Qəbul imtahanlarının yaxınlaşdığı bir vaxtda hərkəsin diqqət mərkəzində yəqinki qəbulla bağlı məsələlərdir.

Yenixeber.org: Abituriyentlər 11 illik bazanı bitirib, gənclik həyatının “ali” mərhələsinə qədəm qoymağa hazırlaşırlar. 2 illik marafonu xatırladan bu yarış həm maddi, həm də mənəvi olaraq insana baha başa gəlir. Lakin sondakı sevinci yaşamaq üçün bu əziyyəti çəkməyə dəyər.

Artıq 2007-ci ildən təməli qoyulan 700 bal ənənəsi hər il uğurla davam etdirilir. Hətta yüksək nəticə göstərib, ali məktəbə qəbul olan, lakin 700 bal toplamadıqları üçün müvafiq nəticələrindən imtina edib növbəti ildəki qəbula hazırlaşanlar var.

Həmin ildən günümüzədək 79 abituriyent maksimal nəticə göstərib.

2007-ci ildə 3, 2008-ci ildə 6, 2009-cu ildə 2, 2010-cu ildə 7, 2011-ci ildə 4, 2012-ci ildə 5, 2013-cü ildə 6, 2014-cü ildə 9 nəfər, 2015-ci ildə 15, 2016-cı ildə 10, 2017-ci ildə 12 nəfər 700 bal toplayıb.

 

Yəqin ki, bir çoxlarına imtahanlarda maksimal nəticə göstərən abituriyentlərin karyera həyatı çox maraqlıdır. Bu gənclərin bəziləri haqda məlumat əldə etməyə çalışdıq.

 

Emil Abbasov

 

2007-ci ildə ilk dəfə olaraq I qrup üzrə 700 bal toplayaraq Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin informatika ixtisasına qəbul olub. BDU-da 1 semestr oxuduqdan sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2008-2012-ci illərdə Koreya Respublikasının Seul və Suvon şəhərlərində yerləşən Kyung Hee Universitetində (KHU) kompüter mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2013-cü ildə bu universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Dövlət Proqramı çərçivəsində ABŞ-ın Nyu-York Universitetində (NYU) kompüter elmləri ixtisası üzrə magistratura bölməsinə qəbul olunub. Daha sonra ADA universitetində müəllim kimi işləyib.

 

Rüfət Babayev

 

2008-ci ildə Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinə daxil olub. Qafqaz Universitetində təhsil alarkən Böyük Britaniyanın Mançester Universitetinə göndərilib və 1 il həmin universitetdə kompüter elmləri üzrə təhsil alıb. Qafqaz Universitetini fərqlənmə diplomu ilə bitirib. Hazırda universitetdə kompüter mühəndisliyi ixtisası üzrə magistr təhsili alır. Bununla yanaşı, ixtisası üzrə Qafqaz Universitetində tədqiqatla da məşğuldur.

Nurlan Əhmədov

 

2008-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub. 2012-ci ildə universiteti yaxşı qiymətlərlə bitirib. Sonra İngiltərənin Royal Hollovey Universitetinə daxil olsa da, müəyyən səbəblərdən orada təhsil ala bilməyib. Lakin buna baxmayaraq ruhdan düşməyən Nurlan Qafqaz Universitetində biznesin idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. Hazırda Universal Az LLC şirkətində xarici təchizat və logistika üzrə mütəxəssis işləyir.

Emil Əliyev

 

2008-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə səhhəti ilə bağlı problemi olduğu üçün 2 il akademik məzuniyyət götürüb, ona görə də təhsil müddəti uzanıb. Vətənə xidməti borcunu yerinə yetirən Emil, sonra Dövlət Qulluğuna keçirilən imtahanlara hazırlaşmağı qarşısına məqsəd qoyduğunu bildirir. Arzusu dövlət qulluqçusu olmaqdır.

Fəridə Musayeva

 

2009-cu ildə Azərbaycan Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsinə daxil olub. 2013-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirib. Sonra Bakı Dövlət Universitetində mülki və təsərrüfat hüququ ixtisası üzrə magistr təhsili alıb. 2014-cü ilin may ayında ədliyyə qulluğuna imtahan verərək Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsində aparıcı məsləhətçi vəzifəsinə hazırlıq məqsədilə təcrübə keçib.(minval)

Məleykə Ağasoy