Şərqi avropalı siyasətçilərin anti-miqrant çağırışları:"Müftəxor müsəlmanlar" doğrudanmı yerlilərin çörəyini əlindən alır? - Təhlil
Robert Routorn və David Rujiçka
“Project Syndicate”
Mərkəzi və Şərqi Avropa liderləri niyə qaçqınları qəbul etmək istəmədiklərini izah etməyə çalışanda, bir-birinə zidd açıqlamalar verirlər. Bəziləri qaçqınların yerli işçilərin yerini daraltdıqlarını iddia edirlər ki, bu da əslində, qaçqınların əməksevər olduğunu göstərir; digərləri isə qaçqınların sosial müavinətlərə güvənmələrindən şikayət edirlər ki, bu da onların çox az işlədiyini göstərir.
Yenixeber.org:Macarıstanın baş naziri Viktor Orban, məsələn, birinci fərziyyəni müdafiə edir. 2015-2016 illər arasında onun hökuməti anti-miqrant reklamlarına 50 milyondan çox (59 milyon dollar) xərcləyib.
Əksinə, çex siyasətçiləri, məsələn, baş nazir müavini Andrey Babis, daxili işlər naziri Milan Çovanez və eks-prezident Vatslav Klaus qaçqınlar və miqrantları sərbəst müavinətlərə üstünlük verən müftəxorlar kimi təsvir edirlər. Çexiyanın hazırkı prezidenti Miloş Zemanın fikrincə, əlini toza bulaşdırmadan havayı rifah axtaranların hamısı bir kateqoriyaya daxil edilə bilər – "müsəlmanlar".
Mərkəzi və Şərqi Avropada qaçqınlara dair bu təzadlı təsvirləri bir deyimlə məşhurlaşıb: "Şrödingerin miqrantı". Bu, kvant mexanikasının yaradıcılarından biri olan avstriyalı nəzəriyyəçi fizik Ervin Şrödingerin xəyali eksperimentindən doğan ifadədir. Şrödinger subatom mexanikasından makroskopik sistemə keçiddə kvant mexanikasının natamamlığını göstərmək üçün həmin anlayışdan istifadə edib. Geniş istifadə mənasında, “Şrödinger pişiyi” qutudan çıxarılanadək həm ölü, həm də canlı sayılan pişik kimi başa düşülür.
Avropa Sosial Araşdırmalarının hesabatına görə, Avropada qaçqın və məcburi köçkünlərin mövcud iş yerlərini “zəbt etməsi” və ya həqiqətən yenilərini yaratdıqları barədə çox az razılaşma var.
Biz, alimlər və jurnalistlərdən ibarət kollektivi olan “Odlišnost”da (“Müstəsna”) 1990-cı ildən 2015-ci ilədək miqrantların Avropada və Yaxın Şərqdəki iş yerlərinə təsirini müəyyənləşdirmək üçün 20 empirik tədqiqatı nəzərdən keçirdik. Hamının ümumi rəyinə görə, inkişaf etmiş ölkələrdə icbari sayda qəbul edilən qaçqın və məcburi köçkünləri bu ölkələrdə doğulan işçiləri “çörək yeri”ndən məhrum etdiyinə dair az dəlil var.
Əlbəttə, miqrantların yerli işçiləri sıxışdırmasına inananlar ki, gəlmələrin kifayət qədər vergi verdiyinə də şübhə edir. Bu fikirdə müəyyən həqiqət var. İnkişaf etməkdə olan ölkələrdən gələn miqrantların artan payında, xüsusilə də qadınlar olmaqla, daha az təhsilli işçilər çoxdur və bu, gəlirlərin və miqrantların ümumi məşğulluq səviyyəsinin azalmasına səbəb ola bilər.
Ancaq yüksək və aşağı ixtisas səviyyəli miqrantlar həm də onları qəbul edən ölkələrdə əməyin səmərəli bölüşdürülməsinə kömək edirlər, çünki mədəni fərqliliklər ucbatından yerli əhali ilə rəqabət aparmaq daha çətin olur.
Nəzərdən keçirilən araşdırmalar göstərir ki, əmək haqqı baxımından yaxın qonşu ölkələrdən olan miqrantlar aşağı səviyyəli yerli işçilərin maaşlarına az təsir göstərirlər. Lakin uzaq coğrafiyalardan gələn miqrantlar hesabına bu mənfi təsir ortadan qalxır.
Daha ümumi planda müxtəlif mədəniyyətlərə mənsub insanlar qəbuledici ölkələrin təsərrüfatına fərqli bacarıq və təzə ideyalar gətirirlər. Buna müxtəlif sübutlar var ki, fərqli kollec təhsili məhsuldarlıq və iqtisadi artımla müsbət təsirə malikdir. Birləşmiş Ştatlarda birinci və ikinci nəsil miqrantlar “Fortune 500”, “Google”, “Apple” və “Amazon” daxil olmaqla, məşhur şirkətlərin 40 faizindən çoxunu təsis ediblər.
Bu, təəccüblü deyil. Əksinə, miqrantlar, bir qayda olaraq, evdəki soydaşlarından daha çox təhsil alırlar. Avstriyada 2015-ci ildə suriyalı və iraqlı sığınacaq axtaran şəxslərin kollec təhsilinə dair göstəricilər yerli əhali ilə eyni idi. Bununla yanaşı, uzaqdan gələn miqrantlar qonşu ölkələrdən gələnlərlə müqayisədə iqtisadiyyata daha çox kömək edə bilər.
Loveyn Universitetinin iqtisadçısı Frederik Dokkier və onun həmkarları inkişaf etməkdə olan ölkələrdən gələn miqrantların qəbuledici ölkənin büdcələrinə, əmək haqlarına və istehlak bazarlarına olan iqtisadi təsirlərini araşdırır. 1991-ci ildən 2015-ci ilə qədər 20 İƏİT(İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkəsinə gələn miqrantlar haqqında araşdırmada onlar müəyyən edib ki, yerli əhali miqrantların töhfələrindən əhəmiyyətli dərəcədə fayda götürüb.
Qaçqınlar və miqrantların Avropa ölkələrinə sosial yardım proqramlarından istifadə etmək üçün gəldiyini tez-tez iddia edən anti-miqrant siyasətçilərinin dəlili qəribə görünür. Almaniya və İsveçdə, ümumiyyətlə, miqrantlar üçün ən səxavətli imtiyazlar var, lakin bu iki ölkəyə güclü və vahid axın yoxdur.
2016-cı ildə suriyalılar Almaniyaya və Skandinaviya şəhərinə qaçırdılar (cədvəldə bu göstərilib). Ancaq eritreyalılar tez-tez İsveçrəyə yollanırdılar və bir çox əfqanlar Macarıstanda sığınacaq istəyirdilər.
Bu mövzunu "üstünlük nəzəriyyəsi" prizması vasitəsi ilə qiymətləndirən iqtisadçıların fikrincə, sığınacaq istəyənlər analitik təfəkkürə malikdirlər. Məsələn, onlar aşağı işsizlik nisbətinə görə məhz Almaniya kimi ölkələri seçirlər. Lakin qeyri-iqtisadi məlumatları tədqiq edən tədqiqatçılar, ən azı miqrantlar arasında keçirilən sorğulara əsasən, bu fərziyyəyə şübhə edirlər.
Görünən budur ki, sığınacaq axtaran şəxslər, adətən, gəlməmişdən əvvəl ölkənin əmək bazarındakı şərtlər və ya sosial müavinətlər barədə heç bir məlumata malik olmurlar.
Əksinə, onlar adətən, səyahət şəraiti ilə idarə olunurlar. Şüurlu şəkildə bir ölkə seçdikləri zaman, soydaşlarının və ya qohumlarının yaşadığı yerləri və ya keçmiş müstəmləkə əlaqələri sayəsində dilini artıq bildikləri yerlərə yollanmağa çalışırlar.
Qaçqınların daha sürətli, daha səxavətli sığınacaq prosedurları olan ölkələrə üstünlük verməsi intuitivdir. Lakin tədqiqatlar rifah təminatı və qaçqınların təyinat yeri seçməsi arasında hər hansı mənalı bir əlaqəni aşkarlamayıb. Fərqli ölkələrin sığınacaq siyasəti barədə qaçqınların çox az bilgisi var, adətən, onların maraqları üçün az narahat olan qaçaqmalçıların yaydığı dedi-qodulardan faydalanırlar.
Nativist siyasətçilərin, şübhəsiz, “Şrödingerin miqrantı”nı görməyə gözləri yoxdur. Onlar bu populyar ifadə arxasında hələ çox gizlənəcəklər. Miqrasiya məsələsinin müzakirəsi isə qorxu siyasəti vasitəsi ilə deyil, mahiyyətcə həll olunmalıdır.