TÜRK HƏRBÇİLƏRİ HƏR AN LİVİYAYA GİRƏ BİLƏR –Türkiyə özünə qarşı yönələn daha bir təhdidi önləməyə çalışır -TƏHLİL
İbrahim Karagül
“Türkiyə”, 16 dekabr 2019-cu il
Yenixeber.org: Liviyanın bölünməsi uğrunda çox acı savaş gedir. Qəddafini devirənlər ikinci addımı atırlar, ölkəni talan edirlər. Liviyanın neft və təbii qazını paylaşmaq üçün BMT-nin tanıdığı Milli Razılıq Hökumətinə qarşı çıxan ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Fransanın iştirakı və son olaraq da Rusiyanın qatılması ilə bir koalisiya, ortaq cəbhə qurulub.
Onların hamısı MKİ-nin bizim coğrafiyamız üçün yetişdirdiyi terror baronlarından biri olan Həftərin arxasında sıraya düzülüb. O, bir “Troya atı”dır. Söhbət böyük ittifaq və üzv dövlətlərə bağlı olan şirkətlər tərəfindən istifadə edilib, bir kənara atılacaq şəxslərin birindən gedir.
Liviyanın İŞİD-i, ən böyük terror təşkilatı Həftərdir
Həftər fövqəladə hərbi dəstəklə İŞİD və PKK-dan sonra coğrafiyamızdakı ən böyük terror təşkilatı halına gətirilib. İŞİD Suriyada hansı rolu öz üzərinə götürmüşdüsə, Həftər də Liviyada eyni rolu öz üzərinə götürüb. Hazırda Həftərə bağlı hərbi birlik coğrafiyamızda olan ən böyük terror təşkilatıdır.
O, Səudiyyə Ərəbistanı, BƏƏ, Fransa, ABŞ və Rusiyadan hər gün böyük miqyasda hərbi sursat dəstəyi alır. Misir hərbçiləri birbaşa savaşda iştirak edirlər. Fransa xüsusi təyinatlıları da həmçinin. BƏƏ isə bütün hava qüvvələrini Liviyaya yığıb.
Suriyanın şimalında PKK və İŞİD vasitəsilə Türkiyəni küncə sıxışdırmağa, ardınca da “Türkiyə cəbhəsi” açmağa çalışan ölkələr bu dəfə eyni cəbhəni Liviyada qurublar. PKK/YPG-yə təchizat necə göndərilmişdisə, Həftərə də eyni şəkildə göndərilir. Daha bir müsəlman ölkəsi Misir, BƏƏ və Səudiyyə Ərəbistanının əli ilə məhv edilir.
Eyni ittifaq Türkiyəni bu dəfə də Aralıq dənizindən mühasirəyə alır
Türkiyə Suriyadakı mühasirəni “Fərat qalxanı”, “Zeytun budağı” və “Sülh çeşməsi” əməliyyatları ilə yardı, layihəni işləməz hala gətirdi. Terror dəhlizi yaratma, yeni siyasi xəritə cızma planı pozuldu. Türkiyə orada yalnız PKK və İŞİD-lə döyüşmədi, Səudiyyə Ərəbistanı, BƏƏ və Misir bloku ilə də savaşmağa məcbur oldu. İran sərhəddindən Aralıq dənizinədək uzadılması nəzərdə tutulan xəritə ilə bağlı plan çökdü.
Elə bu arada, mühasirənin bir ayağı da dənizdə yaradılırdı. Mühasirə İran sərhəddindən Aralıq dənizinə doğru uzadılırdı. Türkiyə Şərqi Aralıq dənizində sıxışdırıldığı bir vaxtda, Aralıq dənizi və Egey dənizindən mühasirəyə alınması üçün də böyük bir cəbhə, ittifaq quruldu. ABŞ, İsrail, Yunanıstan, Kiprin rum kəsimi, Fransa və bəzi AB üzvləri Səudiyyə Ərəbistanı, BƏƏ və Misir ilə birlikdə burada da Türkiyənin qarşısına dikildilər…
Səudiyyə Ərəbistanı, BƏƏ və Misir regionun hər yerində Türkiyə ilə savaşır
Şərqi Aralıq dənizinin enerji ehtiyatları ilə bağlı müqavilə üstünə müqavilə bağlanır, ittifaq üstünə ittifaq qurulur, bu dəfə də Aralıq dənizi bölüşdürülürdü. Suriyanın şimalında olduğu kimi, burada da məqsəd Türkiyəni mühasirəyə almaq, sıxışdırmaq, kənarda saxlamaq və boğmaqdır. Səudiyyə Ərəbistanı, BƏƏ və Misir yenə də üzərlərinə muzdlu qatillik vəzifəsi götürülər, İsrail və Qərbin arxasına sığınaraq, Türkiyə ilə savaşırlar.
Türkiyə heç bir formada geri addım atmadı. Dirəndi, meydan oxudu. Suriyanın şimalında olduğu kimi, hücuma hücumla cavab verdi. Kəşfiyyat gəmilərini Aralıq dənizinə göndərdi, öz xəritəsinə əsasən işləməyə başladı. Aralıq dənizi və Egey dənizində Hərbi Dəniz Donanmasını hərəkətə gətirdi. Bu durum bəzi şirkətləri çəkindirdi, hürkütdü. Bəzi ölkələrin hesablarını pozdu.
Liviya ilə anlaşma hamısında panika yaratdı
Ancaq Türkiyənin ən böyük zərbəsi Liviya ilə imzaladığı “Özəl İqtisadi Bölgələr haqında” saziş oldu. Kimsə bunu gözləmirdi. Bu, Türkiyəyə qarşı olan ölkələrdə böyük şok təsiri yaratdı. Hər kəs Qərbin müəyyən etdiyi Aralıq dənizi xəritəsinə görə mövqe tuturdu, lakin Türkiyə ortaya əzbərləri pozan bir xəritə qoydu.
Türkiyə və Liviya dənizdə qonşu oldular, iki ölkənin də ərazisi böyük ölçüdə genişləndi. Qarşı olan ölkələrin başlarındakı Aralıq dənizi planları darmadağın oldu. Buna hazır deyildilər. Panika vəziyyətində bir araya gəldilər, hamısı bir ağızdan Türkiyəni təhdid etməyə başladılar.
Liviyaya hərbçi göndərmək müdafiə qalxanını orada qurmaq deməkdir
Türkiyə-Liviya anlaşması bununla məhdudlaşmadı. İki ölkə arasında hərbi əməkdaşlıq sazişi də imzalandı. Bu sazişə əsasən, Liviya istədiyi təqdirdə, Türkiyə bu ölkəyə hərbçi göndərəcək, Liviya ordusunu hazırlayacaq və silahlandıra biləcək.
Prezident Ərdoğan ilk dəfə “Liviyaya hərbçi göndərə bilərik” deyərək, açıqlama verib. Türkiyə, onsuz da üstüörtülü şəkildə Liviyada iştirak edirdi. Ancaq indi bu sazişin imzalanması ilə quru, dəniz və hava birlikləri açıq şəkildə Liviyaya göndəriləcək.
Türkiyə özünə qarşı yönələn bir təhdidi Liviyada durdurmağa çalışır. Həm Liviyanın parçalanmasının qarşısını almaq, həm də Türkiyəni Aralıq dənizində boğmağa yönəlik olan planları boşa çıxararaq, müdafiə qalxanını orada qurmaq istəyir. Bu, istəkdən daha çox, məcburiyyətdir. Çünki Suriyanın şimalında yaşadığımızın daha böyüyünü Aralıq dənizində etmələrinə izin verə bilmərik.
Nə edək? Təslim olaqmı?
Türkiyənin ətrafında – İran sərhəddindən Şərqi Aralıq dənizinə, Egey dənizindən Balkanlara qədər incə işlənmiş mühasirəyə alma planı qərarlı şəkildə tətbiq edilir. Bu, “Türkiyəni durdurub Anadoluya həbs etməyə, yeni yüksəliş dövrünə son verməyə, sonra da daxildə boğmağa” yönəlik olan bir kabus ssenarisidir.
Hesab edirəm ki, elə bu arada eyni cəbhəni daxildə də qurduqlarını söyləməyə ehtiyac yoxdur. Ölkə bu halda ikən nə edəcəkdi? Təslim olacaqdımı? ABŞ, İsrail, Fransa, Yunanıstan, BƏƏ və Misirin dediyinimi edəcəkdi? Türkiyə belə bir ölkədirmi? Yüzlərlə illik tarixində belə bir şey varmı? Yox, olmadı, olmayacaq!
Bu, daxili siyasət məsələsi deyil, ucuz sözlərdən əl çəkin
Liviyada döyüşlər çox şiddətlənib. Bu gün və ya sabah fövqəladə hadisələr baş verə bilər. Liviyada onların dediyi olarsa, Aralıq və Egey dənizlərində hərəkat, manevr sahəmiz qalmaya bilər. Bizi boğarlar. Doğrusu, niyyətləri də budur. Bu, daxili siyasət məsələsi deyil, coğrafiya, tarix və gələcək məsələsidir. Bu üzdən Türkiyə bütün gücü ilə Liviyada, Aralıq dənizində olacaqdır, olmağa məcburdur. Bura hərbçi göndərmək, açıq formada savaşa girmək də daxildir. Kimsə ucuz sözlərlə təsir agentliyi etməyə qalxmasın.
1911-12-ci illərdə Trablusqarp Müharibəsində nə üçün iştirak edirdiksə, bu gün də o üzdən oradayıq. Coğrafiyanın hər yerindəyik və hər yerində olacağıq. Əks halda, bizi Anadoluda yaşamağa qoymazlar. Bunu 100 il öncə gördük. Dünya yenidən qurularkən, xəritələr yenidən cızılarkən eyni ssenarini bir daha yaşamayacağıq.
Hərbi təchizatın göndərilməsi hər an başlaya bilər
Bir neçə gün içində Liviyada önəmli dəyişikliklər ola bilər. Türkiyə bu ölkəyə hər an ciddi hərbi təchizat göndərməyə başlaya bilər. Türk ordusunun Liviyaya getməsi lazımdırsa, gedəcək. Kimsənin Türkiyəni Egey dənizinin adaları arasındakı dar sahəyə sıxışdırmasına, coğrafiyadan təcrid etməsinə, Aralıq dənizindən qovmasına izin verilə bilməz. Biz artıq bu oyunu əzbərlədik.
Və BƏƏ-nin hər yerdə, coğrafiyanın hər bucağında, məlum olan hər sahədə Türkiyənin böyük düşməni, pislik abidəsi olduğu qeyd edilməlidir. Bu ölkəyə qarşı məlum olan hər sahədə mübarizə başladılmalıdır. Lazım olan nədirsə, edilə biləcək nə varsa, edilməlidir.
Tərcümə: Strateq.az