Zəhərləmə və sui-qəsd cəngavərləri:KQB-nin dəhşətli əməliyyatları

Sovet xüsusi xidmət orqanı xaricdə qisas əməliyyatlarını necə təşkil edirdi
Yenixeber.org: Son bir neçə ildə Rusiya xüsusi xidmət orqanları rusiyalı mühacirlərə qarşı təqibləri gücləndiriblər, jurnalistlərin və müxalifətçilərin oğurlanmasını və zəhərlənməsini təşkil etməyə çalışıblar. Əslində, Putin KQB-nin artıq çoxdan mövcud olmuş praktikasını dirçəldib. Bu praktikanın məqsədi təkcə mühacirlər arasında qorxu atmosferi yaratmaq deyildi, həm də SSRİ-nin öz düşmənlərini təqib etmək naminə digər ölkələrin milli suverenliyinə etinasız yanaşa biləcəyini bütün dünyaya göstərmək idi.
Mühacirət hələ qurtuluş deyil
Bir çox mühacirlər və rejimdən qaçanlar sadəlövhcəsinə inanırdılar (bəziləri indi də belə düşünürlər) ki, Rusiya və ya SSRİ sərhədini keçdikdən sonra artıq təhlükədə deyillər, xüsusi xidmət orqanları onları xaricdə təqib etməyəcək, xüsusilə də fiziki olaraq aradan götürməyə çalışmayacaq. Axı bu, digər dövlətlərin qanunlarının pozulması demək olardı və beynəlxalq qalmaqalla nəticələnərdi.
Əslində isə sovet rəhbərliyi rejimdən qaçanları, dissident mühacirləri və "antisovetçiləri" təhlükəli düşmənlər kimi qiymətləndirirdi və sərhədlərə məhəl qoymadan onlarla mübarizəyə hazır idi. Sovet dövlət təhlükəsizlik orqanları hələ 1920–30-cu illərdən etibarən xaricdə fiziki aradan götürmə praktikasını tətbiq edirdilər — ağqvardiyaçı generalların (Kutepov, Miller) oğurlanmasından tutmuş, 1940-cı ildə Meksikada Lev Trotskinin qətlə yetirilməsinə qədər.

Soyuq müharibə dövründə Dövlət Təhlükəsizlik Komitəsi (KQB) bu praktikanı SSRİ-dən və Şərqi Avropa ölkələrindən qaçanlara, müxalif jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı davam etdirdi. Məqsəd "Moskvanın əli"nin xəyanətkarları istənilən yerdə tapa biləcəyini göstərmək, mühacirlər arasında qorxu yaymaq və xaricdə antisovet fəallığın artmasının qarşısını almaq idi. Bu zaman SSRİ belə əməliyyatlarda iştirakını rəsmən inkar edir, qətlləri bədbəxt hadisə kimi ört-basdır edir və ya Şərq bloku ölkələrinin xüsusi xidmət orqanlarının vasitəçiliyindən yararlanırdı.
Xaricdə "ideoloji diversiyalara" qarşı mübarizə aparmaq üçün KQB-nin strukturunda xüsusi bölmələr mövcud idi. Birinci Baş idarədə (xarici kəşfiyyat) məxfi 13-cü şöbə fəaliyyət göstərirdi və o, "icra tədbirləri"nə — sabotaj və siyasi qətllərə cavabdeh idi. Şöbə qətlləri həm daimi agentlər, həm də xarici icraçılar vasitəsilə həyata keçirirdi ki, araşdırmalar çətinləşsin.
Mühacirətlə ilə bağlı aktiv tədbirlərə digər strukturlar da cəlb olunmuşdu: məsələn, Mühacirət şöbəsi deyilən qurum rus diasporu içində hədəfləri müəyyənləşdirmək üçün 13-cü şöbə ilə əməkdaşlıq edirdi. KQB-nin Beşinci idarəsi (ölkə daxilində ideoloji diversiyalarla mübarizə) də mühacirət xəttini kurasiya edirdi — dissidentlər barədə kompromat toplayır və xarici nəşrlərin sovet cəmiyyətinə təsirini izləyirdi. KQB əməliyyatları müttəfiq sosialist ölkələrin xüsusi xidmət orqanları ilə koordinasiya edirdi: “çirkli iş”i çox zaman Moskvanın göstərişi ilə bolqar, Şərqi Almaniya və ya Çexoslovakiya təhlükəsizlik orqanları yerinə yetirirdi.
Bu model — xaricdə müttəfiq xüsusi xidmət orqanlarının və ya ələ alınmış agentlərin əli ilə fəaliyyət göstərmək — bu gün də aktualdır. Son illərin səs-küylü nümunələrindən biri araşdırmaçılar Xristo Qrozev və Roman Dobroxotovun oğurlanması cəhdidir. FSB agentləri bu işi Böyük Britaniyada yaşayan bolqar vətəndaşlar və ələ aldıqları qaçaq biznesmen Yan Marsalekin yardımı ilə koordinasiya edirdilər. Bu şəbəkə jurnalistləri izləyir, evlərinə daxil olmağa çalışır, cihazlarını oğurlayır, özlərinin oğurlanmasını və fiziki divan tutulmasını müzakirə edirdi. Bütün bu fəaliyyətlər KQB-nin köhnə metodlarını təkrar edirdi: hədəfi özgələrinin əli ilə aradan qaldırmaq və eyni zamanda istintaqı mümkün qədər çətinə salaraq, Rusiya xüsusi xidmət orqanlarının birbaşa iştirakını kadrdan kənarda saxlamaq.
Bandera, dissident yazıçılar və keçmiş sovet agentləri: sübut olunmuş qətllər və sui-qəsdlər
KQB-nin xaricdə "xalq düşmənləri"ni aradan götürmək praktikası onlarla hədəfi əhatə edirdi. Avropada sovet dissidentlərinin qətlə yetirilməsi halları nisbətən az olub (1950-ci illərdə bir neçə, 1970–80-ci illərdə isə tək-tük), lakin hər bir hadisə yüksək səviyyədə planlaşdırılırdı və beynəlxalq rezonans doğururdu.
Daha geniş yayılmış üsullar isə sui-qəsd və təhdidlər idi — bir çox dissidentlər daimi təhdid altında yaşayırdılar. SSRİ-dən qaçanlar bilirdilər ki, onlar qiyabi ölümə məhkum ediliblər və bəziləri həqiqətən də müəmmalı zəhərlənmə və ya yoxa çıxma qurbanları oldular.
Soyuq müharibənin ilk səs-küylü hadisələrindən biri Xalq Əmək İttifaqının (NTS) rəhbəri və "Posev" adlı antisovet jurnalın redaktoru Georgi Okoloviçin aradan götürülməsi cəhdi olmuşdu. Moskvadan göndərilən bir qrup agent Okoloviçi 1954-cü ilin fevralında Frankfurt şəhərində güllələməli idi. Bu əməliyyat KQB tərəfindən rus mühacirlər arasında panika yaratmaq məqsədilə ibrətamiz aksiya kimi planlaşdırılmışdı. Əməliyyat uğursuz oldu: qətli kurasiya edən KQB kapitanı Nikolay Xoxlov son anda planı Okoloviçə açıqladı və özü Qərbdən sığınacaq istədi. Xoxlovun qaçışından sonra sovet tərəfi agentləri geri çağırdı.
Amma KQB məqsədindən əl çəkmədi və tezliklə NTS-ə qarşı yeni zorakı aksiyalar başladı. 1954-cü ilin aprelində KQB-nin Berlin rezidenturasına bağlı agentlər (Ştazinin köməyi ilə) NTS funksioneri Aleksandr Trușnoviçi oğurlayıb, Şərqi Berlinə keçirməyə nail oldular. Həmin ilin iyununda isə Avstriyada NTS üzvü Valeri Tremmel tutuldu — bu dəfə də sovet bloku agentlərinin iştirakı ilə. Hər iki antikommunist sovet zindanına salındı.
Yalnız sovet dissidentlərini oğurlamırdılar: digər ölkələrin antikommunistləri də belə əməliyyatların qurbanı olublar — məsələn, antikommunist hüquqşünas Valter Linze 1952-ci ildə Qərbi Berlində və keçmiş çexoslovak naziri Boqumil Lauşman 1953-cü ildə Vyanada oğurlanaraq, sovetlərə verildilər və həbsdə öldülər.
1950-ci illərin sonunda KQB Qərbi Almaniyada antisovet Ukrayna mühacirətinin iki tanınmış xadimini aradan götürdü. 1957-ci ilin oktyabrında Münhendə publisist Lev Rebet öldü: qəflətən pilləkəndə yıxıldı və həkimlər ürək tutması təsbit etdilər. Ancaq illər sonra məlum oldu ki, Rebet zəhərli qaz vasitəsilə öldürülüb: qatil xüsusi tapançadan sifətinə sionid qazı püskürmüş və heç bir zahiri iz buraxmamışdı.
1959-cu ilin oktyabrında eyni üsulla Stepan Bandera öldürüldü: agent bükülmüş qəzetin içində gizlədilmiş qaz tapançası ilə sifətinə atəş açdı. Banderanın ölümünü də bədbəxt hadisə (pilləkəndən yıxılma) kimi təqdim etməyə çalışdılar, amma autopsiya kalium sionid izləri aşkar etdi. Yalnız 1961-ci ildə, qətlləri həyata keçirən Boqdan Staşinski Qərbə qaçıb alman hakimiyyətinə könüllü təslim olduqdan sonra bu sui-qəsdlərin detalları üzə çıxdı.
Qərbi Almaniyada keçirilən məhkəmə prosesində Staşinski istifadə etdiyi metodları (zəhəri buxarlandıran və yaralamayan pnevmatik tapança) açıqladı və Moskvanın birbaşa göstərişi ilə hərəkət etdiyini təsdiqlədi. Nəticədə, məhkəmə Banderanın ölümündə sovet hökumətini müqəssir saydı. Beynəlxalq qalmaqal Kremli ənənəvi yanaşmasını dəyişməyə vadar etdi. 1962-ci il Staşinski prosesindən sonra SSRİ rəhbərliyi xaricdə qətllərə yalnız istisna hallarda icazə verməyi qərara aldı. Xruşşov və Brejnev dövründə siyasi qətllər həqiqətən də nadir hala çevrildi və adda-budda tətbiq olundu — güman ki, yeni ifşalar riskinə görə.
Soyuq müharibənin son mərhələsindəki ən heyrətamiz qətllərdən biri Londonda bolqar dissident yazıçı Georgi Markovun aradan götürülməsi oldu. Keçmişdə tanınmış jurnalist olan Markov kommunist Bolqarıstandan qaçmışdı və 1970-ci illərdən BBC və "Azad Avropa" radiosunda çalışaraq Todor Jivkov rejimini tənqid edirdi.
1978-ci il sentyabrın 7-də Londonda avtobus dayanacağında Markovun ayağına ucunda yüksək toksikli risin zəhəri olan kapsul quraşdırılmış çətir batırıldı. O, bir neçə gün sonra öldü, Britaniya polisi isə qeyri-adi zəhərlənmə üsulunu aşkar etdi.
Birbaşa icraçılar tapılmasa da, dəlillər xüsusi xidmət əməliyyatına işarə edirdi. Soyuq müharibə bitdikdən sonra məlum oldu ki, qətli KQB-nin texniki dəstəyi ilə bolqar DS (Dövlət təhlükəsizliyi) təşkil edib. KQB generalı Oleg Kaluqin sonradan bildirdi ki, Sofiyanın xahişi ilə Markovun qətlinə KQB rəhbəri Yuri Andropov şəxsən razılıq vermişdi. KQB bolqarlara qətldə istifadə olunan zəhər və cihaz vermiş, əməliyyatın təşkilatçılarına konsultasiya keçmişdi.
Eyni vaxtda Parisdə digər qaçaq jurnalist Vladimir Kostova qarşı oxşar sui-qəsd oldu — kürəyinə risinli mikrokapsulla atəş açıldı, amma doza öldürücü deyildi. Bu hadisələr Avropada antisovet səslərə qarşı "nöqtəvi" əməliyyatların simvoluna çevrildi. Markovun qətli böyük rezonans doğurdu, lakin bolqarıstanlı icraçılar cəzasız qaldı.
KQB yalnız ideoloji rəqibləri deyil, Qərbə qaçan və orada kəşfiyyatla əməkdaşlıq edən keçmiş sovet zabitlərini də təqib edirdi. Belə hallardan biri sovet hərbi-dəniz donanmasının kapitanı Nikolay Artamonovun (ABŞ-da Nikolas Şadrin kimi tanınırdı) taleyidir. O, 1959-cu ildə qaçmış, ABŞ kəşfiyyatı üçün dəyərli informatora çevrilmiş və 1975-ci ildə Avropada KQB agentləri ilə görüşərək, əks-kəşfiyyat oyununda iştirak etmişdi. 1975-ci ilin dekabrında isə Vyanada keçirilən görüş zamanı müəmmalı şəkildə yoxa çıxmışdı.
Yalnız illər sonra məlum oldu ki, bu, sovet təhlükəsizlik orqanlarının əməliyyatı idi: Şadrin KQB agentləri tərəfindən oğurlanıb SSRİ-yə aparılmaq istəyərkən ürəyi tutmuş və yolda ölmüşdü. Oleg Kaluqin SSRİ dağıldıqdan sonra bu məlumatı təsdiqlədi. Hadisə o dövrdə ictimaiyyətə məlum olmasa da, mühacirlər arasında KQB-nin "uzun əli" ilə bağlı qorxuları gücləndirdi.
Bütün bunlar sübut olunmuş hallardır, lakin sovet qaçqınlarının hər müəmmalı ölümünün üzərinə KQB-nin kölgəsi düşürdü. Məsələn, "Mən azadlığı seçdim" kitabının müəllifi və Stalin cinayətlərinin ifşaçısı Viktor Kravçenko 1966-cı ildə Nyu-Yorkda güllələnmiş halda tapıldı; rəsmən intihar deyilsə də, bir çox tədqiqatçılar onu KQB-nin öldürdüyünü düşünürlər.
1977-ci ilin dekabrında Parisdə populyar bard Aleksandr Qaliç öldü (nasaz radiodan elektrik vurması nəticəsində); israrlı şayiələr dolaşırdı ki, bu, KQB-nin əvvəlcədən planlaşdırdığı bir əməliyyat olub, baxmayaraq ki, bu ölüm rəsmən bədbəxt hadisə kimi tanınıb. 1980-ci ildə isə İspaniyada baş verən avtomobil qəzasında gənc dissident tarixçi Andrey Amalrik həlak oldu və bu hadisə də KQB-nin əli olması barədə konspirativ versiyalara səbəb olmuşdu.
Bu hadisələrdə sovet agentlərinin birbaşa iştirakı ilə bağlı konkret sübutlar yoxdur, lakin həlak olanların hamısı SSRİ-yə qarşı açıq çıxış edirdi və onların ölümü rejimin maraqlarına uyğun idi. KQB belə hallarda çox vaxt sübut edilməsi çətin olan qətl üsullarına – zəhərləməyə, intihar və ya bədbəxt hadisə kimi səhnələşdirmələrə – üstünlük verirdi.
Metodlar: zəhər, oğurluqlar, kompromat
KQB aradan qaldırma üsulu kimi səssiz metodlara — zəhərlərə və gizli vasitələrə üstünlük verirdi, odlu silahlardan və ya gurultulu terror aktlarından isə nadir hallarda istifadə olunurdu. Bu, qətlləri təbii ölüm kimi ört-basdır etməyə və qalmaqaldan yayınmağa imkan verirdi.
Qərb araşdırmalarına əsasən, sovet xüsusi xidmət orqanları bir sıra toksik maddələri sınaqdan keçirmişdi: risin, kalium sionidi, arsen birləşmələri, tallium, skopolamin və digər maddələr. Məsələn, 1957-ci ildə Qərbi Almaniyada antikommunist konfrans zamanı keçmiş KQB əməkdaşı Nikolay Xoxlov qəfil ağır xəstələnmişdi.

Həkimlər onun tallium əsaslı mürəkkəb maddə ilə zəhərləndiyini müəyyən etmişdilər (Xoxlov sağ qaldı).
KQB-nin zəhərli spreylərdən tutmuş atəş açan “qələm” və “çətir”lərədək ekzotik silahlar hazırlayan gizli laboratoriyaları var idi. Belə əməliyyatların hazırlanması tam gizli şəkildə aparılırdı: icraçılara saxta sənədlər verilirdi, zəhərlər isə elə hazırlanırdı ki, iz buraxmrdılar.
Oğurluqlar da dövlət təhlükəsizlik orqanlarının başqa bir üsulu idi: hədəf maraq doğururdusa (məsələn, əhəmiyyətli informasiya daşıyırdı), onu SSRİ-yə aparmaq üstünlük təşkil edirdi. Bu zaman KQB tez-tez Şərqi Avropadakı “qardaş” xidmətləri cəlb edirdi. Adətən yerli agentlərdən ibarət qruplardan istifadə olunurdu — 1950-ci illərin əvvəllərində Berlin və Vyana şəhərlərindəki oğurluq hallarında belə olmuşdu. Qurban zorla sərhəddən şərqə aparılır, sonra da gizlicə mühakimə olunur və düşərgələrə göndərilirdi.
Belə hallar çox deyildi (əksər dissidentlər Qərb dövlətlərinin mühafizəsi altında olurdu), lakin hər bir belə insidentin — Linze, Lausman, Truşnoviç, Şadrin — güclü psixoloji effekti olurdu. KQB göstərirdi ki, hətta Qərbə qaçış da təhlükəsizlik təminatı vermir.
Fiziki məhvdən əlavə, etibardan salma və psixoloji təzyiq də güclü silah idi. KQB fəal mühacirlərin nüfuzunu sistemli şəkildə sarsıtmaq üçün çalışırdı: sızdırılan kompromat, mətbuatda şayiələr, təxribatlar vasitəsilə. Birinci Baş İdarənin xüsusi “A” xidməti (dezinformasiya) mühacirətin tanınmış fiqurları barəsində “çirkli şayiələr” hazırlayıb yayırdı.
Məsələn, dissidenti nasistlərlə əməkdaşlıqda və ya Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olmaqda “ifşa edən” saxta sənədlər Qərb mediasına ötürülürdü. KQB məktubları və gündəlikləri saxtalaşdırır, mühacirlər arasında parçalanma yaratmaq üçün saxta təşkilatlar qururdu.
Mühacir nəşrlərin jurnalistləri xüsusi hədəf sayılırdılar. KQB onları tam zərərsizləşdirə bilməyəndə, heç olmasa təsirlərini neytrallaşdırmağa çalışırdı. Bu jurnalistlərə qarşı uzunmüddətli “aktiv tədbirlər” aparılırdı: sovet təbliğatı onları “faşist və xain” adlandırırdı, agentlər redaksiyalara sızaraq informasiya toplayır və daxili təfriqə yaradırdılar. Məsələn, Münhendə yerləşən "Azadlıq" radiosunun rus redaksiyasına 1960-cı illərdə göndərilən yalançı qaçqın Yuri Marin əməkdaşlar haqqında məlumat toplayırdı.
Bu cür agentlər digər mühacir birliklərə, cəmiyyətlərə və hətta kilsələrə yerləşdirilirdi. Onların vəzifəsi izləmə və təxribatdan tutmuş, terror aktı keçirməkdə köməyə qədər uzanırdı. Məsələn, 1981-ci ildə Şərqi Avropa xüsusi xidmət orqanlarının sifarişi ilə (bu faktlar Ştazi arxivlərindən məlum oldu) Münhendə “Azad Avropa” radiosunun binası Karloş Şakalın terror qrupunun partlayıcı qurğu yerləşdirməsi nəticəsində ciddi zədələndi. Hücum sosialist ölkələrə yayılan proqramlara qarşı idi.
Ayrı bir istiqamət isə hədə-qorxu və şantaj idi. KQB-nin Beşinci idarəsi hər bir potensial təhlükəli qaçqın haqqında ətraflı dosye toplayırdı: onların keçmişi, əlaqələri və zəif tərəfləri barədə məlumatlar. Əgər həmin şəxsin hələ də SSRİ-də qohumları vardısa, bu, təzyiq alətinə çevrilirdi: qalan ailə üzvlərini repressiyalarla hədələməklə dissidenti susdurmağa çalışırdılar.
Keçmiş agentlər KQB əməliyyatlarının təfərrüatlarını danışır
Bu əməliyyatların bir çox təfsilatları yalnız keçmiş KQB əməkdaşlarının Qərbə keçməsi və məxfi sənədlərin açıqlanması ilə məlum olub. İlk səs-küylü ifşaçı 1954-cü ildə Okoloviçi öldürmək tapşırığını pozan Nikolay Xoxlov idi. O, NTS liderini aradan götürmək tapşırığı alması barədə Qərbdə açıq şəkildə danışdı, ona verilmiş silahı — siqaret qutusuna bənzədilmiş tapançanı — nümayiş etdirdi və bununla da sovet terrorunun praktikasını dünyaya açıqladı. 1957-ci ildə elə Xoxlovun özünə qarşı həyata keçirilən sui-qəsd cəhdi (talliumla zəhərlənməsi) KQB-nin nə qədər qisasçı olduğunu göstərdi.
Alman arvadı ilə birlikdə 1961-ci ildə Berlin divarından qaçan agent Boqdan Staşinski ilə bağlı hadisə böyük sensasiya doğurdu. O, Qərbi Almaniya məhkəməsində verdiyi ifadəsində KQB-nin əmri ilə Rebet və Banderanı necə öldürdüyünü, zəhərli silahların istifadə metodlarını və kuratorlarının adlarını açıqladı. Bu ifadələr sovet dövlətinin xaricdəki qətllərə aidiyyətini ilk dəfə rəsmi şəkildə sübut etdi — 1962-ci ildə çıxarılan məhkəmə hökmü Kremlin məsuliyyətini birbaşa göstərdi.
Sonrakı onilliklərdə yeni mənbələr bu mənzərəni tamamladı. Şərqi Avropa xidmətlərinin keçmiş agentləri (məsələn, Rumıniya DİN generalı İon Paçepa 1978-ci ildə) Moskvanın qətl təcrübəsindən imtina etməməsini, sadəcə daha ehtiyatlı və çox vaxt başqasının əli ilə hərəkət etməsini təsdiqlədilər. 1990-cı illərdə mühacirətə gedən keçmiş KQB generalı Oleg Kaluqin şəxsi təcrübəsinə əsasən, KQB-nin bir sıra mühüm əməliyyatlarda iştirakını təsdiqlədi — bolqar yazıçı Markovun qətlindən Şadrinin oğurlanmasına qədər. Kaluqin və digər veteranlar etiraf edirdilər ki, “xəyanət bağışlanmırdı” — hər bir keçmiş agentə qiyabi ölüm hökmü çıxarılmışdı və bu hökm istənilən vaxt icra oluna bilərdi.
Nəhəng həcmdə məlumat Vasili Mitroxinin arxivi ilə ortaya çıxdı — KQB-nin arxiv idarəsinin keçmiş əməkdaşı olan Mitroxin minlərlə gizli sənədin surətini çıxarmışdı. O, 1992-ci ildə qeydlərini Qərbə çıxardı. Bu materiallar əsasında 1999-cu ildə KQB-nin bütün dünyada gizli əməliyyatlarına dair məlumatlara malik “Mitroxin arxivi” adlı kitab çıxdı. Arxiv həm də dissidentlərə qarşı həyata keçirilən “fəal tədbirlər” proqramının miqyasını təsdiqlədi — izləmədən və kompromat toplamaqdan tutmuş fiziki məhv planlarınadək.
Arxivdə, o cümlədən, bolqar Georgi Markova qarşı əməliyyat və KQB-nin bu sui-qəsddə rolu barədə məlumatlar da vardı (zəhərin təqdim edilməsinədək). Eləcə də Moskvada müzakirə olunan, lakin risk səbəbindən həyata keçirilməyən bir sıra qəsd planları da qeyd olunurdu.
Təəssüf ki, sovet xüsusi xidmət orqanlarının belə əməliyyatlara dair orijinal sənədlərin böyük əksəriyyəti hələ də tədqiqatçılar üçün əlçatan deyil. Boris Yeltsin 1917–1991-ci illərdə insan hüquqları pozuntuları barədə informasiya daşıyan KQB arxivlərinin açılması haqqında 1992-ci ildə fərman imzalasa da, siyasi qətllərlə bağlı əsaslı materiallar dərc edilməmiş qaldı.
SSRİ-nin dağılması ilə KQB təşkilat kimi yoxa çıxsa da, irsi yaşamaqda davam edir. Sovet dövründə cilalanmış metodlar bu gün özlərini sovet ənənələrinin davamçısı hesab edən Rusiya xüsusi xidmət orqanları tərəfindən tətbiq edilir. Kremlin xaricdəki opponentlərinin müasir zəhərlənmələri, siyasi qətllər, hədə-qorxu kampaniyaları — bütün bunlar çoxdan formalaşmış və nəsildən-nəslə ötürülən praktikanın davamıdır.(pressklub)
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada