Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Jukova və Xruşova xəyanət edən Malinovskinin mükafatı – hər iki halda nazir kürsüsü

 

Yenixeber.org: Stalinqrad uğrunda gedən döyüşlər haqqında (14 iyul 1942-ci il-2 fevral 1943-cü il) uzun illər fərqli fikirlər səsləndirilib. Xüsusilə İosif Stalinin vəfatından sonra mövzu ətrafında fikir mübadilələri, mübahisələr daha geniş auditoriyanı əhatə edib.

Bəzi tarixçilərin və hərbi ekspertlərin qənaətinə görə, alman qoşunları tərəfindən tamamilə dağıdılmış şəhərin müdafiəsində yüz minlərlə itki vermək uğursuz bir hərbi əməliyyat sayılıb. Digərləri üçün isə Stalinqrad döyüşü II dünya müharibəsinin gedişini dəyişən bir hadisə kimi dəyərləndirilib. Fikirlər fərqli olduğundan, söylənilənlər ümumi ictimai rəy yarada bilməyib.

Amma 1965-ci ildə SSRİ müdafiə naziri, marşal Rodion Malinovskinin məsələyə münasibəti cəmiyyət tərəfindən kifayət qədər ciddi qəbul edilib. Həmin il nazir mətbuata verdiyi müsahibədə Stalinqrad döyüşü haqqında münasibətini belə bildirib:
“Ümumiyyətlə, Stalinqradı müdafiə etmək lazım deyildi. Düzdür, bu şəhər müharibəyə qədər nəqliyyat və sənaye mərkəzi olub. Amma almanların hərbi əməliyyatları nəticəsində, bütün şəhərin darmadağın edildiyi halda heç bir mərkəzdən söhbət gedə bilməzdi. Və tələskənliyə yol verib olmayan bir şəhərin müdafiəsinə qalxaraq yüz minlərlə insanı qurban vermək mənasız bir iş idi...”

Maraqlıdır, müdafiə naziri kimi mühüm bir vəzifəni daşıyan Malinovski Stalinqrad döyüşü haqqında fikirlərini hansı səbəbdən müharibənin bitməsindən 20 il sonra söyləyib? Müharibə illərində kifayət qədər nüfuzu olan Malinovski özünün də iştirak etdiyi Stalinqrad döyüşləri haqqında əvvəllər niyə fikir bildirməyib?

Təbii ki, bu fikirlərdə peşəkar hərbçi rəyi ilə yanaşı, siyasi motivlər də özünü açıq şəkildə büruzə verib.

Bu suallara cavab tapmaq üçün marşal Malinovskinin əvvəlki illərdəki fəaliyyətinə nəzər salmaq kifayətdir.

Rodion Malinovcki müharibənin ən ağır cəbhələrindən keçib, peşəkar bir hərbçi və bacarıqlı sərkərdə kimi tanınıb. Müharibə dövründə bir müddət marşal Georgi Jukovun tabeliyində xidmət edib. 1956-1957-ci illərdə isə artıq müdafiə naziri olan Jukovun müavini olub.

Malinovski gələcək karyerası üçün bütün mümkün variantlardan istifadə edib. Onun hədəfi müdafiə naziri postu olub. Hələ müharibə illərindən Malinovski ilə Nikita Xruşovun arasında normal münasibətlər hökm sürüb və bu münasibətlərin yaranmasının maraqlı bir tarixçəsi olub.

Belə ki, cənub cəbhəsində ordu komandiri vəzifəsində xidmət edərkən Malinovskinin adyutantı könüllü olaraq almanlar tərəfinə keçib. Bu hadisədən iki gün sonra Malinovskinin yaxın dostu və onunla bir yerdə xidmət edən general-mayor Larin isə səngərdə özünü güllələyib. Malinovski ətrafında baş verən bu iki hadisə onun haqqında şübhələrin yaranmasına səbəb olub. General Larinin cibindən kiçik bir kağız parması çıxıb və həmin kağızda “Yaşasın Lenin” sözləri yazılıb. Bu ifadə məsələni bir az da ağır məcraya yönləndirib. Belə ki, müharibə ərəfəsində döyüşçülər düşmən üzərinə atılanda “Yaşasın Stalin”, yaxud da “Stalin uğrunda” dedikləri halda, Lenini birdən-birə yada salmaq çoxlarının marağına səbəb olub. Dolayısı yolla bu ifadə Stalinə qarşı çıxmaq kimi yozulub.

Stalin əvvəlcə Malinovskini “NKVD”-nin cənginə vermək istəyib. Amma o, bu məsələdə tələskənliyə yol verməyib, məsələni araşdırmaq üçün Xruşovu cənub cəbhəsinə (Xruşov həm də cənub, Ukrayna, Stalinqrad cəbhələrinin hərbi şurasının üzvü olub) göndərib. Bir həftədən sonra Xruşov Stalinə məruzə edib ki, Malinovski haqqında şübhələr əsasızdır. Stalin daha iki ay Malinovskini nəzarətdə saxlamağı Xruşova həvalə edib. İki aydan snra Dövlət Müdafiə Komitəsində Xruşovun arayışı dinlənilib. Malinovskinin xidmətində heç bir şübhəli halın olmamasını söyləyən Xruşov generalı Stalinin qəzəbindən xilas edib. Məhz elə həmin iki ay ərzində Xruşovla Malinovskinin arasında xoş münasibətlər yaranıb.

Müharibədən sonra Malinovski Uzaq Şərq hərbi dairəsində xidmətini davam etdirib. Xruşov hakimiyyətə gəldikdən bir il sonra, 1954-cü ildə onlar Moskvada görüşüblər. Görüşün sonunda Makinovski dostyana Xruşova xəbərdarlıq edib: “Siz özünüzü Jukovdan qoruyun, o, hər şeyə qadirdir...”

Jukov isə Xruşova hələ lazım olub. Lavrenti Beriyanın həbsində istifadə olunan Jukov 1957-ci ildə də Xruşovun köməyinə çatıb. “Antipartiya qrupu” (Molotov, Malenkov, Kaqanoviç) Xruşovu devirmək istəyəndə Jukov bir çıxışı ilə hamını susdurub. Həmin iclasda dediyi bir cümlə Xruşovun da yadından çıxmayıb: “Tanklar Mərkəzi Komitənin göstərişi ilə yox, müdafiə nazirinin əmri ilə küçələrə çıxa bilər!”

Bu ifadə Xruşovu qorxudub, ordu üzərində Jukovun mütləq hakimliyi onu ciddi şəkildə narahat edib. Və elə həmin ərəfədə Malinovskinin Jukov haqqında söylədiklərini də xatırlayıb. Xruşov özlüyündə hökm verib: “Jukovu vəzifədən uzaqlaşdırmağın vaxtı yetişib...”

1957-ci ilin oktyabr ayında Jukov məqsədli şəkildə Yuqoslaviyaya ezamiyyətə göndərilib. Moskvada isə planlar cızılıb. Həmin dövrdə Malinovski müdafiə nazirinin müavini vəzifəsində işləyib. Jukov Moskvaya qayıdanda elə aeroportda ona bildiriblər ki, birbaşa Kremlə getməlidir. Oktybrın 26-da Mərkəzi Komitədə keçirilən iclasda ilk çıxış edənlərdən biri də Malinovski olub. O, olduqca sərt və kəskin şəkildə Jukovun hərbi fəaliyyətini tənqid edib. Vəzifə hərisliyi hər şeyi unutdurub, hətta ağır müharibə illərini də...

Beləliklə, vəzifəsindən uzaqlaşdırılan Jukovun yerinə Malinovski təyinat alıb.

Malinovski öz sədaqətsizliyini növbəti dəfə 1964-cü ildə nümayiş etdirib. Xruşovun devrilməsində Brejnev tərəfindən təlimatlandırılan marşal saray çevrilişinə böyük həvəslə qoşulub və vaxtilə onu Stalinin əlindən qurtaran Xruşova qarşı çıxıb.
Həmin tarixi iclasda Jukovun tank məsələsi ilə bağlı söylədiyi fikirdən fərqli olaraq Malinovski bir cümləsi ilə yadda qalıb: “Tanklar Mərkəzi Komitə üzvlərinin səs çoxluğu ilə küçəyə çıxa bilər. Səs çoxluğu isə Brejnevin tərəfindədir...”

Brejnev bu cümləni yüksək qiymətləndirib. Malinovski ömrünün sonuna, 1967-ci ilə qədər nazir kürsüsündə əyləşib.
Malinovskinin Stalinqrad döyüşü haqqında yuxarıda qeyd etdiyimiz fikirləri də məhz bu hadisələrlə bağlıdır.

Birincisi, Malinovski Stalinqrad döyüşlərindəki əməliyyat planlarını Moskvada təsdiq edən Jukovun hərbi fəaliyyətinə kölgə salmaq istəyib.

İkincisi, Stalinqrad cəbhəsinin hərbi şurasının üzvü Xruşovun müharibə illərindəki fəaliyyətinin gərəksiz və heç nəyə yaramadığını sübut etməyə cəhd edib.

Üçüncüsu, yeni “dostu” olan Brejnevin müharibədəki fəaliyyətini qabartmaq üçün Stalinqrad döyüşlərin ilə bağlı mövzunu arxa plana çəkmək istəyib. Çünki Brejnevin Stalinqrad döyüşləinə heç bir aidiyyatı olmayıb.

Malinovski sonrakı müsahibələrində Stalinqrad döyüşlərinin mənasız olması ilə bağlı digər bir fikir də söyləyib:

“Stalinqradın müdafiəsi ona görə vacib sayılırdı ki, bu şəhər Stalinin adını daşıyırdı. Bu səbəbdən də bizim yüksəkçinli hərbçilərimizin bir çoxu bu cəbhədə özünü qəhrəman etmək istəyirdi. Almanlar üçün isə, Stalinqrad uğrunda gedən döyüşlər yenə də Stalinin adı ilə bağlı idi. Vermaxt qoşunları Hitlerə xoş getsin deyə bu şəhəri darmadağın etmək üçün əllərindən gələni edirdilər. Əgər Stalinqrad əvvəlki Tsaritsin adını daşısaydı, bu şəhərdə heç bir ağır döyüşlərdən söhbət gedə bilməzdi...”(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam