Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DÜNYA YENİ BÖHRANA HAZIRLAŞIR...-Azərbaycan iqtisadiyyatı onu qarşılamağa nə qədər hazırdır?

 

 

"Azərbaycanda neftin hətta hər barel üçün, 30 ABŞ dollarından da aşağı həddinə qarşı immunitet yaranıb".

Yenixeber.org: Bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı neft qiymətlərinin aşağı düşməsinin Azərbaycanda makroiqtisadi təsirlərini şərh edərkən bildirib.

         “Büdcədə ilk ayda nəinki kəsir, hətta 400 mln. manatdan çox profisit yaranıb”

"Neftin qiymətinin hər barelə görə 1 ABŞ dolları dəyişməsi cari əməliyyatlar hesabımıza illik təxminən 250 mln. dollar təsir edir. Azərbaycanda neftin hətta hər barel üçün 30 dollardan da aşağı həddinə qarşı immunitet yaranıb. Özü də 2015-ci ildə neft qiymətləri üç dəfədən çox azalmışdı", - deyə V. Qasımlı bildirib.

 

 

Onun sözlərinə görə, hazırda belə kəskin azalma mümkün görünmür: "Üstəlik, hökumət, biznes və əhali neftin qiymət oynamalarına qarşı institutsional və psixoloji baxımdan daha hazırlıqlıdır. İndiki halda deyim ki, biz hətta neftin 40-45 dollar qiymətində də cari hesablar balansının tarazlığını qoruya bilərik. Bu da həm ciddi inflyasiya təhdidi, həm də manatın məzənnəsi ilə bağlı narahatlığın olmadığını göstərir. Dövlət büdcəsində isə neftin hər bareli 55 dollar hesablanıb. 

Büdcə qaydalarına əsasən icmal büdcə xərclərinin yuxarı həddi müəyyənləşir. Yuxarı hədd icmal büdcənin xərclənə bilən neft gəlirləri, icmal büdcənin qeyri-neft gəlirləri və icmal büdcəyə digər daxilolmaların cəmi əsasında hesablanır. Xərclənən bilən neft gəlirləri isə xalis maliyyə aktivlərinin 30%-dən çox olmamaqla müəyyənləşir. Beləliklə, büdcənin "qızıl qayda"ları fiskal dayanıqlılığı təmin edir. Büdcə qaydalarının sadə izahı budur ki, neft qiymətləri proqnozdan yuxarı olanda strateji valyuta ehtiyatlarımız artır, əks təqdirdə ehtiyatların hesabına xərclərimizi maliyyələşdiririk. Bir növ büdcə qaydaları fiskal siyasəti "ütüləyir"".

O həmçinin xatırladıb ki, büdcədə ilk ayda nəinki kəsir, hətta 400 mln. manatdan çox profisit yaranıb:"Bu ilin yanvar-fevral aylarında vergi və gömrük orqanlarının operativ məlumatları da onu göstərir ki, proqnozdan artıq vəsait büdcəyə mədaxil edilir. Nəzərə almaq lazımdır ki, bu ilin ilk iki ayında neft qiymətləri ortalama hər barel üçün 60 dolların üstündə olub. Bu hesaba həm Mərkəzi Bankın, həm də ARDNF-in ehtiyatları artıb. Təkcə bu ilin yanvar-fevral aylarında Mərkəzi Bankın rezervləri 243 mln. manat çoxalıb. Beləliklə, bu il ərzində proqnozdan əlavə yaranmış ehtiyatlar bundan sonra neftin qiymətinin proqnozdan aşağı olacağı bir neçə ay ərzində itkiləri kompensasiya edə bilər. Ən əsası isə odur ki, Azərbaycanın strateji valyuta ehtiyatları 52 mlrd. dollar olmaqla ÜDM-in həcmini 8%-dən çox üstələyir. Bu da imkan verir ki, ölkənin fiskal dayanıqlılığı təmin olunsun".

                 “Baş verməsi gözlənilən böhran 2015-ci il böhranından kəskin fərqlənir”

Tanınmış iqtisadçı Samir Əliyev bu bəyanatı şərh edərkən saytımıza açıqlamasımda bildirib ki, bu açıqlama ona hökumətin 2015-ci ildəki davranışını xatırladır: “Həmin dövrdə də Rusiya və Qazaxıstanda qızğın müzakirələr gedəndə bizimkilər baş altına yastıq qoymaqla məşğul idilər, manatın gücünü reklam edirdilər. Sonra nə baş verdiyini heç kim unutmayıb. Nəticədə hamı zərbə aldı və hələ də onun fəsadları aradan tam qalxmayıb. İndi dünyada baş verən gərginliyin fonunda ABŞ, Avropa, Yaponiya hökumətlərinin iqtisadiyyatlarında narahat olduqları bir vaxtda bizim hökumət təmsilçisi iqtisadiyyatımızın immunitetindən danışır. Halbuki cəmiyyət hökumətdən indiki gərginlikdə çıxış yolları, hökumətin strategiyası barədə bilgi almaq istəyir”.

 

 

30 dollar məsələsinə gəlincə, ekspert bildirib ki, bu fikir reallıqdan çox uzaqdır: “Rusiyanın maliyyə naziri Siluanovun çıxışına əsaslanıb belə fikir yürütmək kökündən yanlış cəhddir. Çünki bizim iqtisadiyyatlar oxşar olduğu qədər də fərqli struktura malikdir. Rusiyanın neftdən və idxaldan asılılığı bizdən əhəmiyyətli dərəcədə azdır. Ən azı Rusiyada devalvasiyanın ölkə iqtisadiyyatına təsiri ilə Azərbaycanda baş verən devalvasiyanın təsirini müqayisə etməklə fərqi görmək olar. Hətta Siluanov 30 dollar qiymətin neqtiv təsirini, uzağı 4 il müddətinə neytrallaşdırmağın mümkün olduğunu bildirib”.

S. Əliyev hesab edir ki, 2015-ci illə müqayisədə indi hökumətin təcrübəsi çox ola bilər. Ancaq baş verməsi gözlənilən böhran 2015-ci il böhranın kəskin fərqlənir. Çünki virus probleminin həlli müddətindən asılı olacaq: “Burda problem təkcə neftin ucuzlaşması fonunda milli valyutanın məzənnəsini qorumaqla bağlı deyil. Əsas problem idxaldan asılı olan Azərbaycan iqtisadiyyatının sabit məzənnə olduqda belə, inflyasiyanı idxal etməsidir. Çin, İran mallarının əvəz edəcək Türkiyə, Rusiya, Avropa mallarının bahalaşması daxili bazara neqativ təsir edəcək.

İndi həm dövlət büdcəsinin sosial yükünün artıb, həm qiymətlərin miqyası 2015-ci ildən fərqlənir. Büdcəyə 2015-ci ildəki həcmdə sekvester tətbiq etmək mümkün olmayacaq. Digər tərəfdən, koronavirusun ilk zərbəsi yeni dirçəlməkdən olan turizm sektoruna vurur, bir azdan zərbə xidmətin digər qoluna keçəcək. Valyuta ehtiyatlarına gəlincə, 1 ilə Mərkəzi Bankın 11 milyard dollar itirməsi təcrübəmiz var. 52 milyard dollarlıq təhlükəsizlik yastığına ümid etmək olmaz. Kapitalın qorunmadığı və gizli iqtisadiyyatın yüksək olduğu bir ölkədə kapital qaçışı da xırda qığılcımdan alovlana bilər”.

Samir Əliyev bu faktorları əsas gətirərək təklif edir ki, hökumət koronavirusun dünya iqtisadiyyatına vurduğu və bundan sonra vuracağı neqativ təsirlərin ölkə iqtisadiyyatına transferinin mininmuma endirilməsi üçün tədbirlər planı hazırlamalıdır.

                              “Necə ki, 2015-ci ildə azı 15 milyard dollar əridi...”

İqtisadçı, büdcə məsələləri üzrə tanınmış ekspert Rövşən Ağayev bildirir ki, neftin 30 dollara düşməsinə iqtisadiyyatın dözəcəyi ilə bağlı bəyanat mövcud ehtiyatlardan istifadə imkanlarını nəzərdə tutur: “Amma gərək Rusiya kimi ehtiyatlar hesabına 30 dollara nə qədər dözə biləcəyimizi də deyəydilər - ruslar dözüm limitlərini 4 il müəyyənləşdiriblər. Apardığımız analizlər göstərir ki, ölkədən kapital axınının səviyyəsinin dəyişməz qaldığı şəraitdə ehtiyatlara əl atmadan büdcənin icrası və ödəmələr balansının tənzimlənməsi üçün neftin minimum yolverilən qiymət həddi 45-50 dollar intervalındadır. Ən kobud hesablamalar neft-qaz ixracının hazırkı həcmi dəyişməzsə, 30 dollarlıq həddə cari hesablar balansında ən azından 3-3.5 mlrd.dollar defisitin çox real bir rəqəm olduğunu göstərir”.

 

 

Ekspert qeyd edir ki, Azərbaycan məhdud investisiya potensialı olan ölkə olduğunu nəzərə alsaq, üstəlik sərt administrativ məhdudiyyətlərin olduğu şəraitdə belə kapital özünə qaçmağa kanal və forma tapır, bu səbəblərdən maliyyə hesabında daima defisit olur: “Nəticədə isə cari hesabın qeyd elədiyim potensial defisitini qapamaq üçün bircə mənbə qalır - valyuta ehtiyatları.

Necə ki, 2015-ci ildə birdəfəyə az qala 15 mlrd. dollar əridi və onun 11.5 mlrd. dolları bilavasitə tədiyə balansının tənzimlənməsilə bağlı oldu. Kritik dönəmlərdə valyuta ehtiyatları təkcə tədiyə balansını tənzimləmək səbəbindən ərimir - sandıqaltı pullar, hətta bank hesablarındakı pullar belə riskdən qaçmaq üçün valyuta ilə yığımlara üstünlük verir”.

R. Ağayev vurğulayıb ki, həlldeci məqamlarda real kapital axınlarının həcmini və daxildə "dollarlaşma" səviyyəsini dəqiq proqnozlaşdırmadan neftin hansı qiyməti səviyyəsində iqtisadiyyatın immunitetinin nə qədər sürəcəyini söyləmək çətindir: “İndiki reallıqda ehtiyatların xərclənməsi o həddə qədər yolveriləndir ki, ölkənin maliyyə formasında öhdəliklərindən aşağı düşməsin. Müxtəlif mənbələr əsasında apardığım araşdırmalara əsasən biznes, bank və dövlət sektorunun belə öhdəlikləri 25-30 mlrd. dollar arasında dəyişir. Beynəlxalq İnvestisiya Mövqeyi açıqlanmış olsa idi, biz bu mənzərəni daha aydın görərdik”.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam