Mərkəz rəhbəri: “ABŞ-İsrail cütlüyü ilə İranın danışıqlarla razılaşacağı inandırıcı deyil”
Yenixeber.org: ABŞ-İran gərginliyi artır və müharibənin olacağı proqnozları güclənir. Belə ki, ABŞ Prezidenti Donald Tramp martın 7-də İranın Ali Rəhbəri Ayətullah Əli Xameneiyə nüvə proqramı ilə bağlı danışıqlar üçün məktub göndərdiyini açıqlayıb. Ayın sonuna doğru İranın xarici işlər naziri Abbas Əraqçi bu məktuba Oman vasitəsilə cavab göndərildiyini bildirib. Martın 30-da Tramp əgər danışıqlardan nəticə əldə olunmasa, İrana qarşı əlavə tariflərin tətbiq ediləcəyini bəyan edib və razılaşmadan tamamilə imtina edəcəyi halda Tehranı misli görünməmiş bombardmanlar həyata keçirməklə hədələyib. Amma tərəflərin danışıqların ilk raundunun keçirilməsi barədə razılığa gəldiyi də məlumatlar arasındadır.
İsrailin Baş naziri Benyamin Netanyahunun bu günlərdə ABŞ-a səfəri, edilən müzakirələr və daha sonra ABŞ-ın İran istiqamətinə hərbi gəmilər göndərməsi müharibə ehtimalını artırıb. Məsələn, iki gün əvvəl “Bild” nəşri yazıb ki, ABŞ nüvə danışıqları fonunda İran yaxınlığındakı hərbi varlığını artırır. Bildirilib ki, ABŞ ordusu Hind okeanında, İrandan təxminən 3800 kilometr aralıda yerləşən Dieqo Qarsiya aviabazasında altı ədəd “B-2 Spirit” strateji bombardmançı təyyarəsi yerləşdirib. Peyk görüntülərində təyyarələrin uçuş-enmə zolağında olduğu görünüb. Digər hərbi texnikalar da aşkarlanıb.
Bu güclənmə İranla gərgin münasibətlər və nüvə proqramı üzrə danışıqların bərpası fonunda baş verir. Prezident Donald Tramp bir daha İranın “heç vaxt nüvə bombasına malik olmamalı” olduğunu təkrar edərək, danışıqların nəticəsiz qalacağı təqdirdə “sərt tədbirlər”lə hədələyib.
Bəzi KİV-lər hesab edir ki, eskalasiya çox tezliklə baş verə bilər və Tramp nüvə obyektlərinə hava hücumlarının həyata keçirilməsinə göstəriş verə bilər.
Pentaqonun da İranla bağlı “hərbi planlarını” genişləndirdiyi və nüvə zərbəsi ssenarilərini istisna etmədiyi bildirilir. Tehran da öz növbəsində Dieqo Qarsiya bazasına hücumlarla hədələyir.
ABŞ-İran qarşıdurması ehtimalı barədə suallarımızı cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, əsas məsələ danışıqlardır:
- İndi ABŞ-la İran arasında nüvə proqramı ilə bağlı danışıqlar razılaşdırılıb. Amma məncə, bu danışıqlardan hansısa nəticə çıxmayacaq. Amerika Prezidenti Rusiya-Ukrayna faktiki olaraq, uğursuzluğa düçar oldu. Üç aylıq atəşkəs razılaşması istəyirdi, amma alınmadı. İndi isə Tramp mövzunu dəyişib, Rusiya-Ukrayna məsələsindən keçib İranla qarşıdurma məsələsinə. Tramp İran Prezidentinə yox, dini liderinə məktub yazdı. Çünki bilir ki, İranda söz sahibi kimdir. Ali Rəhbər tərəfindən məktuba cavab verilməyəcəyi bildirildi, amma sonradan danışıqlara hazır olduqları barədə Tehrandan bəyanatlar səsləndirildi. Sonra deyildi ki, birbaşa yox, dolayı danışıqlar olacaq və s. Omanda keçiriləcək danışıqlardan hansısa nəticə gözləmək çətindir. Hər halda, proseslərin axarına baxmaq lazımdır. Amma əvvəlki təcrübələr göstərir ki, bu iki ölkənin, daha doğrusu ABŞ-İsrail cütlüyü ilə İranın danışıqlarla razılaşacağı inandırıcı deyil.
- O zaman müharibə ehtimalını yüksək qiymətləndirmək olar?
- Əlbəttə, İrana zərbələr ehtimalı çoxdur. Burada üç variant ola bilər. Ya Amerika İrana özü zərbə endirəcək. Bu ehtimal o qədər də yüksək deyil. Çünki Tramp hələlik danışıqlara üstünlük verir, amma dediyim kimi, danışıqlardan nəticə çıxmayacaq. İkinci variant odur ki, İsrail baxacaq ki, Amerika ləngiyir, özü hərəkətə keçəcək. Nəzərə almaq lazımdır ki, İsrail artıq İrana bir dəfə zərbə endirib, hava sistemlərini neytrallaşdırıb. İsrail ona görə Amerikanı tələsdirmək istəyir ki, gecikilsə, İran nüvə silahı əldə edəcək, yaxud buna daha çox yaxın olacaq. Üçüncü mümkün variant odur ki, ABŞ-la İsrail İrana qarşı birgə hərəkət edəcək. İran bu variantları anlayır və hər üçündən çəkinir. Tehrandan “biz cavabını verəcəyik” bəyanatları səsləndirilsə də, ərazisinə zərbələr endirilməsini istəmir.
- İran tərəfindən rəsmi şəkildə bəyan edilir ki, İran nüvə silahına sahib olmaq istəməyib və bunu dəfələrlə bildirib. Əgər belədirsə, o zaman Amerikanın zərbə endirməsi məntiqlidirmi?
- Amerika və İsrailin İrandan istədiyi təkcə nüvə silahı hazırlamaqla bağlı çalışmaları dayandırmaq deyil. ABŞ-İran cütlüyü İrandan Yaxın Şərqdəki proksi qüvvələrinin ləğvini də istəyir. “Hizbullah”, HƏMAS kimi təşkilatlara yardımın dayandırılması tələb olunur. Bunu isə İran etmək istəməyəcək. Eyni zamanda, o da inandırıcı deyil ki, İran nüvə çalışmalarını dayandırsın. İranda faktiki olaraq, iki hakimiyyətlilik mövcuddur. Bir tərəfdə xalqın seçdiyi prezident var ki, onun səlahiyyətləri məhduddur. Digər tərəfdə 50-60 mollanın seçdiyi Ali Rəhbər var ki, ölkə ilə bağlı qərarları demək olar ki, o verir. Amma bəzən o da kölgədə qalır. Əsas güc SEPAH və onun generallarıdır. SEPAH əslində dövlət içərisində dövlətdir. Əsas qərarı SEPAH verəcək ki, onların da nə proksi qüvvələrə dəstəkdən imtina edəcəyi gözlənilir, nə də nüvə çalışmalarından əl çəkəcəkləri.(AYNA)