SƏUDİYYƏ ƏRƏBİSTANININ DİNİ GEOPOLİTİKASI:Şahzadənin sələfilikdə islahat cəhdləri nə ilə yekunlaşacaq? - ARAŞDIRMA
Hilmi Demir
“Türkiye”, Türkiyə, 18 may 2019-cu il
Yenixeber.org: Din və dini qurumların beynəlxalq münasibətlərin önəmli bir aləti olmağa başlaması ilə birlikdə, “dini geopolitika”anlayışı gündəliyimizə girib. Brukinq İnstitutu bu mövzuda “Dini yumşaq gücün geopolitikası” (“Geopolitics of Religious Soft Power”) başlığı ilə bir layihə də başladıb. Layihədə Səudiyyə Ərəbistanı, İran, Türkiyə, Qətər və Mərakeş də daxil olmaqla, bir çox ölkə tərəfindən dəstəklənən dini genişlənmə fəaliyyətlərinin qlobal təsiri araşdırılır.
Bir zamanlar din siyasi və ictimai sahələrlə, böyük ölçüdə əlaqəsiz olaraq düşünülsə də, bu fərziyyə getdikcə artan bir şəkildə şübhə altına alınmağa başlandı. Dinin siyasi və ictimai sferada yeri ilə bağlı suallar XXI əsrin əvvəllərində, xüsusilə də beynəlxalq münasibətlər sahəsində, saysız araşdırmaya mövzu oldu. Dinin beynəlxalq sahədə qalıcı təsirə malik olmasına rəğmən, Türkiyədə din mövzusunda gedən diskussiyalar hələ də “qabaqcadan əmələ gəlmiş yalnış dünyəvi fikir”dən təsirlənməkdədir. Bununla birlikdə, bu dünyəvi təsirin öz hakim mövqeyini saxlaması getdikcə çətinləşməkdədir və elm adamları din və siyasət arasındakı əlaqələri konseptuallaşdırmaq üçün alternativ yollar axtarmağa başlayırlar. Türkiyədə sosial elmlər və beynəlxalq münasibətlər bu “qabaqcadan əmələ gəlmiş yalnış dünyəvi fikr”i hələ qıra bilməsə də, dinin daxili və beynəlxalq siyasətdəki rolu gedərək daha aydın hala gəlməkdədir. Görünür, “Dini geopolitika” anlayışı da gedən bu prosesin nəticəsi olaraq önəm qazanacaqdır.
“Dini geopolitika” anlayışını ilk dəfə 2015-ci ildə işlətmiş, 2016-cı ildə isə bu formada konseptuallaşdırmışdım: “Dini geopolitika, bir dövlətin regional və ya qlobal miqyaslı dini qurumları, ideologiyaları, şəbəkə və qrupları təhlil edərək, onlar üzərində işləyərək münaqişələri həll etmə, təhdidləri önləmə və ya bunlar vasitəsilə mədəni, siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirərək müvafiq şərait yaratma layihələndirməsi və həyata keçirməsidir”.
Hər bir ölkə öz dini geopolitikasını qurarkən, dini qurumları öz maraqları naminə səfərbər edir. Dolayısilə, dini geopolitikanı öyrənmək bir ölkənin dini qurumlarla, təşkilatlarla necə bir əlaqəyə girdiyini anlamağı da asanlaşdıracaqdır. Xüsusilə bizim regionumuz kimi dinin və dini təşkilatlanmaların olduqca önəmli olduğu bir coğrafiyada dini geosiyasəti öyrənmək daha çox həyati önəmli hesab edilməlidir. Çünki dini qurumları, təşkilatlanmaları, onların beynəlxalq oyunçularla olan qarşılıqlı əlaqə və təsirlərini anlamaq arxa baxçanızda nələrin olduğunu və olacağını öncədən görmənizi təmin edəcəkdir.
Səudiyyə Ərəbistanı vəhabi dövləti olaraq qurulsa da, dini geopolitikası dar məzhəbçi siyasətdən panislamist (Kral Feysəl dövrü) siyasətlərədək geniş bir spektiri əhatə edir. 2017-ci ilin iyun ayında verilən kral fərmanı ilə vəliəhd-şahzadə Məhəmməd bin Nayifin yerinə təyin olunan Məhəmməd bin Salmanla birlikdə yeni və olduqca fərqli bir dini geopolitikanın qurulmasına başlanmışdır. Bu yazımda həmin yeni dini geopolitikaya keçidin səbəbləri və yönümləri üzərində duracam.
Səudiyyə Ərəbistanı qurularkən vəhabiliyi və ya onların işlətdiyi anlayışla desək, sələfiliyi krallığın əsas ideologiyası halına gətirmişdir. Şahzadə Naif, sələfiliklə bağlı keçirilən bir simpoziumda bunu belə ifadə etmişdi: “Krallıq sələfilik ideologiyasını izləyəcəkdir.”
Səudiyyə Ərəbistanının qurucu krallarından olan Əbdüləzizin sıradakı sözləri də bunu təsdiq edir: “Şübhəsiz, mən sələfi bir adamam. İnancım sələfilikdir. Kitab və Sünnətin tələb etdiyi bu yolda yürüyürəm…”
Dolayısilə, Məhəmməd bin Salman vəhabiliyi rədd etsə də, sələfilik hər zaman krallığın əsas ideologiyası olmuşdur. Tarixi prosesin gedişində Səudiyyə Ərəbistanında üç cür sələfilik formalaşmışdır:
1. Rəsmi səudi sələfiliyi. Onu Səudiyyə Ərəbistanı Krallığına bağlı qurumlar tərəfindən dəstəklənən sələfilik olaraq anlaya bilərik. Təmsilçilərinin çoxu rəsmi vəzifəli din adamlarıdır. Əbdüləziz bin Abdulla bin Baz, Məhəmməd bin Salih bin əl-Useymin, Salih bin əl-Fevzan, Şeyx Məhəmməd Əman əl-Cami və Dr. Rəbi bin Hadi əl-Medhali kimi şəxslər onlardan sayıla bilər.
Səudi sələfiliyinin ən önəmli xüsusiyyəti idarə edənə mütləq itaət anlayışıdır. İdarə edənin açıq formada dindən çıxması və namazı qadağan etməsi halı istisna olmaqla, ona qarşı üsyan etməyi əsla qəbul etməzlər.
2. Sahvə (İxvan sələfiliyi). Səudiyyə Ərəbistanında sosial müxalifət daha çox “Səudi ixvanı” da deyə biləcəyimiz Sahvə (Oyanış) üləması tərəfindən təmsil edilməkdədir. Tarixi 1970-ci illərədək gedən bu hərəkatı Səudiyyə Ərəbistanına Misir və Suriyadan gələn alimlər təmsil edir. Bu alimlər daha çox universitetlərdə cəmləniblər, daha çox ideolijiləşmiş və siyasiləşmişlər. Məhəmməd Kutub, Səfər əl-Havali və Salman əl-Avde kimilərinin təmsil etdiyi bu struktur vəhabi üləmadan daha çox ideoloji və beynəlxalq təsirə malikdir.
Ayrıca, Sahvə hərəkatı Əfqanıstan və son Suriya müharibəsində də aktiv rol oynayıb. Qərb və ABŞ-a qarşı məsafəli olan bu hərəkat xüsusilə Misirdə Sisini dətəkləyən Səudi rejimini ciddi tənqid edincə, susdurulmağa – neytrallaşdırılmağa başlanmışdır.
Bu hərəkat Suriya, Qətər və Misirdəki İxvanla (“Müsəlman qardaşları”) əlaqəlidir. Məhəmməd bin Salman islahatlar haqqında açıqlama verməmişdən 3-4 ay öncə Sahvə hərəkatının öndə gələn şəxslərini həbs etdirmişdir.
3. Radikal (Qərblilərin “Cihadçı” dediyi) sələfilik. Bu, sələfiliyin daha sərt şəklə salınmış formasıdır. Cüheyman əl-Uteybinin rəhbərliyilə yüzlərlə adamın 20 noyabr 1979-cu ildə Səudi xanədanına qarşı başlatdığ üsyan “Cihadçı”lar tərəfindən bir milad olaraq qəbul edilir. Bunun ardınca başlayan Əfqanıstan müharibəsi (24 dekabr 1979-cu ildə SSRİ-nin hərbi müdaxiləsi – tərc.) və davam edən qlobal cihad hərəkatı bu qolun davamlı olaraq böyüməsinə və genişlənməsinə səbəb olmuşdur. Bin Laden, əl-Qaidə və İŞİD-ə bu “Cihadçı”lığın – Radikal sələfiliyin davamı olaraq baxılır.
Səudiyyə Ərəbistanı uzun müddət ərzində bu üç sələfi qolla xaricdəki islamçı hərəkatlara sızmağı və onlara nəzarət etməyi bacarıb. Bu müddətdə də Qərb tərəfindən terroru maliyyələşdirməklə ittiham edilib. İranı durdurmaq üçün Suriyada girdiyi son müharibədə isə uduzub. Xüsusilə dünyanın iqtisadi baxımdan dəyişməsi, Çinin güclü bir oyunçu olaraq ortaya çıxması, 2030-cu il baxışı və Orta Şərqdəki təsirinin ABŞ tərəfindən məhdudlaşdırılmağa başlanması Səudiyyə Ərəbistanının neft gəlirlərinə və sələfi geopolitikasına bağlı olaraq davam edə bilməyəcəyini göstərir.
Əslində, Məhəmməd bin Salmanın yüksək vəzifəyə gətirilməsinə Səudiyyə Ərəbistanı dövlətinin bu dəyişikliyi idarəetmə strategiyası olaraq baxıla bilər. 2017-ci ildə vəzifəyə gələn zaman gündəliyə gətirdiyi islahatlara görə qısa müddət ərzində gedəcəyi ilə bağlı irəli sürülən iddialara qarşı çıxmağımın səbəbi də burada yatır. Çünki Səudiyyə Ərəbistanı artıq sadəcə neft dollarları və vəhabiliklə – sələfiliklə anlaşıla biləcək bir ölkə deyil. Onun gələcəyi dizaynetmə qabiliyyəti bu imkandan olduqca fərqli olmağa başlayıb. Mənim iddiam odur ki, Səudiyyə Ərəbistanının dini geopolitik dəyişikliyi ilə ekopolitikası arasında çox yaxın əlaqə mövcuddur.
Həqiqətən, 2017-ci ilin oktyabr ayında Ər-Riyadda keçirilən gözqamaşdırıcı bir açılışla Məhəmməd bin Salman Dubayın turizm obyektləri ilə müqayisə edilə biləcək obyektlərin də daxil edildiyi, Misir, İordaniya və İsraillə əməkdaşlığı da nəzərdə tutan NEOM adlı yeni bir layihə başladıb. Başladılan “Baxış – 2030” və NEOM layihəsi maliyyə qaynaqları və əlavə dəyərli məhsul istehsalı ilə patriarxal olmaqdan daha çox, təşəbbüsçü olacaq yeni bir iqtisadi plan tələb etməkdədir. Birbaşa xarici sərmayəni çəkməyi hədəfləyən liberal bir iqtisadiyyatı nəzərdə tutmaqdadır. “Baxış – 2030” işçi qüvvəsi bazarında daha yüksək səviyyə, daha çox bacarıq və daha çox çeviklik tələb edir. Bu, qəti olaraq, təhsildə böyük dəyişikliklərə gətirib çıxaracaq, eyni zamanda mövcud siyasi və sosial tənzimləmələri alt-üst etməsi gözlənilən daha dərin mədəni dəyişikliklərə də səbəb olacaqdır.
Məhəmməd bin Salman da Səudiyyə Ərəbistanını bu dəyişikliklərə hazırlamaq üçün sələfiliyin daxilindəki ifratçılıqları budayaraq onu mülayim bir formaya salmağa çalışmaqdadır. Səudiyyə Ərəbistanı mövcud hüquqi və sosial quruluşu ilə müasir iqtisadiyyat qura bilməz. Mövcud durum ölkənin rəqəmsal iqtisadiyyat, yeniliklərə açıq və təhsilli, eyni zamanda çevik işçi qüvvəsi yaratması ilə bərabər, indikindən çox fərqli bir maliyyə sistemi qurmasını da problemli edir. “Baxış – 2030”-un hədəflərinə rəğmən, bu dəyişikliklər sələfi mərkəzli hüquqi və sosial sistem daxilində asanlıqla edilə bilməz. Qadınların avtomobil idarə etməsilə bağlı atılan addımlar, əslində, onları iş həyatına qatma cəhdinin ilk addımları kimi oxunmalıdır. “Baxış – 2030”-un və NEOM layihəsinin həyata keçirilməsi Səudiyyə Ərəbistanını yalnız iqtisadi deyil, sosial baxımdan da dəyişdirəcəkdir. Bunun üçün ehtiyac duyduğu şey ifratçılıqları budanmış mülayim bir sələfilikdir.
Görünür, elə buna görə də uzun müddətdən bəri maliyyələşdirdiyi ekstremizmi Qətər və Türkiyənin üstünə yıxmağa yönəlik bir diplomatiya başladıb. Ayrıca, Qaşıqçının vəhşicəsinə öldürülməsi Məhəmməd bin Salmanın Avropadakı imicinə ciddi zərər vurub. Buna baxmayaraq, bu layihələrin regionda İsrail, Misir və Səudiyyə Ərəbistanının əlini gücləndirəcək və bölgəni dəyişdirəcək təsiri bu qətlin üstünü örtmüş kimi görünməkdədir.
Son illərdə Səudiyyə Ərəbistanı həm Çin və Rusiya ilə, həm də ABŞ-la əlaqələrini gücləndirir və ətrafındakı ölkələrlə qlobal sistemə inteqrasiya olunan yeni bir iqtisadi bazar yaratmağa çalışır.
Anlaşılan odur ki, Səudiyyə Ərəbistanı Orta Şərqi dəyişdirəcək böyük bir plan həyata keçirir və dini geopoltikasını da ona görə şəkilləndirir. Türkiyənin dar məkana sıxışdığı bir dövrdə gedən bu böyük dəyişikliyə nə qədər hazırlıqlı olduğunu isə zaman göstərəcək.Tərcümə: Strateq.az