Yenixeber.org: Azərbaycan bütün inzibati və iqtisadi resursları ilə koronavirusla mübarizədədir. Dövlət yoluxma riskini azaltmaq üçün ən sərt qadağaları tətbiq edir və etiraf edək ki, bu gün virusa yoluxanların sayına görə ölkəmizin müsbət göstəriciyə malik olmasının başlıca səbəbi məhz bu qadağalardır. Amma tətbiq olunan qadağalara riayət olunması haqda eyni şəkildə razılıqla danışmaq olmaz. Axı nə baş verir? “Evdə qal, sağlam qal” kampaniyası niyə Azərbaycanda uğurla həyata keçmədi? Azərbaycan insanı təhlükəni bilə bilə niyə küçələrdən evə yığışmadı? Ola bilməz ki, bu qədər vətəndaş bilərəkdən özünün və yaxınlarının həyatını təhlükəyə atsın. Demək, ortada başqa səbəb var.
Əlbəttə, paytaxtda və bölgələrdə yaşı 65-dək olan insanların küçəyə çıxmasına qadağa yoxdur. Amma bu da məlumdur ki, insanların küçəyə çıxmağı minimuma endirib ev şəraitində olması onların yoluxma riskini sıfıra endirir. Buna baxmayaraq insanların evə qapılmaması təəccüb və təəssüf yaradır. Yenə də sual yaranır: Axı niyə? “Evdə qal, sağlam qal” kampaniyasını pozan soydaşlarımızın bu suala cavablarını bir cümlə ilə ümumiləşdirmək olar: Evdə qalım, bəs mənim evimin dolanışığını kim həll etsin, çörəyi nəylə alım? Bu bəhanə, yaxud iz azdırma deyil. Orta statistik azərbaycanlının durumu budur: günəmuzd qazanc, hər gün evdən çıxaraq bir günlük ailə ruzisini qazanmaq çabası!
İndi isə gəlin bu toplumun ümumi sayını təxmini olaraq müəyyənləşdirək. Rəsmi qeydiyyatdan kənar paytaxt və onun ətrafında (Abşeron rayonu və Sumqayıt şəhəri daxil olmaqla) təqribən 4 milyon insan yaşayır. Hər ailənin minimal 4 nəfərdən ibarət olduğunu hesab etsək bu 1 milyon ailə deməkdir. 2020-ci il üçün Azərbaycanda yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib. Bu göstəricini ortalama 150 manat götürsək, paytaxt və onun ətrafında yaşayan insanların bir ay ərzində evdən çıxmadan ərzaq təlabatını ödəmək üçün 600 milyon manat kifayət edir. Bu rəqəmi isə qarşılamağa dövlətin vəsaitləri kifayət edir.
Nəzərə alsaq ki, diqqətə aldığımız kontingent içində xeyli sayda böyük maliyyə dövriyyəsi olan biznes strukturlarının rəhbərləri, yüksək vəzifə maaşı alan məmurlar var onda tələb olunan məbləğ daha da azalar. Bəs elə isə bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda insanların bir aylıq dolanışığı üçün niyə dövlət tərəfindən birdəfəlik müavinət hələlik ayrılmayıb. Yuxarıdakı hesablama da göstərir ki, bu maliyyə imkanları baxımından mümkündür. Nəzərə alsaq ki, belə hallarda hər zaman ölkə rəhbərinin humanizminin və vətəndaşın sosial maraqlarının qorumasının şahidi olmuşuq, onda bəhs etdiyimiz addımı gözləməkdə insanlar haqlıdır. Əgər ailələrə birdəfəlik müavinətlər verilsəydi, onda “Evdə qal, sağlam qal” kampaniyasından kənarda qalan hər kəs ən sərt cəzaya layiq idi. Amma bunun da şahidi olmadıq. Niyə? Bax bu niyənin qısa cavabı “prezidentə verilən yalan məlumatlar”dır.
Müxtəlif dövlət qurumlarının rəsmi statistik məlumatlarına inansaq ölkədə 2020-ci il mart ayının 1-i vəziyyətinə görə, işsiz vətəndaşların sayı 90,8 min nəfər olub. Dövlət Statistika Komitəsinin bu məlumatı bütün ölkəni əhatə edir. Hələ bu işsizlərə də sığorta ödənişinin orta aylıq məbləği 338,9 manat təşkil edib. Qalan digər işlə təmin olunmuş əhalinin isə karantin dönəmində iş yerlərinin fəaliyyət göstərib göstərməməsindən asılı olmayaraq əməkhaqqısı ödənilib. Başqa sözlə, nəinki paytaxtda, bütün ölkə boyunca hər kəs dolanışığı üçün minimal maliyyə resursuna malikdir. Tək ictimaiyyətə deyil, ölkə rəhbərinə də təqdim olunan statistik məlumatlar bu məntiqi nəticəni diqtə edir və “niyə evdə oturmursan?” qınağına “dövlət mənim uşaqlarıma çörək versin oturum” qəzəbli cavabı formalaşdırır. Başqa sözlə, karantin şərtlərini pozan insanların məcburiyyəti ölkə rəhbərinə çatdırılmadığından, vətəndaşla prezident arasında soyuqluq yaradılır. Bunun tək səbəbi isə ayrı-ayrı dövlət qurumarının öz sahələri üzrə şişirdilmiş, reallıqdan kənar hesabatlar təqdim etməsidir. Bu gün sıravi vətəndaşı küçədə koronavirus atəşi altına çıxaran məhz həmin hesabatlardır.
Koronovirus bütün yuxarıda sadalananlar baxımından bir çox dövlət qurumlarının ayıblarını və yalanlarını bütün çılpaqlığı ilə üzə çıxartdı. Məsələn aydın oldu ki, paytaxtda minlərlə xırda obyekt – kafe, bərbər, internet klub, kirayə verilən evlər, xırda geyim dükanları və s. var ki, ümumiyyətlə vergi ödəmə anlayışından kənardı. Onlar müxtəlif uniforma sahibləri ilə “el sayağı” anlaşaraq fəaliyyət göstərirlər və hətta karantin dönəmində də qaydaları pozmaq üçün müəyyən təkliflər olunur. Karantin dövründə fəaliyyətin dayandıran sahələrin böyük əksəriyyətində ölkə qanunvericiliyindən kənar məqamlar və insanların günəmuzd qazanc yerləri mövcud idi. Məsələn şadlıq evləri, kafelər, internet klubların yüzdə doxsanında işçilərlə əmək müqaviləsi bağlanmayıb, onlar sosial sığorta və əmək haqqı kartı ilə təmin olunmayıb. Rayonlararası və rayonlardan Bakıya taksiçilik fəaliyyəti ilə məşğul olan və bu gün işi dayanan şəxslərlə bağlı da durum eynidir. Bir sözlə karantın şərtləri on minlərlə günəmuzd qazanc üçün işləyən insanların çörəyinə bais oldu və bu mənada “dəyən kasıba dəyir” şüarı özünü doğruldur.
Dövlət qurumlarının vətəndaşa qarşı laqeyd münasibəti yalnız yalan statistika ilə bitmir. Bu çətin günlərdə hətta vətəndaşlara bir dəfəlik müavinət ödəmədən də müəyyən sosial güzəştlər edilə bilərdi. Məsələn kommunal ödənişlər bir ay müddətinə dayandırıla bilərdi, “evdə qal, sağlam qal” kampaniyasına az qala reklam roliki çəkən banklar kredit ödənişi ilə bağlı bir ay ertələmə qərarı verə bilərdi, böyük marketlər öz ərzaq şöbələrində “pulsuz bir çörək” aksiyası keçirə bilərdi… Edilə biləcək çox işlər var və bu gün “evdə qal, sağlam qal” kampaniyasında iştirak etməyən vətəndaşın ona qarşı qınaqlara qəzəbi bunların edilməməsidir. Bu qəzəb əvvəl axır ünvanına-onu düşünməyən məmur kontingentinə yönələcək, sadəcə prezidentin dilindən. Azərbaycanda sonuncu dəfə belə fors-major durum Mingəçevir SES-dəki qəza zamanı baş verib. O zaman ölkə rəhbəri heç kəsi ciddi cəzalandırmadan qəzanın nəticələrinin tam aradan qalxmasına qədər səbr etdi. Sonradan Etibar Pirverdiyevə deyilən “Siz sadəcə olaraq utanmalısınız” sözü isə yerində vurulan tərs şapalaq kimi idi. Bu dəfə isə bir yox bir neçə nazirin eyni zərbəni alacağı şübhəsizdir.(aztoday.az)
Hikmət Ağayev