Kosıginə yaxın, Brejnevdən uzaq Pavlov – Qorbaçovu devirməyə cəhd etdiyinə görə türmədə yatan baş nazir
Yenixeber.org: O, SSRİ-nin ilk və sonuncu baş naziri olub. 14 yanvar 1991-cı ildə Nikolay Rıjkovun SSRİ Nazirlər Sovetinin sədri vəzifəsindən istefasından sonra Mixail Qorbaçov Ali Sovetin razılığı ilə Valentin Pavlovu bu vəzifəyə təyin edib. Məhz elə bu təyinat ərəfəsində SSRİ Nazirlər Sovetinin adı dəyişdirilərək SSRİ Nazirlər Kabineti, SSRİ Nazirlər Soveti sədri vəzifəsi isə baş nazir adı ilə əvəzlənib. Amma Valentin Pavlova uzun müddət bu kürsüdə əyləşmək qismət olmayıb. Cəmisi 7 aydan sonra Pavlovun isti baş nazir kabineti “Matrosskaya tişina” həbsxanasının soyuq kamerası ilə əvəzlənib.
Valentin Pavlov 1937-ci ildə Moskvada anadan olub. Orta təhsilini başa vurduqdan sonra Moskva Maliyyə institutunda ali təhsil alıb. İlk əmək fəaliyyətinə Moskvanın Kalinin rayonunun İcraiyyə Komitəsində maliyyə şöbəsində başlayıb. 1959-cu ildə Valentin Pavlov Rusiya Maliyyə nazirliyində işə qəbul olunub. 7 il ərzində o, iqtisadçı vəzifəsindən nazirliyin tikintilərin maliyyələşdirilməsi baş idarəsinin rəis müavini vəzifəsinə qədər yüksəlib. 1968-ci ildə Valentin Pavlov SSRİ Maliyyə nazirliyinə dəvət alıb, bu nazirlikdə şöbə müdiri, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. Bu illər ərzində o, əvvəlcə namizədlik dissertasiyası, sonra isə dokorluq işini uğurla müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi adına yiyələnib.
Pavlovun karyerasında SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıginin rolu böyük olub və onun adı bir çox dairələrdə “Kosıginin adamı” kimi hallanıb. Amma bu ad Pavlovun nazir təyin olunmasında ona problem yaradıb. Əslində Pavlov öz işini bilən və bacarıqlı mütəxəssis olduğundan Kosıgin ona hamilik edib. Yəni onların arasındakı xoş münasibətdə heç bir təmənna olmayıb.
Leonid İliç Brejnevin də iştirak etdiyi Nazirlər Sovetinin geniş tərkibli iclaslarının birində Pavlov öz çıxışında bir neçə dəfə Kosıginin adını çəkəndə, bu, baş katibin xoşuna gəlməyib. Elə bu səbəbdən də 1970-ci illərin sonunda Pavlovun SSRİ maliyyə naziri vəzifəsinə namizədliyi irəli sürüləndə Brejnev dolayısı yolla həmin çıxışı Pavlova xatırladıb.
Belə ki, Aleksey Kosıgin Pavlovun nazir təyin edilməsi ilə bağlı Brejnevə müraciət edib. Brejnev Kosıginə adəti üzrə cavab verib:
- Belə məsələləri gərək biz yoldaşlarla da müzakirə edək. Görək Siyasi Büro nə deyir.
Bir neçə gündən sonra Brejnev Pavlovu söhbətə dəvət edib. Ümumi girişdən sonra baş katib təyinat məsələsinə münasibət bildirib:
- Valentin Segeyeviç, sizin nazir təyinatınızla bağlı biz yoldaşlarla müzakirə apardıq. Siz öz sahənizdə yaxşı mütəxəssizsiniz, işinizi bilirsiniz. Amma bu vəzifəni tutan şəxs həm də Kommunist Partiyasının aparıcı qüvvələrindən biri, onun təbliğat daşıyıcısı olmalıdır. Bu baxımdam sizin üçün nazir postuna əyləşmək hələ çox tezdir. Siz hələ siyasi nöqteyi-nəzərdən tam kamil deyilsiniz və açığını deyim ki, Nazirlər Sovetinin də, onun rəhbərliyinin də yolu Mərkəzi Komitədən, Siyasi Bürodan keçir.
Bununla da Valentin Pavlovun nazir olmaq məsələsi təxirə salınıb və sözsüz ki, Brejnev qısqanclıqla yanaşdığı Kosıginin kadrlarını yüksək vəzifələrdə görmək istəməyib.
Brejnevin durğunluq illərinin sonlarında Pavlovun da karyerasında durğunluq hökm sürüb.
Nəhayət, 1986-cı ildə Pavlov SSRİ maliyyə nazirinin birinci müavini vəzifəsinə təyin olunaraq nazir postunun bir addımlığına çıxıb və üç ildən sonra, 1989-cu ildə maliyyə naziri kürsüsünə əyləşib.
Yuxarıda qeyd etdiyimiz kimi Valentin Pavlov Nikolay Rıjkovun isrefasından sonra Mixail Qorbaçovun təşəbbüsü ilə ölkənin baş naziri təyin edilib. Bu vəzifədə olduğu 7 ay ərzində Valentin Pavlov vergi, gömrük, kommersiya bankları sahəsində bir sıra ialahatlar aparıb. Mütəxəssislərin qənaətinə görə, bu islahatlar müsbət nəticələr verib. Amma “Pavlov islahatı” adı ilə tarixə düşən pul islahatı isə Pavlovun bütün fəaliyyətində ən uğusuz addım sayılıb. Belə ki, üç gün əvvəl televiziya ilə çıxış edən baş nazir pulla bağlı heç bir islahatın həyata keçirilməyəcəyini bəyan etsə də, 1991-ci ilin yanvarın 22-də axşam saat 21-də televiziya ilə 50 və 100 rubl əskinazlarının dəyişdirilməsi haqqında SSRİ prezidenti Mixail Qorbaçovun fərmanı səsləndirilib. Pulların dəyişdirilməsi üçün 3 gün vaxt verilib. Bu islahat ölkədə böyük narazılığa və səs-küyə səbəb olub.
1991-ci ilin məlum avqust hadisələrində Valentin Pavlov QKÇP-nin yaradıcılarından və ən fəal üzvlərindən biri olub. Lakin o, proseslərin davamında iştirak edə bilməyib. Avqustun 20-də Pavlov alkoqol zəhərlənməsi və yüksək arterial təzyiq diaqnozu ilə Kreml xəstəxanasına yerləşdirilib. QKÇP iflasa uğradıqdan sonra Qorbaçov Pavlovu vəzifəsindən azad edib. Avqustun 23-də isə Pavlov xəstəxanadan “Matrosskaya tişina” həbsxanasına aparılıb.
Valentin Pavlov 1994-cü ildə Rusiya Federasiyası Dövlət Dumasının amnistiya qərarı ilə azadlığa buraxılıb.
Sabiq baş nazir sonrakı fəaliyyətini bank sektorunda, “Çasprombank” və “Promstroybank”da davam etdirib.
Valentin Pavlov siyasi mövzulu bir neçə kitabın müəllifi, o cümlədən “Qorbaçov, xəyanətin anatomiyası” kitabının həmmüəllifi olub.
2002-ci ilin avqust ayında Pavlovun səhhətində ciddi problemlər yaranıb. İnfarkt keçirməsinə və həkimlərin qadağasına baxmayaraq əvvəlki kimi iş fəaliyyətini davam etdirib. 2003-cü ildə isə o, ağır insultla xəstəxanaya yerləşdirilib. Həkimlərin 3 həftəlik cəhdlərinə baxmayaraq Pavlovun həyatını xilas etmək mümkün olmayıb.
Valentin Pavlov 30 mart 2003-cü ildə, 65 yaşında vəfat edib. O, Moskvada, Pyatnitski qəbirstanlığında dəfn olunub.(müsavat)
İlham Cəmiloğlu