BEYNƏLXALQ İNTİZAMSIZLIĞIN BAROMETRİ– “Kompasın əqrəbi sanki ağlını itirib…”
Hazırda ABŞ – enişdə, Avropa və Çin – yüksəlişdədir. Rusiya və inkişaf etməkdə olan ölkələrdə isə vəziyyət dəyişilməzdir.
Yenixeber.org: Son zamanlar dünya nizamı sankı özü özünə oxşamır. Dünya nizamının nə vaxt öz yolundan çıxması məsələsində yekdil bir fikir yoxdur. Sözsüz ki, bu barədə rusiyalılardan soruşduqada onlar həmin tarixin 1989-cu ildən (kommunizmin Avropada dağılması), amerikanlar -2001-ci ildən (11 sentyabr hadisəsi) bəzi avropalılar 2003-cü ildən (İraqa müdaxilə edilməsi), ərəblər isə 2011-ci ildən (inqilablar) başladığını deyəcəklər. Bu ölkələrin hamısından fərqli olaraq, çinlilər daha uzaqlara baxmağa üstünlük verdikləri üçün, onlar yəqin ki, 19-cu əsrdəki tiryək müharibələrini göstərəcəklər.
Hər necə olsa da, indi, 2017-ci ilin sonunda kompasın əqrəbi sanki ağlını itirib. Ona görə də, dünyadakı qaydasızlığın, nizamsızlığın “təzyiqini ölçmək” və geosiyasi aləmə nəzər yetirmək üçün bizə barometr lazımdır.
Barometrin düyməsi köhnə dünya nizamının əsas oyunçusu olan ABŞ-ı göstərir. İkinci Dünya Müharibəsindən sonra Amerika ənənəvi olaraq “azad dünyanın lideri” rolunu oynayıb. Ancaq doqquz aydır ki, hakimiyyətdə olan Donald Tramp bu rola arxasını çevirir.
Həm də ki, bu imtina heç də passiv şəkildə getmir, o, ABŞ ətrafında qurulmuş çoxtərəfli sistemin dağıdılmasına öncüllük edir. Prezident, sanki, əlinə gürz alıb onun sələflərinin yaratdıqlarını dağıtmağa girişib. Yəni bu, yeni bir dağıdıcı amildir.
Bildiyimiz kimi, bu yaxınlarda Tramp İranla bağlanmış nüvə müqaviləsini kəskin tənqid edib (Hərçənd ki, o həmin müqavilədən çıxmayaraq, bu qərarı Konqresin öhdəsinə buraxıb). Tramp Amerikanın YUNESKO-dan çıxdığını bildirib. Bu ilin yayında isə Paris İqlim Sazışının şərtlərini yerinə yetirməkdən imtina edib.
İzolyasionist prezidentin apardığı siyasət nəticəsində təhlükə altında qoyulan beynəlxalq təşkilatların və müqavilələrin siyahısına – Sakit okean əməkdaşlıq, Şimali Amerika Azad Ticarət Təşkilatı (Kanada və Meksika ilə birgə), Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı kimi qurumlar daxildir.
Amma bütün bunlarla yanaşı, nəhayət ki, Trampı Atlantik alyansının əsası sayılan NATO-nun vacibliyinə inandırmaq mümkün olub.
Arizona ştatından olan senator, respublikaçı Con Makkeyn deyib: “Məsələləri həll etmək əvəzinə günahkarlar axtarmağa üstünlük verən adamlar tərəfindən yaradılmış şübhəli və çiy millətçilik naminə dünya liderliyi öhdəliyindən imtina edilməsi və bizim bütün dünyada irəli sürdüyümüz idealların bir kənara atılması vətənpərvərcəsinə deyil”.
Beynəlxalq münasibətlər üzrə şuranın rəhbəri Riçard Hass İranla bağlanmış müqavilədən imtina olunması ilə bağlı deyib: “Tramp söyləyir ki, o, Amerikanın böyüklüyünü qaytarmaq istəyir. Amma dövlətin əsl böyüklüyü, onun adından qərarların qəbul olunması prezumpsiyasına hörmət qoyulmasının vacibliyindədir. Trampın doktrinası geriyə çəkilməkdir”.
Liviya ilə bağlı məsələdə “arxa sırada liderlik” (leading from behind) sözlərini işlətdiyinə görə, Vaşinqtonun xarici siyasət elitası Barak Obamanın başına od yağdırırdı. Elə Tramp da bu cür arxada qalır, ancaq o, həm də idarəetmə vasitələrindən də imtina edir.
“The New York Times” qəzetinin qısa redaksiya məqaləsində Trampın seçki şüari ilə bağlı maraqlı sərlövhə verilib: “İlk öncə Amerika” şüarı “Amerika hamıdan arxada”ya çevrilib.
Bu arada isə, bütün gözləntilərin əksinə olaraq, barometrin əqrəbi yuxarıya doğru yönəlib. Fransa və Niderlanddakı əks-zərbələrə baxmayaraq, orada hələ də, populizm dalğası güclüdür. Hər necə olsa da, Avropa Birliyi 2016-cı ilin uyunundakı “Brexit” səsverməsinə və Trampın təhdidlərinə baxmayaraq, bir qədər özünə gələ bilib.
Florida ştatından olan respublikaçı senator Marko Rubionun keçmiş müşaviri və hal-hazırda Marşal fondunun eksperti Ceymi Flay ümid edir ki, Transatlantik alyansını İraq müharibəsində olduğu kimi dərin fikir ayrılığı gözləmir. 2003-cü ildəki İraq müharibəsindən fərqli olaraq, İran məsələsində avropalılar vahid cəbhədən çıxış edirlər.
Tehranla müqavilə imzalayan ölkələrin (Fransa, Böyük Britaniya, Almaniya) diplomatik rəhbərləri və həmçinin də, Avropa Birliyinin bütün xarici işlər nazirləri Vaşinqtonun əksinə gedərək, həmin müqaviləyə sadiq qaldıqlarını Lüksemburq toplantısında təsdiq etdilər.
Avropa komissiyasında rəqabət məsələləri üzrə komissar Marqret Vestaqer və ticarət məsələləri üzrə komissar Sesilya Malmstryöm Amerikan internet nəhənglərinə vergiqoyma tətbiq edilməsi uğrunda yeni səylə mübarizə aparmaqla yanaşı, eyni zamanda da, Trampın Ümumdünya Ticarət Təşkilatına təziyiq göstərməsinə qarşı etiraz xəbərdarığı edirlər.
Brüsselin məsum günləri başa çatır. Avropanın strateji sektorlarına qoyulan Çin investisiyalarına daha az sadəlövhlüklə baxırlar. Avropa Birliyi rəhbərliyinin nümayəndəsi deyib: ”Biz on ildir ki, böhranın tənzimlənməsi ilə məşğul olmuşuq. İndi Avropanın oyanış vaxtı gəlib çatıb. Daha aktiv və böyük nikbinliklə hərkət etmək lazımdır”.
Çində də həmçinin barometr yuxarıya doğru qalxır. Pekin ABŞ-ın geri çəkilməsindən istifadə edərək, çoxtərəli münasibətlər qurmaqla, azad ticarətdən yararlanmaq niyyətindədir. Onlar, eyni zamanda ölkə daxilindəki sərt siyasəti davam etdirirlər. Çin ipək yolunu irəliyə aparır, aviadaşıyanlar tikir, infrastruktur və beynəlxalq institutlar yaradır.
Amerikan eksperti Ceymi Flay Şimali Koreya ətrafında yaranmış vəziyyətlə əlaqədar Çinin “opportunizm”indən ehtiyat etməyə çağırır. ”Corctaun Universiteti”ndən Rusiya üzrə ekspert Ancelina Stentlinin sözlərinə görə, çinlilər hesab edirlər ki, indiki dünya nizamı onların əlinə oynayır və onlar masa arxasında daha yaxşı yer tuturlar, ruslar isə belə sistemin onların ziyanına işlədiyinə əmindirlər.
Rusiya əvvəlki səviyyədə qalıb. O, Yaxın Şərqdəki təsirini genişləndirib, lakin onun praktik baxımdan Suriyada heç bir perspektivi yoxdur. Ukraynada isə, işlər dalana dirənib. Hindistan ondan uzaqlaşaraq, Qərblə yaxınlaşmaqda davam edir.
Ərəb dünyası getdikcə parçalanır. Braziliya, CAR, İndoneziya kimi inkişaf etməkdə olan ölkələrə bəslənən ümidləri, bu ölkələrin daxili problemləri ciddi şəkildə əngəlləyir. Barometr çoxlu sayda mümkün qasırğaların olcağından xəbər verir. Ona görə də, ehtiyatlı olmaq lazımdır, çünki indi çox qeyri-sabit dövrdür.
(“Le Monde”-Fransa)