Yenixeber.org: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 6-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Təxminən 6 saat davam edən görüşün sonunda tərəflər 2018-ci il Soçi Razılaşmasına 3 maddəlik əlavə protokol mətnini ictimaiyyətə açıqladılar və gözlənilən atəşkəsi də elan etdilər. Hərbi əməliyyatların getdiyi vaxt rəsmi Ankara tələb edirdi ki, Əsəd qüvvələri 2018-ci ilin sentyabrında imzalanmış Soçi anlaşmasındakı sərhədlərə geri çəkilsin. Ərdoğan AKP-li millət vəkilləri ilə görüşündə deyib ki, Əsədə bağlı qüvvələr Soçi anlaşmasından sonrakı il yarım ərzində ələ keçirdiyi əraziləri tərk etməsə, Türkiyə bu işi özü yerinə yetirəcək. Bu, birbaşa ultimatium hesab olunurdu.

1. Əlavə protokolda nələr qeyd olunub ?

Cəmi 3 maddədən ibarət olan protokol kifayət qədər qısa, dərhal və heç bir detal ehtiva etmədən yazılıb.

Birinci maddədə yazılır:

“İdlib bölgəsindəki təmas xətti boyunca bütün hərbi əməliyyatlar 6 Mart 2020 tarixində, saat 00:01-dən etibarən dayandırılacaq.” Türkiyə isə İdlibdə “daimi atəşkəs” gözləyirdi. Prezident Ərdoğan da bu bəndlə bağlı şərhində “daimi atəşkəs üçün işlər davam etdirilməlidir” deyib. Onun ifadəsindən belə anlaşılır ki, hərbi əməliyyatlar müvəqqəti dayandırılır.

Protokolun girişində isə qeyd olunub ki, Rusiya və Suriya ordularının terrorla mübarizəni davam etdirəcəyi gözlənilir. BMT-nin terrorçu kimi tanıdığı “Həyat Tahrir əl-Şam” və “Nusrə Cəbhəsi” kimi təşkilatlarla mübarizənin davam etdiriləcəyini Rusiya əlavə protokolda bir daha vurğuladı. Putin də bu məsələdə güzəştin olmayacağını vurğulayıb və bu da atəşkəsin müvəqqəti olduğuna dair mesajdır. Ərdoğan isə çıxışında dedi ki, Suriya ordusunun hücum edəcəyi təqdirdə Türkiyə ordusu ən ağır cavabı verəcək və bununla da o, Putinin Əsədə bağlı qüvvələr üzərindəki təzyiqindən istifadəsinin vacibliyini vurğuladı.

İkinci maddə

Əlavə protokolun ikinci maddəsi Hələbi Lazkiyə ilə birləşdirən M4 yolunun şimalında 6 kilometr və cənubunda 6 kilometr dərinliyində etibarlı koridor təsis edilməsini ehtiva edir. Həmçinin yolun müəyyən bölgələrində Rusiya və Türkiyə hərbi polisi vasitəsilə ortaq patrulun təşkil olunması da qeyd olunur. Soçi müqaviləsindən sonra Bəşər Əsədə bağlı ordu tərəfindən ələ keçirilən M5 yolu barədə əlavə protokolda heç bir cümlə qeyd edilməyib. Türkiyənin görüşdən əvvəlki tələblərindən biri də Bəşər Əsədin M5 yolundan çəkilməsi idi. Bu yol haqqında protokolda qeyd olunmamağı onu göstərir ki, M5 Bəşər Əsədin nəzarətində qalacaq və hətta bu günə kimi Türkiyənin M4 yoluna təkbaşına nəzarəti də əlindən çıxır. O, artıq adıçəkilən yola Rusiya ilə birlikdə nəzarət etməli olacaq.

Üçüncü maddə

Protokolun üçüncü bəndində türk-rus ortaq patrullarının 15 Mart 2020-ci ildən Trumba şəhərindən Ain-Al-Havra qədər olan ərazini əhatə edəcəyini qeyd edir. Müqavilədə bazar ertəsi günü Rusiyanın ələ keçirdiyi Serakib şəhərinin taleyi barədə yazılmaması bu şəhərin Rusiyanın nəzarətində qalacağı mesajını vermiş oldu.

2. Görüşün mediada müzakirə olunan sətiraltı mesajları nə idi?

Görüşdəki mesajlarla bağlı ən çox mzakirə olunan detallar Ərdoğanın dedikləri və sualları, digər məsələ ilə isə otağın dekorasiyası, oradakı əşyalarla bağlıdır.

Ərdoğanın rusiyalı həmkarına təşəkkürü

Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinlə görüşdə ” qəbul etdiyiniz üçün çox çox təşəkkür edirəm” ifadəsi Türkiyədə sərt reaksiya ilə qarşılanıb. Türkiyə parlamentinin millət vəkili Engin Altay deyib:

“Bizi qəbul etdiyiniz üçün təşəkkür edirəm” ifadəsi diplomatik davranışlara zidd ifadədir. Hər şey bir yana, bunu 2 dəfə təkrar edir. Sanki Putin dövlət başçısı, Türkiyə prezidenti bir nazirdir. Mən ölkəmin prezidentinin Rusiya prezidenti qarşısında bu görüşü Rusiyanın Türkiyəyə bir lütfü kimi görməsini, qəbul etməsini və ictimaiyyətə belə təqdim etməyini həzm edə bilmirəm, həzm edə bilmirəm, həzm edə bilmirəm. Olmaz! Sanki həmkar deyildilər, sanki İdlibdə şəhid olan 57 əsgərimizin qanı Rusiyanın əlində deyil. İdlibdə şəhid olan əsgərimizin qanında Suriya mərkəzi rəhbərliyinin silahlı qüvvələri qədər Rusiya silahlı qüvvələrinin də əli var.

Türkiyə mediasında ən çox müzakirə olunan məsələlərdən biri də Ərdoğanın mətbuat qarşısında çıxışından sonra Rusiya xarici işlər naziri Sergey Lavrova və müdafiə naziri Sergey Şoyquya yaxınlaşaraq dedikləri olub. Canlı yayımın davam etdiyi vaxtda Ərdoğan rus nümayəndə heyətinə kritik bir sual verib: “Hazırda Əsəd ilə danışılıb, deyilmi?”. Lavrov isə cavabında “Proses davam edir” deməklə kifayətlənib. Bu sualdan anlaşılan odur ki, Rusiya ilə əldə olunan atəşkəsə Əsəd rejiminin riayət edib-etməyəcəyi ilə bağlı prosesin davam etdiyindən söhbət gedir.

R.T.Ərdoğan və V.Putinin görüşündə arxasında II Yekaterinanın heykəli olan Türkiyə nümayəndə heyəti.

Foto: Pavel Golovkin/AP photo
Yekaterinanın heykəli

Görüşün ən çox müzakirə olunan detalı onun baş tutduğu otaqdır. Otaqda Türkiyə nümayəndə heyyətinin arxasında Rusiya çariçası II Yekaterinanın heykəli olub. II Yekaterina tarixdə Krımı Osmanlıdan alan və Osmanlı ordusunu iki dəfə məğlub edən şəxs kimi qalıb. Bundan başqa Rusiya və Türkiyə prezidentlərinin oturduğu masanın arxasındakı saat da tarixi əhəmiyyət daşıyır. “Balkanlardan keçid” adlanan bu saat 1877-1878 illərində Balkanlarda Osmanlı ordusu ilə savaşan rus əsgərlərinə həsr olunub.

 

Ərdoğanla Putinin görüşünü təkcə türkiyəli jurnalistlər yox, xarici jurnalistlər də tənqid edib. Amerikalı siyasi jurnalist Tom Roqan da Ərdoğanın Putin qarşısındakı mövqeyini sərt tənqid edib. Jurnalist yazır:

Ərdoğan Suriyada öldürülən 34 türk əsgərindən sonra Moskvada sərt mövqe qoymaq əvəzinə Putinin ayaqqabısını yalamağı seçib. …Bu görüşü görən Atatürk qəbrində çevrilməlidir.(mikroskopmedia.com)

Rəhim Xoyski