Putinin çarlıq xəyalları:Rusiya ilə Belarus birləşir
Yenixeber.org: Rusiya prezidenti Vladimir Putinin öz hakimiyyət müddətini uzatmaq üçün ən müxtəlif metodlardan istifadə etdiyi hər kəsə bəllidir. 2000-ci ildə ilk prezidentlik fəaliyyətinə başlayan Rusiya lideri 8 ildən sonra kreslosunu ən sadiq adamı Dmitri Medvedyevə dövr etmiş, özü isə 4 il Baş nazir kimi fəaliyyət göstərmişdir. Medvedyev dönəmində prezidentlik müddətini 4 ildən 6 ilə yüksəldərək, növbəti 12 il ərzində Rusiyaya rəhbərlik etmək şansı qazanan Putin 2012-ci ildə yenidən seçkilərə qatılaraq ölkənin birinci şəxsi ünvanını geri qaytarmışdır. Ötən il keçirilən növbəti seçkilərlə ikinci prezidentlik haqqının son mərhələsinə qədəm qoyan Rusiya liderinin bu hüququnun bitməsinə daha 5 ildən çox zaman qalır. Buna baxmayaraq, Vladimir Putinin indidən 2024-cü ildən sonrakı dövr barədə düşündüyü iddia olunur.
İddialara görə, Putin 2024-cü ildə rus xalqının qarşısına yeni sürprizlərlə çıxmağa hazırlaşır. Əsas sürpriz isə Belarusun Rusiya ilə birləşməsi və yaradılan yeni dövlətin ilk prezidenti olmaq şansıdır. Bu ehtimal baş tutarsa, Putin 2024-cü ildə daha 12 il hakimiyyətdə qalmaq imkanı əldə edəcək.
Xarici mətbuatın verdiyi məlumata görə, ötən ilin son günlərindən etibarən bu istiqamətdə bəzi addımlar atılıb. 2018-ci ilin son həftəsində Rusiya və Belarus prezidentlərinin iki dəfə bir araya gəlməsinin əsas səbəbinin bu olduğu bildirilir. Həmin görüşlər barədə liderlər heç bir açıqlama verməsələr də, külislərdə gəzən söz-söhbətlərə əsasən, onlar iki ən yaxın slavyan xalqının birləşməsini, “ümumi dövlət” qurmaq perspektivini müzakirə ediblər.
Bildirilir ki, Belarusla Rusiyanın birləşməsi əslində yeni ortaya çıxan mövzu deyil. Hələ Yeltsin zamanında bu məsələ vaxtaşırı müzakirə edilmiş, amma dünya dövlətlərinin mövqeyi “ümumrusiya” xəyalının reallaşmasına imkan verməmişdi. İndisə dünya ilə münasibətləri onsuz da qaydasında olmayan Moskva öz xəyalını istədiyi kimi reallaşdırmaq əzmindədir. Xüsusilə Ukrayna böhranından sonra Kreml Rus imperiyasını yenidən bərpa etmək şansını hansısa beynəlxalq təpkilərə qurban vermək istəmir və onda bu cür reaksiyalara bir növ “adətkərdəlik”, “immunitet” formalaşıb.
Üstəlik, Rusiya və Belarusun birgə dövləti yaradılsa, prezidentlik müddəti üçün hazırda mövcud olan məhdudiyyətlər də aradan qalxacaq və Putinin qarşısında hələ uzun illər “rus çarı” olmaq şansı açılacaq. Ölüm-itim olmasa, 2036-cı ildən sonraya isə, ya qismət!
Qeyd edək ki, bu ehtimal hazırda rus mətbuatının da əsas müzakirə mövzularından birinə çevrilib. İddianı dilə gətirənlərdən biri də “Exo Moskvı” radiosunun redaktoru Aleksey Venediktovdur. Venediktov hətta “ümumrus” dövlətinin nə zaman və necə yaradılmasının ssenarisini belə verir. İki dövlətin 3-4 il içində birləşə biləcəyini söyləyən jurnalistə görə, ilk addım 2021-ci ildə Duma seçkilərində atılacaq. Onun fikrincə, həmin seçkilərdə iki dövlətin ortaq parlamenti yaradılacaq və Belarusdan seçilən deputatlar Minskdə yox, Moskvada öz seçicilərini təmsil edəcək.
Sual oluna bilər: Rusiya prezidentinin bu xəyala düşməsi anlaşılandır, bəs rəsmi Minsk niyə könül xoşluğu ilə rus boyunduruğu altına girir?
Məsələ burasındadır ki, Belarus buna iqtisadi cəhətdən məhkumdur. Kasıb Belorus dövləti indiyədək Rusiyanın iqtisadi yardımları ilə ayaqda dura bilib. Xüsusilə qaz və neft təchizatında Rusiyaya bağlı qalan Belarus zaman-zaman başqa dövlət olmağın ağır nəticələrini yaşayır. Məsələn, qonşu Smolenski rayonu Rusiyaya aid olduğundan mavi qazın min kub metrini 70 dollara aldığı halda, Belarusa eyni həcmdə qazı xarici dövlət tarifləriylə 130 dollara başa gəlir – hardasa, 2 dəfə baha. Bu ədalətsiz ticarət tarifi dəfələrlə Lukoşenkonun etirazlarına səbəb olsa da, öz həllini tapmayıb.
Ayrıca, ABŞ və Qərb ölkələrinin ağır sanksiyalarına məruz qalan Rusiyanın hansısa xarici dövlətə maddi yardım vermək imkanları da daralır.
Digər tərəfdən, Rusiya baxımından ondan qidalanan Belarusun Ukrayna kimi Qərbin him-cimlərinə aldanıb son anda “böyük qardaşına” xəyanət etməyəcəyinin qarantiyası da yoxdur. Moskva “böyük qardaşlığı” müəyyən qarantiyalar qarşılığında davam etdirmək niyyətindədir. Yəni “ümumi süfrədən” qidalana bilmək üçün təkcə süfrələri yox, həm də evləri birləşdirmək şərtini irəli sürür. Belarus isə acından ölməmək naminə bu şərtləri qəbul etmiş görünür.
Ən əsası isə, onsuz da hakimiyyət limitini çoxdan dolduran və Qərb tərəfindən xoş qarşılanmayan Lukaşenkonun da qarşısında başqa alternativlər yoxdur. Bu çarəsizlik Belarusu suverenlik haqlarını dolanışıq qarşılığında Rusiyaya satmaq məcburiyyətində qoyur.
Nəzərə alsaq ki, getdikcə Qərbin təzyiqləriylə üzləşən Rusiyanın bu basqılara qarşı rus imperiyasını xortlatmaq xülyasının hədəfləri arasında Cənubi Qafqaz regionu da mövcuddur, o zaman iki slavyan dövlət arasında yaşanan prosesin Azərbaycan üçün də ciddi təhlükə yarada biləcəyi ortadadır. Necə ki, SSRİ dövründə rus imperiyasının bərpası planı da əvvəl ölkənin qərbində başlamış, daha sonra Cənubi Qafqaza və Orta Asiyaya yönəlmişdi. Tarixin bir də eyni ssenari ilə təkrarlanmaması üçün rəsmi Bakı baş verənlərin fərqində olmalı və dövlət müstəqilliyimizin təməllərini möhkəmləndirən bəzi addımlar atmalıdır. Əsas addım isə rus imperialist siyasətinə qarşı Qərblə inteqrasiya prosesini yenidən canlandırmaq ola bilər...(ovqat)