Şahmat dühası –onun fransız xanımla ailə qurması üçün Fransa prezidenti Pompidu Brejnevə elçi düşüb
Yenixeber.org: Onun şəxsi həyatında şahmat taxtasının üzərində olduğu kimi gərgin, mürəkkəb və maraqlı hadisələr az olmayıb. Boris Spasski elə həyatda da peşəkar oyunçu olub, gözlənilməz gedişləri ilə son məqamda istədiyinə nail olmağı bacarıb. Düzdür, məşhur şahmatçı bəzən geri çəkilmək məcburiyyətində də qalıb, amma özünü məğlub saymayıb və ən çox işlətdiyi ifadə olan “biz yenidən görüşəcəyik” deyərək, özünü yenidən səfərbər edib. 1966-cı ildə olduğu kimi.
Dünya çempionu adı uğrunda mübarizədə Spasski Tiqran Petrosyana məğlub olanda da həmin ifadəni işlədib. 1969-cu ildə isə Spasski dünya çempionu adı uğrunda yenidən Petrosyanla üz-üzə gəlib və o, parlaq qələbəsi ilə erməni şahmatçıını məğlub edərək şahmat üzrə 10-cu dünya çempionu adını qazanıb.
1937-ci ildə Leninqradda anadan olan Boris Spasski ailənin ikinci övladı olub. 1941-ci ildə müharibə başlananda hər ikisini şəhərdən təxliyə edərək Kirov vilayətinə aparıblar. Spasski qardaşları bir müddət uşaq evində böyüyüblər. Yalnız 1944-cü ildə valideynləri övladlarını uşaq evindən götürə biliblər və Moskava ətrafında yerləşən qəsəbələrdən birinə köçüblər. Spasskinin anası növbəti dəfə hamilə olduğu vaxt atası evdən gedib və onlar rəsmi ayrılıblar. Valideynlərinin nikahı pozulduqdan sonra ailə 1946-cı ildə Leninqrada köçüb. Ailənin üçüncü uşağı qız övladı olub. Və atasız dünyaya gələn İraida Spasski də gələcəkdə böyük uğurlar qazanıb, dama üzrə qrossmeyster tituluna sahib olub.
Boris Spasski ilk şahmat bilgilərini Leninqradda pionerlər evində təşkil olunan dərnəklərdə alıb. Elə ilk aylardan məşqçiləri Spasskinin talantını hiss ediblər. Çox keçməmiş Leninqrad şəhərində və vilayətdə keçirilən şahmat turnilərində Boris Spasski özünün ilk uğurlarını əldə edib. 1948-ci ildə Minskdə ümumittifaq könüllü idman cəmiyyətinin təşkil etdiyi gənclər üzrə şahmat turnirində Spasski ölkə miqyasında ilk dəfə olaraq çempion adını qazanıb. Bir müddət sonra o, Riqada gənclər arasında keçirilən şahmat turnirinin qalibi olub.
Gərgin məşqlər, bir-birinin ardınca keçirilən şahmat turnilərində iştirak etmək Spasskinin ali təhsil almasına mane olmayıb. Gələcəyin dünya çempionu Leninqrad Dövlət Universitetin filologiya fakültəsində təhsil alıb, junalist ixtisasına yiyələnib.
Boris Spasski iki dəfə (1961, 1973) şahmat üzrə SSRİ çempionu adını qazanıb. O, 1961-ci ildə bu adı qazananda öz oyunları ilə dünyanın məşhur şahmatçılarının diqqətini çəkib.
Nəhayət, 1966-cı ildə Boris Spasski gərgin seçmə turlarından sonra dünya çempionu adı uğrunda mübarizədə finala çıxıb. Rəqibi Tiqran Petrosyana məğlub olsa da, o, ruhdan düşməyib. Növbəti dünya çempionatında finala çıxmaq üçün ciddi hazırlıq görüb. 1969-cu ildə seçmə oyunlarda həmkarlarını arxada qoyan Spasskinin finalda rəqibi yenə də Petrosyan olub. Boris Spasski bu dəfə şansını əldən verməyib. Parlaq qələbə onun adını dünya şahmat tarixinə 10-cu dünya çempionu kimi həkk edib.
Boris Spasskinin şəxsi həyatı da maraqlı hadisələrlə zəngin olub. Şahmatçı özünü həmişə azad insan sayıb. Sovet rejiminin qadağalarına baxmayaraq o, fikirlərini açıq söyləməkdən heç vaxt çəkinməyib. Elə bəlkə də bu səbəbdən Spasski həmişə DTK-nın nəzarətində olub.
Spasski birinci dəfə 22 yaşında Nadejda Latınseva ilə ailə həyatı qurub. Cütlüyün bir qız övladı dünyaya gəlib. Bu nikah çox da uzun çəkməyib. İki ildən sonra onlar ayrılıblar.
İkinci dəfə Spasski hələ uşaqlıq illərindən tanıdığı və qonşusu olduğu, ixtisasca jurnalist olan Larisa Solovyova ilə ailə həyat qurub. Bu nikahdan Spasskinin bir oğlu olub. Amma bu nikahın da ömrü uzun çəkməyib.
Spasskinin üçüncü dəfə evlənmək sevdası isə əsl problemə çevrilib. Elə bir problemə ki, məsələyə SSRİ-nin və Fransanın dövlət başçıları müdaxilə edib.
Belə ki, Boris Spasskinin növbəti sevdiyi xanım rus əsilli Marina Şerbaçeva Fransa vətəndaşı olub. O, Moskvada Fransanın SSRİ-dəki səfirliyində çalışıb. Cütlük arasında qarşılıqlı münasibətlər yarananda onlar evlənmək qərarına gəliblər. Ancaq bu arzularını həyata keçirə bilməyiblər. Spasskiyə xarici ölkə vətəndaşı ilə ailə qurmağa icazə verilməyib. Ümumiyyətlə, bu qanin həmin dövrdə təkcə Spasskiyə deyil, digər sovet vətəndaşlarına da şamil edilib. Spasski çıxış yolu tapmasa da, Marina Şerbaçeva məsələnin həlli yolunu çox asanlıqla tapıb.
Fransa prezidenti Jorj Pompidu SSRİ-də rəsmi səfərdə olarkən SSRİ rəhbəri Leonid Brejnev ali qonağın şərəfinə ziyafət təşkil edib. Marina Şerbaçeva da həmin ziyafətdə səfirliyin nümayəndəsi kimi iştirak edib. Qeyri-rəsmi və səmimi şəraitdə keçən tədbirdə iştirak edənlər hər iki dövlət başçısına siyasətdən kənar suallar da veriblər. Bu fürsətdən Marina Şerbaçeva da səmərəli istifadə edib və Franda prezidentinə sualını ünvanlanyıb:
- Cənab Pompidu, sizin sevgiyə münasibətiniz necədir?
Prezidentin çöhrəsində bu sualdan xoş bir təbəssüm yaranıb və cavab verib:
- Həyatda sevgidən gözəl ikinci bir hiss yoxdur.
Marina Şerbaçeva dialoqu davam etdirib:
- Bəs onda mənim Boris Spasski ilə ailə qurmağıma niyə icazə vermirlər?
Bu məqamda Jorj Pompidu tərcüməçi vasitəsilə yanında əyləşən Brejnevə müraciət edərək məsələnin müsbət həll olunmasını baş katibdən xahiş edib.
Elə səhərisi gün Boris Spasski ilə Marina Şerbaçevanı VVAQ-a dəvət ediblər.
Bu evlilikdən bir müddət sonra Boris Spasski 1976-cı ildə SSRİ vətəndaşlığını saxlamaqla Fransaya köçüb. Həmçinin o, şahmat turnilərində SSRİ tərəfindən iştirak edib. 1984-cü ildən isə Spasski Fransanı təmsil etməyə başlayıb.
Əvvəlkilərlə müqayisədə bu nikah uzun sürsə də, 2012-ci ildə Boris Spasski nikahın pozulması üçün Fransa məhkəməsinə müraciət edib. Proses 4 il davam edib. Nəhayət, 2016-cı ildə məsələni Moskva məhkəməsi həll edib. Fransada yaşadığı son illər haqqında çox da açıqlama verməyən Spasski bir müddət həmin ölkədə böyük problemlər yaşayıb. Yaşanan problemlər şahmatçının səhhətinə ciddi zərbə vurub.
Yenidən Rusiyaya qayıdan Boris Spasski bu dəfə rəsmi nikah haqqında düşünməyib. Mülki nikahla Valentina Kuznetsova ilə ailə həyatını davam etdirməyə başlayıb. Hazırda 83 yaşlı Boris Spasski Moskvada çox da böyük olmayan mənzilində həmin xanımla yaşayır.(musavat)
İlham Cəmiloğlu