Afrika “baharı” başlayır? -Sudan və Əlcəzairdəki etirazlar inqilaba çevrilə bilər
“Ərəb baharı” 8 il əvvəl başladığı coğrafiyaya dönür. Son aylarda Əlcəzair və Sudanda başlayan hökumət əleyhinə kütləvi etirazlar nüfuzlu dünya mediasında inqilab dalğası kimi qiymətləndirilir.
Yenixeber.org: Şimali Afrikanın ən böyük dövlətlərindən biri olan Sudanda artıq 3 aydır, Ömər əl-Bəşir əleyhinə etirazlar davam edir. İlk dəfə ötən ilin dekabrında əd-Damazin şəhərində çörək qiymətlərinin artmasına etiraz edən əhalinin aksiyaları başlayıb. Daha sonra aksiyalar Sudanın digər bölgələrinə də yayılıb və artıq mitinqlərdə işsizlərdən universitet müəllimlərinə, incəsənət adamlarından işsizlərə qədər müxtəlif təbəqələrdən insanlar iştirak edir. Üstəlik indi şüarlar daha çox siyasidir və inqilab kəlmələri artıb.
Ancaq ölkəni 30 ildən artıqdır ki, idarə edən Ömər əl-Bəşir vəzifəsindən o qədər də rahat getməyə hazırlaşmır. Hökumət qüvvələri bu günə qədər 50-dən artıq etirazçını öldürüb, 2 min nəfərdən çox insan həbs olunub. Etirazlardan sonra Rusiyanın özəl təhlükəsizlik şirkəti “Vagner”in silahlıları Sudanda tez-tez görünməyə başlayıb.
Ancaq əl-Bəşirə qarşı yerli müxalifət birləşib. Sudan Peşəkarlar Birliyi, Sudan Çağırır, Milli Uzlaşma Qüvvələri və digər müxalif qruplar birgə “Azadlıq və Dəşiyiklik” deklarasiyası yayımlanıb.
Qeyd edək ki, 75 yaşlı paraşütçü-desant general Ömər əl-Bəşir 1989-cu ildə hərbi çevriliş nəticəsində hakimiyyəti ələ keçirib. Onun rəhbərlik etdiyi Milli Konqres Partiyası ideoloji olaraq Misirin “Müsəlman Qardaşlar” hərəkatına yaxındır. Ancaq Bəşir ona qarşı olan bütün qüvvələri, o cümlıdən islamçıları zaman-zaman əzib. Lakin Bəşir həm də sözdə islami bir rejim qurduğunu nümayiş etdirməyə çalışıb. Cənubi Sudanda baş verən separatçı hərəkata qarşı hərbi əməliyyatlardan sonra Haaqa Beynəlxalq Hərbi Tribunalı Ömər əl-Bəşir haqqında həbs qərarı çıxarıb. Ancaq 2011-ci ildə əl-Bəşir Qərb ölkələrinin təzyiqi ilə Cənubi Sudana müstəqillik verib. Ancaq ölkənin cənubunda toqquşmalar hələ də davam edir. Sudanda iqtisadi vəziyyət isə həddən artıq pisdir.
Etirazlar qarşısında Ömər əl-Bəşir bir qədər geri çəkilib. O, ölkədə qadın hüquqlarını məhdudlaşdırmaqda ittiham olunan “İctimai Nizam” Qanununu yumşaltmağa söz verib, eləcə də 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olmayacağını açıqlayıb. Bundan başqa dövlət və siyasəti ayırmaq adı ilə Milli Konqres Partiyası sədrliyindən getdiyini elan edib.
Lakin bu vədlər və dəyişikliklər vəziyyətə təsir etməyib, martın ilk həftəsində Sudanda yenidən etirazlar başlayıb. Ancaq BBC yazır ki, “ərəb baharı”ndan fərqli olaraq Sudanda siyasi islam müxalifət deyil, hakimiyyətdədir.
***
Şimali Afrikanın daha bir “çalxalanan” ölkəsi isə Əlcəzairdir. Aprelin 18-də keçiriləcək prezident seçkilərində hazırkı ölkə başçısı, 82 yaşlı Əbdüləziz Buteflikanın növbəti, 5-ci dəfə namizədliyini irəli sürməsi xalqın 20 illik səbrini daşdırıb. Əsasən gənclərdən ibarət minlərlə etirazçı əlil arabasında gəzən və hazırda Avropada müalicə alan Buteflikaya “artıq get” deyir. Lakin etirazlara rəğmən prezident Buteflika martın 3-də, prezident seçkilərinə namizədlik üçün sonuncu gündə Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Buna cavab olaraq xalq küçələrə çıxaraq etiraz edir. Hökumət isə etirazçıları ölkəni “Suriyaya çevirmək istəyənlər” olduğunu deyərək 1990-cı illərdəki qaranlıq vətəndaş qarşıdurması dövrünün yenidən yaşana biləcəyi ilə bağlı xəbərdarlıq edir. Baş nazir Əhməd Uyayha parlamentdəki çıxışında Əlcəzairdəki etirazları Suriyada vətəndaş müharibəsindən əvvəlki etirazlarla müaqyisə edib. Bu isə sərt etiraz doğurub. Üstəlik ölkədə işsizlik və iqtisadi geriləmə var. Son 5 ildə Əlcəzairin maliyyə ehtiyatları 100 milyard dollara yaxın azalaraq 2013-cü ildəki 170 milyarddan 75 milyarda düşüb.
Ancaq Əlcəzair hökuməti geri çəkilməyə hazırlaşmır. Ordu hələ də prezidentə sadiqdir, müdafiə naziri etirazçıları sərt müdaxilə ilə hədələyir. Üstəlik fərqli siyasi qanadlardan olan müxaliflər də elə də güclü deyil. Lakin hakimiyyətin özünün də ciddi zəiflikləri var. Hazırkı prezidentin 82 yaşı var və o, faktiki olaraq hərəkət qabliyyətini itirib, hazırda İsveçrədə müalicə alır. Hakimiyyət komandasında isə prezidenti əvəz edəcək lider hələlik görünmür.
Əlcəzair Şimali Afrikanın ən qeyri-sabit ölkələrindən biridir. 1954-62-ci illərdə ölkədə Fransız müstəmləkə sisteminə qarşı mübarizə aparılıb. Fransızların amansız zorakılıqları ilə müşayiət olunan azadlıq müharibəsi nəticəsində 1,5 milyon əlcəzairli ölüb. Ancaq nəticədə ölkə müstəqil olub. Ancaq müstəqilliyin gətirdiyi sabitlik nisbi olub. 1991-ci ildə keçirilən bələdiyyə seçkilərində siyasi islam hərəkatı olan “İslami Səlamət Cəbhəsi” qalib gəlib. Ancaq rəsmi hökumət nəticəni tanımayıb və bundan sonra 11 il davam edən vətəndaş müharibəsi başlayıb. Bu savaşda 200 mindən çox insan ölüb.
1999-cu ildə hakimiyyətə gələn keçmiş xarici işlər naziri Əbdüləziz Buteflika İslamçılar üzərində qələbə qazanıb. Buteflika sabitliyi islamçılar qarşısında əsas şüar edərək xalqın dəstəyini qazansa da, indi artıq xalq onun getməsini istəyir. Həm də hakimiyyətin daxilində bəzi qüvvələr 82 yaşlı prezidentin getməsini istəyir. Lakin bu küçələrdə başlayan etirazların hansı yöndə davam edəcəyindən asılı olacaq.
Həm Sudan, həm də Əlcəzair Şimali Afrikanın ərazi və əhali baxımdan ən böyük ölkələri sırasındadır. Üstəlik bu ölkələrin yaxın tarixdə vətəndaş müharibəsi və üsyan “təcrübəsi” var. Və nəhayət, hər iki ölkədə uzun illərdir, davam edən avtoritar rejimlər artıq ölkəni idarə edə bilmir. Leninin məşhur nəzəriyyəsində deyildiyi kimi, artıq nə “yuxarılar” əvvəlki kimi idarə edə bilir, nə də “aşağılar” əvvəlki qaydada idarə olunmaq istəyir. Lakin həm də gözümüzün qarşısında inqilabların qanlı-qadalı ərəb təcrübəsi var. Bu mənada başlayan hadisələr ən azı iki ölkədə riskli nəticələr vəd edir, üstəlik ətraf qonşular da bu proseslərdən təsirlənə bilər. Bu mənada Əlcəzair və Sudan hadisələrini bir başlanğıc adlandırmaq olar. Amma nəticəsi riskli bir başlanğıc...(müsavat)
Kənan Rövşənoğlu