Sultanı öldürüb, sonra ağlayan cəllad kimdir?
Küçədə gəzəndə belə, insanları qorxudan Osmanlı İmperatorluğunun cəlladları hər zaman maraq dairəsində olan müzakirə mövzularından biridir. Cəllad sözü ərəb dilindən götürülüb və qamçı ilə əziyyət mənasına gəlir. Cəlladlar Osmanlı İmperatorluğunun yüksəlməyə başladığı 15-ci əsrdən etibarən “Bostancı cəllad ocağı”nda təlimlər görməyə başlayıb. Başlanğıcda xorvatlar arasından seçilən Osmanlı cəlladları, daha sonra qaraçılardan seçilməyə başladı.
Yenixeber.org: Cəlladlar padişahın fərmanı ilə məhkumları, quldurları, dövlətə xəyanət edənləri, oğruları edam edirdilər. Qısaca desək, bir çox günahkarın cəzası edam idi. Xalq arasından cinayət törədənlərin cəzası başları və ya əlləri kəsilərək verilirdi. Lakin dövlət adamlarının, baş vəzirin və ya şəhzadələrin edamı boğularaq, reallaşdırılırdı.
“Balıkhane” qəsri…
“Balıkhane” qəsri Osmanlıda siyasi məhkumların edam edilməzdən öncə 3 gün saxlanıldığı yer idi. Məhkumlar zindana atıldıqdan sonra 3 gün ərzində padişahın onlar haqqında verəcəyi qərarı gözləyirdilər. Bunun səbəbi isə padişahın bir anlıq əsəblə edam qərarı verməsinin qarşısını almaq ilə bağlıydı. 3 gün sonra məhkumların qapısı açılar, onlara bir şərbət verilərdi. Əgər bu şərbət bəyaz rəngdə idisə, bu, məhkumun padişah tərəfindən əfv edildiyi anlamına gəlirdi. Yox, qırmızı şərbət verilərdisə, bu, məhkumun haqqında edam qərarının çıxarılması mənasını daşıyardı.
Bu şərbətə “əcəl şərbəti” adı verilmişdi. Ayrıca olaraq bu qəsrdə “Cəllad çeşməsi” də var idi. Bu çeşməyə “Cəllad çeşməsi” adının verilməsinin səbəbi də qanlı qılıncların burada yuyulması ilə bağlı idi. Cəlladlar məhkumların boynunu vurduqdan sonra qana batan qılınclarını bu çeşmədə yuyub, təmizləyirdilər.
Cəlladlar sadəcə, padişahdan əmr alırdılar
Osmanlı İmperatorluğunda cəlladlar xalq tərəfindən sevilməsələr də, özəl mərtəbədə olan insanlar idilər. Cəlladlar sadəcə, padişahdan əmr alırdılar. Ayrıca cəlladlar padişahı özəl olaraq, mühafizə də edirdilər. Şahzadələr və vəzirlər də daxil olmaqla onlara yaxınlaşmağa heç kim cürət etmirdi. Osmanlı İmperatorluğundakı cəlladların daha bir maraqlı tərəfi isə onların lal və kar insanlar arasından seçilməsi idi. Səbəbi isə cəlladların öldürəcəkləri insanın yalvarışlarından təsirlənməməsi ilə bağlı idi.
Osmanlı tarixində ən məşhur cəllad edamı bir gecədə 19 şahzadənin boğulmasıdır. Osmanlı tarixinin ən azyaşlı imperatoru olan 4-cü Mehmed 7 yaşında taxta çıxmışdı. O, bir gecədə 19 şahzadəni, yəni öz qardaşlarının hamısını cəlladlara boğdurmuşdu.
Osmanlı İmperatorluğunun ən məşhur cəlladı…
Osmanlı tarixinin ən məşhur cəlladlarından biri Kara Alidir (Qara Əli). Bir çox baş vəzirin canını alan bu cəllad olduqca qorxunc bir görünüşə sahib imiş. O, dövlət adamlarını və baş vəzirləri edam etməklə yanaşı, Sultan İbrahimi də öldürən cəllad olaraq, tarixə düşüb. Rəvayətlərə görə, insanları edam edən Kara Ali hər zaman soyuqqanlı olduğu halda, Sultan İbrahimi öldürərkən ağlayıb.
Cəlladların öldürdükləri insanın üzərindəkilər və hətta cənazənin özü belə, onlara aid olurdu. Cəlladlar cənazəni sahiblərinə istər sataraq, istərsə də pulsuz verə bilərdilər.
Həyatları boyunca bəd duadan başqa bir dua almayan cəlladlar heç bir zaman evlənmirdilər. Ömürləri sadəcə, can alaraq keçirdi. Cəlladlar ölən zaman ümumi qəbiristanlıqda deyil, kimsəsizlər məzarlığında dəfn edilirdilər.
Osmanlı cəlladları hər zaman özlərini müdafiə edəcək yalnız bir bəhanə söyləyirdilər: “Sultanın hökmü olmazsa, cəlladdan xata gəlməz”.(müsavat)
Turan Oruc