Sonuncu Ərdoğan-Putin danışıqlarının bu ölkənin sabitliyə qovuşması üçün həlledici olmasını deməyə ciddi əsas yoxdur

Yenixeber.org: Türkiyənin 1 gündə 33 hərbçisini itirməsi təkcə regionun deyil, bütün dünyanın gündəmini dəyişdi. Gündəm ona görə dəyişmədi ki, xarici ölkələrdə hələ Türkiyənin və Suriyanın harada yerləşdiyini bilməyən bir çoxları türk əsgərinin Suriyanın ərazisində olmasından xəbər tutdu. Türkiyə hələ 2016-cı ildən başlatdığı “Fərat qalxanı” və ötən il həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatları nəticəsində həm Suriya ərazilərindən gələn təhülkələrin qarşısını almış, həm də Suriyada hərbi mövcudluğunu təsdiqləmişdi.

Bu münaqişədə Türkiyə dövləti tərəfdirmi?

Mövcud vəziyyətdə əsas məsələ Türkiyə ilə Rusiyanın Suriyada daxili münaqişə başlayandan sonra ikinici dəfə bu dərəcədə qarşıdurma halında olması ilə bağlıdır. Birinci qarşıdurma Suriyada rus təyyarəsinin vurulması səbəbindən yaranmışdı. Hətta Rusiyadakı ermənilərin təhriki ilə bir çox mütəxəssislər az qala iki ölkə arasında müahribə ssenarilərini təhlil edirdilər. Hər iki tərəfin soyuqqanlı davranması nəticəsində Türkiyə-Rusiya müharibəsindən qaçmaq mümkün oldu.

İndiki halda da Suriya ordusunun ölkə ərazisində nəzarəti ələ keçirmək sahəsində ən böyük dəstəyi Rusiyadan aldığı heç kimə sirr deyil. Buna görə də əvvəlcə türk əsgərlərinin məhz rus təyyaraləri tərəfindən bombardmana məruz qaldığı barədə xəbərlər yayılmışdı.

Suriyadakı mövcud xaos vəziyyətində bütün bunların ortaya çıxması və müxtəlif dezinformasiyaların yayılması təbiidir. Amma yenə də egiondakı mövcud vəziyyətin yaranmasına görə müxtəlif suallar ortaya çıxır. Məsələn, “Türkiyə niyə Suriyaya, daha doğrusu İdlibə əlavə qüvvə göndərdi?”, “Nə səbəbdən Rusiya və Suriyadakı mövcud rejimin qüvvələri ilə qarşıdurma ehtimalı ola-ola bu yola getdi?” və s.
Bu sualların rəsmi cavabları əslində son aylar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarında öz əksini tapıb. Türkiyənin həmin bölgədə nəzarət postları olub və Soçi razılaşmasına görə o postlardan şimala doğru Əsəd qüvvələri keçməməli idilər. Bu razılaşmann pozulması rəsmi Ankara tərəfindən dəfələrlə bəyan edilsə də, dövlət başçısı tərəfindən buna qarşı addımlar atılacağı qeyd edilsə də, rəsmi Dəməşq yaranmış situasiyada bu xəbərdarlıqları qulaqardına vurdu. Burada daha bir sual yaranır ki, bu münaqişədə Türkiyə dövləti tərəfdirmi?

Suriyadakı PKK terrorçuları və 3 milyondan çox türkmən məsələsi

Bir çox ölkə vətəndaşı və mütəxəssislər, hətta son vaxtlar daha canfəşanlıq edən erməni ekspertlər daha çox Əsəd rejiminin və rəsmi Moskvanın maraqlarına xidmət edən “Türkiyənin Suriyada nə işi var” sualının ətrafında var-gəl edərək əsas problem kimi türk əsgərinin Suriya ərazisində olmasını qabardır. Müəyyən mənada bu suala cavab vermək mümkün olsa da, onun müsbət və mənfi tərəflərinin ağır basacağını söyləmək çətindir.

Ən azı ona görə ki, yuxarıda deyildiyi kimi, Türkiyənin Suriyada hərbi mövcudluğu bu gün baş verən hadisə deyil. Suiya münaqişəsi başlayan dövrdə Türkiyənin tutduğu mövqenin dövlət və milli maraqlara cavab verib-vermədiyinə gəlincə, yenə də burada Suriyada mövcud olan iki amil öz rolunu oynadı. Birincisi, uzun illər Abdulla Öcalanın da sığındığı Suriyanın şimalında, daha doğrusu Türkiyənin sərhədləri yaxınlığında PKK-nın (YPG-nin) nəzarətinin genişlənməsidir. Yeri gəlmişkən, xatırladaq ki, Suriyanın şimalında həm ABŞ, həm də Rusiya qüvvələrindən dəstək alan PKK-nın fəaliyyəti davam edir. Türkiyə Silahlı Qüvvələrinin başlatdığı “Bahar qalxanı” əməlyyatına diqqətin yönəldiyindən istifadə edən YPG terror təşkilatının silahlıları “Sülh hərəkatı” nəticəsində azad edilmiş neytral ərazilərə girməyə cəhd edirlər.

İkinci amilə gəlincə Hələb, İdlib və Afrin başda olmaqla Suriyanın Türkiyəyə yaxın ərazilərində 3 milyona yaxın türkmən əhalisinin yaşaması məsələsidir. Hazırkı durumda bombardmana məruz qalan da məhz Bayır-Bucaq türkmənlərinin yaşadığı ərazilərdir. Bu bombardmandan qaçaraq Türkiyə sərhədinə sığınan da həmin türkmənlər və ərəblərdir.

Suriya münaqişəsi başalayan ilk dövrdə Türkiyənin səhvləri

Amma onu da vurğulamaq gərəkdir ki, münaqişəyə qədər Türkiyənin cənubunda sürətlə inkişaf edən və sabit Suriya mövcud idi. Heç kimə sirr deyil ki, Bəşər Əsəd hakimiyyətə gəlidkdən sonra atasının Türkiyənin Hatay vilayətinə qarşı iddialarını bir kənara qoyaraq rəsmi Ankara ilə normal münasibətlər yaratmışdı. Suriyanın müstəqillik əldə etdiyi dövrdən hələ heç bir vaxt bu qədər ideal vəziyyətdə olmayan Türkiyə-Suriya münasibətlərinin Qərbin “şiə üçbucağı”nı məhv etmək planına qurban verilməsi tarixin ən bağışlanılmaz səhvlərindən idi. Yəni İraqın xarabazara çevrildiyini görə-görə, ölkənin şimalında nəzarətsiz bölgə və faktiki etnik cəhətə əsaslanan qurum yaradılmasının şahidi ola-ola daha bir qonşu ölkədə sabitliyin pozulmasına göz yummaq, müəyyən mərhələdə sərhədləri tam nəzarətə götürmək əvəzinə Avropadan gələrək Suriyaya adlayanlara mane olmamaq çox ciddi səhvlər kimi dəyərələndirmək olar.
Suriyada İŞİD-in fəal olduğu dövrdə Türkiyənin dövlət maraqlarının ayaqlar altına atıldığı ən ciddi səhv isə unitar dövlətə əsas təhlükə olan PKK-ya Kobanidə yardım göstərmək üçün İraqdakı peşmərgələrin ölkə ərazisindən keçərək getməsinə icazə verilməsi idi.

Qaçqınların Avropaya getməsinin qarşısını almamaq siyasəti nə vəd edir?

Türkiyənin mövcud hakimiyyətinin 2003-cü ildən regiondakı hadisələrlə bağlı dövlət və milli maraqlara zidd bəzi addımlar atması faktını gözardı etməyərək belə bir reallığı da xatırlatmaq lazımdır ki, ilk dövrlərdə bir qədər gözləmə mövqeyi tutan Türkiyə ondan asılı olan və olmayan səbəblərdən bu münaqişəyə cəlb edildi. Ona görə ki, hər hansı bir dövlətin qonşusunda probleminin olmaması onun milli və dövlət maraqlarına cavab verməsi bir aksiomadır. Yəni Türkiyəyə hazırda 3 milyondan çox olan Suriya qaçqınlarını qəbul etmək lazım deyildi. Onların Türkiyəni adlayıb xarici ölkələrə getməsi də təsmi Ankaranın maraqlarına cavab verirdi. Lakin Suriyada daxili münaqişə yaradıb, ardınca o problemləri Türkiyənin öhdəsinə qoymaq, bu ölkəni az qala xaosa sürükləmək Avropa ölkələrinin maraqlarına xidmət edən bir addımdır.

Hazırda Avropaya getmək istəyən qaçqınlara mane olmamaq qərarı qəbul edən Türkiyə də bu problemi onun öhdəsinə qoyanların indiki dövrdə NATO üzrə müttəfiqləri olan dövlətlərin seyrçi qalmasına cavab idi. Hazırda Avropa İttifaqı əl-ayağa düşərək ard-arda Türkiyəyə elçilərini göndərməsi də Türkiyənin nə qədər böyük bir problemin qarşısını aldığını bir daha ortaya qoyur.

Suriya məsələsi ilə bağlı daxildəki siyasi qüvvələrin mövqeyi

Bəs Türkiyənin daxilində hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasından başqa, digər siyasi partiyaların Suriya məsələsi ilə bağlı mövqeyi necədir? Türkiyə parlamentində təmsil olnunan partiyaların türk əsgərlərinin kütləvi öldürülməsinə münasibəti birmənalı olsa da, Türkiyə ordusunun Suriyaya qoşun yeritməsi məsələsində əksər partiyaların mövqeyi indiyə qədər dəyişməz olaraq alır.

Adı hansısa “demokratik” pərdə altında gizlənməyə çalışılsa da, etnik əsasda yaradıldığı heç kimə sirr olmayan Xalqların Demokratik Partiyası bundan əvvəl aparılan əməliyyatların birbaşa PKK-nın maraqlarına ciddi zərər verdiyinə görə türk əsgərinin Suriyaya daxil olmasına həmişə əleyhinə olub.

Ana müxalifət Cümhuriyyət Xalq Partiyasına gəlincə, Suriyada vətəndaş müharibəsini başlanğıcında öz nümayənədlərini Bəşər Əsədlə görüşə göndərən bu partiya da Türkiyənin Suriyadakı münaqişəyə müdaxiləsinə qarşı olub. Müəyyən məqamlarda dövlətin marağını müdafiə etsə də, partiya sədri Kamal Qılıcdaroğlu və onun yaxın ətrafı həmişə regiondakı problemlərə kompleks yanaşmaının tərəfdarı olub.

Dövlət Baxçalının lideri olduğu Millətçi Hərəkat Partiyası isə məlum olduğu kimi, uzun illərdir iqtidar partiyasının yedəyində getməyi üstün tutur. Buna görə də son illər iqtidarın atdığı bütün addımları tam dəstəkləyib.

MHP-dən qopanların yaratdığı və son seçkilərdə kifayət qədər madat alan İyi Partiya hakimiyyətə müxalif olsa da, partiya sədri Meral Akşənər Türkiyənin milli maraqlarına uyğun olan məsələlərdə radikallıq nümayiş etdirməkdən çəkinir.

Ana müxalifət partiyası CXP-nin tələbi ilə İdlibdəki vəziyyətə görə stenoqramının açıqlanması 10 illiyinə qadağan edilən qapalı iclas keçirən Türkiyə Böyük Millət Məclisindəki sonrakı müzakirələr zamanı da qeyd etdiyimiz mövqelər ortaya çıxıb. CXP-nin fraksiya rəhbəri Suriya və Türkiyə ordusunun regiondakı münaqişələri məsələlərində ölkə prezidentini konyukturaya uyğun olaraq siyasət yürütməkdə suçlayıb, hətta daha da irəli gedərək təhqiramiz ifadələr işlədib.

Xatırladaq ki, İdlibdəki və bölgədəki hadisələrlə əlaqədar Türkiyənin Vitse-prezidenti Fuat Oktay, Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Milli Müdafiə naziri Hulusi Akar, siyasi partiyaların fraksiya rəhbərləri, parlamentdə fraksiyası olmayan partiyalardan deputatların çıxış etdiyi qapalı iclasda CXP sədri Kamal Qılıcdaroğlu və MHP sədri Dövlət Baxçalı da iştirak ediblər.

Atəşkəs razılaşması: kimlərin arasında olacağı məlum deyil

Ən nəhayət, Türkiyənin çox sayda canlı qüvvə itirməsinin ardından üzv olduğu hərbi alyansa müraciət etdiyi və gözlənilən dəstəyi ala bilmədiyinin müşaiyəti ilə son ümidlərin martın 5-ə planlaşdırılan Ərdoğan-Putin görüşünə qaldı. Bu görüşün başladığı bir vaxtda da şiddətli döyüşlərin getdiyi İdlibdən həyəcanlı xəbərlər gəlirdi, Türkiyə ordusu şəhid verirdi.

İki ölkə prezidentləri arasında 3 saat davam edən təkbətək görüşdən sonra verilən bəyanatların, əldə edilən razılığın regionda mövcud olan gərginliyi bir qədər səngitməyə xidmət etsə də, regionda bütün tərəflərin maraqlarına cavab verən razılaşmanın əldə edilməsi sual altındadır. Düzdür, martın altısına keçən gecə İdlibdə atəşkəs elan olunsa da, Əsəd rejiminin və İdlibdəki müxalif qüvvələrin buna əməl edəcəyinə heç kim zəmanət verə bilməz. Çünki bu cür atəşkəslər böyük dövlətlər tərəfindən elan olunub, lakin kişik qruplar onu dəflərlə pozub. Ona görə də Ərdoğan-Putin görüşünün bu ölkənin sabitliyə qovuşması üçün həlledici olmasını deməyə ciddi əsas yoxdur. Türkiyə prezidentinin Suriya tərəfinin atəşkəsi pozan kimi cavab veriləcək tipli açqılamaları da bu fikri daha da gücləndirir.

Bu görüşdə səslənən ən mühüm açıqlama isə hər iki prezidentin terrora qarşı birlikdə mübarizə apardıqları, Suriya məsələsində fikir ayrılıqları olsa da, hər iki dövlət başçısının Suriyanın ərazi bütövlüyünü dəstəklədikləri barədə bəyanatlarıdır. Ona görə də Türkiyə ordusunun üçüncü və “Bahar qalxanı” adlandırılan əməlyyatının başa çatmasının qonşusu Suriyaya baharın yox (yaz onsuz da gəlir), barışın gətirəsəyinə ümid etməkdən başqa çarə qalmır.(aztoday)

Orxan Məmmədli