Səudiyyə şahzadəsi edam olundu: Qanunun aliliyi, yoxsa saray intriqaları?
Səudiyyə Ərəbistanında kraliyyət ailəsinə mənsub olan şahzadə Turki bin Süud əl-Kabir edam olunub.
Xeberinfo.com: Fakt ölkənin Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənib.
Edam hadisəsi barədə açıqlama verən şahzadənin əmisi Əbdülrəhman əl-Falaj bunu “ədalətli məhkəmə sisteminin tələbi” kimi qiymətləndirib.
Bildirilir ki, şahzadə 2012-ci ilin dekabrında işlədiyi bir cinayətə görə mühakimə olunurdu. O, bir küçə davasında rəqibini öldürmüş və 2014-cü ildə məhkəmənin hökmüylə edam cəzasına layiq görülmüşdü.
Səudiyyə Ərəbistanında kral ailəsinin edam hökmüylə cəzalandırılması nadir hadisələrdən sayılır. Bu zamana qədər 40 il əvvəl hakimiyyət davası üçün kral əmisini öldürən Faysal bin Müsaid əl Süuda bu cəza verilmişdi. Hakim ailə fərdinin ikinci edam cəzasının da əsas səbəbinin siyasi hakimiyyət davası olması ehtimalı da istisna deyil. Nədən ki, şahzadənin ailəsi öldürülən şəxsin “qan bahasını” ödəməyə hazır olduğu və İslam dinində buna icazə verildiyi, təşviq olunduğu halda, zərərçəkmiş tərəf təklifi rədd edib. Krallıqda bu, böyük cəsarət edən hadisədir. Mümkündür ki, bu cəsarətin arxasında həqiqətən də ciddi siyasi iradə dayansın.
Bu ehtimalın nə dərəcədə doğru olub-olmadığını zaman göstərəcək. Hazırda isə görünən budur ki, krallıq şəriət qanunlarını öz ailə maraqlarından üstün tutub. Daxili İşlər Nazirliyinin edamla bağlı açıqlamasında da bu məsələyə xüsusi diqqət ayrılaraq deyilir: “Hökumətin ölkədə təhlükəsizlik və ədaləti təmin etməkdə qaralılığından hər kəs əmin olsun".
Fransanın AFP xəbər agentliyinə görə, şahzadə Səudiyyə Ərəbistanında bu il edam olunmuş 134-üncü adamdır.
Səudiyyə Ərəbistanında edam cəzası, adətən, narkotika və təcavüz cinayətlərinə verilir və bütün millətin gözü qabağında caninin boynu qılıncla vurularaq həyata keçirilir. Şahzadə Turkinin edamı isə gizli yerinə yetirilib. Bu da xüsusilə iddiaçı tərəfdə şahzadənın həqiqətən də edam olunmasına şübhələr yaradır.