ÇEXİYANIN YENİ PREZİDENTİ KİM OLACAQ?-Putinin dostu, miqrantları və müsəlmanları sevməyən Miloş Zeman, yoxsa "Avropanın namizədi"...
Yenixeber.org: Yanvarın 12-13-də Çexiyada prezident seçkilərinin birinci turu keçiriləcək. Əsas mübarizə Putinin dostu, rusiyayönlü mövqeyi ilə tanınan 73 yaşlı Miloş Zemanla (hazırkı prezident) Moskvanın siyasətinin tənqidçisi, 68 yaşlı İrji Draqoş arasında gedəcək. Sosioloji sorğular göstərir ki, birinci turda qalib müəyyənləşməyəcək. İki həftədən sonra keçiriləcək ikinci turda isə daha çox hazırkı prezident Zemanın qalib gəlmək şansı var. Çexiyanın kdovyhracevolby.ch portalının keçirdiyi sorğunun nəticələri göstərir ki, seçicilərin 47,6 faizi Zemana səs verməyə hazırlaşır. Elmlər namizədi İrji Draqoş isə səs faizinə görə ondan bir qədər (44,9 faiz) geri qalır. Seçkidə ümumilikdə 9 namizəd iştirak edir.
Kampaniya aparmayan prezident
Miloş Zeman
Zeman seçkidən əvvəl nə kampaniya aparıb, nədə debatlarda iştirak edib. Onun mövqeyi hamıya bəllidir. Zeman Avropa Birliyinin miqrasiya siyasətinə sərt şəkildə qarşı çıxan, Rusiya və Çinlə münasibətləri inkişaf etdirməyə tərəfdar olan siyasətçidir.
Onun hakimiyyəti dövründə Paraqa ilə Brüssel arasında mübahisələr səngiməyib. 2015-ci ildən – miqrasiya böhranı başlayandan bəri Çexiya Avropa Birliyindən qaçqınların qəbulu ilə bağlı siyasəti sərtləşdirməyi tələb edir. Və Brüsselin miqrantların bölüşdürülməsi ilə bağlı qərarlarına qarşı çıxır.
Zeman AB-nin qaçqınların bölüşdürülməsi ilə bağlı Çexiya qarşısında qoyduğu öhdəliyi demək olar ki yerinə yetirməyib. Çexiya payına düşən 2 min qaçqın əvəzinə, cəmi 12 miqrant qəbul edib. 2016-cı ildən bu yana isə ölkə bir nəfər qaçqına belə, "qapı açmayıb".
Hələ 2016-cı ilin fevralında o vaxtkı baş nazir Boquslav Sobotka ultimatum göndərmişdi ki, əgər Brüssel Çexiyanı qaçqınlarla bağlı kvotaya əməl etməyə məcbur etsə, Avropa Birliyindən çıxmaq üçün referendum keçirəcəklər.
2017-ci ilin dekabrında Avropa Komissiyası Çexiya, Polşa və Macarıstanlabağlı Avropa Məhkəməsinə şikayət ünvanladı. Hər üç ölkə miqrantlarla bağlı öhdəliklərə əməl etməməkdə ittiham olunurdu.
Bütün bunların fonunda Çexiya "Vişeqrad dördlüyü"ndəki (Macarıstan, Polşa, Slovakiya) tərəfdaşları ilə münasibətlərini möhkəmləndirir. Qrupdakı ölkələrin hamısı Avropa Birliyinin miqrant siyasətinə qarşı bir cəbhədə birləşiblər.
Zeman anti-İslam mövqeyi ilə də tanınır. O, dəfələrlə çıxışlarında müsəlman aləminin sivilizasiyadan geri qaldığını dilə gətirib.
Zemanın əsas rəqibi seçki kampaniyası müddətində Avropa yönümlü mövqedən çıxış etdi. "Mən tamamilə fərqli prezidentlik üsulunun tərəfdarıyam. Müttəfiqlərimizin Çindən yox, NATO və Avropa Birliyindən olmasını istəyirəm", – deyə İrji Draqoş bildirmişdi.
Kremlin dostu…
Zeman və Putin
Zeman Çexiyaya 2013-cü ildən rəhbərlik edir. Beş il əvvəl o, Çexiya tarixində ilk dəfə olaraq birbaşa seçkilərdə prezident seçildi. Rusiya ilə yaxın münasibətlərinə görə, dəfələrlə tənqid olunsa da, Zeman bu mövqeyinə bugünədək sadiq qalır.
Prezidentliyi müddətində o, iki dəfə Rusiyaya səfər edib. 2015-ci ilin mayında Böyük Vətən Müharibəsinin yubileyi ilə bağlı təşkil olunan mərasimdə iştirak etmək üçün və 2017-ci ilin noyabrında Çexiyadan olan siyasətçilərin və biznesmenlərin 4 günlük səfər proqramında nümayəndə heyətinin tərkibində. Bundan başqa, iki dəfə də Rusiya prezidenti Vladimir Putinlə beynəlxalq forumlarda görüşüb.
Noyabrda Moskvada Zemanın da iştirakı ilə keçirilən forumda tərəflər 1 milyard dollarlıq saziş imzalamışdılar. Səfər zamanı Zeman mövqeyinə sadiq qalaraq yenə də Rusiyaya Krım və Donbasa görə sanksiyaların tətbiq olunmasını pisləmişdi.
Ekspertlər deyir ki, Zemanın bu mövqeyi Çexiyanın sanksiyalar məsələsində Avropa Birliyi ilə həmrəy olmasının qarşısı ala bilməyib. Belə ki, Çexiya prezidenti Avropa Birliyinin siyasətinə təsir edə biləcək qədər vacib fiqur deyil: "Zemana qədər də Çexiya biznesinin durumu Rusiyada kifayət qədər rahat idi".
Federal Gömrük Xidmətinin məlumatına görə, ötən ilin yanvarından oktyabrınadək Rusiya ilə Çexiya arasında ticarət dövriyyəsi 2016-cı ilin analoji dövrü ilə müqayisədə 42 faiz artaraq 6,08 milyard dollara çatıb. Həmin dövr ərzində Avropa Birliyi ölkələri ilə Çexiya arasındakı ticarət dövriyyəsi isə 200 milyard dollar təşkil edib.
"Biz Qərbə aidik"…
İrji Draqoş
Zemanın əsas rəqibi – keçmiş prezident İrji Draqoş Çexiyada populyarlaşmış şüarla ("Biz Qərbə aidik") çıxış edir. Draqoş dəfələrlə Rusiyanın Çexiyadakı seçkilərə müdaxiləsinin nə dərəcədə təhlükəli olmasından söz açıb.
Draqoşa görə, Rusiya Çexiya üçün məsələn, Fransadan daha az əhəmiyyətli tərəfdaşdır. Qələbə qazanacağı təqdirdə o, Rusiyadan sərəmayələrlə bağlı təminat gözləyir. Draqoşun fikrincə, bu istiqamətdə böyük problemlər var.
Draqoş Krımın Rusiyaya birləşdirilməsini tanımır və Moskvaya qarşı sanksiyaları dəstəkləyir.
«Rusiya 1994-cü ildə qəbul edilmiş Budapeşt sazişini kobud şəkildə pozduğu üçün sanksiyalara məruz qaldı. Həmin saziş Ukraynanın ərazi bütövlüyünə təminatı nəzərdə tutur. Hesab edirəm ki, sanksyalar üçün əsaslar qalmaqda davam edir", – deyə Draqoş bildirib.
Zeman və Babiş
Parlament respublikası olan Çexiyada dövlətin siyasətini müəyyənləşdirən əsas qüvvə hakim koalisiyadır. Bu baxımdan qarşıdakı seçkini hazırkı prezidentə etimadla bağlı referendum da adlandırmaq olar. Opponentləri hesab edir ki, Zeman tez-tez öz səlahiyyətlərini aşıb və Çexiyanı dünya qarşısında pis vəziyyətə salıb.
"SentiOne" şirkətinin apardığı araşdırma üzə çıxarıb ki, seçkiöncəsi dövrdəsosial şəbəkələrdə daha çox Zemanı müzakirə ediblər. Amma onunla bağlı fikirlərin çoxu neqativ xarakterli olub.
Çexiya parlamentinin aşağı palatasında Andrey Babişin rəhbərlik etdiyi Nazirlər Kabinetinin təsdiqlənməsinə dair səsvermə keçirilməli idi. "Reuters" deputatlara istinadən məluat yaydı ki, Babiş lazım olan səs faizini toplaya bilməyəcək. Bununla belə, prezident Zeman hökuməti formalaşdırmaq üçün Babişə daha bir şans verəcəyini bəyan etdi.
Müxalifət Babişə 2,4 milfon dollarlıq mənimsəmə ittihamına görə qarşı çıxır. İttihama əsasən, Babiş Avropa fondlarından alınan dotasiyanı mənimsəyib. Baş nazir isə ittihamı rədd edərək təxribat adlandırır. Zemanın fikrincə, parlamentarilər tələsməməlidirlər. Çünki Babişin təqsiri hələ sübut olunmayıb.
Siyasi problemlərə baxmayaraq, Çexiya iqtisadiyyatı inkişafdan qalmır. "Reuters"in yazdığına görə, ölkədə işsizliyin səviyyəsi son 20 ilin ən aşağı həddinə düşərək 3.8 faiz olub.