Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Prezidentə sui-qəsd planı, suda üzən cəsədlər, baş nazirin zarafatı... -ETİRAF

news content


“Arxamızda bir təyyarə xüsusi təyinatlılar dayanmışdı”

Yenixeber.org: Boris Nemtsovun “Etiraf” adlı memuarları Rusiyanın yaxın tarixi ilə bağlı maraqlı hadisələrin təsviri ilə zəngindir. Kitabdan növbəti parçanı oxuculara təqdim edirik.

Əvvəli: Burada

...1996-cı ilin mayında Boris Yeltsin məni özü ilə Çeçenistana dəvət etdi. Nijeqorod vilayəti sakinləri müharibə əleyhinə 1 milyondan çox imza toplamışdılar. Yeltsin incidi, amma oradakı problemi hansısa yolla həll etməli olduğunu anlayanda mənə zəng vurdu: “Mənimlə Çeçenistana gedəcəksiniz. Sülh yaradacağıq”.

Səfər həyəcanlı və gərgin olmağı vəd edirdi. Yaraqlılar Yeltsini öldürəcəklərini deyirdilər və ümumiyyətlə, çox şey bəyan edirdilər. “Vnukovo-2” hava limanında FSB-nin  o zamankı rəisi Barsukov “tam məxfi” işarəli qırmızı qovluğu göstərdi, orada FSB-nin məlumatı vardı: “Kuma ləqəbli agent xəbər verir ki, Rusiya prezidenti Boris Yeltsin Znamenskoye kəndi ətrafında olan zaman Basayevin dəstəsi “Stinger” raketlərindən istifadə etməklə sui-qəsd həyata keçirəcək. Tövsiyə: səfərdən imtina etmək” (heç zaman unutmayacağam: “Kuma ləqəbli agent”). Barsukov mənə deyir: “Yeltsin səni sevir, de ki, getməsin. Sən onu dilə tutmalısan, Moskvada qalsın”.

Səhər doqquza bir dəqiqə qalmış Yeltsin maşında trapa yaxınlaşır, uçuş isə doqquza təyin olunub. Çıxır. Biz durmuşuq - Korjakov və mən. Bizim arxamızda xüsusi təyinatlıların və “Alfa”nın bir təyyarəlik döyüşçüsü qalıb. 

— Nə durmusunuz? - Yeltsin soruşur. 

— Boris Nikolayeviç, Aleksandr Vasilyeviç və Mixail İvanoviç hesab edirlər ki, uçmaq lazım deyil. Hansısa agent məlumat göndərib, - deyirəm və kağızı prezidentə verirəm. 

Yeltsin oxudu və dedi: “Təyyarəyə keçin, Boris Yefimoviç, siz isə, qorxaqlar, burada qalın”.

Barsukov qaldı, Korjakov isə oğrunca, ikinci trapdan təyyarəyə keçə bildi. Biz Çeçenistana uçduq, burada bizi 19 helikopter qarşıladı, hansında kim vardı - anlamaq sadəcə mümkün deyildi. Bir kəndə uçuruq. Yeltsin məni görür və deyir: “Məndən bir addım da aralanma. Mən haradayamsa, siz də oradasınız. Anladınız?”

Çeçenlərlə görüş gurultulu alındı. Kütlə qışqırırdı: “Bizə avtomobillər verin, məktəblər, uşaq bağçaları tikin, pul verin”. Yeltsin üzünü mənə tutub “Yazın! Həll edəcəyik” - deyir. 

Mozdokdakı aerodroma qayıtdıq, təyyarəyə oturduq və bu zaman prezident komanda verir: “Tez olun, süfrə açın”. Hər şey artıq hazır idi: hər kreslonun yanında bir “Yuri Dolqoruki” araq şüşəsi var, hər şüşə də 0,75 litrlik. 

“İki tost olacaq, - Boris Nikolayeviç deyir. - Birincisi Rusiyanın şərəfinə, ikincisi prezidentin. Prinsipcə, içməmək də olar”

Mən, ümumən, içənəm, amma çox içməməyə üstünlük verirəm. Arağı, ümumiyyətlə, böyük çətinliklə içirəm. Amma yerə enəndə şüşə boş idi. Moskvaya çataçatda prezident gözümdə yüngülcə ikiləşirdi və bir Yeltsində fokuslanmaq heç cür alınmırdı. Moskvada trapın yaxınlığında Naina İosifovnanı və Tatyana Borisovnanı gördüm, onlar Boris Nikolayeviçi əllərində gül qarşılayırdılar və ağlayırdılar.

— Boris Nikolayeviç, onlar niyə ağlayırlar, - soruşuram.

— Siz evdən çıxanda arvadınıza nə dediniz?

— Dedim ki, sizinlə Çeçenistana gedirəm.

— Mən isə demişəm ki, Kremlə gedirəm, sənədlərlə işləyəcəyəm. Hə, bir də: tezliklə seçkilərdir, cəmi 20 gün qalıb, ona görə də “Vremya” proqramına gedin və səfərimizdən danışın. Axı mənimlə elə-belə getməmisiniz. Siz - sülh elçisisiniz, imza toplamısınız. 

— Gedə bilmərəm, - dilim dolaşa-dolaşa cavab verirəm.

— Niyə? - Yeltsin soruşur.

— Mən yerimdən qalxa bilmirəm. 

— Bəs kim danışacaq, Korjakovmu?

Saatıma baxıram - 20:20. “Vremya” proqramı düz 21:00-da başlayır. Edəcək bir şey yoxdur, Ostankinoya gedirəm. Bütün yolboyu ürəyim bulanır və necə çatdım - xatırlamıram. Televiziya mərkəzinin girişində Berezovski qarşılayır. Məni görən kimi əllərini yellədir: “Sizdə heç nə alınmaz”. Veriliş artıq başlayıb və, onu İqor Qmıza aparır. Artıq xəbər verib ki, bu dəqiqələrdə Boris Nemtsov canlı efirdə çıxış edəcək, o, bu gün prezident Yeltsinlə birlikdə Çeçenistanda olub, orada da tərxis və qoşunların mərhələli çıxarılması haqda sərəncam imzalanıb. Əlqərəz, geriyə yol yoxdur mənim üçün. 

Zina adlı bir qız əmr etdi: “Soyunun!” Mən dərhal ayıltma məntəqəsi haqda filmləri xatırladım və üst geyimimi çıxardım. Zina dedi: “Əlüzyuyana uzanın”. Mən uzandım, o da buz kimi su şırnağını mənə yönəltdi və qulaqlarım donana qədər saxladı. Sanki əbədiyyət qədər çəkən bu prosedurdan sonra Zina saçımı quruladı, birtəhər qrimlədi. Mənə yeni köynək geyindirdilər, yeni qalstuk bağladılar və studiyaya apardılar. Studiyada İqor Qmıza dedi: “Mən sənə uzun suallar verəcəyəm, sən isə onlara qısa cavab ver”.  Biz canlı efirdə 9 dəqiqə danışdıq, Bu, informasiya proqramı üçün çoxdur, xüsusən də mənim halımı nəzərə alsaq. İqor sonra etiraf etdi ki, hər şeyin belə rəvan gedəcəyini gözləmirmiş.

 Mən studiyadan çıxdım və bu zaman qusmağa başladım, bütün içalatım çölə çıxırdı. Ostankinodan birbaşa Nijnı Novqoroda yola düşdüm, gecə-gecə. Bütün yolboyu ürəyim bulanır, bir neçə dəfə maşını saxlamalı oluruq, evə təxminən səhər 4-də çatdım. Uzanıb yatdım. Və düz səhər 6-da telefon zəng çalır: xüsusi kommutator vasitəsilə xüsusi əlaqə. 

— Sizinlə Rusiya prezidenti Boris Nikolayeviç Yeltsin danışacaq, - boşluqdan polad səs eşidilir.

Mən, demək olar, ölüyəm, baş bədəndən ayrılıb, dil dönmür. Yaşamaq istəmirəm, özümə güzgüdə baxa bilmirəm. Amma dəstəyi qaldırıram.

— Sabahınız xeyir, Boris Yefimoviç.

— Salam.

— Axşam pis görünmürdünüz. Heç pis deyildiniz. 

— Boris Nikolayeviç, bunu niyə etdiniz?

— Boris Yefimoviç, mən Şennon hava limanında təyyarədən çıxmayanda nə dediniz, xatırlayırsınız ?

— Əlbəttə, xatırlayıram. 

— Siz dediniz ki, beləcə yatıb, Rusiyanı da əldən vermək olar. 

— Hə, bunu demişdim.

— Biz də sizi yoxladıq. Prinsipcə, pis görünmürdünüz. Çox sağ olun. Hələlik. 

Məni beş barmağı kimi tanıyan anam da zəng etdi:

— Oğlum, səni televizorda gördüm. Necə də yorğun idin 

— Ana, mən sərxoş idim. Mən 0,75 litr “Yuri Dolqoruki” arağı içmişdim. 

— Yox, deməzdim ki, sərxoş idin. Sadəcə, çox yorğun idin. Sən gərək yatıb yuxunu alasan, oğlum.

Alkoqolla bağlı ikinci hadisə lap lətifəvari idi. Biz Çernomırdinlə Hindistana təyyarə satmağa gedirdik. MiQ-29 təyyarələrini Nijnı Novqorodda istehsal etdiklərindən, məni, qubernatoru da dəvət etmişdi. Yolüstü təyyarədə Çernomırdin hamıya xəbərdarlıq etdi ki, Hindistan çirkli ölkədir, hamı dizenteriya və vəba xəstəsidir: “Buna görə də, əziz dostlar, səhər acqarına 200 qram viski içməlisiniz, yalnız bundan sonra dişlərinizi yuyun”

Hindistana çatdıq. Birinci dəfə idi ki, orada idim: ətrafda hər şey yaddır, büsbütün antisanitariyadır. Kəskin, bizə yad qoxular, üfunət, suyun içində cəsədlər. Amma mehmanxana nömrəsində viski şüşəsi vardı. Mən də hər səhər baş nazirin göstərişinə əməl edib, içirdim.

Çöldə 40 dərəcə isti vardı və danışıqların səhər 9-da başlamasına baxmayaraq, mən dünyanı bir qədər təhrif olunmuş qavrayırdım: danışanda hıqqanırdım, ya da yersiz nə isə deyirdim. Nəhayət, Çernomırdin dözmədi:

— Boris, sən niyə həmişə səhər 9-da sərxoşsan? Səni buraya niyə dəvət etmişəm? Hər şeyi anlayıram, ezamiyyət və sairə, amma daha səhər 9-dan içmək yox da... Ümumiyyətlə, sənə kim səhərdən “vurmağı” öyrədib? Quberniyanı necə idarə edirsən? 

— Viktor Stepanoviç, vallah, evdə mən, demək olar, içmirəm. Axı siz özünüz dediniz ki, səhər acqarına 200 qram viski içmək lazımdır.

— Sən zarafat başa düşmürsən? - Çernomırdin güldü. 

Əvəzində indi siyasətçilərin çoxu ümumiyyətlə spirtli içkilər içmirlər. Məsələn, Yuri Lujkov heç içmir. Kasyanov yaxşı çaxır içir və başı da çıxır. Çubays da yaxşı çaxır içə bilər, amma çox da başı çıxmır. Hakamada, möhkəm siqaret çəkən olmasını saymasaq, öz sağlamlığının qayğısına qalır və həmişə yaxşı görünür, düzgün qidalanır. Hakamada, yeri gəlmişkən, spirtli içkilərdən də baş çıxarır. 

Yeqor Qaydar içə bilir. Bu qabiliyyət ona genetik keçib. Babası da yaxşı içən olub, atası da. Biz Qaydarla axşamlar hərdən otururduq, mən yarım şüşə viski içirdim, o isə bir şüşə. Qaydar bir şüşə içirdi və söhbəti davam etdirirdi: həm ümumi mövzularda, həm də xüsusi. Bir dəfə ona təklif etdim:

— Yeqor, əgər sən milyonlarla televiziya tamaşaçısının qarşısında bir şüşə araq içsən və üstündən qara çörək dilimini iyləyib söhbətə davam etsən, sənə olan münasibət dəyişər. Xalq sənə daha nifrət etməz, doğma sayar. 

— Mən araq içmirəm, viski içirəm. Xalq viskiyə necə reaksiya verər, məlum deyil, - Yeqor Timuroviç sakitcə izah etdi. 

İndi başqa cür içirlər: az və tələbkar. Bu da kapitalizm sayəsindədir. Ölkənin ayıqlaşması yeni liderlərlə bağlı deyil. Qətiyyən! Bu, yaxşı sağlamlığın önəmli olduğu kapitalizmlə bağlıdır. Daim bülletendə olan, pis işləyən və həmişə harasa gecikən adamlar tələbatdan kənarlaşırlar. Xəstələr heç kimə lazım deyil.

Məsələ ondadır ki, müəyyən sağlamlığa malik adamlar üçün xarici görünüş də böyük əhəmiyyət daşıyır. Bütün Rusiyada nəhəng sayda fitnes mərkəzlərinin açılması təsadüfi deyil ki. Orta təbəqə yaranır, indi onun maaşdan maaşa dolanmağa deyil, nəsə faydalı və maraqlı şeyə xərcləyəcək pulu var. Orta təbəqə tamamilə başqa həyat standartları tələb edir. Yeni davranış ənənələri formalaşır. İndi bir çox ziyafətlərdə şişman görünmək yaxşı sayılmır. Xəstəhal, yöndəmsiz kişi və qadınlar üçün işləmək də, əks cinslə ünsiyyət qurmaq da çətindir. Bu mənada Rusiya sürətlə Qərbə tərəf gedir. Düzgün istiqamətli hərəkətdir. 

Sağlam həyat tərzi üçün mənim özümün də şəxsi stimullarım var: öz uşaqlarım və onların anaları qarşısında məsuliyyətim. Xəstə olmaq olmaz. Köməksiz olmağı özümə rəva görə bilmərəm...(pressklub)

Hazırladı: Yadigar Sadıqlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam