“İki od arasında” və baş tutmayan barışıq -İsrail baş nazirini Azərbaycana Türkiyə prezidenti buraxmayıb?

İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana mayın 7-də başlamalı olan səfərini təxirə salıb. Bu qərar, İsrailin Qəzza sektorunda yeni hərbi əməliyyatlara hazırlaşması və Suriyadakı vəziyyətlə bağlı İsrail-Türkiyə münasibətlərinin növbəti dəfə gərginləşməsi fonunda verilib.
Yenixeber.org: Bundan əvvəl Netanyahunun mayın 7-də Bakıya gələcəyi və mayın 11-nə kimi Azərbaycanda səfərdə olacağı bildirilirdi. Qeyd edək ki, İsrail və Azərbaycan arasında tərəfdaşlıq münasibətləri mövcuddur, tərəflər müdafiə və enerji sahələrində də əməkdaşlıq edirlər.
Mayın 3-də İsrail Baş nazirinin Aparatı bəyan edib ki, “Qəzza və Suriyadakı hadisələrlə, həmçinin siyasi tədbirlərin və təhlükəsizlik tədbirlərinin sıx qrafiki ilə əlaqədar” səfər başqa tarixə keçirilib. Amma hələlik dəqiq tarix açıqlanmayıb.
Elə həmin gün İsrail ordusu Suriyada bir neçə hədəfə zərbə endirib. “The Times of Israel”-in məlumatına görə, aviasiya hərbi obyektlərə, anbarlara və raket qurğuları infrastrukturuna hücum edib.
Londonda yerləşən Suriya üzrə Monitorinq Mərkəzi İsrail ordusunun Suriyaya 20 zərbə endirdiyini açıqlayıb. “Azadlıq Radiosu” xəbər verir ki, qurum bu hücumu İsrailin 2025-ci ildə Suriyaya ən böyük hücumu adlandırıb.
Bundan əvvəl İsrail ordusu Dəməşqdə prezident sarayının yaxınlığında yerləşən hədəfi vurmuşdu. O zaman İsrailin baş naziri bildirmişdi ki, bu, İsrailin Suriyadakı druz icmasına hər hansı təhlükə yaranmasına imkan verməyəcəyi ilə bağlı Suriyanın yeni hökumətinə siqnalıdır. Bu etnik azlıq əsasən Suriyanın cənubunda yaşayır. Druz icmasının nümayəndələri ötən ilin sonunda Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada nüfuzu artan radikal islamçıların təhdidlərindən şikayət edirlər. Öz növbəsində Türkiyə Suriyanın yeni hakimiyyətini dəstəkləyir və İsrailin hərəkətlərini pisləyir.
Bundan əvvəl Türkiyə hökuməti heç bir istisna edilməyəcəyini və Netanyahunun Azərbaycana səfəri zamanı onun təyyarəsinin Türkiyə hava məkanından istifadə etməsinə icazə verilməyəcəyini açıqlamışdı. Ankaranın bu qadağası Qəzza sektorunda davam edən müharibə ilə bağlıdır. İsraildən Türkiyədən yan keçərək hava yolu ilə Azərbaycana gəlmək mümkündür. Lakin bu halda uçuş müddəti xeyli uzanır.
Şənbə günü İsrail mediasında Qəzza sektorunda yeni hərbi əməliyyatlara hazırlıq barədə məlumat yayılıb. Bildirilir ki, İsrail ordusu HƏMAS terror qruplaşmasına qarşı döyüşləri davam etdirir. Ehtiyatda olan on minlərlə hərbçi orduya çağırılıb. Onların ölkənin şimalına göndəriləcəyi, orada yerləşən döyüş hissələrinin isə ehtimal ki, Qəzzaya köçürüləcəyi qeyd olunur.
Bəs Netanyahunun Azərbaycana səfərinin tarixinin dəyişdirilməsinin arxasında əslində nə dayanır? Bu, həqiqətənmi İsrail mediasının təsvir etdiyi səbəblərlə bağlıdır? Bəlkə, hərbi vəziyyət gözlənilmədən dəyişib və baş nazirin ölkədə qalmasını tələb edib? Plan dəyişikliyi ilə bağlı başqa ehtimallar varmı?
Tanınmış israilli analitik, siyasi texnoloq David Eydelman bununla bağlı fikirlərini bizimlə bölüşüb.
Onun sözlərinə görə, Benyamin Netanyahunun Bakıya planlaşdırılan uzunmüddətli səfərə niyə gedə bilmədiyi artıq müəyyən dərəcədə aydınlaşıb. “Əvvəldən də bu səfərin nə üçün lazım olduğu, niyə bu qədər çəkəcəyi və hansı məqsədlə təşkil olunduğu ilə bağlı suallar vardı. Bütün bunlar axıra qədər aydın deyildi. Lakin indi məlum olub ki, İsrail əslində Netanyahunun səfərindən istifadə edərək Bakı vasitəsilə Türkiyə ilə danışıqlara başlamağı planlaşdırırmış. Mən əvvəllər də demişdim ki, bu iki hörmətli şəxs – Rəcəb Tayyib Ərdoğan və Benyamin Netanyahu öz vəzifələrində olduqları müddət ərzində İsrail və Türkiyə arasında tamhüquqlu sülh, müttəfiqlik və tərəfdaşlıq mümkün deyil. Bu əməkdaşlıq üçün ən azı onlardan biri vəzifədən getməlidir. Əslində isə hər ikisinin getməsi daha münasib olardı. Çünki Netanyahunun Türkiyə ilə bağlı illərdir formalaşan kompleksləri, Ərdoğanın isə İsrailə münasibətdə köhnə hesabları var. Bundan əlavə, bu iki şəxs bir-birini o qədər “sevir” ki, artıq yan-yana durmaları belə mümkünsüz görünür. Odur ki, onların hər ikisi vəzifədə olduğu müddətdə tam sülh mümkün deyil.
Azərbaycan üçün isə əsas məsələ, bu gərginliyin heç olmasa müəyyən dərəcədə azaldılması idi. Çünki Türkiyə Azərbaycan üçün qardaş ölkə və əsas strateji tərəfdaşdır. İsrail isə Azərbaycanın digər əsas tərəfdaşıdır. Mərhum prezident Şimon Peresin sözləri ilə desək, İsrail-Azərbaycan münasibətləri aysberqə bənzəyir – onun 90 faizi su altındadır. Yəni açıq mənbələr, geniş ictimaiyyət üçün deyil. Bu tərəfdaşlıq təkcə kənd təsərrüfatı, şəhərsalma və yüksək texnologiyalarla məhdudlaşmır, eyni zamanda müdafiə sənayesi, hərbi təlimlər və xüsusi xidmət orqanlarının əməkdaşlığını da əhatə edir.
Azərbaycan üçün vacib məqam isə bu əməkdaşlığın “ya biri, ya o biri” prinsipi ilə deyil, “həm Türkiyə, həm də İsrail” formuluna əsaslanmasıdır. Yəni tərəfdaşlıq münasibətləri bir tərəfin hesabına digərinə qurban verilməməlidir. Azərbaycan bu siyasətdə maraqlıdır və bir dəfə diplomatik uğuru əldə edib, İsrail və Türkiyəni barışdırıb. Bu, 2020-ci ilin 44 günlük müharibəsindən sonra olub. Həmin dövrdə həm Türkiyə, həm də İsrail özlərinə uyğun olaraq Azərbaycana dəstək göstərib, lakin eyni beynəlxalq platformalarda üz-üzə gəliblər.
Gərginliyi azaltmaq mümkündürmü? Burada Azərbaycanın diplomatiyasının və mənim fikrimcə, dünya siyasətində özünəməxsus çəkisi olan İlham Əliyevin haqqını vermək lazımdır. Onlar bu istiqamətdə mümkün olan hər şeyi etdilər. Əgər İsraildə həm Qəzza, həm də Suriyada vəziyyətlə bağlı gərginlik nisbətən səngisəydi, Ərdoğan bu təşəbbüsü qəbul edə bilərdi.
İsrailin daxili və xarici problemlərinə uzun-uzadı toxunmaq istəmirəm. Lakin fakt budur ki, İsrail hökuməti əksinə – vəziyyəti daha da gərginləşdirdi. Bu isə danışıqları mümkünsüz edir. Çünki Ərdoğan İstanbul küçələrində baş verənlərə, seçici elektoratının əhvalına çox həssas yanaşan siyasətçidir. Onun seçiciləri isə rəqib siyasətçilərin elektoratından fərqli olaraq, daha dindar, daha konservativ və İsrailə qarşı daha kəskin mövqedədir. Bu münasibətin yaranmasında isə uzun illər boyu Ərdoğanın özünün İsrail əleyhinə apardığı təbliğatın böyük rolu olub”, – deyə ekspert bildirib.
O, qeyd edib ki, bu, müharibəyə görə ödənilən qiymətdir. “Doğrudurmu, yanlışdırmı, amma bu, artıq bir-biri ilə uyğunlaşmır. Fakt budur ki, hazırkı durumda Netanyahunun səfəri və Türkiyə ilə danışıqlar tamamilə mümkünsüzdür. Üstəlik, həm Türkiyənin Xarici İşlər Nazirliyi, həm də Dezinformasiyaya Qarşı Mübarizə İdarəsi açıq şəkildə bəyan edib ki, İsrail baş nazirinin rəsmi təyyarəsinin Türkiyə hava məkanından keçməsi mümkünsüzdür. Necə ki, ötən il İsrail Prezidenti Hersoqun təyyarəsi də buraxılmamışdı. Onlar adi sərnişin və hətta bəzi qeyri-sərnişin təyyarələrinə icazə verirlər, amma dövlət rəhbərinin təyyarəsini buraxmaq İsraili bir ölkə kimi ərazilərindən buraxmaq deməkdir.
Texniki olaraq marşrutu dəyişmək mümkündür. Amma burada da problem var – necə yan keçmək olar? Netanyahunun təyyarəsi Türkiyənin şərqindən dolanaraq İran, Əfqanıstan və Pakistan üzərindən uça bilməz – bu, variant deyil. Yerdə nə qalır? Qərbdən dolanmaq. Bəzi ağıllılar deyirlər ki, Yunanıstan və Gürcüstan üzərindən keçmək olar. Amma məsələ ondadır ki, Yunanıstanla Gürcüstanın sərhədi yoxdur. Yəni əvvəlcə qərbə, Yunanıstana uçmaq, sonra isə Balkan yarımadasını keçib Qara dəniz üzərindən dolanmaq lazımdır. Bu isə müharibə zonası sayılan ərazidən – Rusiya və Ukrayna suları üzərindən uçmaq deməkdir. Bu isə İsrail baş nazirinin təyyarəsi üçün yolverilməzdir.
Bu səbəbdən də vəziyyət çox sadədir. Azərbaycan İsraillə Türkiyəni barışdırmaq üçün əlindən gələni etdi. Amma Ərdoğanın cavabı bu oldu ki, İsrail baş nazirinin təyyarəsi Türkiyə hava məkanına buraxılmayacaq. Bu cavab təkcə uçuşu deyil, səfərin özünü də mənasız etdi.
Qeyri-rəsmi məlumatlara görə, İsraillə İran arasında vasitəçilik məsələsi də danışıqlar mövzusu idi. Amma yenə də vəziyyət buna imkan vermədi. Suriyada, Qəzzada və Yəməndə eskalasiyanın artması, husilərin dünən Ben-Qurion hava limanı ətrafına raket zərbəsi endirməsi və İranda baş verən son hadisələr bu planları çətinləşdirib.
Hər halda, Azərbaycan rəhbərliyinə təşəkkür düşür. Mən isə ümid edirəm ki, gələcəkdə həm regiondakı vəziyyət dəyişəndə, həm də İsrail rəhbərliyində daha sülhpərvər və adekvat şəxslər peyda olanda, bu proseslər mümkün olacaq”, – deyə Eydelman vurğulayıb.(pressklub)
Rauf Orucov