ABŞ-ın “İRAN ƏMƏLİYYATI”nın ƏSAS HƏDƏFİ ÇİNDİR –Vaşinqton "Asiya əjdahası"nın neft yolunu da bağlamaq istəyir - ARAŞDIRMA
Ergün Diler
“Takvim”, Türkiyə, 17 may 2019-cu il
Yenixeber.org: ABŞ-da İranla bağlı ssenarilər qəribə şəkildə çoxalmağa başlayıb. Masada çox sayda ağlabatan ssenari var. Manşetlərdə, müəllif yazılarında da həmçinin. Nə baş verdiyi məlum deyil, lakin gərginlik yüksəkdir. Özü də hər yerdə.
Avropa, şübhəsiz, böyük bir güc və mədəniyyətdir. Ancaq Avropa nə zaman dünyanın mərkəzi oldusa, müharibə heç əksik olmadı. I və II Dünya Müharibəsinə baxın. 25 ildə iki böyük müharibə oldu. II Dünya Müharibəsindən sonra İsrail meydana çıxdı. ABŞ və SSRİ balansı qurdu. Hər kəs nəfəsini tutaraq 45 il keçirdi. Tezislə antitezis qarşı-qarşıya idi. Ancaq müharibə baş vermədi. Elə bu zaman Qorbaçovla pulun sahibləri gəlib Sovet İttifaqını yıxdılar. Londonda yerləşən maliyyə elitaları iqtisadiyyat vasitəsilə hər bir yeri, hər bir kəsi idarə etmək iddiasına düşdülər.
Məmur, fəhlə olan ruslardan bəziləri günə milyard dollarla oyandılar. Artıq hamısı oliqarx idi. Putin gəldi və nizamlama başladı. Milli olmayanları yolladı. ABŞ da neft qiymətlərini artıraraq, Putini gücləndirdi. Postunu qorumasına yardım etdi.
ABŞ dünən özünə aid olmayan pulu xərcləyirdi, bu gün də xərcləyir. Yəni, büdcə açığı nəhəng rəqəmlərlə ifadə olunan həddə çatmışdı.
ABŞ II Dünya Müharibəsində atom bombası atdığı Yaponiyanı nə üçün dirçəltdi? Nə üçün inkişaf etdirdi? Eyni zamanda, hər yerdə, hər zaman ideoloji mübarizə apardığı Çinə niyə belə bir dəstək verdi? Hər ikisini də ixracat hesabına ayaqda duracaq hala gətirdi. Çünki hər iki ölkənin artıq pulları ABŞ-ın maliyyə bazarına gəlirdi. Amerikalıların komfort həyatlarının mənbəyi idilər. ABŞ Silahlı Qüvvələri o qədər güclü idi ki, kimsə ona verdiyi pulu, yəni bazarlara, xəzinə hesablarına yatırdığı pulları istəyə bilmirdi. Bu da ABŞ-ın öz büdcə açığını qapatmasına imkan verirdi. Dollar əldə olan ən önəmli silah idi. Bunun belə getməyəcəyini ən yaxşı bilən ABŞ-ın özü idi. Çin də eyni şəkildə bilirdi.
Çin düşünüldüyündən də çox sürətlə böyüdü. Və qarşısı alına bilmədi. Lakin Çin durdurula bilməzsə, ABŞ duracaq. Balans belədir. ABŞ artıq yola xaricdən gələn, ona aid olmayan pulla davam edə bilməzdi. Bu, bir döngə idi. Və onun böyük olaraq qalması üçün etməli olduğu şeylər vardı.
Son dövrdə ABŞ-da önə çıxan tək bir şəxs var. O da Con Boltondur. Ankaraya gəldiyi zaman Tayyib bəyin qəbul etmədiyi şəxs. ABŞ-ın Venesuela, İran, Çin, Türkiyə və Fransa ilə yaşadığı gərginliyin mərkəzində olan Bolton, bir neçə gün öncə sabiq Xarici işlər naziri Madlen Olbraytla bir araya gəldi. Müzakirə mövzusu İran idi. Olbraytdan İran əməliyyatı haqqında fikrini soruşan Bolton istədiyi cavabı aldı. 2015-ci ildə mətbuata sızdırılan səs yazısında Olbrayt demişdi ki, “İraqda 500 min uşaq öldü. Ancaq buna dəydi. Çünki ABŞ bu əməliyyatı keçirməli idi və keçirdi”. O, bu sözlərin hamısını təkrarən Boltona da dedi.
ABŞ aydın mövqe nümayiş etdirməsə də, İranla bağlı hazırlıqlarını bütün sürətilə davam etdirir. Lakin ABŞ-ın İranı vurması deyildiyi, yazıldığı kimi asan deyil. ABŞ-ın İran əməliyyatının doğuracağı böyük problemlər də olacaq. Əvvəla, Avropa mümkün əməliyyata qarşıdır. Fransa İran əməliyyatına dəstək verə bilər, amma öncəlikli olaraq Orta Şərqdə ciddi pay istəyir. Qarşımızda ABŞ-ın Səudiyyə Ərəbistanı ilə əldə etdiyi gizli razılaşmalardan pay istəyən Paris vardır. Sadəcə Paris deyil. Berlin və Roma da Orta Şərq və Aralıq dənizindən kənarda qalmaq istəmir. Bu səbəblə, İrana yönəlik əməliyyat keçirilməsini istəyən Bolton tam anlaşma olmadan Pentaqonu da razı sala bilməz.
Əslində, Pentaqon da İran əməliyyatına isti baxır. Ona görə, Boltonun çox güclü olması haqqında rəy formalaşır. ABŞ Müdafiə naziri Mattisin vəzifəsindən ayrılması Boltonu şad etdi. Çünki Bolton davamlı olaraq Mattislə çəkişmə halında idi. Mattisin yerinə baxan Şanahan Boltonla eyni xətdədir. Hətta Boltonu Olbraytla görüşə göndərən şəxs də Şanahandır.
İndi İran oturub ABŞ-ın ona qarşı əməliyyat keçirməsini bu qədər səssizcə gözləyərmi? İranda daxili çəkişmə həddən artıqdır. Ölkə daxilindəki şəkişmə ilk dəfədir ki, bu qədər sərt rüzgarların əsməsinə səbəb olur. Daxili problemlərlə məşğul olan İran ABŞ-a müqavimət göstərə bilərmi? Bu sualların cavabını bilən yoxdur.
Ancaq İsrailin planından da bəhs edilir… Xatırlayırsınızsa, Ərəb-İsrail müharibəsini müşahidə etmək üçün Sina yarımadasının açıq sularına gedən ABŞ-ın zirehli gəmisi “USS Liberty” 08 iyun 1967-ci ildə İsrail gücləri tərəfindən vuruldu. 34 ABŞ hərbçisi öldü, 171-i yaralandı. Hadisədən sonra İsrail ABŞ-dan üzr istədi. “Gəminin düşmən ölkə Misirə aid olduğunu düşündük” açıqlaması ilə məsələni qapatdı.
İndi də İsrailin “saxta bayraq” əməliyyatı ilə bir ABŞ gəmisini vuracağı və günahı İranın üstünə atacağı dilə gətirilir. Belə bir şey edərlərmi? Bilmirəm, ancaq bu barədə danışılır.
Hadisələrin təhlili göstərir ki, sonda İranın Çinə verdiyi neftin miqdarının məhdudlaşdırılması və ya sıfırlanması tələb olunur. ABŞ öz yolunu cızmaqdan öncə Çini iqtisadi baxımdan qəti nəzarət altına almağı düşünməkdədir. Gedən savaşın adı budur. Bunu nə qədər bundan öncə yazdığımı xatırlamıram belə.
İŞİD-lə YPG Bəlucistan və Əfqanıstana göndərildi. Nyu Yorkda əkiz qüllələrə edilən hücumdan sonra İranla Çin arasında tampon olmaq üçün Əfqanıstana gələn ABŞ indi də eyni xətdədir. Şri-Lankanın partladılmasının, İŞİD-in əsil lideri Aminullahın 200 milyon dollara alınması və meydana çıxarılmasının, həmçinin Aralıq dənizinə ləl-cəvahirat dəyəri verilməsi və ABŞ-ın buralara iştah salmasının səbəbi də budur.
ABŞ-ın İranı vurma ehtimalı olsa da, bu, çox asan deyil. Ancaq Çini durdurmaq üçün İranla Türkiyənin hədəf seçilməsi həqiqətdir.
AKP-yə müxalif olaraq yola çıxma ehtimalı olan şəxslərə diqqət etsəniz, durumu anlarsınız. Bir qrup dolayısilə – London vasitəsilə Çinə, digərləri isə ABŞ-a yaxındır. AKP isə Rusiya və İranla birlikdəddir.
İranın vurulub-vurulmayacağını bilmirəm, lakin sanksiyalar belə hər kəsə təsir edəcək. Çinlə Hindistan sanksiyalara əməl etməyəcək. Doğrusu, Çin İrana yuan verib neft alır. Dolları kənara atır. ABŞ da açılan bu yarığı görür. Bir həmlə edə bilərmi? Görəcəyik. Etdiyi həmlə bir nəticə verə bilərmi? Onu da görəcəyik. Gedən bu mübarizənin Türkiyəyə təsir etməməsi mümkün deyil. Daxili siyasətə bu prizmadan baxarsaq, gələn rüzgarı anlamaq şansımız daha çox olar.
Qeyd: Hörmüz boğazından 2016-cı ildə gündə 18,5 milyon, 2017-ci ildə 17,2 milyon, 2018-ci ildə isə 17,4 milyon barrel neft daşındı. Yəni, dünyanın hər gün istifadə etdiyi neftin 1/5-i buradan keçdi. Əgər İsrail bir “saxta bayraq”əməliyyatı keçirərsə, neft qiymətləri “uçar”. Kim qazanar? Rusiya. Kim uduzar? Çin. Baxaq, görək…Tərcümə: Strateq.az