“ƏRƏB NATO-SU” YARATMAĞIN VAXTIDIR? –Misirdə keçirilən hərbi təlimlər buna hazırlıqdırmı?
Misirdə region ölkələrini əhatə edən iri miqyaslı hərbi təlimlər keçirilir. Kod adı “Ərəblərin qalxanı-1” olan manevrlərə “Ərəb NATO-su”nun yaradılmasının hazırlıq mərhələsi kimi baxılır. Bu yaxınlarda Misir ordusundan bildiriblər ki, təlimlərdə səkkiz ərəb ölkəsinin hərbi qüvvələri və müşahidəçiləri iştirak edəcək. “Ərəb qalxanı-1” manevrləri Misirdə noyabrın 3-də başlayıb və 16-nadək davam edəcək.
Yenixeber.org: “Reuters” informasiya agentliyi bildirib ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Fars körfəzi ölkələrini, Misiri və İordaniyanı “Ərəb NATO-su” adlandırılan hərbi birliyin yaradılmasına təhrik edir. Həmin alyansın yaradılmasının başlıca məqsədi ABŞ-ın sünnü müttəfiqlərini İranla qarşıdurmaya təhrik olunmasıdır.
- Hansı ölkələr “Ərəb qalxanı-1” hərbi təlimlərində iştirak edirlər?
Misir ordusunun mətbuat katibi, polkovnik Tarik ər Rifai “Mühəmməd Nacib” hərbi bazasındakı təlimlərə qoşulan Küveyt silahlı qüvvələrinin fotoşəkillərini dərc edib. “Ərəb qalxanı-1” çərçivəsində Aralıq dənizində müştərək hava və dəniz təlimləri keçiriləcək.
Tarik ər Rifai deyib ki, hərbi təlimlərdə Misirin, Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin, Küveytin, Bəhreynin, İordaniyanın yerüstü, hərbi-dəniz, hərbi-hava və xüsusi təyinatlıları iştirak edəcəklər. Müşahidəçi kimi isə Livan və Mərakeş hərbçiləri də orada olacaqlar.
Amma Tarik ər Rifai bu hərbi təlimlərin yaxın gələcəkdə hərbi alyansın yaradılmasına hazırlığın bir parçası olması məsələsini müzakirə etməkdən imtina edib. Oman və Qətərin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misirlə olan fikir ayrılığına görə bu iki ölkə hərbi təlimlərdə iştirak etmir.
İyul ayında “Reuters” Amerika mənbələrinə istinadla xəbər vermişdi ki, “Ərəb NATO-su” ilə əlaqədar plan mövcuddur və onun işçi adı “Yaxış Şərq Starateji Alyansı”dır. Bir neçə gün bundan öncə Bəhreyndə təhlükəsizlik məsələləri üzrə sammit keçirilib. Həmin sammitdə Bəhreynin Xarici İşlər Naziri Xalid bin Əhməd əl Xəlifə deyib ki, növbəti ildə Fars körfəzində təhlükəsizlik əldə etmək üçün alyans yaradılacaq və Misir də buraya daxil olacaq. Məsələ ilə əlaqədar yüksək vəzifəli İran məmuru bildirib: “Yaxın Şərqdə sabitlik yaratmaq bəhanəsi ilə amerikalılar və onların regiondakı müttəfiqləri bu bölgədə gərginliyi qızışdırırlar. Bu cür təşəbbüslər nəticə verməyəcək, bu fəaliyyətlər ABŞ-ın dəstəklədiyi ərəb ölkələri ilə İran arasındakı uçurumu daha da dərinləşdirəcək”.
- Yeni alyans uğur əldə etmək üçün hansı şansa malikdir?
“Karnegi Mərkəzi”nin Yaxın Şərqin öyrənilməsi üzrə elmi əməkdaşı Yəzid Sayih deyir ki, ərəb alyansı ideyası heç inandırıcı deyil. O, hesab edir ki, bu sadəcə olaraq baş tutmayacaq. Yəzid Sayih “Defense News” saytına verdiyi müsahibəsində bildirib: “Dörd il bundan öncə Səudiyyə Ərəbistanı elə həmin ölkələrin dəstəyi ilə anti-terror islam alyansının yaradılmasını elan etmişdi. Bəzi praktik əməkdaşlıqlara baxmayaraq, heç nə alınmadı. Körfəz Əməkdaşlıq Şurası ölkələri ümumi müdafiə potensialının yaradılmasında heç cür razılığa gələ bilmədilər. Çünki Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Yəməndə müştərək hərbi fəaliyyət göstərmək məsələsində ümumi razılıq əldə edə bilmədilər. İndi onların ambisiyalı “Ərəb NATO-su” kimi layihəni həyata keçirə biləcəkləri ehtimalı çox azdır”.
Amma Küveyt Hərbi Hava Qüvvələrinin istefada olan polkovniki Dafər əl Əcmi başqa fikirdədir. O, hesab edir ki, yaradılcaq hərbi alyans Fars körfəzi ölkələrini heç zaman olmadığı kimi daha da yaxınlaşdıracaq. “Defense News” saytına verdiyi müsahibəsində Dafer əl Əcmi deyib: “Bütün dünyada hərbi strukturlar istənilən siyasi sərhədləri poza biləcəklərini sübut ediblər. Böyük Britaniya özünün Avropa ilə olan iqtisadi və siyasi əlaqələrindən imtina edib, amma onlar NATO-nun bir parçasıdırlar. Bundan başqa, keçən yaz Qətər Səudiyyə Ərəbistanı ilə birgə hərbi təlimlərdə iştirak edib. Ərəb ölkələri arasındakı hərbi əməkdaşlıqlar “Ərəb NATO-su” uğurunun açarıdır”.
Məlumatlı mənbələrə istinadla, “Reuters”, raket əleyhinə qalxanın yaradılması barəsində hələ öncədən xəbər vermişdi. Belə bir məsələ bir çox illər ərzində ABŞ və Fars körfəzi ölkələri arasında müzakirə olunub, ancaq onlar hər hansı razılığa gəlməyiblər. Bu təşəbbüs yeni alyansın məqsədi olacaq və həm də regional orduların modernləşməsinə xidmət edəcək.
Bununla əlaqədar olaraq Yəzid Sayih sual verir: “Bu doğrudanmı İrana aiddir? İdeya İranı Fars körfəzindən və Yaxın Şərqdən çıxarmaqdır, lakin digər tərəfdən Qətər kimi ölkələrin kənarlaşdırılmasına xidmət edə bilər. Səudiyyəlilər onları Fars Körfəzi Ərəb Dövətləri Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasından uzaqlaşdıra bilmir. Hal-hazırkı mərhələdə Qətər İrana qarşı hər hansı alyansa qoşula bilməz. Ərəb dövlətlərinin müttəfiq olmalarına baxmayaraq, onlar, həmçinin regional rəqibdirlər. Çünki onların hamısı regionda böyük oyunçu olmaq istəyir. Bu orduların inteqrasiya edilməsi üzrə müxtəlif tapşırıqların yerinə yetirilməsi həyata keçirilməyib və bəzi hallarda isə silah sistemlərində uyğunsuzluq var”.
Onu da deyək ki, 2017-ci ilin iyun ayında Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn və Misir Qətəri terrorizmə dəstək verməkdə ittiham edərək, onunla diplomatik münasibətləri kəsiblər. Baxmayaraq ki, Doha bütün ittihamları rədd edib. Omanın İrana qarşı neytral siyasətindən imtina edəcəyi inandırıcı görünmür və onlar Yəmənə qarşı ərəb alyansında iştirak etməkdən boyun qaçırmışdılar.
Beləliklə, tərkibinə Fars körfəzi ölkələri, Misir və İordaniyanın da daxil olcağı ərəb alyansının yaradılması şansı minimaldır.
Lakin Yəzid Sayih bu ərəb ölkələri üçün Donald Tramp administrasiyası ilə ikitərəfli münasibətlərin saxlanılmasının vacibliyini xüsusi vurğulayıb: “Biz belə nəticə çıxarırıq ki, “Ərəb NATO-su”nun yaradılması az ehtimal olunandır və bu, Qətər də daxil olmaqla, həmin ərəb ölkələriylə ABŞ arasındakı münasibətləri əvəz etməyəcək”.
(“Raseef 22”-Livan)