Natiq Cəfərli: “Problemləri xalçanın altına süpürməklə onların həll olacağını düşünmək yanlışdır”
Yenixeber.org: ABŞ Prezidenti Donald Tramp “tarif müharibəsi” adlandırılan beynəlxalq ticarət müharibəsi başladıb. ABŞ mallarına yüksək rüsum tətbiq edən ölkələrə qarşı “eyni dərəcədə cavab veriləcəyini” bəyan edən Amerika lideri dünya iqtisadiyyatını silkələyəcək yeni tariflər tətbiq edib. Vaşinqtonun son qərarları çərçivəsində Çindən idxal olunan məhsullara tətbiq edilən gömrük rüsumu 20 faizdən 54 faizə qaldırılıb. Bu, dünyanın ikinci ən böyük iqtisadiyyatına qarşı görünməmiş hücum kimi qiymətləndirilir.
Yeni mərhələdə Tramp Yaponiya və Cənubi Koreyadan gətirilən məhsullara müvafiq olaraq 24 faiz və 25 faiz, Tayvana isə 32 faiz rüsum tətbiq edib.
“Reuters”in analizinə əsasən, 25 faizlik avtomobil tarifləri artıq qüvvəyə minib və illik 460 milyard dollarlıq idxalı əhatə edir. Bu isə ABŞ-da avtomobil alıcıları üçün minlərlə dollar əlavə xərc deməkdir. Eyni zamanda, Hindistana qarşı da 26 faiz rüsum tətbiq olunub. Bu isə Hindistanın güzəşt gözləntilərini alt-üst edib. Onu da qeyd edək ki, ABŞ Azərbaycandan alınan məhsullara görə də 10 faizlik tarif tətbiq edib.
Dünya ölkələri Trampın bu qərarına qarşıdır və cavab tədbirləri hazırlanacağını bildirirlər. Ekspertlər isə Ağ Ev rəhbərinin bu qərarının dünya iqtisadiyyatını sarsıdacağını, qlobal böhrana səbəb olacağını bildirirlər.
Azərbaycanlı iqtisadçı, REAL Partiyasının rəhbəri Natiq Cəfərli ABŞ liderinin qərarı ilə bağlı suallarımızı cavablandırarkən bildirib ki, Trampın elan etdiyi “tarif müharibələri”nin dünya əhalisi üçün ağır nəticələri olacaq:
- Söhbət qiymət artımından gedir. Elan olunan tariflərlə istehlakçıların yükü artacaq. Elə Amerika daxilində də bu, özünü göstərəcək. Orta və uzun vədədə planın tərkib hissəsi ondan ibarətdir ki, ABŞ-da istehsal lokallaşsın, nəticədə Amerika iqtisadiyyatında yüni yüksəliş yaşansın. Amma indiki dövrdə, yəni qısa vədədə təbii ki, tariflərin artımı qiymətlərin artımına, inflyasiyanın yüksəlməsinə səbəb olacaq.
Amma ABŞ digər ölkələrdən fərqli olaraq, bunu tənzimləməyin yollarını daha asan tapa bilər. Söhbət ondan gedir ki, tariflərin artması, dünyada yeni iqtisadi konfiqurasiyanın yaranması, ABŞ-da neft və qaz hasilatının artırılmasına doğru atılan addımlar enerji daşıyıcılarının qiymətini aşağı çəkir. Bununla enerji daşıyıcılarının satış qiyməti ucuzlaşır. Gördük ki, bir günün içərisində neft 73 dollardan 65 dollaradək ucuzlaşdı. Nəticə etibarilə, inflyasiyanın əhaliyə daha az təsir etməsi üçün Amerika daha çox alətə malikdir. Məsələn, neftin qiymətinin düşməsi benzinin qiymətinin düşməsinə səbəb olacaq ki, bu, Amerikada əhalinin məmnuniyyətinə səbəb olacaq. Bu, həm də daşınma xərclərini azaldacaq ki, nəticədə mal və xidmətlərin maya dəyəri düşəcək. Bunun da inflyasiyaya təsirləri olacaq. Eyni zamanda, elektrik enerjisi və təbii qazın da qiymətlərinin ucuzlaşması gözlənilir, ən azı ABŞ daxilində. Nəticədə istehsal stimullaşacaq, daha sərfəli hala gələcək. Bu gün ABŞ-dakı istehsal sahələri elektrik enerjisini və təbii qazı Avropa ölkələrindən 2-2.5 dəfə ucuz alır. Növbəti addımlardan biri təbii ki, istehlakın azalması nəticəsində bir müddətdən sonra qiymətlərin tənzimlənməsi müşahidə oluna bilər. Bu baxımdan, daha qəliz iqtisadi modeli olan ölkələr prosesə tez adaptasiya oluna bilərlər. Nəticədə, bu, dünyada yeni iqtisadi konfiqurasiyanın yaranmasına səbəb ola bilər.
- Qlobal “tarif müharibələri”nin Azərbaycana təsirləri nələrdən ibarət olacaq?
- Azərbaycanın primitiv iqtisadi modeli var. Bizə təsir edən əsas amil enerji daşıyıcılarının qiymətinin düşməsidir. Neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatı üçün yeni problemlər yaradacaq. Düzdür, hələlik o qədər də təhlükəli vəziyyət yoxdur. Azərbaycan neftinin qiymətini ortalama qiymətləndirmək lazımdır. Dünən nefrimizin qiyməti 65 dollara düşübsə, bu o demək deyil ki, ciddi problemlər var. Ortalama qiymət ilin əvvəlindən bəri 75 dollardan da yüksək olub. Ona görə də, hələlik konfortlu zonadayıq. Lakin orta vədədə baxsaq, dünyanın mənzərəsini görsək, neftin qiymətində uzunmüddətli enmələr olması mümkündür. Hətta OPEC+ anlaşmasına daxil olan ölkələr hasilatın artmasına qərar verdilər. Bu, Trampın tarif qərarları ilə üst-üstə düşdü deyə neftin qiymətində enmə oldu. Neftin qiyməti uzun müddət 70 dollardan aşağı qalsa, o zaman Azərbaycan iqtisadiyyatında problemlər yaşanacaq. Hökumətimiz bunu anlamalıdır.
- Hökumət hansı addımları atmalıdır?
- Oturub fəlakətin gəlməsini, problemlərin yaranmasını gözləmək lazım deyil, hərəkətə keçmək lazımdır. Ölkədə normal iqtisadi mühit yaradılmalıdır. Bu gün Orta Asiya ölkələrinə belə xarici investorlar Azərbaycandan daha çox gəlirlər. Halbuki Azərbaycanın çox böyük imkanları var, logistik, coğrafi potensialı mövcuddur, əhali üstünlüyü var. Amma xarici investor gəlmir. Xarici investor gəlmirsə, istehsal sahələri yarada bilmiriksə, neftdən asılılığımız acınacaqlı vəziyyətdədirsə, problemlər düzəlməyəcək. Hələlik Azərbaycan iqtisadiyyatının “təhlükəsizlik yastığı” var, Neft Fondunun ehtyiyyatları var. Amma xərclərimiz də artır axı. Biz torpaqlarımızı işğaldan azad etdik, suverenliyimiz bərpa olundu. Qarabağın dirçəldilməsinə indiyədək 24 milyard manat xərclənib. Bundan sonra ən azı 60-70 milyard manat lazım olacaq. Gəlirlər azalırsa, artan xərcləri nə ilə kompensasiya edəcəyik? Hökumətin bu haqda düşündüyünü görmürəm. Sanki hələ də düşünürlər ki, qlobal iqtisadi dəyişiklik müvəqqətidir və öhdəsindən gələ bilərlər.
- Bəs çıxış yolu nədir?
- Azərbaycan iqtisadiyyatının ən zəif nöqtəsi ədalətsiz, rəqabətsiz mühitdir, azad məhkəmənin olmamasıdır. Eyni zamanda, dövlətin iqtisadiyyata bu qədər hakim olması yaxşı hal deyil. Bu məsələlər aradan qalxmasa, yaxın illərdə Azərbaycan iqtisadiyyatında problemlərin şahidi olacağıq. Çıxış yolu dediyim məsələləri həll etməkdir. Hökumətin atacağı əsas addım problemləri görmək və çevik qərarlar qəbul etməkdir. Problemləri xalçanın altına süpürməklə onların həll olacağını düşünmək yanlışdır.
Məncə, indiki məqamda Azərbaycan iqtisadiyyatının inkişafı üçün fürsətlər yaranıb. Çünki böhranlar hər zaman yeni fürsət də yaradır. Məsələn, ABŞ-ın Azərbaycana tətbiq etdiyi tariflər ən aşağı tariflərdir. Demək ki, biz istehsalı artırsaq, Amerika bazarına daha çox məhsul çıxara bilsək, üstünlük qazana bilərik. Hökumət bu üstünlüklərdən istifadə etmək üçün ağıllı sistem qurmalıdır. Belə primitiv iqtisadi modellə Azərbaycanı inkişaf etdirmək mümkün deyil.(AYNA)