ÇİN ABŞ-ın QABAĞINDAN NİYƏ QAÇIR? –"Asiya əjdahası"yla yaxınlaşmaması üçün Avropa 800 İŞİD-çi ilə qorxudulur
Ergün Diler
“Takvim”, Türkiyə, 21 fevral 2019-cu il
Həyatın axarını tutmaq böyük kütlə üçün çox çətindir. Halbuki o qədər aydın bucaqlar var ki, baxdığınız zaman Yer üzündəki mübarizəni çox dəqiq HD keyfiyyətində görə bilərsiniz. Üst səviyyədə gedən mübarizəni anlayınca, aşağıda nə olacağı daha bəsit bir sual olaraq qarşımıza çıxır.
Yenixeber.org: Ancaq bunu unutmamaq lazımdır ki, müharibələr artıq topla, tüfənglə, bomba ilə, tankla və ya raketlə edilmir. Çox təsirli üsullar, ön həmlələr var, bunlarla edilir. Bu məsələni bir az açaq ki, mənzərə daha aydın görünsün.
ABŞ Xarici işlər naziri Mayk Pompeo, terror təşkilatı İŞİD ilə mübarizənin bitməyəcəyini, yeni taktikalar işləyib hazırlamalı olacaqlarını və bu terror təşkilatının bir çox yerdə ortaya çıxa biləcəyini söylədi.
Bir terror təşkilatı düşünün. Təlimlərini ABŞ hərbçilərindən alırlar. İstifadə etdikləri silahların, az qala, hamısı ABŞ mənşəlidir. Hazırda ABŞ-ın ən güclü şəxslərindən biri olan Pompeonun bu strukturu terror təşkilatı kimi təqdim etməsi və başqa ölkələrdə ortaya çıxa biləcəyini söyləməsi qəribə deyilmi? Məncə, qəribədir.
Həqiqətən, ABŞ böyük oynayan və bunu sevən bir dövlətdir. Sevsək də, sevməsək də son imperiyadır. ABŞ güclü ölkədir. Əksini söyləmək, demək olar ki, mümkün deyil.
Keçmişdə özəl ssenarilərlə əməliyyatlar keçirdiyi halda, bu gün özəl və diqqətlə işlənib hazırlanmış ssenarilər üzərində çalışmır. ABŞ Prezidenti Tramp “İŞİD bitdi” deyir. Pompeo isə “Bitmədi” deyir. Tramp “Suriyadan çəkiləcəyik” deyərkən, Pentaqon “Hələlik belə bir planımız yoxdur” deyir. Daxili çəkişmənin çox ciddi miqyasda olduğu görünsə də, ABŞ-ın böyük planını əngəlləyəcək bir toqquşma halı ola bilməz. Olmur da. Tramp çox halda Pentaqona qarşı addım atır. MKİ ilə, FTB ilə toqquşur. Ancaq böyük və dərin struktur irəliləyir.
Bütün bunları izləyərkən ABŞ Çini küncə sıxışdıracaq həmlələri dalbadal edir. Ancaq Pekindən gözlənilən cavab reaksiyası gəlmir, gələ bilmir. Çünki ABŞ Çinə qarşı əməliyyat planlarını “zənginləşdirərkən” 1.5 milyard əhalisi olan bu ölkənin enerji olmadan yaşaya bilməyəcəyini bilir. Bunu Çin də bilir. Beləliklə, Çinin ABŞ-la qarşı-qarşıya gəlmək niyyəti, hələlik, yoxdur. Hardasa, 1.5 trilyon dollar alacağı olan bir ölkəyə qarşı səsinin çox cılız çıxması da anlaşılan bir şeydir. Bilirik ki, Pekin ABŞ-la bağlı çox narahatdır.
Filmlərə mövzu olacaq bir hekayəni daha öncə yazdım. Buralarda kimsə maraqlanmır. Qəribədir, lakin kimsə baxıb-eləmir. Detallı şəkildə yazmışdım…
Çinin nəhəng şirkəti “Huawei”nin sahibinin qızı Men Vançjoy (Meng Wanzhou) ABŞ tərəfindən girov götürülüdü. Bu məsələ ilə bağlı belə ciddi formada səsini çıxarmayan Çin, Kraliça II Yelizavetanın yardımını gözlədi. Yardımın Bukinhemdən gəlməsi onları xoşbəxt edəcəkdi. Lakin məyusluq yaşadılar. Çünki Kraliça Çinə ciddi bir dəstək versəydi, bu gün Vaşinqton İŞİD-i Londonun küçələrinə göndərərdi. Kraliça II Yelizaveta da bunu bildiyi üçün Men Vançjoya görə Çinə dəstək verə bilmədi.
İŞİD bitməyib, əvvəlkindən güclüdür. Amma Tramp əksini söyləyir. Tapşırıq yeri dəyişir. 800 İŞİD-çi ilə Avropa qorxudulur. ABŞ oyun qurur. Terror təşkilatı ən böyük ordu mövqeyindədir. Təəccüblüdürmü?ABŞ-ı tanıyanlar üçün deyil…
Baş verən bütün bu hadisələrə rəğmən, Kraliça II Yelizaveta, Men Vançjoyun atası Ren Çjenfeyə (Ren Zhengfei) zəng etdi. Ona gizli diplomatiya üçün lazım olan addımları atacağını söylədi. Ancaq Kraliça II Yelizavetanın gücü bu məsələdə təsirsiz qaldı. Ren Çjenfey Kraliça II Yelizaveta ilə çox yaxındır. Bu yaxınlıq 30 il öncəsinə dayanır. Kraliça II Yelizaveta 1996-cı ildə həyat yoldaşı Edinburq hersoqu şahzadə Prens Filiplə Pekini ziyarət edərkən yanında olan şəxs bir başqası deyil, məhz Ren Çjenfey idi.
ABŞ “Huawei”yə ikinci zərbəni İngiltərədə vurmaq istədi. Vaşinqton bu nəhəng şirkətin infrastrukturunun qadağan edilməsi üçün Kraliça II Yelizavetaya təzyiq etdi. Ancaq İngiltərə Milli Kiber Təhlükəsizlik Şurası(MKTŞ) “Huawei”nin İngiltərə üçün bir risk təşkil etmədiyinə qərar verdi. İngiltərənin MKTŞ-si əmrləri sadəcə Kraliça II Yelizavetadan alır. Kraliça bu məsələdə Çinə dəstək verə bilmişdi.
ABŞ yalnız Çinlə savaşmır. Orta Şərq, Asiya və Afrikada da olduqca aqressiv olan bir Pentaqon görürük. Bir çox bölgədəki hərbçilər geri çəkilir, lakin yerinə yerli ünsürlərlə birlikdə özəl qüvvələr yerləşir.
Əsil məqsəd nədir? Əslində bunu anlamaq çox önəmlidir. Ciddi bir müharibə hazırlığımı, yoxsa lokal əməliyyatlarmı? Yüksək ehtimalla, lokal əməliyyatlardır.
Çinlə Rusiyanın yan-yana hərəkət etməsi gözlənərkən, bu da olmur. Tam olaraq ola bilmir. Çünki Çinlə yaxınlaşan Rusiya ABŞ-ın istifadə etmək istəmədiyi və ya son çarə olaraq saxladığı kozırlarını istifadə etməsinə səbəb ola bilər.
Pulun, daha doğrusu, dolların sürətlə ABŞ-a getdiyi bir dövrdə maliyyə əməliyyatları qarşısında səssiz qalan ölkələrdəki önəmli maliyyə oyunçuları da hədəfə Çinlə Rusiyanı qoyublar. Bu, əlbəttə, böyük bir əmrlə ola bilər. Pentaqonun maliyyə sahəsində gücünün artdığını da göstərən bu tablo iqtisadi tarazlığı da dəyişdirə bilər.
Pulun sürətlə əl dəyişdirməsi, əlbəttə, insan vücudunda mədə bulanması kimi xoşagəlməz nəticələrə yol aça bilər. Ölkələr, daha doğrusu, bu dəyişikliyə hazır olmayan ölkələr ciddi şəkildə “xəstələnə” bilər. Bu, normaldır.
Pulun sürətlə yer dəyişdirməsi heç bir zaman müsbət qarşılanmaz. Ancaq pulun sürətlə yer dəyişdirməsi, Pentaqonun təhdid səviyyəsinə çatan yanaşmalarının nəticəsi olub-olmadığı məlum olmasa da, qaçınılmaz kimi görünür. Çin kimi bir ölkədən çıxan pul bu gün Avropadan çıxan pula bərabərdir.
Pentaqon Çində güclüdürmü? Xeyr. Bəs onda bu pul Çindən necə çıxıb? 2015-ci ildən etibarən Çin yuanının sürətlə dəyər itirməsinin səbəbi də dolların sürətlə bahalaşması idi.
Dünya heç görmədiyi, öyrəşmədiyi bir nizama, yəni nizamsızlığa doğru itələnir. Bu nizamsızlıqla ən güclü olmağı hədəfləyən ABŞ-ın planı hazır kimi görünür. Bəs digər ölkələr? Çin, Rusiya, Almaniya, İngiltərə, Fransa… Heç biri hazırlıqlı deyil.
Qeyri-müəyyənliyə səfər ən qorxulu formada yaşanacaq. Bu arada, ən ağıllı ölkə Türkiyədir. Ən cəsur olanı da…
Dünən “İŞİD İran və Çini sıxışdırmaq üçün Bəlucistanda ortaya çıxacaq” deyərək, yazdım. Heç kimin baxmadığı bir mövzu idi. Həqiqətən, İran İnqilab Keşikçiləri Korpusu hədəf alındı belə…
Yaxşı, bəs sərhədlərimizdə kürd dövləti qurulmasını hədəfləyən layihənin uzaqlara itələnməsində Ankaranın rolu nədən ibarətdir? Sual budur. Bəziləri məmnun olmayacaq, amma böyükdür. Ankara təzyiq etdi. Məhmətcik sərhəddə endi. ABŞ İŞİD-i alıb uzaqlaşdı. Yanında da YPG-ni götürdü. Əlbəttə, indilik. Amma olsun. Bu, azdırmı? Türkiyə haradan haraya gəldi…Tərcümə: Strateq.az