Fotoqrafımız gəlib deyəndə ki, Maştağada "Çıldaqlar məhəlləsi" var. Çox diqqətimi çəkdi. Ömrümdə bir dəfə də olsun çıldağa getməsəm də, haqqında çox eşitmişəm. Yuxuda diksinəndə, özünü halsız hiss edəndə, baş ağrıların çoxalanda böyüklərimizin ilk diaqnozu belə olur: "Yəqin ki, cinlər uşağı qorxudub". Müalicə üsulu isə "Mütləq, çıldağa aparın".
Yenixeber.org: Canımda qorxunun olub-olmaması haqqında dəqiq bir fikrim olmasa da, həyatımda bir ilk yaşadım. Onu da qeyd edim ki, bu vaxta qədər heç Maştağada da olmamışdım. Maraqlanıb necə getmək lazım olduğunu öyrəndikdən sonra, nəhayət ki, özümüzü 172 nömrəli avtobusda tapdıq. "Univermaq" deyilən yerdə endik və "Çıldaqlar məhəlləsi"nin yolunu soruşduq. Göstərilən istiqamətdə getməyə başladıq.
Kəndin qəribə aurası var. Qəribə dediyim nüansı daha da dəqiqləşdirsəm, burda dini daha çox hiss etmək olur. İndi niyəsini də deyəcəm. Məsələn, biz gedəcəyimiz yerə çatana qədər ən çox diqqətimi çəkən nüans qapıların üzərində kağıza yazılmış duların vurulması oldu. Hətta bəzilərində Mirmövsüm ağanın şəklini də görmək olar.
Hə, nəhayət mənzil başına gəlib çata bildik. Məhlədə bir neçə gənc oğlan bir yerə yığışıb bizi müşahidə edirdi. Yaxınlaşıb bir daha ünvanı dəqiqləşdirmək istədik. Bizə elə düzgün ünvanda olduğumuzu bildirdilər. Məhlədə bir neçə qapıda əhalinin dili ilə desək, "ocaq"lar var idi. İcazə aldıqdan sonra içəri daxil olduq. Qapının ağzında xeyli insan yığılıb öz növbələrini gözləyirdi. İlk otaq kişiləri çıldaq etmək üçün nəzərdə tutulub.
- İçəri keçə bilərik?
- Buyurun keçin.
Balaca otaq və sizə yazıyla ötürə bilməyəcəyim qəribə aura. Bəlkə də insanlar doğurdan da bütün qorxularını bu balaca otağın içində qoyur.
Çıldaqçı Zülfüqarın dediyinə görə, çıldaq etdirmək üçün təkcə xəstə adamlar yox, sağlam insanlar da gəlir:
"Bura xəstə adamlarla yanaşı, sağlam insanlar da gəlir. Gələnlər əsasən, qorxu hissi keçirirlər və qorxduqları zaman damarlarında tutulmalar olur. Biz həmin nöqtələri tanıyırıq. Bu üsul Çində də geniş yayılıb. Biz bu işi odla edirik, amma onlar iynə vasitəsilə edirlər. Dünyaya gözaçandan bu işlə məşğul olduğumuz üçün hansı sinir nöqtələrinə toxunmaq lazım olduğunu dəqiq bilirik. Biz əmi uşaqlarıyıq. Burda bu işlə 4 nəfər olur. Kişiləri kişilər, qadınları da qadınar çıldaq edir. Hazırda növbə ilə çalışırıq. Çünki hərənin öz işi var".
Gözümə divarda "Çıldaq aylıq 3 kurs" yazısı dəydi. Çıldaqçıdan bunun mənasını soruşanda qeyd etdi ki, "Bəzən bura çox ağır qorxu keçirmiş xəstələr gəlir. Onlara bir dəfə ilə kömək etmək mümkün deyil. Ona görə də ayda 3 dəfə bu prosesdən keçməlidir".
Xanımlar olan tərəfə keçib proseslə daha yaxından tanış olmaq üçün növbədə gözləməyə başldıq. Fikrimiz var idi ki, çıldaq olunan zaman fotolar çəkək. Lakin xanım öz adını deməkdən və fotoların çəkilməsindən imtina etdi. Buna baxmayaraq mən prosesi sizə olduğu kimi təqdim edəcəm. Çıldaq etmək heç də uzun çəkmir. Cəmi 1 dəqiqənizi alan prosesdir. Yaşıl rəngli kiçik ölçüdə bükülmüş parçanı yandırıb alın, qol, bilək, boyun, qarın və dizlərinizə toxunur. Və siz qorxularınızdan xilas etmiş olur.
Qapıda növbədə dayanan xanımlarla danışmaq istəsək də, onlarda bizimlə söhbət etməkdən imtina etdi. Aralarından yalnız bir xanım danışdı:
"Mən bu ocağa çox gəlib, gedirəm. Bax indi yuxu rejimim pozulub. Bilirəm ki, burdan gedəndən sonra rahat yatacam. İnanıram ki, çıldaq mənə kömək olur. Bir də görürsən ki, cavan gəlinlər nədənsə qorxur. Həmin vaxt onların bədəni süst düşür, halsızlıq və iştahsızlıqdan əziyyət çəkirlər. Bu ocağa gəlib gedəndən sonra nə qədər sağalan adam görmüşəm".
Məni çıldaq edən xanımın dediklərinə görə, nədənsə qorxmuşam. Amma bilmirəm, bəlkə də...
Düşünürəm təqdim etdiyimiz fotolar sizə həmin məkan haqqında daha geniş təsəvvür yaratmağınıza yardım edəcək.
Lalə Niftaliyeva
Foto: Sultana Əhmədbəyli