Nüfuzu birinciləri narahat edən müzəffər marşal –Stalin də, Xruşov da, Brejnev də Jukova haqsızlıq edib
“Bütün rus sərkərdələrinin xarakterində sadəlik və səmimiyyət olub. Siz isə bundan məhrumsunuz. Bizim “Napoleon”a ehtiyacımız yoxdur...”
Yenixeber.org: Bu fikirləri 1948-ci ilin yanvar ayında İosif Stalin marşal Jukovla görüşündə onun ünvanına səsləndirib. Sözsüz ki, Stalinin bu fikirləri Georgi Jukov haqqında xoşagəlməz bir qərarın veriləcəyinin girişi olub. Və çox keçməmiş həmin ilin fevral ayında marşal Jukov Moskvadan uzaqlaşdırılıb. SSRİ Silahlı Qüvvələri naziri Nikolay Bulqaninin əmri ilə marşal Jukov nazir müavini və quru qoşunları baş komandanı vəzifəsindən azad edilərək Odessa Hərbi Dairəsinə, sonra isə daha uzağa, Ural Hərbi Dairəsinə komandan göndərilib.
Bəli, artıq İosif Stalinin Jukova ehtiyacı yox idi. Müharibə qələbə ilə sona çatmışdı. Dörd il ərzində Stalinin hər an köməyinə ehtiyac duyduğu marşal Jukov qələbənin təmin olunmasında əvəzsiz xidmətlər göstərmişdi. Stalin bəlkə də 1942-ci ildə Jukov haqqında dediyi sözləri də unutmuşdu: “Harada Jukov var, orada qələbə var...”
Maraq doğuran məqamlardan biri Stalinin Jukova münasibətinin kəskin şəkildə dəyişməsidir. Hansı səbəbdən Stalin müzəffər marşalı böyük səhnədən uzaqlaşdırmaq istəyib?
Müharibədən sonra və elə ömrünün sonuna qədər Jukov xalq arasında böyük nüfuza sahib olub, onu əsl sərkərdə, xilaskar kimi seviblər. Elə bu səbəbdən də Jukov qeyri-rəsmi olaraq ən böyük titulunu, Qələbə Marşalı adını qazanıb. Müharibə dövründə 41 dəfə Stalinin şəxsi təşəkkürünü alan Jukov SSRİ-nin ən populyar şəxslərindən biri olub. Bu məşhurluq isə ona rahat həyat bəxş etməyib. Birincilərin qısqanclığı gözlənilməz zərbələrlə nəticələnib.
Düzdür, Stalin Lavrenti Beriya və Viktor Abakumovun qurduğu tələlərdən Jukovu xilas edib, onun həbs olunmasına şərait yaratmayıb. Amma marşalın hərbi və siyasi karyerasına əngəl törədib. Stalini qorxudan Jukovun onun haqqında çox şeyləri bilməsi olub. Dörd il davam edən müharibənin hər dəqiqəsini ən kiçik detallara qədər yaddaşına həkk edən Jukov müharibənin ən ağır günlərində Stalinin hansı vəziyyətlərə düşdüyünün, buraxdığı səhvlərin, Stalin tərəfindən düzgün çıxarılmayan qərarların şahidi olub. Təbii ki, xalqın sevdiyi və inandığı bir şəxsin dilindən olub-keçənlərin dilə gətirildiyi təqdirdə Stalinin siyasi imicinə xələl gələ biləcəyi Stalinin özünə də gün kimi aydın olub. Elə bu məqsədlə də marşalı paytaxtdan uzaqlaşdırmaq, zaman-zaman yaddaşlardan silmək üçün son çıxış yolu Jukovu mədəni şəkildə Odessaya, Urala “sürgün” etmək məqsədəuyğun sayılıb.
Amma yəqin ki, vicdan adlı bir şey kimliyindən asılı olmayaraq hər kəsin daxilində gec-tez baş qaldırır. O, cümlədən Jukova qarşı ədalətsizlik edən Stalinin də vicdanı 1952-ci ildə ona yanlış olduğunu pıçıldayıb. Nəhayət, 1952-ci ildə Jukov Mərkəzi Komitə üzvlüyünə namizəd seşilib. Marşal sonralar öz xatirələrində bununla bağlı fikirlərini belə bölüşüb:
“Əslində mən bunu gözləyirdim. Xidmətlərim qarşısında mənə olan bu cür haqsızlıqlara nə vaxtsa son qoyulmalı idi. Digər tərəfdən də Stalin məni yaxşı tanyırdı, sədaqətimə bələd idi, o yaxşı bilirdi ki, haqqımda söylənilən xoşagəlməz fikirlər cəfəngiyyatdan başqa bir şey deyil. Mənim Mərkəzi Komitə üzvlüyünə namizəd seçilməyim birbaşa Stalinin təşəbbüsü idi, onun bu addımı aradakı incikliyi götürmək və barışmaq üçün bir bəhanə idi...”
Bəlkə də bu təşəbbüslə Stalinin Jukov haqqında daha böyük planları olub. Amma onun vəfatı Jukovla olan aydınlaşmamış münasibətləri yarımçıq qoyub.
Hakimiyyətə gələn Nikita Xruşov siyasilərin Stalin dövründəki münasibətlərinə yaxşı bələd olub. O, yaxşı bilib ki, Beriya zamanında bütün vasitələrə əl atıb Jukovu həbs etdirmək istəyib, Xruşov onu da bilib ki, Jukovla Georgi Malenkovun, Vyaçeslav Molotovun münasibətləri çox da isti deyil. Bütün bunları nəzərə alaraq Xruşov ona rəqib ola biləcək komanda ilə gücünü balanslaşdırmaq üçün Jukovu öz komandasına gətirmək qərarına gəlib. Kifayət qədər nüfuzu olan Jukov həmin dövrdə Xruşov üçün qiymətli bir kadr sayılıb. Sonralar o da məlum olub ki, Jukov Xruşova Beriyanı həbs etmək üçün lazım olub.
Marşal Jukov öz xatirələrində həmin ərəfəni belə xatırlayıb: “1953-cü ilin mart ayı idi. Təlimdən yenicə qayıtmışdım. Növbətçi hissənin zabiti məruzə etdi ki, təcili olaraq müdafiə naziri Bulqaninə zəhg vurmalıyam. “VÇ” telefonu ilə zəng vurdum. Salamlaşdıqdan sonra o, konkret tapşırığını verdi:
- Səhər tezdən siz Moskvada olmalısınız.
Mən çağırışın məqsədini öyrənmək istədim, nazir Bulqanin heç bir açıqlama vermədi:
- Gələrsiniz, bilərsiniz.
Həmin gün təyyarə ilə Sverdlovskdan Moskvaya uçdum. Səhər tezdən Bulqaninlə kabinetində görüşdük. O, telefonda Kremllə danışırdı. Harasa tələsirdi. Mən bir daha Moskvaya nəyə görə çağrıldığımı soruşdum. Bulqanin kabinetdən çıxa-çıxa mənə cavab verdi:
- Bu gün plenum olacaq. Siz orada iştirak etməlisiniz və bu vacibdir. Mən Kremlə tələsirəm.
Kabineti tərk edib Baş Qərargah rəisi marşal Vasilevskinin yanına yollandım. Ondan da heç nə öyrənə bilmədim, marşal heç nə bilmədiyini söylədi:
- Allah xətrinə, mənə belə sual verməyin. Heç nədən xəbərim yoxdur. Mənə də 5-10 dəqiqə əvvəl nazir zəng vurub dedi ki, bu gün plenum olacaq.
Plenumda kadr məsələləri müzakirə olundu. Xruşov baş katib, Malenkov Nazirlər Sovetinin sədri, Bulqanin yenidən müdafiə naziri, Beriya Daxili İşlər və Dövlət Təhlükəsizliyi nazirliklərinin birləşməsindən sonra yaranan yeni quruma nazir seçildilər. Xruşov məni müdafiə nazirinin birinci müavini vəzifəsinə namizəd irəli sürdü. Bu mənim üçün gözlənilməz idi. Beləliklə, mən Sverdlovska qayıtmadım...”
Sözügedən plenumdan bir neçə ay sonra marşal Jukov Xruşovu Beriyadan xilas edib. Onun həbs olunmasını Xruşovun istədiyindən də artıq icra etməyə nail olub. Bunun müqabilində Xruşov 1955-ci ildə Jukovu müdafiə naziri təyin edib. 1957-ci ildə Jukov növbəti dəfə xilaskarlıq missiyasını həyata keçirib. “Antipartiya qrupu”, Molotov, Malenkov, Kaqanoviç Xruşovu devirmək istəyəndə Jukov Mərkəzi Komitənin iclasında üçlüyün iç üzünü açıb, onları siyasi əxlaqsızlar adlandırıb. Nüfuz sahibi olan Jukovu iclas iştirakçıları sürəkli alqışlarla alqışlayıb.
Həmin hadisələrdən sonra bu dəfə Xruşovun Jukova qısqanclığı başlayıb və o, elə düşünüb ki, Jukov birinciliyə iddialıdır.
Marşal həmin günlər haqqında yazıb:
“1957-ci ildə Molotovun komandası Xruşovu devirmək istəyəndə Mərkəzi Komitənin katibi (sonralar mədəniyyət naziri) Yekaterina Furtseva mənə zəng vurdu. Çox həyəcanlı idi:
- Georgi Konstantinoviç, bəs siz hara baxırsınız. Kaqanoviç kimdir ki, bu ölkəyə rəhbərlik etmək istəyir. Bu ölkənin başında siz dayanmalısınız, Molotov, Malenkov yox. Təcili Kreml gəlin, hakimiyyəti ələ keçirin...
Bəli, bu sözləri, bu təklifi Xruşovun ən yaxın adamı mənə deyirdi. Mən bu iddiada deyildim. Xruşovu müdafiə etdim...”
1958-ci ilin fevral ayında Xruşovun Jukova qısqanclığı rəsmiləşib. O, müdafiə naziri və tutduğu digər vəzifələrdən azad olunub. Jukov yeni vəzifə təklifi gözləyib, amma onu təqaüdə göndəriblər.
Xruşov da Stalin kimi Jukova qarşı ədalətsiz münasibətini sonra anlayıb. Hakimiyyətinin son ilində onu yanına dəvət edib. Stalindən fərqli olaraq o, səhvlərini etiraf edib, marşala yenidən yüksək vəzifə verəciyini vəd edib. Amma bu görüşdən sonra onun özünü ən yüksək vəzifədən uzaqlaşdırıblar.
Leonid İliç Brejnevin dövründə Jukovun hansısa bir vəzifəyə təyin edilməsi müzakirə mövzusuna çevrilməyib. Onu tez-tez Kremlə tədbirlərə dəvət ediblər, Jukov görüşlər keçirib, müharibə mövzulu filmlərdə məsləhətçi kimi iştirak edib və ən əsası “Xatirələr və düşüncələr” adlı memuarlarını sona çatdırıb.
Marşalın kitabının işıq görməsi də problemə çevrilib. Əlyazmalar nəşriyyata təqdim olunduqdan sonra onların nüsxələri Mərkəzi Komitəyə göndərilib, dəfələrlə müzakirə olunub, sonda icazə ilə bağlı qəti qərar verilməyib və yenidən müzakirəyə buraxılıb. Nəhayət, bu əlyazmalarının bir neçə nüsxəsinin qərb ölkələrinə gedib çıxması Kremli narahat edib. Mərkəzi
Komitənin katibi Mixail Suslov kitabla bağlı Brejnevə müraciət edib:
- Leonid İliç, Jukovun kitabı ilə bağlı hansı qərarı verəcəksiniz?
- Bu işə Mərkəzi Komitənin ideologiya üzrə katibi məsuldur, qərar sizdən asılıdır.
- Biz bu kitabı qərb ölkələrindən əvvəl nəşr etməliyik. Nə qədər ki, onlar öz “düzəliş”lərini etməyiblər, biz kitabı çapa verməliyik.
Beləliklə, marşalın kitabı işıq üzü görüb.
1973-cü ildə həyat yoldaşının vəfatı marşal üçün ağır itki olub, onun səhhətinə ciddi mənfi təsir göstərib. Dəfn mərasimində “mən tezliklə sənin yanına gələcəyəm” deyən Jukov bir il sonra 1974-cü ildə, 77 yaşında keçirdiyi ikinci infarktdan vəfat edib.
Jukov hələ sağlığında vəsiyyət edib ki, onu həyat yoldaşının yanında, Novodeviçye qəbirstanlığında dəfn etsinlər. O, nəşinin yandırılmasının qəti əleyhinə olub. Marşalın vəfatından sonra köhnə komandanın üzvləri onun qızına Brejnevlə telefon əlaqəsi üçün imkan yaradıblar. Qızı Brejnevdən atasının Novodeviçyə qəbirstanlığında dəfn olunmasını xahiş edib. Brejnev isə öz ənənəvi cavabını verib:
- Biz bununla bağlı yoldaşlarla məsləhətləşməliyik.
Marşalın keçmiş həmkarları isə Jukovun Qırmızı meydanda dəfn olunmasını arzulayıblar. Məhz dəfn olunmasını. Onlar da istəməyiblər ki, Qələbə Marşalının nəşi yandırılsın.
Bu xahişlərin, istəklərin, arzuların heç biri həyata keçməyib. Brejnevin “yoldaş”larla məsləhətləşmsindən sonra marşal Geogi Jukovun nəşi yandırılaraq Kreml divarlarına yerləşdirilib.(müsavat)
İlham Cəmiloğlu