Elxan Şahinoğlu: “Putin də anlayır ki, yaxın dostunun Ermənistanda reytinqi yoxdur”
Natali Aleksanyan: “Köçəryan da, Sarkisyan da siyasi səhnədə uğur qazana bilməyəcəklər, çünki Ermənistanda bu canilərin dəstəyi yoxdur”
Yenixeber.org: Ermənistanın sabiq Prezidenti, hazırda parlamentdə müxalifətdə olan “Ermənistan” fraksiyasının rəhbəri, Xocalı cəlladlarından olan Robert Köçəryan gələn il keçiriləcək parlament seçkilərində hakim “Mülki Müqavilə” Partiyasının lideri, Baş nazir Nikol Paşinyana rəqib olacağını açıqlayıb. Rusiya səfərindən dönən kimi İrəvanda mətbuat konfransı keçirən Köçəryan Paşinyanın ünvanına tənqid, hətta təhqirlər səsləndirib. Sabiq Prezident qeyd edib ki, gələn il keçirilən seçkilərdə “erməni xalqı düzgün seçim edəcək, Ermənistanı hazırkı satqın hakimiyyətdən xilas edəcək”.
Erməni cəmiyyətində Köçəryanın mətbuat konfransında dediklərinə reaksiya ironikdir. Sosial şəbəkələrin erməni seqmentində Köçəryan “Rusiyanın buyruq qulu”, “Moskvadan təlimat alaraq Ermənistanda hakimiyyətə gəlib yenidən xalqın malını yeməyə tələsən məxluq” adlandırılır. Paşinyan hakimiyyəti də Köçəryanın bəyanatlarını ciddiyə almır. Paşinyan sosial şəbəkə hesabında sabiq prezidentlər – Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyana çağırış edib və onların ünvanına “mənə deyin üçlük, siz mənimlə debata gəlirsiniz, ya yox?” deyib.
Azərbaycanlı politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistan daxili siyasətində baş verənlərlə bağlı bildirib ki, Köçəryan və Sarkisyan bir müddət susurlar və qəfil ikisi də eyni gündə danışmağa başlayırlar: “Bu dəfə də belə oldu. Köçəryan bir müddət fasilə verdikdən sonra oktyabrın 7-də mətbuat konfransı düzənlədi və Paşinyanın ünvanına aşağılayıcı fikirlər söylədi. Eyni gündə oxşar açıqlamalar Sarkisyandan gəldi. Hər ikisi gələn ilin iyununda keçiriləcək parlament seçkilərinə hazırlaşır. Paşinyana elə bunlar kimi rəqiblər lazımdır ki, üzərlərində növbəti dəfə qələbə çala bilsin. Paşinyan “deyin görək, nə vaxt mənimlə debata çıxacaqsınız?” sualı ilə ikisini də növbəti dəfə susdurdu. Köçəryan və Sarkisyan Paşinyanı arxadan söyməyə alışıblar, onunla üz-üzə gəlməyə qorxurlar. Sarkisyan hakimiyyətdə olanda cəmi bircə dəfə Paşinyanla üz-üzə gəlməyə qərar verdi, oteldə mətbuatın qarşısında görüşdülər və bir neçə gün sonra istefa vermək məcburiyyətində qaldı. Ona görə də Köçəryan və Sarkisyan Paşinyanla debatın onlar üçün yaxşı nəticə verməyəcəyini anladıqlarından Baş nazirlə üz-üzə gəlmək istəmirlər”.
“Köçəryan mətbuat konfransından əvvəl Moskvada olub, Kremldə qapalı görüşlər keçirib. Məlumdur ki, Köçəryan Rusiya Prezidenti Vladimir Putinin yaxın dostlarındandır və istisna etmirəm ki, Kreml sahibi onunla görüşüb, sadəcə Paşinyanı qıcıqlandırmamaq üçün bu barədə məlumat mediaya ötürülməyib. Çünki Putin də anlayır ki, yaxın dostunun Ermənistanda reytinqi yoxdur. Buna baxmayaraq, Kreml Paşinyanın gələcək parlament seçkisində məğlubiyyətə uğradılması və ya ən azı hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplamaması üçün müxtəlif ssenarilər üzərində planlar qurur. Köçəryanı da bu məqsədlə Kremlə çağırmışdılar”.
Erməni ictimai fəal və bloger Natali Aleksanyan bildirib ki, Köçəryanın və Sarkisyanın cəhdləri mənasızdır: “Erməni xalqı bu şəxsləri tanıyır və cəmiyyətdə bu şəxslərə etimad hətta sıfırın altındadır. Onlar hakimiyyətdə olduqları müddətdə erməni xalqının qanını sovurublar. Təkcə Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı deyil, elə erməni xalqına qarşı da qatı cinayətlər törədiblər. Ermənilər heç nəyi unutmayıblar və bu qatillərin hansı şərəfsizliyə malik olduqlarını anlayırlar. Ona görə də, Köçəryan da, Sarkisyan da siyasi səhnədə uğur qazana bilməyəcəklər, çünki Ermənistanda bu canilərin dəstəyi yoxdur”.
“Köçəryan Moskvaya gedib, müəyyən görüşlər keçirməklə, Kremldəki dostlarından dəstək almaqla İrəvana qayıdıb, Paşinyana qarşı bəyanatlar verməklə elə zənn edir ki, hakimiyyətə gələ biləcək. Amma bu yanlış yanaşmadır. Çünki erməni xalqının 80 faizi Paşinyanı, daha doğrusu sülhü dəstəkləyir. Ermənilər müharibədən, qandan bezib və Azərbaycanla sülh şəraitində normal yaşamaq istəyirlər. Mənim sosial şəbəkə səhifəmdə paylaşımda yazılan rəylərə diqqət etsəniz hər şey aydın olar. Orada Köçəryana da, Sarkisyana da, müharibə tərəfdarı olan siyasi qüvvələrə də hansı münasibətin olduğu aydın olar. Erməni xalqı yenidən ölkəsini Rusiyanın ayaqları altına sərməyə hazır olan Köçəryana deyil, ölkəsinin inkişafını istəyən, bölgədə sülhün bərqərar olması siyasi xətti götürən Paşinyana və onun komandasına dəstək verir. Mən bunu tam səmimiyyətimlə və məsuliyyətimlə deyə bilərəm”, - deyə Aleksanyan fikrini yekunlaşdırıb.(AYNA)