə tapşırılıb. Mövcud dövrdə isə Stalinin əmrləri müzakirəsiz icra olunub. Hava şəraitinin uçuşa uyğun olub-olmamasından asılı olmayaraq. Necə deyərlər, Stalin üçün hava həmişə sərin olub...(musavat)
İlham Cəmiloğlu