Ermənistanda hakimiyyətə gələn yeni siyasi qüvvə sələflərinin işğalçılıq siyasətini davam etdirəcəyini gizlədə bilmir.
Yenixeber.org: Onlar hələ də elə başa düşürlər ki, Azərbaycan torpaqlarını təkbaşına işğal ediblər. Ermənistandakı siyasilər özlərinin (erməni etnik qrupunu) qonşu dövlətlərə qarşı ərazi iddialarının müəllifi sayırlar. Ancaq neçə on illərdir ki, bu istiqamətdə əldə oyuncaq olduqlarının fərqini görməzliyə vururlar. Bununla da öz kölgələrində oturduqlarını hesab edirlər. İddialı danışan, işğal altında olan Azərbaycan torpaqlarında müxtəlif duruşda şəkil çəkdirən erməni rəsmilərin öz silahlı qüvvələrində baş verənlərdən ya xəbərləri yoxdur, ya da ordunun bu vəziyyətinə adət ediblər.
Deməli, Ermənistan mövcud hərbi vəziyyəti və işğalçı siyasəti ilə NATO-ya girmək niyyətini gizlətmir. Eləcə də Rusiyanın himayəsi altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq da istəmir. Məsələn, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bildirir ki, ölkəsi bu təşkilatın üzvüdür və NATO-ya üzv olmağa can atmır: “Bununla belə, Alyansla sıx münasibəti davam etdirəcək”. Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyan isə bəyan edib ki, Yerevan ABŞ-dan sihah almaq niyyətindədir. Nikol Paşinyan da belə bir təklif olarsa, nəzərdən keçirəcəklərini deyib. Bundan başqa, Ermənistan KTMT-nin baş katibi vəzifəsi uğrunda hələ də mübarizə aparır. Xarici siyasi kursunda Moskvadanqaçmanı xəyal etsə də, bunu həyata keçirməyə konkret iradəsi və gücü çatmır. Elə hərbi ittifaqla da bağlı vəziyyəti eynidir. NATO-dan gözün, Rusiyadan və KTMT-dən əlini çəkə bilmir. Ermənistan bu qeyri-müəyyən vəziyyəti ilə çobanyastığı ləçəklərini qoparıb “sevir-sevmir” deyən gənci xatırladır. Bu baxımdan, rəsmi Yerevan NATO, yoxsa KTMT, Avropa İttifaqı, yoxsa Avrasiya İqtisadi İttifaqının istixarəsini edir.
Əslində, cari ilin mayındakı çevriliş Ermənistan ordusundakı vəziyyəti müsbətə doğru dəyişməyib. Yeni siyasi qüvvələrin hakimiyyətə gəlişindən 7 aydan artıq vaxt keçsə də, vəziyyət dəyişməzdir. İş o yerə çatıb ki, keçmiş prezident Serj Sarqsyanın vəzifədən azad etdiyi generalı Nikol Paşinyan özünə müşavir təyin edib. 2016-cı ilin aprelindəki döyüşlərdə məğlub olandan sonra Ermənistan ordusu haqqında yaradılan mif dağıldı. Bu hadisə Serj Sarqsyan və onun başçılıq etdiyi cinayətkar elementlərin hakimiyyətdən təmizlənməsi ilə nəticələndi. Həmin ilin aprelində Sarqsyan ordudakı bir sıra yüksək rütbəli zabitləri tutduqları vəzifədən azad etdi. 2016-cı il aprelin 26-da Serj Sarqsyan Ermənistan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə xidmətlərinin rəisi, general-mayor Komitas Muradyan və Baş Qərargahın kəşfiyyat idarəsinin başçısı Arşak Karapetyan işdən çıxartdı. General Mels Çilingəryan, təchizat sahəsində xidmət edən polkovnik Mqer Papyan və polkovnik Armen Marqaryan, Ermənistan silahlı qüvvələrinin Avtomobil xidməti bölməsinin başçısı, polkovnik David Abraamyan isə həbs edildilər.
Yeri gəlmişkən, Nikol Paşinyanın dekabrın 18-də özünə müşavir təyin etdiyi general-mayor Arşak Karapetyanı Ermənistan KİV-i aprel döyüşlərindəki məğlubiyyətin və itkilərin məsuliyyətini daşıyan başlıca hərbi fiqur sayır: “O cəzalandırılmalıdır. Ancaq yenə at oynadır”. Onu da qeyd edək ki, Arşak Karapetyan 2018-ci ilin fevralında Ermənistanın Rusiyadakı səfirliyinə hərbi attaşe təyin olunmuşdu. Belə çıxır ki, Nikol Paşinyan hərbi sahədəki kadr qıtlığını Serj Sarqsyanın cəzalandırdığı adamların hesabına aradan qaldırmaq istəyir. Yoxsa bu da Paşinyanın Rusiyaya doğru addımıdır? Ermənistan ordusunun Rusiyanın nəzarəti altında olduğu sirr deyil. Arşak Karapetyan isə orduda kəşfiyyat sahəsi üzrə məsul şəxs olub. Bu baxımdan, onun Rusiyanın uyğun qurumları ilə əlaqəli olduğu ehtimalı da az deyil. Belə qənaətə gəlmək olar ki, Paşinyan bu general-mayoru müşavir təyin etməklə Moskvaya ondan gizli iş görmədiyi mesajını vermək istəyir. Bununla hökumət başçısı həmçinin hərbi sahədə daha çox Rusiyaya yaxın olduğunu nümayiş etdirib.
Bu arada Ermənistan ordusunda baş verən bir sıra neqativ hallar barədə bəzi informasiyaları diqqətinizə çatdırmaq istərdik. Müdafiə Nazirliyi bildirib ki, dekabrın 1-dən 18-dək olan müddət ərzində ölkənin müxtəlif tibb müəssisələrinə yanmış 7 hərbçi yerləşdirilib. Daha bir əsgər isə ürək-ağ ciyər narahatlığı ilə bağlı reanimasiyadan hospitala köçürülüb. Son iki gündə daha iki hərbçi güllə yarası alaraq Hərbi Mərkəzi Hospitala yerləşdirilib. Ermənistan silahlı qüvvələrinin baş leytenantı Q.M. tabel avtomat silahından açdığı atəş nəticəsində müqavilə əsasında xidmət edən Armen Arutyunyanı güllələyərək yaralayıb. 26 yaşlı Vardan Şahnəzəryan adlı hərbçi odlu silahdan aldığı xəsarətlə xəstəxanaya çatdırılıb. Onun intihara cəhd etdiyi müəyyənləşdirilib. Dekabrın əvvəlində Ermənistan silahlı qüvvələrinin bir qrup hərbçisi qar uçqununun altında qalıb. Onlardan birinin meyiti tapılıb. Dekabrın 1-də 2016-cı ildən Ermənistan silahlı qüvvələrində xidmət edən, 1987-ci il təvəllüdlü Qor Aqvanoviç Sarkisyan aldığı güllə yarısından ölüb. Beləliklə Ermənistan ordusunun dəyişməyən vəziyyəti belədir. Ölkədə elə zənn edirlər ki, Azərbaycan torpaqlarını bu halda olan hərbçilər saxlayırlar. Bu, azmış kimi, Ermənistan boyundan hündürə tullanmaq istəyir. Özlərini saldıqları bu vəziyyət isə həm də bölgədə iqtisadi, təhlükəsizlik, sosial və mədəni baxımdan daha böyük işlərin görülməsinə mane olur. Kadr çatışmazlığı, hərbçilərin intiharı, əsgərlər arasında mənəvi boşluq, silah və texnika almaq üçün alternativ axtarışlar, yaxud əldə edilən silah və hərbi texnika ilə bağlı yaranmış qalmaqal bu ölkədə hərbi sahədə də qarma-qarışıqlığın olduğunu təsdiqləyir. Yaranmış vəziyyətdən çıxış yolu isə var. Bu yol xəstə, yarımçıq, uydurma, hikkəli, kinli iddialardan əl çəkməkdən başlayır. Ancaq Nikol Paşinyanın “Çıxış” bloku bu çıxışı hələlik blok edib.(report)