Dəyərdən düşən Avropa və Qərb təşkilatları...
ABŞ BMT-ni ləğv etmək istəyir; politoloqlar hesab edir ki, təsir imkanlarını itirmiş beynəlxalq təşkilatlar buraxılmalıdır
Yenixeber.org: Bir zamanlar dünyada gedən proseslərə ciddi təsir imkanları olan BMT, ATƏT, Avropa Şurası və digər qurumlar kimi beynəlxalq təşkilatların nüfuzu əhəmiyyətli dərəcədə azalıb. Bu beynəlxalq qurumlar cəlbediciliyini itirməkdədir. Hətta artıq ABŞ və İsrail YUNESKO-dan çıxdıqlarını elan ediblər.
Bir sıra siyasətçilər, politoloqlar hesab edir ki, təsir imkanlarını itirmiş beynəlxalq təşkilatlar buraxılmalı və yeni modeldə təsir gücü olan beynəlxalq təşkilatlar yaradılmalıdır.
Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a şərhində bildirdi ki, hazırda BMT, Avropa Şurası, YUNESKO kimi beynəlxalq təşkilatların fəaliyyətinin səmərəsiz olduğunu, hazırkı beynəlxalq təhdidlərə və çağırışlara adekvat cavab vermək iqtidarında olmadığını, soyuq müharibə dövrünün reallıqlarına uyğun təsisatlar olduğunu əksəriyyət etiraf edir. Ona görə də dünyanın bir sıra dövlət başçıları, siyasi xadimləri bu kimi təşkilatların ya buraxılmasını, yaxud orada islahatlar aparılmasını məqsədəuyğun hesab edirlər: “Hesab olunur ki, məsələn, BMT İkinci Dünya müharibəsindən qalib çıxmış dövlətlərin yaratdığı təşkilatdır, ikiqütblü dünya nizamının reallığını özündə əks etdirir, onu yaradan fövqəldövlətlərdən biri olan SSRİ artıq dünyanın siyasi xəritəsindən silinib. Hazırda yeni dünya nizamının yaradılması prosesi gedir, ikiqütblü dünya sistemi 1990-cı illərdə SSRİ-nin süqutu ilə başa çatdı, qısa bir müddət ABŞ-ın hegemonluğu ilə birqütblü dünya nizamı hökm sürdü. Lakin Putin Rusiyasının yenidən fövqəldövlət iddiaları irəli sürməsi, Avropa və Çinin güc mərkəzləri kimi dünya siyasətində yenidən baş qaldırması ilə çoxqütblü dünya nizamının yaradılmasına başlandı. Üstəlik, Böyük Yeddilik və Böyük İyirmilər klubu kimi yeni geostrateji, geoiqtosadi reallıqlar meydana gəldi ki, BMT, Avropa Şurası, ATƏT yaradılanda onlar dünya siyasətində bu qədər söz sahibi deyildilər. Almaniya, Türkiyə, Braziliya kimi ölkələr daimi üzv statusuna iddialar irəli sürməyə başladılar. Ərdoğanın ”Dünya beşdən böyükdür" şüarı BMT-də islahatlara çağırış şüarı kimi səsləndi.
Xüsusilə ən mötəbər universal təşkilat olaraq BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası zamanı beş daimi üzv dövlətin beynəlxalq hüquq, BMT Nizamnaməsindən daha çox öz milli maraqlarından çıxış etməsi, qətnamələrin icra mexanizmində olan problemlər beynəlxalq ictimaiyyətin ötən 70 ildə təşkilata olan inamını xeyli azaldıb. Daimi üzvlər digər dövlətlərə, eləcə də bir-birinə təzyiq vasitəsi kimi bu statuslarından sui-istifadə etməyə çalışırlar. Məsələn, ABŞ-Fransa münasibətlərinin kəskinləşdiyi bir dövrdə amerikayönümlü qüvvələrin təhriki ilə Fransanın daimi üzv yerinə Avropa Birliyinin olması təklifləri irəli sürüldü. Rusiya, Çin, Fransa hazırkı BMT nizamından razı olsa da, ABŞ, ümumiyyətlə, təşkilatın aradan qaldırılmasına çalışır kimi görünür.
Məsələn, Rusiya artıq öz narahatlığını bildirib ki, ABŞ YUNESKO-dan çıxmaqla yeni dünya nizamını öz maraqlarına uyğun təkbaşına yaratmaq istəyir".
Politoloq xatırlatdı ki, bəzən böyük dövlətlərin öz aralarında olan ziddiyyətlər də onların təşkilatları tərk erməsinə səbəb olur. ABŞ 1984-cü ildə də Reyqanın prezidentliyi dövründə SSRİ ilə münaqişə səbəbindən YUNESKO-dan çıxmışdı və yalnız 2002-ci ildə Buşun zamanında yenidən üzvlüyünü bərpa etdi. İndi isə ABŞ üzvlükdən çıxsa da, müşahidəçi ölkə kimi qalmağı planlaşdırır. Eyni zamanda ABŞ və İsrail 2011-ci ildən YUNESKO-ya üzvlük haqqı ödəmirlər: “ABŞ-ın YUNESKO-dan çıxmasını onun BMT sistemini tərk etməsinin ilk mərhələsi kimi qiymətləndirmək olar. Bundan sonra mərhələli şəkildə təşkilatın digər qurumlarından da uzaqlaşma prosesi davam edəcək, nəticədə ”soyuq müharibə" dövrünün reallığını əks etdirən BMT tamamilə ləğv oluna bilər. ABŞ artıq dünyanın idarə olunmasını BMT vasitəsilə, yaxud orada rəqib Rusiya, Çinlə razılaşdırmaqla yox, təkbaşına və ya müttəfiqlərinin, öz yaratdığı koalisiyaların köməyi ilə həyata keçirmək istəyir. Çünki Rusiya, Çin kimi geosiyasi rəqiblər çox zaman Təhlükəsizlik Şurasında veto hüququndan istifadə etməklə ABŞ-ın əl-qolunu bağlayırlar. Bütün etirazlara baxmayaraq, ABŞ öz məqsədinə nail olacaq. Hər şey mədəniyyətlə başlayır. BMT-nin gələcək taleyinin də mədəniyyət, təhsil, elm qurumunun vəziyyəti ilə sıx bağlı olduğu artıq açıq-aydın hiss olunur".
Avropa Şurası, ATƏT kimi təşkilatlara gəlincə, N.Məmmədova qeyd etdi ki, oxşar vəziyyətlər orada da hökm sürür. Bütün beynəlxalq təşkilatlarda, ümumilikdə beynəlxalq sistemdə ikili standartlar var, onlar heç də bəyan etdikləri kimi universal dəyərlər, öz nizamnamələrində yazılan prinsiplər əsasında fəaliyyətlərini tənzimləmirlər: “Bu təşkilatlara da rəhbərlik edənlər insanlardır və insan amili olan yerdə korrupsiya, ikili standartlar və sair mənfi təzahürlər istisna olunmur. Biz zaman-zaman bu təşkilatlar ətrafında baş verən qalmaqalların şahidi oluruq. Heç bir beynəlxalq təşkilat ideal deyil, korrupsiya amili qalır, ikili standartlar da bu maraqdan, müxtəlif lobbi qruplarının təsirindən və sairdən baş verir.
Avropa Şurası kimi mötəbər təşkilat belə müstəqil deyil, müəyyən maraq qruplarının, dövlətlərin təsiri ilə siyasi qərarlar qəbul edə bilər və edir. Azərbaycan isə Avropa Şurasında dəfələrlə haqsız münasibətə məruz qalmış ölkədir. Beynəlxalq təşkilatlarda maliyyə, dini amil, geosiyasi maraqlar və sair məsələlər öz dərin təsirini buraxmaqdadır. Lakin bu hal artıq bir sıra dövlətlər, onların əhalisi tərəfindən narazılıqla qarşılanır, etiraz doğurur".
Politoloq vurğuladı ki, dünyanın universal, ümumbəşəri dəyərlərlə idarə olunmasını bəyan edən beynəlxalq təşkilatların ikili standartlar əsasında fəaliyyət göstərməsi onlara olan inamı zəiflədir, eyni zamanda bu təşkilatların nüfuzuna ciddi xələl gətirir.