ŞƏHİDLİYƏ VERİLƏN DƏYƏR
Yenixeber.org: Müharibə nədir? Müharibə insan ölümüdür, kəndlərin, şəhərlərin, yurd-yuvaların dağıdılması, xarabazara çevrilməsidir, ocaqların söndürülməsidir, qapı-bacaların zorən bağlanmasıdır, elm ocaqlarının, məktəblərin, bağçaların, mədəniyyət evlərinin, muzeylərin dağıdılması, tarixi abidələrin yerlə bir edilməsidir. Müharibə qandı, qadadı, ölümdü, itimdi, tökülən göz yaşıdır, söndürülən ocaqdır, yarıda kəsilən insan ömrüdür. Müharibə insanların ata- baba yurdlarından, yuvalarından pərən- pərən salınıb məcburi qaçqına, didərginə çevrəlməsidir. Müharibə qadınlar üçün ərsizlikdir, övladsızlıqdır, vəhşilikdir, vəhşətdir, dəhşətdir.
Dünyanın harasında olmasından asılı olmayaraq müharibə elə müharibədir. İnsan qırğınıdır, torpaqların işğalıdır, yaşayış məntəqələrinin dağıdılıb viran qoyulmasıdır. Müharibə həm də işğal olunmuş Vətən torpaqlarının şəhid verib işğaldan azad olunmasıdır. Müharibə özünə qayıdışdır, yerinə-yurduna sahib olmaqdır, düşmənə kim olduğunu anlatmaqdır, qisasın qiyamətə qoyulmamasıdır. Şəhid ruhunun rahatlığı, dincliyidir.
Biz azərbaycanlılar tarixən sülhsevər, qonaqpərvər, rəhimli, qonşuyla mehirban dolanan, ona əlyetirən bir xalq, millət olmuşuq. Üstümüzə gələnə qucaq açıb sığınacaq vermişik. Süfrəmizin başında oturtmuşuq. Kimsənin varında, dövlətində, torpağında gözümüz olmayıb. Hər zaman yadellilər torpaq almaq eşqiylə üstümüzə qoşun çəkiblər. Həmişə də məğlub olub geri çəkiliblər. Bir də cəsarət edib üstümüzə gəlməyiblər. Allahın bəndəsi olmayan bir millət var ki, onlar hər zaman baş ağrımıza çevriliblər. Bunlar haylardır. Yarandığı gündən ermənilərin bir məqsədi, bir məramı olub, qonşu ölkələrin torpaqlarını ələ keçirib "Böyük Ermənistan"yaratmaq. Zaman-zaman buna nail də olublar.
Ermənilər türk dünyasına qarşı aşkar və gizli müharibələrini davam etdirmək üçün dünyanın hər yerinə səpələniblər. Bu qaraçı yaşam tərzi onların qanında, canındadır. Hər zaman ölməyi prinsiplərindən üstün tutublar. Tarixin hər hansı vərəqini çevirdikdə orada qan ləkəsi görünür. Bu qan ləkələrinin baisi erməni millətçiliyi, erməni şovinizmi, erməni qaniçənliyidir. Tarixdən məlumdur ki, ermənilər təkcə bizə qarşı vuruşmayıblar, onlar eyni zamanda romalılara, farslara, türklərə, gürcülərə, yevreylərə, ruslara qarşı da vuruşublar.
On doqquzuncu əsrin başlanğıcından Azərbaycan ərazilərinə köçürülən ermənilər əsrin sonlarında Azərbaycanın əzəli torpaqları olan Qarabağa, Naxçıvana, İrəvana, Göyçəyə, Zəngəzura və başqa torpaqlarımıza sahib çıxmaq istəyiblər.
Qarabağ tarixən Qafqazın ən strateji bölgəsi olub. Yaxın qonşularımız olan Rusiya, İran, Türkiyə və eləcə də dünyanın aparıcı dövlətləri olan İngiltərə, Fransa, ABŞ bu yurda həmişə böyük maraq göstəriblər. Erməni vandalları isə heç vaxt Azərbaycan torpaqlarını işğal etməkdən, özününküləşdirməkdən daşınmayıblar.
Dəyərli dostum, yazıçı- jurnalist, respublikanın əməkdar jurnalisti Əlisahib Əroğlunun keçən ilin aprel döyüşlərində qəhramancasına şəhid olmuş kəşfiyyatçı polkovnik Vüqar Nürəddin oğlu Yusifov haqqında (168 səhifəlik) yazdığı "Şiştəpəli polkovnik əfsanəsi" adlı bədii- publisistik kitabı qarşımdadır. Kitabda cəsur, igid, qorxmaz, peşakar hərbiçi, polkovnik Vüqar Nürəddin oğlunun keçdiyi şanlı döyüş yolundan, onun haqqında döyüş yoldaşlarının, valideyinlərinin, qohum-əqrabalarının, dostlarının, müəllimlərinin xatirələrini, ürək sözlərini həyacansız oxuya bilmirəm, qəhər məni boğur, gözlərim yaşarır. Hər kəs Vüqarı hörmətlə, izzətlə, qürurla xatırlayır. Onunla fəxr etdiklərini, qürur duyduqlarını bildirirlər. Qəhraman polkovnik Vüqar aprel döyüşlərində ömrünün 40-cı ilində şəhid olub əbədiyyətə qovuşub.
Şəhidlik nədir, sualına bir mənalı olaraq hamı, hər kəs eyni qiyməti, eyni dəyəri verir. Şəhidlik- Vətən torpağının qorunmasıdır! Şəhidlik- vətənə məhəbbətin ucalığıdır! Şəhidlik- qeyrətdir, namusdur! Şəhidlik- ölümün ölümsüzlük zirvəsidir! Şəhidlik- İlahi bir cəsurluqdur! Şəhidlik- Allah tərəfindən türk övladına verilmiş xoşbəxtlikdir! Dünyanın ən əziz bəndələridir şəhidlər!
Vüqar sıradan birisi deyildi. Vüqarlı, cəsur, igid, qəhraman, Vətəni canından artıq sevən, əfsanələşən bir əskər, yüksək çinli bir zabit idi. Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat rəisi idi, 200 -dən artıq kəşfiyyat əməliyyatı keçirmişdir ki, bu əməliyyatların da həyata keçirilməsi üçün ona orta hesabla tam 7 gün lazım gəlirdi. Demək Vüqar hər əməliyyatda 7 gün düşmən arxasında olurdu. Bunun üçün də ondan cəsarət, qorxmazlıq, işinin ustalığı, peşəkarlıq, dözümlülük tələb olunurdu. Və bir də ürəyin təpəri, qolun gücü lazım idi. Bunların hamsı Vüqarda var idi.
Söz var. Deyirlər şəhid haqqında kitab yazmaq həm çətindir, həm də şərəflidir. Çətindir ona görə ki, şəhidin doğmalarından onun haqqında söylənilən hər xatirədə bir ağrı, bir göynərti, sızıltı eşidirsən, şərəflidir ona görə ki, onun keçdiyi ömür yolunu xalqa çatdırıb əbədiləşdirirsən, tarixləşdirirsən. Əlisahib müəllim bütün imkanlarını, bacarığını, istedadını ortaya qoyub, geniş oxucu kütləsi üçün dəyərli, oxunaqlı bir kitab yazıb. Tanrı köməyi olsun!
Müəllif kitabında Vüqar haqqında çox maraqlı və qürur veriləcək faktları da oxuculara çatdırır. Məlum olur ki, Azərbaycan Silahlı Qüvvələri tarixində Vüqar yeganə hərbiçidir ki, 40 yaşında polkovnik rütbəsi alıb və ikinci yüksək çinli zabitdir ki, döyüş meydanında şəhid olub. O, rütbəsinə və tutduğu vəzifəsinə görə döyüş meydanında yox, arxa cəbhədə ola bilərdi. Lakin bu vüqarlı, dəyanətli Vüqarın yeri ancaq döyüş, vuruş meydanında idi. O son nəfəsinə kimi də döyüş meydanında oldu və elə orda da şəhid olub əbədiyyətə, ölməzliyə qovuşdu.
Vüqarda olan hərbiçilik sevgisi ona babası, ikinci dünya müharibəsinin iştirakçısı Mahmud kişidən və Qarabağ döyüşlərinin iştirakçısı olan qəza nəticəsində 1999-cu ildə həyatını itirən əmisi mayor Seyfəddin Mahmud oğlundan keçmişdi.
Əlisahib Əroğlu üçün Vətən, Torpaq və şəhid ruhundan müqəddəs bir şey yoxdur. Məhz bu baxımdan müəllif Vüqarın şəhidliyini yüksək dəyərləndirir və onu sözün İlahiliyi ilə uca bir zirvəyə qaldırır.
Müəllif qey edir ki, Vüqarın var- dövləti Sumqayıt şəhərində ipoteka yolu ilə aldığı 3 otaqlı mənzili və bu mənzildə bu gün atasız yaşayan 3 övladıdır.
Mən inanıram ki, əziz dostumun böyük zəhmət bahasına ərsəyə gətirdiyi, ruhla yazdığı "Şiştəpəli polkovnik əfsanəsi" kitabı geniş oxucu kütləsinin də rəğbətini qazanacaq və müəllifinə bir daha şərəf və hörmət gətirəcəkdir.
Məhərrəm Şəmkirli
AYB-nin üzvü.