Dərhal nəticə verən görüş:böhranın dibindən yuxarıya doğru...

Rusiyada azərbaycanlılara qarşı təzyiqlər dayandırılacaqmı?
Yenixeber.org: Oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş keçirilib. Bu, dekabrın 25-də baş vermiş təyyarə qəzasından sonra iki ölkə liderlərinin ilk geniş formatlı görüşü olub və münasibətlərin normallaşmasına işarə kimi qiymətləndirilir. Liderlərin söhbətinin məzmunundan bəlli olur ki, görüş Rusiya tərəfinin xahişi ilə baş tutub.
Vladimir Putin çıxışına təyyarə qəzası ilə bağlı üzrxahlıq və başsağlığı ilə başlayıb. Bildirib ki, faciə baş verən gün İlham Əliyevlə telefon danışığı zamanı dərhal üzr istəyib və həlak olanların ailələrinə başsağlığı verib.
Putin hadisənin səbəblərini aşağıdakı kimi şərh edib:
Qəza zamanı Rusiya səmasında Ukraynaya məxsus üç pilotsuz uçuş aparatı mövcud olub;
Rusiya hava hücumundan müdafiə sistemində texniki nasazlıq yaranıb;
Təyyarəni vurmaq üçün buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib, lakin təxminən 10 metr məsafədə partlayıb. Bu, yəqin ki, “öz-özünü məhv etmə” rejimi olub.
Putin vurğulayıb ki, bu səbəbdən təyyarə qismən zədələnib, amma məhvedici döyüş başlıqları ilə deyil, raket parçaları ilə zədələnmə baş verib. Pilot hadisəni “quş sürüsü ilə toqquşma” kimi qiymətləndirib və rus dispetçerlərə məlumat verib.
O əlavə edib ki, Mahaçqalaya eniş təklifini qəbul etməmə və nəticədə Qazaxıstanda qəzaya düşmə faktı da hadisənin gedişinə təsir edib.
Putin qeyd edib ki, hadisə ilə bağlı saniyə-saniyə texniki analiz aparılıb, nəticələr “qara qutular”ın məlumatlarında əksini tapıb.
“Rusiya tərəfindən kompensasiya ödəniləcək və məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”, - deyə Putin bildirib.
Beləliklə, Rusiya tərəfi ən yüksək səviyyədə Azərbaycanın iki tələbini tam, birini isə qismən qəbul edib. Bura kompensasiyanın ödənilməsi və günahkarların cəzalandırılması daxildir. Putin görüşdə birbaşa üzr istəməyib, “hadisənin Rusiyanın hava məkanında baş verməsinə” görə üzrxahlıq etdiyini xatırladıb.
Həmçinin Putin çıxışında qeyd edib ki, iqtisadi-ticari əlaqələr, təyyarə faciəsindən dolayı münasibətlərdəki gərginliyə baxmayaraq, inkişaf edir. Onun sözlərinə görə, 2023-cü ildə ticarət dövriyyəsi təxminən 6%, 2024-cü ildə isə 16%-dən çox artıb.
Rusiya lideri humanitar və diplomatik əməkdaşlığın da yüksək səviyyədə olduğunu vurğulayıb və müttəfiqlik müqaviləsinin bütün müddəalarının yerinə yetirilməsini təmin edəcəklərini qeyd edib.
Prezident İlham Əliyev isə əvvəlcə Putinə görüşə və doğum günü təbriklərinə görə təşəkkürünü bildirib. Burada incə şəkildə görüş təşəbbüsünün rusiyalı həmkarından gəldiyini xatırladıb.
O, həmçinin AZAL təyyarəsi qəzası ilə bağlı təfərrüatlı məlumata və şəffaf istintaqın aparılmasına görə Putinə minnətdarlığını ifadə edib: “Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, bütün məsələlər obyektiv araşdırılacaq”.
Prezident həmçinin vurğulayıb ki, Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası yaxınlarda keçirilib, burada iqtisadi-ticari və bütün sahələr üzrə əməkdaşlıq uğurla inkişaf edir.
“Bu il əlaqələrimiz bütün istiqamətlərdə uğurla inkişaf edir. Heç bir sahədə geriləmə və gecikmə yoxdur. Razılaşdırılmış yol xəritələri uğurla icra olunur”, - deyə Əliyev bildirib.
Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Fərhad Məmmədov Pressklub.az-a şərhində görüşü həm Azərbaycan, həm də Rusiya üçün münasibətləri normallaşdırmaq niyyətinin nümayişi kimi qiymətləndirib:
“Düşünürəm ki, bu görüş münasibətlərin bərpasının başlanğıcı olacaq. Tərəflər başa düşüblər ki, böhranın dibinə çatmışıq və indi yuxarıya doğru hərəkət etməyin vaxtıdır. Bundan sonra münasibətlər yeni reallıqlar şəraitində formalaşacaq. Tərəflərin gözləntiləri əvvəlki kimi maksimalist olmayacaq”.
F.Məmmədov əlavə edib ki, görüş həm AZAL təyyarə qəzasına aydınlıq gətirilməsi, həm də humanitar və iqtisadi əməkdaşlığın davam etdirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Bu görüş Azərbaycan-Rusiya münasibətlərində hansı dəyişikliklərə səbəb ola bilər, gözləntilər və növbəti addımlar nədən ibarətdir?
Bu gün səhər ilk nəticə reallaşıb - “Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıx həbsdən azad edilib. Xatırladaq bu il iyulun 1-də və o və kanalın baş redaktor Yevgeni Belousov barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Onlar mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq və cinayət yolu ilə qazanılmış külli miqdarda əmlakı leqallaşdırma cinayətlərində ittiham olunurlar.
Bundan sonra gözləmək olar ki, Bakıda həbsdə olan 8 Rusiya vətəndaşı da azad ediləcək. Onlar iyulun 1-də DİN-in keçirdiyi əməliyyat zamanı saxlanılıb, İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluq ittihamları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Paralel olaraq, Azərbaycanın da Rusiyadan gözləntiləri var. Bura Rusiyadakı diaspor fəallarına qarşı təzyiqləri dayandırmaq, həbs edilənləri azadlığa buraxmaq, həmçinin bundan sonra Azərbaycan vətəndaşlarına qarşı hər hansı məhdudiyyət və təzyiqlərə yol verməmək daxil ola bilər.
Rusiya tərəfi, qarşılıqlı addımlar çərçivəsində humanitar məsələlərdə də elastiklik göstərə bilər, məsələn, ticarət və miqrant məsələlərində prosedurların sadələşdirilməsi mümkündür.
Yekunda qeyd edək ki, Düşənbə görüşü həm diplomatik, həm də humanitar sferada iki ölkə üçün əhəmiyyətə malikdir. Hadisələr göstərir ki, münasibətlərin normallaşması həm strateji, həm də iqtisadi maraqlar baxımından hər iki tərəfə sərfəlidir.(pressklub)