Azərbaycanın maliyyə sektoru yeni sınaq qarşısında –“Zəif bənd” kimdir?
Ölkədə vüsət alan radikal dəyişikliklərin növbəti müstəvisinin maliyyə-bank sektoru olacağı bildirilir. Cəmiyyət bu ilin əvvəlindən etibarən, ölkə həyatının müxtəlif sahələrində həyata keçirilən köklü dəyişikliklərin, dönməz xarakter aldığını təsdiqləyən gedişatın şahidi olmaqdadır.
Yenixeber.org: Xüsusilə, sosial sferada atılan inqilabi xarakterli addımlar, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə hədəflənmiş ardıcıl qərarların qəbulu, minimum əmək haqqı həddinin 5 ayda iki dəfə artırılması, şəhid ailələri üçün sığorta vəsaitlərinin ödənilməsi, onların mənzil şəraitlərinin yaxşılaşdırılması və digər tədbirlər geniş ictimai rəğbət doğurub.
Eyni zamanda, vergi, gömrük və məhkəmə-hüquq sistemində aparılan islahatlar nəticəsində özəl sektor rahat nəfəs almaq imkanı qazanmış, vətəndaşların, qanunun aliliyinə yönəlik etimadı bərpa olunmaqdadır. Məhz vergi-gömrük sistemlərinin təkmilləşdirilməsi, bu sahələrdə onilliklər boyu hökm sürən və sahibkarları faktik xəraca “oturtmuş” mexanizmin dağıdılması sayəsində həm iş adamlarının əl-qolu açılıb, həm də büdcə daxilolmalarında milyardlarla manat həcmində artıma nail olunub.
Qeyd edək ki, maaşların artırılmasına imkan verən büdcə təminatında bu amil həlledici rol oynayıb.
Azərbaycanda əsaslı dəyişikliklərin baş verəcəyi növbəti sahə maliyyə sektorudur.
Qeyd edilir ki, hökumətin bu seqmentinin, konkret olaraq, Maliyyə Nazirliyi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) üzərlərinə düşən vəzifənin öhdəsindən gələ bilməmələri, bank sektorunun sağlamlaşdırılmasına dair prezident İlham Əliyevin tapşırıqlarının icra olunmaması, adları çəkilən qurumların rəhbərlərini “hədəf taxtası”na çıxarıb.
Başqa sözlə, Azərbaycanda 2015-ci ildə baş vermiş iki devalvasiyanın təşəbbüskarı qismində adı hallanan maliyyə naziri Samir Şərifovla MBNP-nin sədri vəzifəsini icra edən İbrahim Alışovun, onlara göstərilən yüksək etimadı son damlasına qədər boşuna sərf etdikləri bildirilir. Maliyyə sektorunda sabitliyin təmin edilməməsi, vətəndaşların bank sektorunun fəaliyyətindən narazılığının azalmaq əvəzinə, artması nə Şərifovun, nə də Alışovun artıq bu dözülməz vəziyyəti aradan qaldırmaq imkanında olmaması qənaətini tam qətiləşdirib. Bu səbəbdən, ölkə rəhbərliyinin, maliyyə sektorunda qaçılmaz zərurətə çevrilmiş dəyişikliklərə Şərifov və Alışovun yola salınması ilə başlanacağı gözlənilir.
Görünən budur ki, yarıtmaz fəaliyyəti ilə maliyyə-bank sektorunu iflic edən və bununla əhalinin narazılığını körükləyən Şərifovun postunu qorumaq şansı qalmayıb. Bu çərçivədə gözlənilən digər yeniliyin, sektorda ciddi struktur dəyişikliyinin həyata keçiriləcəyi və Mərkəzi Bankın səlahiyyətlərinin genişləndirilməsi olacağı bildirilir.
Məlumata görə, özünü doğrultmayan Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğvi və funksiyalarının Mərkəzi Banka verilməsinin optimallığı da ciddi surətdə nəzərdən keçirilir. Bu isə, bank-maliyyə sistemində Samir Şərifovla Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov arasında gedən amansız savaşın sonuncu fazaya daxil olduğunu göstərir.
Lakin məsələnin bu həddə çatması heç də Elman Rüstəmovunn “dəfnə çələngi”nə sahiblənəcəyi anlamına gəlmir. Şərifovla yanaşı, Rüstəmovun da 25 il fasiləsiz oturduğu kreslosundan, nəhayət, qaldırılacağı çox realdır.
Eyni zamanda, bu sektora aid olan, lakin yuxarıda göstərilən qurumlarla müqayisədə müəyyən qədər “kölgə”də qalaraq, hesabatsızlıq şəraitində aram-arxayın fəaliyyət göstərən Əmanətlərin Sığortalanması Fondu, o cümllədən, İpoteka və Kredit Zəmanət Fondunun da gözlənilən dəyişikliklər dalğasından yayına bilməyəcəyi qeyd olunur.
Bu Fondların fəaliyyətinə dair mətbuatda dərc olunan materiallara, həmçinin, səngiməyən söz-söhbətlərə əsasən deyə bilərik ki, həmin qurumların kurasiyasını həyata keçirən sabiq vergi generalı, “Akula” ləqəbli Habil Məmmədov (Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri) oranı da özünün “ənənəvi qaydalar”ı əsasında idarə etməkdədir. “Akula” ləqəbli generalın funksiyasına daxil olan məsələlər sırasında xüsusi yeri fəaliyyəti dayandırılmış bankların əmlaklarların satışı tutur. Həmin əmlakın satışından əldə olunan vəsait isə bağlanmış bankların əmanətçilərinin pullarının qaytarılmasına yönəldilməlidir.
Ancaq qanunla tənzimlənən bu qayda Məmmədov tərəfindən ustalıqla dəyişdirilib. Nəticədə Məmmədov vurğulanan əmlakı real qiymətə dost-tanışlarına satsa da, bu alqı-satqı əməliyyatları minimum qiymətlərə uyğun sənədləşdirilir. Göstərilən səbəb də sadədir: “Alıcı olmadığı üçün bu qiymətə satmağa məcburuq”.
Təbii ki, ortadakı fərq Məmmədovun şəxsi büdcəsinə gedir. “Akula”nın birbaşa funksiyasına daxil olan problemli kreditlərin ödənilməsini təmin etmək vəzifəsi də icrasız qalıb. Belə olmasaydı, Məmmədovun müşavir təyinatından sonra, problemli kreditərin ödənilməsinə dair göstərici 3 dəfə azalmazdı. Hər halda, sabiq vergi generalının bu əməllərə görə cavab verəcəyi şərait yetişməkdədir.
Fəxri Kazımlının rəhbərliyi altında dözülməz atmosferin hökm sürdüyü, əhalinin aztəminatlı hissəsinin ipoteka ümidlərini baltalayan İpoteka və Kredit Zəmanət Fondu da yenidən təşkil olunmaq perspektivi ilə üz-üzədir. Habil Məmmədov və İbrahim Alışov təbiətli “vazkeçilməz kadrlar”ın işə cəlb olnduğu bu Fonda yönəlik ictimai etimadın bərpası üçün başqa yolun qalmadığı aydın görünür.
Maliyyə-bank sektorunda yuxarıda bəhs olunan mümkün dəyişiklikləri dəyərləndirən iqtisadçı Əkrəm Həsənov bu sahədə radikal islahatların, ilk növbədə isə kadr əvəzləmələrinin labüdlüyünü bildirib:
“Ölkənin maliyyə sektorunun vəziyyəti ağırdır və təəssüf ki, real dəyişikliklər üçün konkret addımlar da atılmır. Hesab edirəm ki, bunun başlıca səbəbi kadr problemidir. Burada da bir neçə aspektə nəzər salmaq lazımdır. Əvvəla, kadrların bilik və səriştə, o cümlədən də dürüstlük baxımından, tutduqları vəzifələrə uyğun gəlməmələri qeyd olunmalıdır.
Problemi dərinləşdirən amillərdən biri də bu sektora cavabdeh olanlar arasında koordinasiyanın olmaması və onların qarşıdurma şəraitində fəaliyyət göstərmələridir.
Əlbəttə, kadr məsələsi prezidentin müstəsna səlahiyyətinə daxildir və kimi nə vaxt təyin edib, nə vaxt vəzifədən çıxarmağa dövlət başçısının özü qərar verir. Şəxsən mən bir mütəxəssis olaraq, hesab edirəm ki, bu sektorda ən zəif “bənd” Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Bu qurum heç bir meyara cavab vermir, savad-səriştə baxımından da, biabırçılıqdır. Fikrimcə, Palatanın rəhbərliyi tamamilə dəyişdirilməlidir və bu, nə qədər tez baş versə, maliyyə sektoru üçün daha xeyirli olar.
Eyni zamanda, Palata ilə yanaşı onun nəzdində fəaliyyət göstərən Əmanətlərin Sığortalanması Fondu barəsində də analoji addımların atılması vacibdir. Bu sırada həmçinin İpoteka və Kredit Zəmanət Fondunu da qeyd etmək mümkündür.
O fondun rəhbəri deputat Xanhüseyn Kazımlının oğlu, nə savadı, nə də səriştəsi ilə seçilməyən Fəxri Kazımlıdır. Sıranı davam etdirsək, dəyişikliyin zəruri olduğu qurumlardan biri də Sahibkarlığın İnkişafı Fondudur.
Bu qurumların adlarını ona görə sadalayıram ki, onların hamısı biri-biri ilə əlaqəlidirlər. Maliyyə Monitorinq Xidməti artıq Vergilər Nazirliyinin tabeliyinə verilib və ümid edirəm ki, o qurumun fəaliyyətində müsbət dəyişikliklər baş verəcək”.
Həsənovun sözlərinə görə, maliyyə-bank sektorunda yaranmış vəziyyətin əsas günahkarı Mərkəzi Bank və onun rəhbəridir. Eyni zamanda, Maliyyə Nazirliyi də bu duruma görə məsuliyyət daşıyır:
“Əsasnaməyə görə, Mərkəzi Bankın İdarə Heyətində yeddi üzv olmalıdır, ancaq hazırda orada cəmi dörd üzv var. Mərkəzi Bankın sədri Elman Rüstəmova gəldikdə, açıq deməliyik ki, o da artıq getməlidir. Çünki maliyyə sektorundakı mövcud qeyri-sabitlik birbaşa onun fəaliyyəti ilə bağlıdır.
Elə bir vəziyyət yaranıb ki, Rüstəmov hətta doğru söz deyəndə də, ona inanmırlar. Yəni, maliyyə-bank sektorunun bu vəziyyətə düşməsində onun “zəhmət”i böyükdür.
Bu sektorda savadı və bacarığı ilə nisbətən – altını cızıram, nisbətən – seçilən elə maliyyə naziri Samir Şərifovdur. Şərifovu hazırlıqlı kadr hesab etsəm də, bu vəziyyətin yaranmasında əlbəttə ki, onun da günahları var. Şərifov ən azı Beynəlxalq Bankın bu vəziyyətə düşməsinə və digər məsələlərə görə məsuliyyət daşıyır”.
İqtisadçının sözlərinə görə, ehtimal olunan kadr əvəzləmələrində əsas məsələ adları çəkilən “köhnə kadr”ların yerinə gətiriləcək “yeni”lərin tələb olunan iş meyarlarına cavab vermələridir:
“O baxımdan, maliyyə-bank sektorunda mümkün kadr dəyişikliklərinin kompleks şəkildə həyata keçirilməsi çox arzuediləndir. Bu proses nə qədər tez həyata keçirilərsə, o qədər yaxşı olar. Ancaq burada əsas məqam gedənlərin yerinə təyin olunacaq kadrların kriteriyalara uyğun gəlmələridir. Çox təəssüf ki, bəzi hallarda gedənləri əvəz edənlər öz sələflərindən daha betər yarıtmaz fəaliyyət göstərirlər. Bəzən gənc kadrları məsul vəzifələrə gətirirlər, onların da ingilis dilini bilmələrindən başqa heç bir bacarığı yoxdur… Yəni bu kimi problem də var… Köhnələri çıxarmaq asandır, ancaq onların yerinə gətirilənlər tələblərə cavab verirlərmi? Əsas məsələ budur”.(yeniçağ)