ABŞ MESA DÜYÜNÜNÜ NECƏ KƏSƏCƏK? –Xaşuqcinin qətli İran əleyhinə hərbi ittifaqın yaradılmasını çətinləşdirib
“Reuters”
Yaxın Şərqdə Strateji Alyans (MESA) – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Oman, Bəhreyn, Misir və İordaniya kimi sünni-müsəlman hökumətlərini ABŞ-ın rəhbərlik etdiyi təhlükəsizlik, siyasi və iqtisadi müqavilə ilə şiə İranına qarşı birləşdirməyi hədəfləyir.
Yenixeber.org: Amma ərəb müttəfiqlər arasında qarşıdurma, xüsusən də Səudiyyə liderliyi ilə Qətərin iqtisadi və siyasi boykotu nəzərə alınmaqla, Riyadın ucbatından ittifaqın qurulmasına maneələr var.
Yanvar ayında Birləşmiş Ştatlarda Tramp və ərəb müttəfiqlərin ən yüksək səviyyədə görüşü planlaşdırılıb. Bu sammitdə Alyansın rəsmiləşdirilməsi gözlənilir. Amma üç ABŞ mənbəyi və Körfəzdən olan bir qaynaq görüşün hazırda qeyri-müəyyənliyə büründüyünü bildirib. Onların hamısı artıq sammitin bir neçə dəfə təxirə salındığını deyib.
Vaşinqtondakı mənbələrdən biri söyləyib ki, Tramp və ərəb liderlərinin ittifaqı Xaşuqcinin qətlindən sonra “bir yığın problem”lə üzləşib. Bundan sonra “ərəb NATO”-su adlandırılan plan havadan asılı qalıb.
Problemlərdən biri amerikalıların Səudiyyə tacdar şahzadə ilə münasibətilə bağlıdır. Başlanğıcda MbS-in zirvə toplantısında iştirakı gözlənilirdi. Amma geniş qəzəb doğurduğundan indi “o, cəlbedici fiqur deyil”.
Tramp administrasiyasındakı bir rəsmi Xaşuqcinin ölümünün İttifaqda irəliləyişi çətinləşdirdiyini təkzib edib, MESA barədə “o, bir ölkədən və bir məsələdən daha böyükdür” deyib.
Səudiyyə Ərəbistanı MbS-in Xaşuqcinin qətlində iştirakını inkar edib və araşdırma aparıldığını söyləyib.
Beynəlxalq Böhran Qrupunun təmsilçisi, prezident Barak Obamanın Yaxın Şərq üzrə sabiq müşaviri Robert Malli deyib ki, MbS yanvar ayı zirvəsində “necə olursa-olsun” iştirak edəcək.
“Amma onun indi ABŞ-a gəlmək istəyinə əmin deyiləm”, – Malli bildirib.
Təqaüdçü general Entoni Zinni, MESA üzrə əsas müzakirəçi deyib ki, təşəbbüs “irəliləyir”, lakin Xaşuqcinin ölümünün prosesə təsiri qeyri-müəyyəndir.
“Son prosesə onun necə təsir edəcəyini bilmirəm, istintaqın nəticələri və qərarları gözləyirik”, – Zinni elektron poçtla “Reuters”-ə bildirib.
Alyansın səkkiz potensial üzvü MESA-ya olan bağlılığına dair şərh xahişinə cavab verməyib.
Xaşuqcinin öldürülməsi ilə məsələnin mürəkkəbləşməsinə qədər “Reuters”-in əldə etdiyi iki rəsmi sənəd göstərir ki, Ağ Ev administrasiyası regional fikir ayrılıqlarını aradan qaldırmaq, İranı çəkindirmək, regionda Çin və Rusiya təsirini məhdudlaşdırmaq üçün MESA-nın irəliləyiş yolları axtarır.
Xaşuqcinin ölümündən qabaq milli təhlükəsizlik məsləhətçisi Con Bolton dövlət katibi Mayk Pompeo və müdafiə naziri Cim Mattisə yazdığı məktubda qeyd edib: “Regional tərəfdaşlarımız bir-biri ilə getdikcə daha çox rəqabət aparır və Qətər nümunəsində Amerika maraqlarının pozulmasına, İran, Rusiya və Çin xeyrinə açıq mübarizəyə girişirlər”.
29 iyun tarixli bu məktubda əlavə edilir ki, “bu mənfi tendensiyaların qarşısını almaq üçün tərəfdaşlarımızın strateji planlarını dəyişdirmək məcburiyyətindəyik”.
Anonimlik şərti ilə danışan üç ABŞ rəsmisi deyib ki, hazırda administrasiyada müzakirələr aparılır. Vaşinqton ərəb müttəfiqlər arasında fikir fərqlərini bir kənara qoymaq üçün razı salmaqdan ötrü Boltonın planını işə salır.
Müdafiə Nazirliyinin mətbuat katibi Dövlət Departamentinə sorğular göndərildiyini, Mattisin ittifaqa dəstək verdiyini qeyd edib.
Dövlət Departamentinin rəsmisi deyib ki, administrasiya ittifaq üzrə “tərəfdaşlarımızla işləməklə məşğuldur”.
Hökumətin planı Trampın “Öncə Amerika” strategiyasını daha da inkişaf etdirməyi nəzərdə tutur. Buna əsasən, xarici hərbi öhdəlikləri azaltmaq və müttəfiqlərin öz təhlükəsizliyi üçün yükünü artırmaq, Yaxın Şərqdə ABŞ maraqlarını inkişaf etdirmək məqsədi güdülür.
Bölgədəki ABŞ-ın maraqları silah satışı, Yəməndə, İraqda və Suriyadakı islamçı ekstremistlərə zərbə vurmaq, qiymətlərin sabit qalması üçün qlobal bazarlara neft axınının təmin etməkdən ibarətdir.
Xaşuqcinin ölümündən əvvəl hazırlanan bir Ağ Ev sənədində Trampın Səudiyyə Ərəbistanı liderlərini və Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) altı digər üzvünü və Misiri xəbərdar etdiyi qeyd olunub: “status-kvo məcburi deyil və ABŞ Yaxın Şərq təhlükəsizliyinə sərmayə qoymağa davam etməyəcək”.
Vaşinqton KƏŞ ölkələrindəki bazalarda təyyarələr, döyüş gəmiləri və sayı 30 mindən çox hərbi personal yerləşdirib. ABŞ hərbi rəsmiləri bu durumu dəyişdirmək niyyətində olmadıqlarını söyləyirlər.
“Yaxın Şərqdə Strateji İttifaqı Konsepsiyasına Baxış” adlı sənəddə qeyd olunur ki, “bölgədə ABŞ maliyyə qaynaqlı bir sıra qısa və orta müddətli öhdəliklər” tələbatı var. Bu tədbirlərə regional əməliyyat mərkəzlərinin yaradılması daxildir. Həmin mərkəzlərin işi raket hücumundan müdafiə və digər sahələrə qüvvələrin inteqrasiyasına yönəlməlidir.
Uzunmüddətli məqsədə rəsmi müqavilə ilə beş, yaxud yeddi il ərzində çoxtərəfli azad ticarət paktının imzalanması da daxildir. Həmçinin, İttifaqın İraq, Livan və digər ölkələri əhatə edə biləcəyi ehtimalı saxlanılır. O cümlədən Alyans özünə hələlik rəsmi əlaqələrin olmadığı İsraili, Avropa və asiyalı müttəfiqlər seçə bilər”.
Tərcümə: Strateq.az