Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

RUSİYANI GÖZLƏYƏN BÖYÜK MƏĞLUBİYYƏT –Moskva hansı potensialla dünya arenasına qayıdır?

“Rusiya formalaşan iki qütblü dünyadakı proseslərdə güc deyil”

putin

Ən böyük problem odur ki, Kreml liderləri nə keçmişdən, nə də indidən dərs çıxara bilmirlər. Məsələn, Pekin hərbi avantüraya girişmir, bunun əvəzinə bütün qitələrdə öz iqtisadi maraq sferasını aktiv şəkildə genişləndirir. Birləşmiş Ştatlar dünyanın iqtisadi, siyasi və hərbi nəhəngidir, Çin isə bu siyahıda əminliklə ikinci yeri tutur. Ancaq Rusiya isə əksinə, bir sıra xarici siyasət addımlarına görə getdikcə öz mövqeyini itirir.

Yenixeber.org: Yuxarıda deyilənlərə ən bariz örnək kimi bu yaxınlarda Sudanda baş vermiş hadisələri göstərmək olar. Sudanda hərbi çevriliş nəticəsində diktator Omar əl Bəşir devrildi. Kreml çürümüş rejimə siyasi və hərbi dəstək göstərirdi, indi Rusiyanın bu ölkədəki iqtisadi və hərbi maraqları təhlükə altına düşüb.

Beynəlxalq məhkəmənin insanlığa qarşı törətdiyi cinayətlərə görə Sudan liderinin həbs edilməsinə dair order verməsinə baxmayaraq, hamı Vladimir Putinin özünün Soçidəki iqamətgahında Omar əl Bəşiri necə hörmətlə qarşılamasını yaxşı xatırlayır.

Bəs indi nə oldu? Moskvanın dikatatoru təchiz etdiyi silahların pulunu kim verəcək? Yeni hakimiyyət rusların iqtisadi maraqlarına təminat verəcəkmi? Və ya onlar rusların “Vaqner qrupu”nun Sudanda qalmasıyla barışacaqlarmı? Çin özünün iqtisadi maraqlarını nəinki Sudanda, bütün Afrikada güdür, lakin bunu o dərəcədə incəliklə edirlər ki, hər dəfə sudan quru çıxa bilirlər. Onların ağlına planetin o biri ucuna hərbçilər göndərmək gəlmir.

Eyni sözləri Suriya, Venesuela və Liviya barəsində də demək olar. Müxtəlif münaqişə vəziyyətlərində Kreml özünü eyni cür apararaq, kimlərəsə riskli dəstəklər verir. Rusiyanın Suriyaya müdaxiləsinin Bəşər Əsədin hakimiyyəti saxlamasına kömək etməsi doğrudur, bəs bundan Rusiya nə udur? İqtisadi nöqteyi-nəzərdən Yaxın Şərqdə strateji hərbi bazalar saxlamaq ona çox baha başa gəlir.

Sergey Lavrovdan və digər Rusiya diplomatlarından eşidirik ki, onlar BMT-nin mövqeyinə uyğun olaraq Tripolidəki hökuməti tanıyır və döyüşən tərəfləri dialoqa çağırırlar. Ancaq digər tərəfdən isə yaxşı məlumdur ki, Moskva yaraqlı müqavimət qüvvələrinin lideri Xəlifə Xəftərə silah və hərbi kontingentlə yardım edir. “Vaqner” qrupunun muzdlu döyüşçüləri Xəftərin başçılıq etdiyi qoşun tərəfdən vuruşur. Kreml rusiyalı hərbçilərin oradakı iştirakını təkzib edir, lakin bu təşkilata kimin rəhbərlik etdiyi sirr deyil. ”Vaqner” qrupunun rəhbəri Putinin tanınmış aşbazı Yevgeni Priqojindir. Bu hərbi təşkilatın başlıca məqsədi Rusiyanın rəsmi iştirakının gizlədilməsini təmin etməkdir.

Liviyadakı vətəndaş müharibəsi hələ sona çatmaqdan xeyli uzaqdır və Rusiyanın bu avantüradan hansısa iqtisadi fayda götürməyə müvəffəq olacağına inanmaq çətindir.

Həmin vəziyyət Rusiya ərazisindən minlərlə kilometr uzaqlıqdakı Venesuelada təkrarlanır. Kreml əhalinin əksəriyyətinin nifrət bəslədiyi diktatoru dəstəkləyərək, ona hərbi kömək göstərir. Amma Rusiya Latın Amerikasındakı bu ölkənin iqtisadi vəziyyətini normallaşdırmaq imkanındadırmı? Axı buna nail olmaq üçün milyardlarla investisiya gərəkdir və bunu Rusiya dövlət büdcəsindən başqa hardansa götürmək olmaz. Bundan başqa Rusiya Krımın işğalı və şərqi Ukraynaya soxulmağın hesabını ödəməkdədir. Buraya Rusiyanın Mərkəzi Afrika Respublikasındakı münaqişəyə müdaxiləsini də əlavə etsək, onda aydın olar ki, Kreml sovet kommunistlərinin etdiyi səhvləri təkrarlayır.

İmperiya xəyalları naminə Rusiya liderləri öz vətəndaşlarını daha ləyaqətli yaşamaq imkanından məhrum edir və ölkəni iflasa aparırlar.

Əgər dünyadakı nizam qaydalarını güclülər diktə edirsə, onda Putin də amerikalılar kimi hərəkət etmək istəyə bilər. Bu, indiki Rusiya təbliğatının irəli atdığı ən absurd əsaslandırmadır. Çünki bunun üçün hansısa raketlərin olması yetərli deyil. Üstəlik, heç kim bu raketləri reallıqda görməyib. Rusiya prezidenti bizə yalnız onların şəkillərini göstərib.

Hərbi qüdrətin və təbliğat aparatının saxlanılması ilə yanaşı ölkənin modernləşdirilməsi və beynəlxalq arenada iqtisadi təsir nümayiş etdirmək üçün böyük maliyyə resursları tələb olunur.

Dünya iqtisadiyyatındakı payı yalnız bir faiz olan Rusiya kimi ölkə öz qarşısına ABŞ və ya Çin kimi hərbi ambisiya qoya bilməz. Ən məyusedicisi odur ki, Kreml rəhbərliyi nə keçmişdən, nə də ki, indidən dərs çıxarır. Pekin hər hansı hərbi avantüraya girişmir, amma bütün qitələrdəki iqtisadi maraqlar sferasını genişləndirir. Əgər Putin Çinin yürütdüyü siyasəti yamsılamaq qərarına gəlirsə, bu, yalnız özünü vətəndaşların azadlığının məhdudlaşdırılmasında və ölkənin dünyadan təcrid edilməsində göstərir. Belə ki, “xalis Rusiya interneti”nin yaradılması ideyası buna bariz nümunədir. (“Observador”-Portuqaliya)

Əlavə edək ki, Rusiya heç də təsadüfən Afrikaya maraq göstərmir. Həmin ölkələr qiymətli metallarla zəngindir. Sözsüz ki, burada təkcə iqtisadi maraqlar ön planda dayanmır, Rusiyanın iqtisadi şəraiti bir qədər düzələn kimi özünün imperiya stilini büruzə verir. İqtisadi vəziyyətin yaxşılaşması isə neftin qiymətinin artmasına bağlıdır.

Putinin özü söyləyib ki, neftin bir barelinin 60 dollar olması Rusiya üçün normal sayıla bilər. Hal-hazırda neftin bir barelinin qiyməti 70 dolları ötüb. Rusiyanın postsovet məkanını işğal etməsinə ehtiyac yoxdur, çünki Moskva buradakı ölkələr arasında milli münaqişə yaratmaqla, onları asılı vəziyyətə salmaq siyasəti yürüdür.

Vaxtı ilə Sovet İttifaqının Afrikada Anqola, Mozambik, Əlcəzair, Efiopiya, Liviya, Misir və sairə kimi dostları vardı. Məsələn, SSRİ 1960-cı ilin sonunda Misirə, 1980-ci ilin ortalarında isə Anqoloya xeyli sayda hərbçi göndərmişdi. Ancaq o zaman bu məlumatları ictimaiyyətdən gizlətmək olurdu. Qüvvələr nisbəti baxımından SSRİ ilə indiki Rusiyanı müqayisə etməyə belə dəyməz. İndi Rusiya istəyir ki, yenidən dünya arenasına qayıtsın. Hansı potensialla?

Rusiya ABŞ-a qarşı heç nə edə bilməz. O, yalnız yeni güc mərkəzi olaraq təşəkkül tapmağa başlayan Çinin əlaltısı kimi çıxış edə bilər. SSRİ öz içindən dağıldı, kim deyə bilər ki, Rusiyanı da belə bir aqibət gözləmir? Moskvanın özünə müttəfiq hesab etdiyi Çin də məhz elə bunu istəyir. Çünki əhalisi sürətlə azalan Rusiya ərazilərini Çin çox asanlıqla cənginə keçirəcək.(azpolitika)

Vaqif NƏSİBOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam