İran İnqilabının görünməyən tərəfləri-ARAŞDIRMA
Yenixeber.org: Fransanın kəşfiyyat generalı Pera Joks ölkənin hərbi müşavirləri
ilə görüşdə iddia edirdi ki, (1978-ci il yanvar) bizim hərbi kəşfiyyat
idarəsinin ən zəif cəhətlərindən biri budur ki, dünyanın krizis olan
ölkələrində, xüsusən fars körfəzi ərazilərində öz məxvi əlaqələrimizi
qura bilmirik. Kəşfiyyat materiallarının toplanmasında və
təhlilində, çatdırılmasında səriştəsizlik edirik. Məsələn, general
İrandakı 1979 cu il krizisinin kökünü və səbəblərini araşdıra
bilmədiyi üçün, Fransa-İran münasibətlərində yeni kəşfiyyat
strategiyasının hazırlanmasını tələb edirdi.
İranda isə xalq ayağa qalxmış, şahlıq rejiminin devrilməsini tələb
etmişdi. Ümumiyyətlə həmin illərdə Tehranda baş verən “İnqilabın
dalğavari hərəkatı” bütün ölkəni başına götürmüşdü. London,
Vaşinqton, Təl-Əviv, Paris rezidenturaları darmadağın edilmiş,
yüzlərlə xarici vətəndaşa “Persona nonqrad” élan olunmuşdu.
Ölkənin məxvi “Savak” xəfiyyə idarəsinin Tehrandakı, Təbrizdəki,
Şirazdakı, Əhvazdakı, İsfahandakı, Məşhəddəki baş qərargahları
dağıdılmış, 270 kəşfiyyat zabiti güllələnmiş, 156 general ölkəni tərk
etmişdi. Verilən məlumata görə “Savak” fəaliyyət dövrünün 22 il
müddətində 380 000 vətəndaşına işgəncələr vermiş, böyük bir
qismini isə güllələmişdi. Təkcə Təbrizdə bu müddət ərzində 1700
ziyalı məhv edilmişdi. Ərdəbildə və Tehranda 22 il ərzində xəfiyyə
idarəsinin sorğusuz sualsız məhv etdiyi qadınların sayı 4280 nəfərə
çatmışdı. “Hollywood”da (ABŞ) “Savak”ın Təbrizdə və Urmiyyədə
öldürdüyü, dəhşətli əzab və işgəncələrlə məhv etdiyi azətbaycanlı
uşaqlardan bəhs edən “Balaca casuslar” sənədli filmi nümayiş
etdirilib. Filmin rejissoru o vaxt İranda tanınan kinorejissor Ernak
Filipyan, ssenari müəllifi isə “Savak” generalı, sonradan
Ermənistana qaçan Marat Araratyan idi.
Baxmayaraq ki, İran kəşfiyyatının əsasını Fransa və İngiltərə
hərbi akademiyalarını bitirən kəşfiyyat zabiti Teymur Bəxtiyari
tərəfindən qoyulmuşdu, Fransa dövləti hələ də ölkədə nə baş
verdiyini anlamırdı. Həmin vaxt amerikalı admiral Filipp Dyuro
(milliyyətcə fransız) İrandakı hadisələri Parisdəki həmkarlarından
öyrənməyə cəhd edirdi. Nəticələr isə qarışıq idi. O Ağ Evdən tələb
edirdi ki, İran ziyalıları ilə bağlı yeni strateji plan hazırlansın.
Məqsəd hadisələri yatırdmaq üçün ölkənin ziyalılarından istifadə
etmək idi. Amerika tərəf bunun üçün İrana 125 milyon dollar pul
göndərmişdi. Bütün bunlara baxmayaraq ölkənin yaradıcı
qurumlarından yüz nəfər ziyalı Şaha müraciətlərində yazıçılar
ittifaqının yaranmasını tələb edirdilər. Xatırladım ki, bu ittifaq
1969-cu ildən qadağan edilmişdi. Tehranın, Təbrizin, Şirazın,
İsfahanın, Ərdəbilin 64 nəfər tanınmış vəkili ölkədə vətəndaş
cəmiyyətinin qurulmasını tələb edirdilər. 143 vəkil isə “Vəkillər
ittifaqı”nın təsis edilməsini bildirdilər.
İranda baş verən siyasi hadisələr dünyanın bütün
kontingentlərini çaşdırmışdı. ABŞ-ın o vaxtkı prezidenti C.Karterin
fikrincə “…bu dalğanı biz anlamadıq. ABŞ uzun müddət bu
hadisələrin səbəblərinin araşdırması ilə məşğul olacaq. Çünki
söhbət Rza Şahdan (Pəhləvidən) getmir. Söhbət böyük bir
imperiyanın dağılmasından gedir. Tehran -Vaşinqton münasibətləri
sıfıra enmişdi. Təcili olaraq Xəzəryanı ölkələrin durumu ilə bağlı
tədqiqatlar aparan strateji araşdırmalar mərkəzlərinin işlərinin
genişləndirilməsi məsələsi gündəmə gəldi. Azərbaycan haqqında
hələki tam təsəvvür və anlayışımız yox idi. Amma Pentaqon
generalları mənə xəbərdarlıq edirdilər ki, bütün güc və diqqəti
Bakıya yönəltmək lazımdır. Çünki biz İranda itirdiklərimizi
hökmən Azərbaycanda axtarmalı idik. Bunun üçün general U.Elsin
“erməni variantından” istifadə olunmalı idi. Mən bu variantın
nədən ibarət olduğunu bilmirdim. MKİ-nin 1948-ci ildə hazırlanmış
qovluqlarına baxdım. General “erməni variantı”nı məhz bu
qovluqlar əsasında hazırlamışdı. Nəticədə “Dağlıq Qarabağ
variantı” (Bu hələ həmin erməni variantı idi) ortaya qoyulur.
Yanacaq resursları ilə zəngin olan Azərbaycana bu adla, bu
variantla girmək mümkün idi. Bu mümkün idimi? Mən bu sualı Ağ
Evin administrasiyasının milli təhlükəsizlik və xüsusən Fars körfəzi
ölkələri ilə məşğul olan cənab D.Rokfellerə verdim. Hamımız
susurduq”.
İranda isə hadisələr bir-birini əvəz etdikcə yeni siyasi məsələlər
üzə çıxırdı. İran kəşfiyyat zabiti Hüseyn Fərddustun başçılıq etdiyi
“Xüsusi Kəşfiyyat İdarəsi” bir müddətdən sonra Londonun Mİ-6 ya
xidmət etməsi ifşa olundu. Ölkənin milli cəbhəsinin bir cınağı
amerikalılarla əlaqələr qurduğu üçün və müxalifətin parçalanması
istiqamətində Vaşinqton planını icra etdiyi üçün iflasa uğradı. Milli
cəbhənin qalan tərkibinə rəhbərlik edən Kərim Səncabi isə 1978-ci
ilin noyabrın 16 da Parisə uçur. Çünki həmin vaxt İran Fransaya
sürgün olunmuş, Parislə Orlean arasındakı iqamətgahda yaşayan
Ayətullah Xomeyninin gəlişini gözləyirdi. Həmin ərəfədə Parisdə
nəşr olunan “Liberasyon” qəzeti yazırdı ki, Fransaya sürgün
olunmuş Ayətullah Xomeyni verdiyi müsahibədə birtərəfli şəkildə
tələb edirdi ki, Şah İrandan getməli, monarxiya quruluşu
devrilməli, xalqın arzu etdiyi bir respublika qurulmalıdır.
Araşdırmalara görə 1978-ci ilin oktyabrında Parisə gəlmiş
Ayətullah Xomeyninin heç kəsin ağlına gəlmədiyi bir ərazidə
yaşamağı daha məqsədəuyğun və təhlükəsiz hesab edilir. Sonradan
məlum olur ki, kəşfiyyat sənədlərində “Paris keçidi” kimi adlanan
bu ərazi vaxtilə 1915-ci ildə Bakı milyonçusu Musa Nağıyevlə, rus
fabrikantı Aleksey Pastuxovun birgə sərmayə qoyduğu ərazidir.
Hərbi kəşfiyyatın sənədlərinə və yaxud əldə olunan digər
məlumatlara əsasən həmin ərazi sonradan SSRİ-nin diplomatik
ərazisi kimi qeydiyyata alınıb. Əslən Moskvadan, Bakıdan,
Leninqraddan olan gənclərdən təşkil olunmuş kiçik bir dəstə isə
həmin ərazinin təhlükəsizliyini təmin edirdi. Təhlükəsizlik dəstəsinə
başçılıq edən Rusiya Kəşfiyyat İdarəsinin zabiti Q.Q.Sokolov
söhbətində qeyd edirdi ki, Ayətullah Xomeyninin təhlükəsizliyini
təmin edən dəstənin üzvləri hər on gündən bir yenisi ilə əvəz
olunurdu. Bir qayda olaraq təhlükəsizlik məsələlərində
azərbaycanlılar və ruslar iştirak edirdi. Türkmənlərə, taciklərə və
Fələstin ərəblərinə üstünlük verilirdi. Həmişəki kimi təhlükəsizlik
məsələlərində ermənilər sıradan çıxarılırdı. Fransa höküməti
Ayətullah Xomeyniyə ermənilərlə bağlı bir neçə məktub göndərsədə,
bu niyyət baş tutmamışdı. Maraqlısı bu idi ki, Ayətullah Xomeyni
məni də özü ilə Tehrana apardı.
İranda baş verən bütün hadisələr haqqında məlumat və
informasiyalar Fransadakı Moskva rezidenturası ilə, “Oleq Lavrov
qrupu” vasitəsi ilə Ayətullah Xomeyninin ofisinə çatdırılırdı.
Moskva isə bütün məlumatları Bakıdan götürürdü. Həmin vaxt
Bakıda Kremlin nəzarətində olan və bir-birindən fərqli “Naxçıvan”,
“Astara”, “Biləsuvar” adlı xüsusi şöbələri fəaliyyət göstərirdi.
1978-ci ilin dekabrın 26-da Sov. İKP. MK. Siyasi Bürosunun
“Məxvi Komissiyası” yaradılır. Həmin komissiyada D.Ustinov,
A.Qromıko, Y.Andropov, B.Ponomaryov və H.Əliyev iştirak edirdi.
Kreml İrandan alınan informasiyaların təhlükəsizliyini, eləcə də
İran İslam partiyasının liderlərinin təhlükəsizliyini, şəxsən ölkəyə
qayıdacaq Ayətullah Xomeyninin təhlükəsizliyini o vaxt Azərbaycan
KP. MK-nın I katibi, “KQB”-nin yetirməsi olan general H.Əliyevə
həvalə etmişdi. Əslində sərhəd zonalarındakı “xüsusi şöbələr” də
məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdı. Bu şöbələr böyük
bir anti-terror koalisiyasını xatırladırdı.
Bakı Moskva üçün İranla bağlı strateji kəşfiyyat materiallarının
əsas bazası idi. Faktiki olaraq İrandakı səfarətxanalar bir-birinin
ardınca bağlanır, diplomatlar ölkəni tərk edirdilər. Maraqlı idi ki,
şərqi avropa ölkələrinin diplomatları və ailələri Azərbaycan
Astarasında müvəqqəti məskunlaşmışdı. Moskva çekistləri etiraf
edirdilər ki, onlar Bakısız İran istiqamətində heç bir kəşfiyyat
materialı toplaya bilmirdilər. Tehran Moskva ilə Vaşinqton
arasında çırpınırdı. 1978-ci ilin yanvarın 14-də Siyasi Büronun
“Məxvi komissiyası”nın II iclası olur. Komissiyada bu zaman
“İranla bağlı strateji məsələlər və münasibətlərə dair təxirəsalınmaz
tədbirlər” konsepsiyası müzakirə olunur. Bu zaman Azərbaycan
KP.MK-nın I katibi işləyən, komissiyanın üzvü H.Əliyev “Moskva-
Tehran münasibətlərinə dair” 20 səhifəlik strateji planını da Siyasi
Büroya təqdim edir. Sov.İKP. MK-nın Baş Katibi L.İ.Brejnev bu
sənədi SSRİ-nin İranla qurulacaq əməkdaşlığın və dostluğun,
mehriban qonşuluğun yeni siyasi taktikası adlandırır. H.Əliyevin
İran istiqamətində səlahiyyəti bir az da genişlənir. 1979-cu il
fevralın 1-də Tehrana gələn Ayətulla Xomeyni SSRİ-nin
Tehrandakı səfirliyinə “xüsusi məktub”unu göndərir. Ayətulla
Xomeyni həmin məktubda onun təyyarəsinin Parisdən Tehrana
təhlükəsiz uçuşunu təşkil etdiyi üçün ölkənin məxvi idarələrinə,
xüsusən Azərbaycan DTK-nın əməkdaşlarına öz təşəkkürünü
bildirir. SSRİ BKİ-nin general mayoru S.Kraxmalov bu məktubu ən
güclü siyasi sənəd hesab edirdi. Xatırladım ki, kəşfiyyat generalı
S.Kraxmalov SSRİ-nin İrandakı səfarətxanasının hərbi attaşesi idi.
(S.Kraxmalov İran məsələlərini gözəl bilən nadir kəşfiyyatçılardan
biri idi. İranlılar ona “Əfsanəvi adam” adı vermişdilər.)
Moskva həmin vaxt kəşfiyyat polkovniki L.V.Şebarşini Tehran
rezidenturasına göndərir. Baş verən hadisələri daha dəqiq və ətraflı
öyrənmək üçün L.Şebarşin tez-tez Bakıya gəlir, H.Əliyevdən önəmli
məsləhətlər alırdı.
İran artıq dəyişirdi. Qərb kəşfiyyat mərkəzləri asanlıqla ərazidən
qoparılmırdı. Gözlənilməz terror dalğası İranın bütün strateji
məntəqələrini bürümüşdü. Məlumata görə S.Kraxmalov BKİ-yə
ünvanladığı məktubda qeyd edirdi ki, Ayətullah Xomeyninin
Parisdən uçan təyyarəsinin terror edilməsi qarşısını məhz, Bakıdan
göndərilən məlumatlar əsasında almışdı. Diğər bir məlumatda bu da
qeyd olunur ki, İran İslam Partiyasının 11 nəfər tanınmış üzvlərinin
imzası ilə Siyasi Büroya göndərilən məktubda da Paris-Tehran
təyyarəsinin terror edilməsinin qarşısını aldığı üçün şəxsən H.Əliyev
cənablarına təşəkkür olunurdu.
Məlumata görə əslində Ayətullah Xomeyninin Parisdən uçduğu
təyyarə isə SSRİ-nin diplomatik korpusuna məxsus təyyarəsi olub.
Pilotlara gəlincə, 11 nəfərdən ibarət dəstədən (hamısı BKİ-nın
əməkdaşları) cəmi 6 nəfəri seçilir. Həmin vaxt pilotlara rəhbərlik
edən E.D.Qabrielyan müvəqqəti olaraq başqa birisi, kəşfiyyat
mayoru S.O.Vinoqradovla əvəz olunur. (Pilotların texniki heyətinə
isə kəşfiyyat mayoru Q.Q.Sokolov rəhbərlik edir.) Başqa bir
araşdırma materialından məlum olur ki, Ayətullah Xomeyninin
təyyarəsi Şah generalı Q.Əsarinin başçılıq etdiyi “Xəzər gəmisi”
planına görə məhv edilməli idi. İran – Azərbaycan sərhədləri
boyunca qurulmuş “AVAKS” tipli silahlarla Ayətullah Xomeyni
məhv edilməli idi. Bakının sayıqlığı nəticəsində Vaşinqtonun,
Londonun, Təl-Əvivin birgə hazırladığı anti-İran “Peyk+Peyk”
terror əməliyyatı puça çıxdı. Araşdırma materiallarına görə
bilavasitə Moskvaya bağlı olan “Naxçıvan”, “Astara”, “Biləsuvar”
xüsusi informasiya bürolarından toplanılan kəşfiyyat materialları
hesabına İranda baş verə biləcək İslam dini əleyhinə 109 terror
hadisəsinin qarşısı alınmışdır. Məsələn Cənubi Azərbaycan
ərazisində, Təbriz traktor zavodunda, Təbriz universitetində, hava
limanında, Ərdəbil məscidlərində baş verə biləcək və böyük insan
tələfatı ilə nəticələnə biləcək terror aktlarının qarşısı alındı.
Məlumata görə 1973-79 cu illərdə İranda yanacaq resurslarından
əldə olunan gəlirin həcmi 102 milyard dollar olub. İran tərəf bütün
bu sərmayənin dağılmasından, xaricə daşınmasından və
oğurlanmasından ehtiyyat edirdi. Faktiki olaraq ölkədən həmin vaxt
təqribən 35 milyard dollar oğurlanıb xarici banklara ötürülmüşdü.
Oğurluq və çirkli pulların yuyulmasında, başqa banklara xəlvəti
yolla köçürülməsində iştirak edən “Akopyan qrupu” Azərbaycan-
İran sərhəddində ifşa olunur və onlardan qiyməti 2 milyard
dollardan artıq olan brilyant daş-qaş və digər qiymətli ziynət
əşyaları müsadirə olunaraq yenidən İran hökümətinə təhvil
verilmişdi. Həbs olunan 6 erməni isə Azərbaycanda mühakimə
olunur. Moskva özünün bundan sonra iqtisadi kəşfiyyat qrupunu
rəsmi qaydada İrana göndərir. Bu bilavasitə Tehranda iqtisadi
sabotajın qarşısın almaq üçün atılan addım idi. Şübhəsiz Kremlin
bu addımi beynəlxalq aləmdə bir mənalı qarşılanmasa da, Tehran
bu addımı müsbət qarşıladı. Bütün bu məsələlərlə bağlı Tehranda
nəşr olunan “Keyhan” qəzeti 1979-cu ilin aprel sayında yazırdı ki,
SSRİ-nin bu yardımı unudulmaz və əvəzsizdir.
Tehranda isə terror hadisələri ara vermir, bir-birini əvəz edirdi.
ABŞ rəsmiləri, İranda baş verən hadisələrdən, xüsusən Ayətullah
Ruhulla Xomeyninin ardı-arası kəsilməyən bəyanatlarından,
Vaşinqton əleyhinə keçirilən siyasi kompaniyalardan narahat idilər.
Prezident C.Karter Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri
Zbiqnev Bjezinskinin açıqlamalarından və MKİ-nin direktoru
Stensfild Ternerin kəşfiyyat fəaliyyətindən narazı idi. İran ABŞ-ın
maraq dairəsindən çıxmaqda, Vaşinqton Tehranı itirməkdə idi.
MKİ-də Xəzər dənizindəki yanacaq resursları ilə bağlı, xüsusən
strateji cəhətdən çox qiymətli ərazi hesab olunan Azərbaycan
haqqında “Xüsusi Kəşfiyyat Arayışı” hazırlanırdı. Bir yandan da
Fransada nəşr olunan “Ekspress” jurnalı Xəzərin yanacaq
resursları ilə bağlı analitik yazısını yaydı. Jurnal 1979-cu il, fevral
nömrəsində yazırdı:”...Xəzər dənizində 70 milyard barreldən 250
milyard barrelədək neft var”. ABŞ Dövlət Departamentinin
kəşfiyyat sənədlərində yazılır ki, Xəzər dənizində 163 milyard barrel
neft var və bu 15,6 milyard barrel də ola bilər.
İngiltərə ekspertlərinin fikrincə, Xəzərdə 28 milyard barrel neft,
243 trilyon kub. fut qaz var.
Almaniya ekspertlərinin fikrincə, Xəzərdə 19 milyard barrel neft,
2,3 trilyon kub. metr qaz var.
Rusiya ekspertlərinin fikrincə, Xəzərdə 8 milyard ton neft və 5
trilyon kub. metr qaz var...
Bütün bunlar göstərir ki, Vaşinqton, London, Təl-Əviv xəzəryanı
ölkələri, xüsusən Azərbaycan ərazilərini öz maraq dairələrindən heç
vaxt çıxarmaq fikrində deyillər...
MKİ-nin orqanı olan “Studies in İntelliqens” jurnalında isə Ağ
Ev İranla bağlı çalışan analitiklərini, siyasi müşahidəçilərini,
ekspertlərini səriştəsizlikdə ittiham edirdi.
Moskvanın Tehrandakı diplomatik məmbələrində ötürülən
informasiyalarda qeyd olunurdu ki, ingilislər, amerikalılar,
yəhudilər, fransızlar İranın müxtəlif ərazilərində, xüsusən də
Cənubi Azərbaycanın yaşayış məntəqələrində bir qayda olaraq
“Savak” tör-töküntülərindən, xarici kəşfiyyat nümayəndələrindən,
erməni icmasının üzvlərindən geniş istifadə edirdilər. İranda
yaşayan ermənilər Ayətullah Xomeyninin İslam ideyalarına qarşı
məxvi qaydada mübarizəyə başladılar. Daha dəqiq desək, bu
mübarizədə ermənilər Londondan, Vaşinqtondan, Təl-Əvivdən,
Parisdən dəstək alırdılar. Rus kəşfiyyatçısı L.Şebarşin Moskvaya
ünvanladığı hesabatda İran ərazisindəki ermənilərin Tehranda,
Urmiyyədə, Abadanda, Məşhəddə, Ərdəbildə, Qumda, Yəzddə və
Astarada törətdikləri terror aksiyalarından danışırdı. Ermənilər
bilavasitə Vaşinqtona, Londona xidmət göstərərək, onların
təlimatları əsasında iş görürdülər. Nəticə acınacaqlı idi. L.Şebarşin
məktubunun bir yerində qeyd edir:”...bir gündə 170 nəfər
azərbaycanlı ziyalısı ermənilərin əlilə “Savak”ın zabitləri tərəfindən
güllələndi...”
General mayor S.Kraxmalov isə Moskvaya ötürdüyü “Məxvi
Arayışda” bildirirdi ki, Türkiyədəki NATO-nun İncirlik hərbi
bazasında 55 nəfər milliyətcə erməni olan təxribatçı və yaxud
terrorçu qrupu 1980-cı ilin mart ayının 13-də İran ərazilərinə daxil
olub. Məlumata görə bu erməni terrorçu qrupları, ölməkdə və
gücdən düşməkdə olan “Savak”ın yerli nümayəndələrindən də
yararlanırdılar.
Həmçinin İranda SSRİ-nin kəşfiyyat seti də dağılmışdı.
“KQB”nin Tehrandakı rezidenturasının əməkdaşı mayor Vladimir
Kuziçkin “Mİ-6”ya (İngiltərə) tərəf sığındı. Vətənə xəyanət edərək,
satqın çıxdı. Məxvi əlaqələrin demək olar ki, hamısı qırıldı.
1980-cı ilin oktyabrın 19-da Siyasi Büro yenidən “Məxvi
Komissiyası”nın təcili iclasını çağırdı.
Məlumata görə əvvəlki iclaslarda olduğu kimi, bu iclasda da
İranda baş verən proseslərin geniş təhlilinə və araşdırılmasına görə
Kreml H.Əliyevə minnətdarlıq edir, yeni vəzifələr izah olunurdu.
İranda isə yeni terror aksiyaları üçün hazırlıq gedirdi. İranda
maraqları olan ölkələrin fikrincə İslam Partiyası liderləri onların
qarşısında ən böyük əngəl idi. Partiya liderlərinin, şəxsən Ayətullah
Xomeyninin həyatı təhlükədə idi. Hətta Bakının “Biləsuvar”
şöbəsindən də İslam Partiyası liderlərinə qarşı güclü terror aktının
baş tutacağı haqqında ilkin məlumat Moskvaya verilmişdi. Bakıda
toplanılan məlumatlara görə terror aktı 1981-ci ilin iyunun 27-də
İran İslam Partiyasının Qərərgahında olmalı idi. Terror haqqında
məxvi məlumat isə 1981-ci ilin iyunun 25-də həm Tehran
rəsmilərinə, həm də Siyasi Büronun “Məxvi Komissiyası”na
göndərildi. SSRİ-nin BKİ-nin Tehrandakı rezidenturası, mayor
O.S.Çkalov Moskvaya ünvanladığı teleqramda iddia edirdi ki,
ölkənin İslam Partiyasında baş verə biləcək terror aktı labüddür.
Tehran rəsmiləri bu məlumata nədənsə biganə qaldı... Nəticədə
terror aktı həyata keçirildi. SSRİ-nin İrandakı səfirliyinin isə bir
əsas və ən mühüm işi bu oldu ki, Ayətullah Xomeyni terrordan xilas
oldu. Faktiki olaraq Bakı İran İnqilabının lideri Ayətullah
Xomeyninin həyatını terrordan xilas edə bildi. SSRİ BKİ-nin
general mayoru, Tehranda hərbi Attaşe olan S.Kraxmalov “Məxvi
Arayışda” yazır: “...İranda İslam Respublikası qurulur. Ayətullah
Xomeyniyə və silahdaşlarına qarşı terror aktları ara vermir... 1981-
ci ilin 27 iyununda İran inqilabının lideri, Ayətullah Xomeyniyə (bir
azdan dünya onu artıq İmam Xomeyni kimi qəbul edəcək) qarşı
edilən terror aktının qarşısı alındı. Bununla bağlı ilk məlumat
Bakıdan göndərilmişdi...”
Bütün bunlara baxmayaraq, “Məxvi Komissiya”nın üzvü
H.Əliyevin imzası ilə hazırlanmış Arayış İslam Partiyasının
liderlərindən olan Ayətullah Behiştinin dəftərxanasında ilişib, qaldı.
Halbuki bu Arayış Ayətullah Xomeyniyə göndərilməli idi... Nəticədə
baş verən terror aktında Ayətullah Xomeyninin 70 nəfər silahdaşı
həlak olur.
SSRİ BKİ-nin araşdırmalarına görə bu terror aktına atılan
imzanın beynəlxalq terror təşkilatının tərkib hissəsi olan “Asala”
erməni terror təşkilatına məxsus olduğu aydınlaşır və təsdiq olunur.
1981-ci ilin iyunun 30-da isə İrandakı Erməni icmasının
nümayəndələri bəyanat verərək, bu terror aktının onlarla heç bir
əlaqəsi olmadığı qeyd olunur. Tehranda nəşr olunan “Ettelaat”
qəzeti isə terror aktında əli olan İstanbul ermənisi Xeyri Adamyanın
və onun dəstəsinə məxsus diğər üç nəfərin şəklini çap edir.
Tehran Hərbi Səhra Məhkəməsinin hökmü ilə edam edilən Xeyri
Adamyana, Vano Poladcanyana, Baqdasar Bekyana və Qriqori
Şaginyana cavab olaraq, “Asala” 1981-ci il, iyulun 30-da Prezident
Rəcayini, Baş Nazir Bahünəri qətlə yetirdi.
Qeyd edim ki, bütün bu deyilən və yaxud nəzərinizə çatdırılan
faktların bir hissəsi bu gün də RF-nın BKİ-nin və əlavə olaraq MN-
nin “Xüsusi Qovluqları”nda qorunub saxlanılır. Tehrandakı
rezidenturada işləyən L.Şebarşin məktublarında qeyd edir ki, biz
İslam Partiyasına qarşı, onun ayrı-ayrı tanınmış üzvlərinə qarşı
keçirilən terror aktlarının qarşısını ala bilərdik. Ermənilər bizə
mane oldular...
SSRİ-nin İrandakı hadisələrə, xüsusən Ayətullah Xomeyniyə olan
münasibət qərbi düşündürməyə bilmirdi. O biri tərəfdən də ABŞ-ın
İrandakı kontingenti itirməsi Vaşinqton üçün qəbul olunmaz idi.
Artıq İranda hər şey yenidən qurulmağa start götürmüşdü. 1979-cu
ilin aprelin 1-də ölkə İslam Respublikası elan olundu. 1979-cu ilin 2-
3 dekabrında isə Konstitusiya dəyişildi.
Araşdırma materiallarına görə Siyasi Büronu 1979-cu il, aprelin
1-nədək olan məlumatlar daha çox maraqlandırırdı. Çünki həm
Vaşinqtonda, həm Londonda və həm də Təl-Əvivdə baş verən
inqilabı devirmək planı işlənib hazırlanmışdı. Hər üç dövlətin
kəşfiyyat sektorlarında “Geri qayıtmış köç” kodu ilə hazırlanmış
çevriliş planında “Erməni variantı” əsas faktor kimi qalırdı.
Məlumata görə qərbin, eləcə də ABŞ-ın bir sıra qurumları
İranda baş verən İnqilaba dəstək verdiyi üçün hələ də Azərbaycan
tərəfini qınayırlar. Məsələn, “Vaşinqton Post” qəzeti yazır ki, Bakı
olmasaydı İranda İslam İnqilabı qələbə çala bilməzdi...
Birmənalı şəkildə qəbul edək ki, heç bir dövlətin güclü
Azərbaycan istəyi yoxdur. Yaxud qərb üçün, eləcə də ABŞ üçün
azərbaycanlı.., azərbaycan milləti yox, Azərbaycan ərazisi lazım idi.
Bu siyasət bu gün də davam edir. London, Vaşinqton, Təl-Əviv
üçlüyü nəyin bahasına olursa, olsun Azərbaycanın yanacaq
resursları üçün çalışırdılar. Onların strateji planlarında deyək ki,
20% itirilmiş, işğal olunmuş Azərbaycan torpağı yox idi.
Araşdırma materiallarına görə Qafqazda “Erməni variantı”
deyəndə, çoxumuz hələ anlamırdıq ki, bu dağıdılacaq, viranə
qalacaq Dağlıq Qarabağ əraziləri haqqında hazırlanmış uzun
müddətli bir işğalçılıq planıdır. SSRİ dağıldıqdan sonra Azərbaycan
faktiki olaraq tək qaldı. Qoynunda, əlində zəngin sərvəti olan
Azərbaycanı vurub, yıxmaq daha asan idi. Heydər Əliyev meydanda
təklənmişdi. O, getdikcə dağıdılan, didilib tökülən və parçalanan
Azərbaycanla üz-üzə qaldı. Arxa boşalmışdı. Siyasi Büro daha yox
idi. Londondan, Vaşinqtondan, Təl-Əvivdən, Parisdən... gələn
dəstələr üçün artıq bütün qapılar açılmışdı... Qərbin, eləcə də ABŞ-
ın “Erməni planı” baş tutmuşdu. Bu ağlasığmaz çirkin variantla da
Azərbaycan demək olar ki, öz yolundan çıxarıldı. Parçalanma,
bölünmə planı göz qabağında idi. Amma bu parçalanma və bölünmə
planlarında ölkənin yanacaq resurslarından danışılmırdı. Çünki
Qərbin, xüsusən Vaşinqtonun bölünmə planında zəngin neft və qaz
yataqları olan Abşeron yox idi...
Rövşən Novruzoğlu: AMEA-nın əməkdaşı (xüsusi olaraq Yenixeber.org üçün)