Bakı-Moskva münasibətlərində kəskin pisləşmə:Gərginliyin arxasında nə durur?

Ekspert: Rusiya Azəbaycanın səbir kasasını daşdırıb...
Yenixeber.org: Azərbaycan hökuməti Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul etməkdən imtina edib. Buna, Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən reyd nəticəsində iki nəfərin ölümü və onlarla həmyerlimizin saxlanılması səbəb olub. Qeyd edək ki, Overçukun səfəri iyunun sonuna nəzərdə tutulmuşdu və artıq ləğv edilib. KİV-in yaydığı məlumata görə, Azərbaycan hakimiyyəti “mövcud vəziyyətdə Overçukun və ya digər Rusiya rəsmisinin səfərini məqsədəuyğun hesab etmir”.
Azərbaycanın Mədəniyyət Nazirliyi isə ölkəmizin ərazisində Rusiya ilə bir yerdə keçirilməsi planlaşdırılan tədbirlərin – kim tərəfindən təşkil edilməsindən asılı olmayaraq bütün konsertlərin, festivalların, tamaşaların və sərgilərin – ləğv olunduğunu elan edib. Nazirlik bunu Yekaterinburqda hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı etnik zəmində “nümayişkaranə, məqsədyönlü məhkəməsiz qətlləri və zorakılıq aktları” törətməsi ilə izah edib. Qurum əlavə edib ki, “son vaxtlar bu cür halların sistemli xarakter alması müşahidə olunur”.
Bundan əlavə, Azərbaycanın parlamentinin birinci vitse-spiker Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti də eyni səbəblə Rusiyaya səfərini ləğv edib. Parlamentin mətbuat xidmətindən bildirilib ki, deputatlar iki ölkə arasında parlamentlərarası əməkdaşlıq komissiyasının Moskvada keçirilməli olan 23-cü iclasında iştirak etməyəcəklər.
Xatırladaq ki, iyunun 27-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları 2001, 2010 və 2011-ci illərdə törədilmiş və üstü açılmamış qətllərlə bağlı Yekaterinburqda azərbaycanlıların evlərində reydlər keçirib. Əməliyyat zamanı iş adamı Yunis Paşayevin qətli ilə bağlı əsas şübhəli sayılan Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, 50-dən çox şəxs polis idarəsinə aparılıb.
E1.ru-nun yazdığına görə, Paşayev 2001-ci ildə Səfərov qardaşlarına məxsus “Kaspi” kafesinin yaxınlığında (ümumilikdə onların 9 belə kafesi var) “kütlə tərəfindən” mətbəx bıçaqları ilə qətlə yetirilib. Zərərçəkənin qohumlarının tanışı nəşrə bildirib ki, guya ölən iş adamı son nəfəsində qatillərin adını çəkib, lakin nədənsə həmin vaxt onları məsuliyyətə cəlb etmək mümkün olmayıb.
İyunun 29-da Yekaterinburqun Leninski rayon məhkəməsi “Kaspi”nin direktorları Məzahir və Akif Səfərovları, həmçinin qardaşları Ayaz Səfərovu həbs edib. Onlar əvvəlcədən əlbir olaraq qrup halında qətl törətməkdə (Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “j” bəndi) ittiham olunurlar. Vüqar və Məhəmməd Səfərovlar saxlanıldıqdan qısa müddət sonra sərbəst buraxılıb. Kamal Səfərov isə reanimasiyadadır.
Azərbaycanın Xarici İşlər Nazirliyi baş verənlərin araşdırılmasını tələb edib, FTX əməkdaşlarını “xüsusi vəhşiliklə qətl törətməkdə” ittiham edərək Rusiyanın Bakıda müvəqqəti işlər vəkili Pyotr Volokova etiraz notası təqdim edib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Azərbaycan diasporunun nümayəndələri “ağır cinayətlərin” istintaqı çərçivəsində saxlanılıblar.
Saxlanılanların çoxunun restoran biznesi ilə məşğul olduğu bildirilir: Məzahir Səfərovun “Dalida”, Ayaz Səfərovun “Nigma” şirkətində payı, Akif və Kamal Səfərovların isə 13 il fərqlə yaradılmış eyni adlı “Ağdam” şirkətləri var.
Beləliklə, biz qonşu Rusiya ilə münasibətlərdə çox kəskin gərginliyin şahidi oluruq. Bəlkə də, belə gərgin vəziyyət Elçibəy dövründən – ötən əsrin 90-cı illərinin əvvəllərindən bəri olmayıb. Bəs, əslində bu gərginliyin səbəbi nədir? Hamıya səthi görünənlər bəllidir, amma bu qəfil eskalasiyanın arxa planındakı real və əsas səbəblər nədir? Bu, nə ilə nəticələnə bilər? Hansı ehtimallar və o cümlədən ən pis ssenarilər var?
Tanınmış ekspertlər pressklub.az-a açıqlamalarında baş verənlərlə bağlı fikirlərini bölüşüblər.
Müstəqil politoloq Xəqani Cəfərli hesab edir ki, Yekaterinburqda FTX-nın azərbaycanlılara qarşı keçirdiyi əməliyyat əslində Kremlin Bakıya qarşı uzun illər apardığı təzyiq siyasətinin nəticəsidir.
“Ümumilikdə Rusiya ilə gərginlik təsadüfən yaranmayıb və bu, postsovet məkanında baş verən proseslərin tərkib hissəsidir. Rusiya Ukraynada verdiyi böyük hərbi itkilər nəticəsində xeyli zəifləyib və postsovet məkanındakı təsir imkanlarını əhəmiyyətli dərəcədə itirib. Digər tərəfdən isə Suriyada Bəşər Əsəd rejiminin devrilməsi, eyni zamanda İsrail və ABŞ-ın İrana endirdiyi hərbi zərbələr Moskvanın Tehranla ittifaqını və onun mövqelərini ciddi şəkildə sarsıdıb. Diqqət etsəniz, görərsiniz ki, Rusiya keçən ilin sonundan – Suriyada yaşadığı siyasi məğlubiyyətdən sonra postsovet respublikalarına təzyiqi artırıb. Yaxın Şərqdən sıxışdırılan Rusiya hesab edir ki, indi növbə postsovet məkanına çatıb. Ona görə də, bu məkanı təsir dairəsində saxlamaq üçün təzyiq və bəzən də şantaj üsuluna əl atır. Çünki imperiyanın bütövlüyünü qoruyub saxlamağın yeganə yolu sərhədləri boyunca yerləşən ölkələri nəzarətdə saxlamaq və onları “bufer” dövlətlərə çevirməkdir. Sovet İttifaqı dövründə Polşa, Macarıstan, Finlandiya, Monqolustan bu vəzifəni yerinə yetirirdi, indi isə Rusiya istəyir ki, postsovet respublikaları bu funksiyanı yerinə yetirsin. Yəni bu ölkələr formal müstəqil ola bilər, amma Moskva xarici siyasət və təhlükəsizlik məsələlərində söz sahibi olmalıdır”, – analitik bildirib.
Onun sözlərinə görə, son vaxtlar aydın olub ki, Rusiya Moldovada daxili sabitliyi pozmağa, Ermənistanda dövlət çevrilişi etməyə və Qazaxıstanda hakimiyyəti dəyişməyə cəhd göstərir. “Çünki əmək miqrantları Rusiyanın əlində ən güclü şantaj alətidir və Kreml bu vasitədən bütün postsovet respublikalarına qarşı istifadə edir. Bu, Özbəkistan, Qırğızıstan və Tacikistandan olan miqrantlara qarşı tətbiq edilən cəza tədbirlərində açıq şəkildə göründü. Mənim fikrimcə, Rusiya azərbaycanlı əmək miqrantlarına qarşı da təzyiqləri artıracaq. Artıq bu barədə bəyanatlar verilib. “Rusiyada Azərbaycan diasporu” adlı saxta teleqram kanalında yayımlanan mətn belə qənaətə gəlməyə əsas verir ki, miqrantlara təzyiqlər güclənəcək.
Rusiya cənub Dağıstanda Azərbaycana qarşı növbəti təxribat addımı ata bilər. Mən bu əraziləri bizim şimal torpaqlarımız adlandırıram və həmin ərazilər əsasən bizim soydaşlarımız, din, dil və etnik mənsubiyyət baxımından bizə yaxın xalqlarla məskunlaşıb. Rusiya bu ərazilərdə milli zəmində qarşıdurma yaratmağa cəhd göstərə bilər. Təbii ki, normal məntiqə görə Rusiya bunu etməməlidir. Amma unutmaq olmaz ki, artıq uzun müddətdir Rusiyanın hərəkətləri normal məntiqlə tam ziddiyyət təşkil edir. Ona görə də Moskvanın hər cür təxribatçı addımlarına hazır olmalıyıq”, – Cəfərli vurğulayıb.
Siyasi elmlər doktoru, fəlsəfə elmləri namizədi, diplomat Tatyana Poloskova (Rusiya) isə öz növbəsində qeyd edib ki, həqiqətən də hazırda Rusiya və Azərbaycan arasında münasibətlər son dərəcə kritik nöqtəyə çatıb.
“Və aydındır ki, bu vəziyyət yalnız əmlak bölgüsü zəminində öz həmyerlilərinin sifarişli qətllərində iştirak etməkdə ittiham edilən şəxslərin saxlanılarkən həlak olması ilə bağlı deyil. Baş verənlər dövlətlərarası münasibətlər üçün daha əhəmiyyətli hadisələr zəncirində son damla oldu.
Əvvəlcə isə icazə verin, öz “tarixi Vətənim” olan Uraldakı (Yekaterinburq şəhərindəki) hadisələrə toxunum. Yekaterinburqda etnik cinayətkar qrup üzvlərinin saxlanılması əməliyyatı onların azərbaycanlı olması ilə bağlı deyildi. Hüquq-mühafizə orqanları üçün bu cür əməliyyatlar kifayət qədər rutin, yəni adi təcrübədir. Saxlanılma Cinayət Məcəlləsinin “qrup halında əvvəlcədən əlbir olaraq qətl”, “sifarişli qətl” və “sifarişli qətl törətməyə cəhd” maddələri üzrə qaldırılmış cinayət işi çərçivəsində aparılıb. Bunlar ağır cinayətlərdir. Bəli, bu şəxslərin iştirakı ilə son epizod 2011-ci ildə baş verib. Ondan əvvəl isə sifarişli qətllər zənciri olub. Cinayət vaxtının üstündən xeyli keçməsinə gəlincə, tanınmış rusiyalı vəkil və hüquq müdafiəçisi Mixail Trepaşkin mənə izah etdi ki, əgər sifarişli qətl qrup tərəfindən törədilibsə, hakimin qərarı ilə məsuliyyətə cəlb edilə bilərlər.
Hazırda digər köhnə sifarişli qətllərlə bağlı işlər də qaldırılıb. Məsələn, bu yaxınlarda məşhur Rusiyanın kriminal aləminin lideri Aslan Usoyanın (Ded Hasan) sifarişli qətlini təşkil etdiyinə görə “Taqansk cinayətkar qruplaşmasının” (Moskva) üzvləri uzunmüddətli həbs cəzası alıb.
Peşəkarın rəyini də çatdırım. Rusiya DİN-in polkovniki (adını məlum səbəblərə görə açıqlmıram) mənimlə söhbətində saxlanılma zamanı insanların ölümünü belə izah etdi: “Bəzən kriminal aləmdə şahidləri bu cür aradan götürürlər. Bu halda, əvvəlki qətllərin sifarişçilərini tanıyan və potensial təhlükə daşıyan şəxslər aradan qaldırılıb”. Həmin şəxslərin saxlanılma zamanı necə həlak olduqlarını isə bilmirəm. Mən bu hadisənin videogörüntülərini görməmişəm. Polis əməkdaşları tərəfindən hüquqi normalarının pozulub-pozulmadığını isə Moskvada araşdıracaqlar. İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bəyan edib ki, Yekaterinburqda əvvəlki illərdə baş vermiş qətllərlə bağlı cinayət işini Rusiya İstintaq Komitəsinin mərkəzi aparatı araşdıracaq”.
Politoloq əlavə edib ki, həlak olanların cəsədləri Bakıya gətirilib və orada yerli hüquq-mühafizə orqanları özləri ekspertiza keçirəcəklər.
“Saxlanılmanın sərt xarakterinə gəlincə, Avropa və ya ABŞ-da bu cür işlərdə daha “zərif” davranırlar? Yenə də ekspertlər araşdıracaq, hüquq pozuntusu olub-olmaması aydınlaşacaq. Mən düşünürəm ki, əgər pozuntu olubsa, bu halda mütləq şəkildə məsuliyyət daşımalı olacaqlar.
Əslində isə bu qəfil gərginliyin kökündə bir neçə ciddi səbəb dayanır. Burada Rusiyanın faktiki olaraq Zəngəzur layihəsindən imtinası, yaxud rusiyalı sosial şəbəkə istifadəçilərinin dediyi kimi, “oyundan qaçması” da var. Burada və biznesmen Samvel Karapetyanın heç də təsadüfi olmayan şəkildə Moskvadan İrəvana gəlməsi, faktiki olaraq, çevriliş təşəbbüsü ilə çıxış edib revanşist qüvvələri hakimiyyətə gətirmək planı da var. Eyni zamanda, Rusiya mediasında Bakıya qarşı səslənən kobud və bəzən savadsız hücumlar da var. Mənə elə gəlir ki, artıq rəsmi Bakının səbir kasası daşıb.
Bu məsələdə Cənubi Qafqaz uğrunda nəzarətə iddialı digər oyunçular olubmu? Şübhəsiz... Mən heç vaxt rəqibləri axmaq hesab etmirəm. Nəzərə almaq lazımdır ki, Azərbaycan bu vəziyyətdə açıq dəstək alacaq və bu dəstək təkcə Turan dünyasından olmayacaq.
Kreml isə münasibətlərin kəskinləşməsində maraqlı deyil. Bunu həm rəsmi bəyanatların ehtiyatlı tonu, həm də kənar mənbələrdən sızan məlumatlar göstərir”, – Poloskova qeyd edib.
Müstəqil siyasi ekspert Nəsimi Məmmədli isə hesab edir ki, əsas səbəblər iki amillə bağlıdır.
“Birincisi, avtoritar rejimlərdə hüquq-mühafizə orqanları insan hüquq və azadlıqlarını pozmağa meyllidirlər. Avtoritar hakimiyyətlərin polis orqanları qarşısında qoyduğu əsas vəzifə vətəndaşların hüquqlarını qorumaq yox, hakimiyyətin siyasi maraqlarını müdafiə etməkdir. Bu səbəbdən də hakimiyyət orqanları polis zorakılığına göz yummağa məcbur qalır. Nəticədə isə hüquq-mühafizə orqanları qanunsuzluğa sürüklənir, cəzasızlıq hökm sürür və qanun pozuntularının miqyası artır.
İkinci səbəb isə hakimiyyətin miqrantlara, xüsusən də azərbaycanlılara münasibəti ilə bağlıdır. Bu cür genişmiqyaslı və zorakılıqla müşayiət olunan əməliyyat yalnız polis və digər güc strukturlarının qərarı ilə həyata keçirilə bilməzdi. Ehtimal etmək olar ki, bu insidentin siyasi xarakteri də var”, – müşahidəçi qeyd edib.
Onun sözlərinə görə, rəsmi Bakı həmişə Rusiya ilə normal münasibətləri qoruyub saxlamağa çalışıb. “Biz daim Moskvanın olduqca ehtiyatlı davranışının şahidi olmuşuq. Ancaq son illər Azərbaycanla Rusiya arasındakı münasibətlərdə gərginliyin əsas mənbəyi məhz Moskva olub.
Bu gərginliyin başlıca səbəbi qlobal və regional strateji sabitliyin pozulmasıdır. Eyni zamanda, Azərbaycanın hazırkı müstəqil xarici siyasəti Rusiyanın Cənubi Qafqazdakı geosiyasi maraqları ilə ziddiyyət təşkil edir. Moskva bütün postsovet ölkələrini istisnasız olaraq öz təsir dairəsində saxlamaq istəyir.
Əvvəllər Rusiya Azərbaycana Ermənistandan və İrandan təsir göstərirdi. Qarabağ məsələsinin həllindən sonra bu iki təhdid xeyli zəifləyib. Daha bir təhlükə Azərbaycanda separatizmin dəstəklənməsi idi. Azərbaycan bu məsələyə də hazırdır. Rusiyada yaşayan azərbaycanlıların deportasiyası məsələsi gündəmdə olsa da, bunun effektiv olacağı inandırıcı görünmür. Hazırda Rusiyanın Azərbaycan üzərində ciddi təsir mexanizmləri yoxdur”, – Məmmədli vurğulayıb.
Rauf Orucov