FED artırır, dollar qalxır…Yeni İl süfrəsinin qiymətləri– Fotolar
FED uçot dərəcəsini artırır. Yəni, dollar bahalaşacaq. Bu xəbəri alar-almaz Bakı bazarlarına yollanırıq
Yenixeber.org: Bir tərəfdən bayram yaxınlaşır, digər tərəfdən dolların qalxacağı nəticəsində qiymətlərə təsiri qaçılmazdır.
► Uçot bazarlara necə təsir edir?
Dərhal paytaxt bazarlarında vəziyyətin nə yerdə olduğu öyrənmişik.
Hazırda Bakının ən ucuz bazarı “8-ci kilometr”, ən bahalı bazarları isə “Yaşıl”, “Şərq” bazarlardır.
Amma son illərdə şəhərdə supermarketlərin şəbəkələşməsi və bumu bazarlara axını azaldıb. Buna baxmayaraq, əhalinin aztəminatlı təbəqəsi bazarlara getməyə üstünlük verir.
FED-in uçot dərəcəsini artırmağa başlaması isə manata, manatın durumu isə bazarlarda məhsullarına qiymətinə, qiymətlərin dəyişməsi də əhalinin istehlak səbətinə ciddi təsir edə bilər.
Üstəlik, uçot dərəcəsinin bayram ərəfəsinə təsadüf eləməsi heç ürəkaçan xəbər olmadı. Elə bunu bazarda olarkən də müşahidə etdik. Qiymətlərin reydi bayramqabağı bahalaşma getdiyini ortaya çıxardı.
Bir çox Azərbaycan ailələrində bayram süfrəsi xüsusi ritualdır. Hər il süfrəyə qoyulan məhsullar arasında təkrarlanan xörəklər, salatlar, şirniyyatlar, içkilər üstünlük təşkil edir.
► Bayram neçəyə başa gəlir? – Qiymətlər
Hazırda Astara düyüsünün kilosu 5 manat, “Sultan”, “Mohabbat” kimi firma düyülərinin kilosu 6 manat 40 qəpikdir.
Sümüklü mal ətinin kilosu 11 manat 20 qəpik, sümüksüz ət isə 13 manat 50 qəpikdir. Toyuq məhsullarının qiymətləri fərqlidir.
“Mərcan”, “Səba”, “Siyəzən” toyuqlarının 5 manatdan ucuzu yoxdur. Hinduşka 35-50 manat, ördək 15-20 manat, qaz 20-25 manatdır.
Zaqatala şabalıdını 10 manatdan ucuz tapmaq olmur. Digər məhsulların qiymətləri belədir:
Üzüm (ağ) 1kq – 6 AZN
Üzüm (qara) 1kq – 4 AZN
Naringi 1kq-ı – 3, 60 AZN
Kişmiş 1 kq-ı 6-8 AZN
Göyərti 6 dənəsi – 1 AZN
Şirələr 1.50-dən – 3 AZN-dək
Alma (Qızıləhmədi) 1kq – 5 AZN
Qoz (Ordubad) 1kq 18 – 25 AZN
Fındıq 1 kq – 22 AZN
Badam 1 kq – 20 AZN
Soğan 1 kq – 0.60 AZN
Kartof 1 kq – 0.70 -0.90 AZN
Pomidor – 3 AZN
Xiyar – 2, 80 AZN
Armud – 3, 62 AZN
Alma – 1- 2 AZN
Belə çıxır ki, Yeni ildə bayram süfrəsi açmaq üçün minimum 200-250 manat xərc çəkmək lazımdır. Amma bu məbləğ bayrama 15 gündən çox qalmış tariflərdir.
Bayramqabağı qiymətlərin artacağını nəzərə alaraq bu məbləğin dəyişəcəyi gözlənilir. Üstəlik, həm FED-in uçot dərəcəsini artırması, həm işbazların fəndgirliyi yaxın günlərdə bazara təsir edə bilər.
► Natiq Cəfərli: “Gec-tez manata da təsir göstərəcək”
İqtisadi şərhçi Natiq Cəfərlinin sözlərinə görə, FED toplantısında olacaq, uçot dərəcəsinin 0,25% artırılacağı heç kimdə şübhə doğurmur:
Natiq Cəfərli
“Əsas məsələ 2018-ci il üçün Yol Xəritəsinin açıqlanmasıdır. Ola bilər ki, FED gələn il 3 deyil, 4 faiz artımı olacağını elan etsin – bu zaman dollar indeksinin daha sürətlə bahalaşmasını görə bilərik.
Qərarın Azərbaycana birbaşa təsiri yoxdur, çünki ölkədə zatən iqtisadi institutlar yoxdur, qərarlar günlük verilir, iqtisadiyyat əmrlə idarə olunur. Amma istər-istəməz dünyada gedən proseslər mütləq ölkəmizə də təsir edir-edəcək.
Məsələn, dekabr ayı Mərkəzi Bankın ən çox dollar satacağı aylardan biri olacaq. Bu ay 3 hərrac(fason) keçirilib: 5 dekabr – 34 milyon 200 min, 7 dekabr – 55 milyon 050 min, 12 dekabr – 75 milyon 950 min dollar satılb.
Yəni ölkədə dollara təlabat sürətlə artır, bunun səbəbi FED deyil, ölkədə pis bir ənənə var – 4-cü rüb büdcə xərcləri, manat kütləsinin dövriyyəsi artır, təbii ki, dollara təlabat da yüksəlir. İlin sonu qeyri-leqal qazanılmış manatlar da dollara çevrilir.
Manata, hələ ki, ciddi təhkükə yoxdur, çünki neft qiymətləri yüksəkdir, amma FED qərarları, qonşu ölkələrdə baş verən yüngül devalvasiyalar mütləq gec-tez manata da təsir göstərəcək.
Manatın məzənnəsi tam inzibati olduğu üçün hər şey hökumətin qərarlarından və neft qiymətlərindən asılı olacaq.
Bu il bizdə neft hasilatı 6% azalıb, amma qiyməti 35%-ə yaxın artıb, buna görə də hökumət rahat davranır.
Yəni, ticarət balansında müsbət saldo hökumətin əməyi nəticəsində deyil də, neftin bahalaşmasına görə yarandı.
2018-də manat kütləsi artacaq, çünki büdcə xərcləri artır, deməli manata təzyiq də yüksələcək, FED 3-4 dəfə faiz artırsa, neft isə yenidən 50-55-lərə düşsə manatın vəziyyəti gərgin olacaq”.
Emil Salamoğlu/AzEuroNews/